Xəbər lenti
İqbal Ağazadə Azərbaycan Ümid Partiyasının sədri seçilib -ŞƏKİL
Martın 28-də Azərbaycan Ümid Partiyasının V (VII) Qurultayı pandemiyanın şərtlərinə uyğun olaraq, onlayn qaydada keçirilib.
Partiyadan Manevr.az-a verilən məlumata görə, Qurultayı giriş sözüylə Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin sədri İqbal Ağazadə açaraq, Qurultaya Hazırlıq barədə məlumat verdi.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra
Mandat Komissiyasının Hesabatı dinlənildi. Qeyd edildi ki, Ümid Partiyası növbəti Qurultayına 69 rayon şöbəsindən seçilmiş 650 nümayəndə ilə getməli idi.
Lakin Qurultay obyektiv səbəbdən gecikdiyinə görə 19 rayon şöbəsində konfransların vaxtı tamamlandı. Bununla belə 19 rayondan olan Təşkilat Komitəsinin rəhbərləri Qurultayda iştirak edir.
52 Rayon Şöbəsi isə Qurultaya seçilmiş nümayəndələrlə təmsil olunur.
451 Qurultay nümayəndəsindən 437 nəfəri onlayn qaydada qurultayda iştirak edir. Bu səbəbdən Mandat Komissiyası Qurultayın səlahiyyətli olduğunu bildirir və Qurultayın idarə olunması üçün Sədarət, Say komissiyası və Katiblik seçildi. Daha sonra Sədarət qurultayarası dövrdə hesabat üçün partiyanın sədri İqbal Ağazadəyə söz verdi.
Partiya sədrinin Qurultayarası dövrlə bağlı hesabatı dinlənildi və Qurultay tərəfindən qənaətbəxş hesab edildi. (Sədrin çıxışı sosial şəbəkələrdə canlı yayınlandı)
Sonra partiyanın nizamnaməsinə uyğun olaraq, təşkilati məsələyə baxıldı. Qurultay nümayəndələri tərəfindən Ağazadə İqbal Fehruz oğlunun yenidən partiya sədrliyinə namizədliyi irəli sürüldü. O, yekdilliklə Azərbaycan Ümid Partiyasının sədri seçildi.
Qurultayda partiyanın nizamnaməsinə uyğun olaraq, 78 nəfər Ali Məclis üzvü seçildi və təsdiq edildi, 7 nəfər MNTK üzvü seçildi.
Partiya sədrinin və digər rəhbər orqanların seçilməsini əks etdirən sənədlərin qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət etmək üçün səlahiyyətli nümayəndə seçildi.
Qurultay adından xalqa müraciət ünvanlanmaqla Qurultay öz işini bitmiş hesab etdi.
Müraciətdə deyilir:
“Əziz soydaşlar!
Azərbaycan tarixinin çətin və məsuliyyətli dönəmində Ümid Partiyası olaraq, sizlərə müraciət edirik!
Vətənimiz çox ciddi problemlərlə üz-üzədir. Baxmayaraq ki, 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində düşmən tapdağı altında olan xeyli ərazilərimizi işğaldan azad etdik. Lakin hələ də dövlət suverenliyimizin bərpa olunmadığı bir xeyli şəhər və kəndlərimiz də var. Bu gün həmin inzibati-ərazi vahidlərində hələ də Azərbaycan bayrağı dalğalanmır. Rusiya sülhməramlı qüvvələr adı ilə torpaqlarımızın bir hissəsində erməni-rus hakimiyyəti formalaşdırmaq istiqamətində iş aparır. Minlərlə şəhidlərin qanı hesabına azad etdiyimiz torpaqlarda dövlət maraqlarımızın təmin olunması işi ləng aparılır, diplomatik masada çəkingən siyasət yürüdülür, sistemli, ardıcıl diplomatik xətt ortaya qoyulmur.
Beləliklə də Xankəndi, Ağdərə, Xocalı, Xocavənd, Əsgəran üzərində nəinki suverən hüquqlarımız qorunmur, gələcək üçün yeni münaqişə ocağının formalaşdırılması, yenidən etnik-separatçı əməllər üçün münbit şərait yaranır. 44 günlük müharibədəki zəfərə kölgə salmadan gələcək işlərimiz və uğurlarımız üçün aparılan siyasət təssüf ki, ümidverici ruhda deyil.
Sosial vəziyyət günü gündən ağırlaşır, əhalinin aztəminatlı hissəsi kasıblıq həddindən də aşağı yaşayır, hakimiyyət bu yöndə uğurlu sosialyönümlü büdcə paketi formalaşdıra bilmir. Qiymətlər əsaslandırılmamış şəkildə qaldırılır, məhsulların maya dəyəri şişirdilərək, xərclər əhalidən tutulur. Bir sözlə, Azərbaycan əhalisi sosial cəhətdən güvənli və ümidli gələcəyə inamsızdır.
Koorrupsiya və rüşvətxorluq sahəsində mübarizə aparıldığını bəyan edən mövcud iqtidar səmimi görünmür. Ümid Partiyasının dəfələrlə bəyan etməsinə baxmayaraq, vətəndaş cəmiyyəti, müxalif siyasi partiyaların, KİV nümayəndələrinin bu prosesə cəlb edilməsində iqtidar maraqlı görünmür. Bu da onun göstəricisidir ki, hakimiyyət bu istiqamətdə effektiv və koordinal mübarizə metodlarından daha çox imitasiya siyasətinə üstünlük verir.
Demokratik seçki üçün Azərbaycanda heç bir mühit yoxdur, keçirilən seçkilərin nəticəsi xalqın iradəsini əks etdirmir. Mərkəzi, dairə və məntəqə seçki komissiyaları bütövlükdə iqtidarın inhisarında saxlanılmaqla saxtakarlığa yol açır, qanunlar pozulur, seçici iradəsi seçkilərdə nəzərə alınmır.
İnsan haqlarının qorunması istiqamətində yenə də ciddi narahatlıqlar və hüquqpozmalar var. Beynəlxalq hesabatlarda təəssüf ki, Azərbaycanda insan haqlarının qorunması istiqamətində ciddi və fundamental geriləmələrin olduğu xüsusi vurğulanır. Məhkəmələr azad deyil, çıxarılan məhkəmə hökmləri sifarişli və qərəzli, əksər hallarda isə rüşvətə əsaslanır.
İqtisadi azadlıqlar sahəsində də ölkəmiz son illər geriləmiş, azad olmayan ölkələr siyahısına düşüb.
Təssüflə qeyd edək ki, məmur-oliqarx siyasəti hələ də dəyişmiş, inhisar siyasətindən əl çəkilmir, bazara və idxal-ixrac prosesinə hələ də məmur-oliqarxlar nəzarət edirlər.
Azərbaycanda mətbuatla bağlı ciddi problemlər hələ də qalmaqdadır. İnternet resursları xaric özəl televiziya və mətbuat hakimiyyətin nəzarəti altında olmaqla yanaşı, reklam bazarı da sifarişli və nəzarət altındadır.
KİV-nə dövlət dəstəyi adı ilə təəssüf ki, hakimiyyətin siyasətini dəstəkləyənlərə yardım ayrılır, bu mətbuat isə bəlli çərçivədən kənar fəaliyyət göstərmir, bəzi hallarda isə mətbuat qeyri-qanuni vasitələrlə maliyyələşdirilir.
Əziz həmvətənlər!
Problemlərimiz çoxdur. Sadalamadığımız nə qədər çətinliklər var ki, hər bir Azərbaycan ailəsini əzir. Səhiyyədə, təhsildə olan çoxsaylı problemlər genefondumuzu məhv edir, sağlam və savadlı vətəndaş yetişdirilməsi istiqamətində gələcəyimizə balta çalır. Xüsusi ilə pandemiya şəraitində insanlarımız dövlətdən lazım olan dəstəyi görə bilmədi, çətinliklərlə az qala baş-başa buraxıldı. İş adamları, orta sahibkarlıq bu illər ərzində çox ciddi tənəzzül etdi, iqtidarın yürütdüyü siyasət bu təbəqəni az qala sıradan çıxartdı.
Dəyərli vətəndaşlar!
Dünyada hər şey dəyişir, özəlliklə hakimiyyətlər. Dəyişməyən hakimiyyətlər xalqları, dövlətləri, ən sonda özləri üçün ciddi problemlər yaradırlar. Azərbaycanda uzun illərdir dəyişməyən iqtidar var. Ayrı-ayrı kadrlar dəyişsə də, sistem dəyişmir, idarəetmə olduğu kimi qalır.
Ümid Partiyası olaraq, hamınızı sıralarımıza dəvət edərək, siyasətimizin yeni dövrünü başlamağa səsləyirik. Bu dövr Azərbaycanda quruculuq dövrü olmalı, hamımız bu quruculuqda vətəndaş kimi borcumuzu verməliyik.
Konistitusiyamız yenidən qurulmalı, Qarabağımızın işğaldan azad olunmuş əraziləri bərpa edilməli, Xankəndi başda olmaqla, digər ərazilərimizdə suveren hüquqlarımız, Azərbaycan vətəndaşlarının sosial cəhətdən güvənli yaşayışı, məhkəmələrin müstəqilliyi təmin olunmalı, təhsil, səhiyyə sistemimiz tam yenidən qurulmalı, azad, demokratik seçkilər keçirilməli, insan və vətəndaş haqları qorunmalı, bir sözlə, layiqli Azərbaycan, güvənli vətəndaş yetişdirilməlidir.
Bu iqtidar uzun illər hakimiyyətdə olmasına baxmayaraq, bu vəzifələri yerinə yetirə bilmədi.
Bu hakimiyyət bu illər ərzində nə etmək mümkünsə, edib, bundan sonra edə biləcəkləri elə də çox deyil. Əksinə, qaldıqca vəziyyət ağırlaşır.
Əziz həmvətənlər!
Sizi əmin edirik ki, bizimlə bir sırada mübarizə aparmaqla Azərbaycanın gələcəyini layiqli və güvənli qura bilərik. Hamınızı ilk seçkilərdə Ümid Partiyasının siyasi kursuna və namizədlərinə səs verməyə çağırır, sıralarımıza qoşulmağa dəvət edirik.
Bu ölkənin gələcəyini Ümidlə biz yazacaq, arzu etdiyimiz Azərbaycanı quracağıq. Bizimlə olun ki, bu iş sürətli və qısa zamanda gerçəkləşsin.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar