Xəbər lenti
Yazıçı-publisist EYRUZUN yeni kitabı - “EPİ”
Həm aktual mövzularla bağlı publisistik, həm də maraqlı nəsr əsərləri ilə oxucuların qəlbinə yol tapmış tanınmış istedadlı yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədovun növbəti əsəri - “EPİ” romanı işıq üzü görmüşdür.
Yenicə çapdan çıxmış 300 səhifəlik həmin romanı 3 gün ərzində oxuyub qurtardıqdan sonra kitab haqqında fikrimi qısa da olsa yazmağı qərara aldım. İlk əvvəl onu deyim ki, mən dostum Eyruzun bütün yaradıcılığını müntəzəm olaraq izləyirəm. Yazıçının çap olunan neçə-nsistikeçə publisistlik kitablarıyla bərabər indiyə qədər nəşr olunaraq oxucuların ixtiyarına verilən çox sayda romanlarının da hamısını oxumuşam. Onu da deyim ki, həmin kitablardan bir çoxunun hələ redaktoru da olmuşam. Nəşr olunmamış daha bir neçə hazır romanları onun özünün şəxsi kompüterinin yaddaşında olmaqla tezliklə çap olunacağı günlərini səbirsizliklə gözlədiklərindən də xəbərim var.
Eyruz həm istedadlı jurnalist, həm də məhsuldar yazıçıdır. Onun bütün romanları demək olar ki, ülvi sevgidən, saf məhəbbətdən, insanın bu yolda qarşılaşdığı çətinliklərdən, həyatımızın ayrı-ayrı sahələrində baş verən real, bəzən də acı olan problemlərdən, iradəsi, zəhməti və istedadı nəticəsində həmin çətinliklərin öhdəsindən gəlməyi bacaran qəhrəmanların həyatından bəhs edir. O, böyük həvəslə oxuculara kitabdakı qəhrəmanların gələcək həyat talelərinin uğurlu və ya uğursuz yazılmasının əsas səbəbinin özlərindən asılı olduğunu çatdırır. Onun romanlarını oxuyan gənclər sevgi dolu real bir həyata atılmamışdan əvvəl qəhrəmanların buraxdığı səhvlərdən nəticə çıxarmağa çalışır və bu yolda özlərinə düzgün istiqamət götürürlər. Onu da deyim ki, Eyruzun romanlarını orta və yaşlı nəslin nümayəndələri də çox həvəslə oxuyurlar. Elə özüm də bir o qədər yaşlı olmasam da, ürəklə onların adından söyləyə bilərəm ki, həmin romanları biz də bəyənirik və onları oxumaqla nostalji hisslərə qapılmaq biz yaşda olan oxuculara da xoş təsir bağışlayır. Sonu nikbin notlarla bitən, bəzən də novella kimi gözlənilməz olan belə romanlar yaşlı insanlara həyatda yaşamağa stimul verir.
Amma onu deyim ki, müəllifin “EPİ” romanı onun digər əsərlərindən ciddi şəkildə fərqlənir. Maraqlıdır ki, abstrakt stildə və fantaziya üslubunda yazılmış bu roman çox oxunaqlı və olduqca da maraqlıdır. Kitab oxucuda sevinc, inam və bəzən də qorxu hisslərini bir araya gətirir, oxucunun öz ruhunun da bədənindən çıxaraq qəhrəmanların ruhları ilə canlı dialoqa girdiyi fikrini yaradır. Oxucu özünü romanda baş verən hadisələrin mərkəzində hiss edir və bəzən isə özündən asılı olmayaraq həmin hadisələrin sanki iştirakçısına çevrilir. Romanda belə bir fikir diqqəti çəkir ki, insanların canından çıxan ruhlar, məkan və zaman etibarı ilə başqa kainatlarda olan ruhlarla görüşür və onlarla ünsiyyətə girir. Kitabda bəşəriyyəti düşündürən problemlərdən, onun həyata sağlam və ziddiyətli baxışlarından, Xeyirlə Şərin qarşıdurmasından, Allahın mərhəmətindən, İblisin Allaha qarşı olmasından və insanları düz yoldan çıxartmağa çalışmasından bəhs olunur.
Yazıçının adını “EPİ” qoyduğu bu romanın əsas qayəsi dünyada ağır xəstəlik kimi tanınan epilepsiya barədə daha geniş təsəvvür yaratmaqdır. Bir çox dünya şöhrətli adamların da bu sağalmaz xəstəlikdən əzab çəkdiklərini və çoxlarının da elə bu səbəbdən dünyalarını vaxtsız dəyişdiklərindən söhbət açıldığı “EPİ” romanını oxuduqca hələ neçə əsr bundan əvvəl insanların bu günümüzə qədər necə əziyyətlər çəkdiklərinin şahidi olursan. Romanı oxuduqca Sokratın şagirdi, Aristotelin müəllimi olmuş dünyanın ən dahi filosovlarından biri olan Platonun, dünya şöhrətli imperator Yuli Sezarın, hərb meydanında məğlub olmağı sevməyən Napoleonun, Rusiya imperatorluğunu yaradan çar I Pyotrun və eləcə də hərb meydanında kişi paltarı geyinərək dövlətinin müdafiəsi uğrunda mübarizəyə qoşulan və Kralın əmri ilə hətta müharibə zamanı orduya rəhbərlik edən 17 yaşlı gənc qız Janna Darkın bu xəstəlik qarşısında necə aciz qaldıqları oxucuya məlum olur. Hollandiyanın ucqar bir yerində yerləşən Qrot-Zünderi kəndində böyük və çox kasıb bir ailədə anadan olmuş və ölümündən sonra dünyaca şöhrət qazanan rəssam Vinsent Van Qoq əgər bu xəstəlikdən əziyyət çəkməsəydi, bəşəriyyət üçün hələ nə qədər gözəl əsərlər yarada bilərdi. Təəssüf ki, o, bu ağır xəstəliyin yaratdığı ağrılara dözə bilmədiyindən ömrünün 37-ci baharında tapancadan açdığı atəşlə özünə qəsd etmişdi. Hələ onu da vurğulayım ki, görkəmli rus yazıçısı Fyodor Dostoyevski, alman alimi Fridrix Nitşe və adları bu kitaba düşməyən bir çox məşhurlar epilepsiya xəstəliyindən əziyyət çəkməsəydilər, sağlamlıqları normal olsaydı, bu gün biz, əlbəttə ki, hansısa yazılmamış romanların oxucusu və ya elmi ixtiraların şahidi olmuş olardıq. Epilepsiya xəstəliyinin bu gün də mövcud olması və insanlar arasında geniş yayılması böyük təəssüf hissi doğurur.
Kitabdakı hadisələr bizə gənc bir yazıçının adından təqdim olunur. Romanın qəhrəmanı olan yazıçının özünün də epilepsiya xəstəliyindən əziyyət çəkməsi və tutması olarkən onun ruhunun bədənindən çıxaraq məşhur insanların ruhları ilə maraqlı dialoqlar qurması kitabı daha da oxunaqlı edir. Kitabı oxuduqca ətrafımızda olan belə insanların yaşadığını indiyə qədər nədən nəzərə almamağımıza və onlara hər hansı bir formada diqqət göstərə bilmədiyimizə görə peşimançılıq hissi bizi daxilən narahat edir. Əsər oxucunu insanlara qarşı mehriban və qayğıkeş olmağa səsləyir. Romanı əldə edib oxumaq istəyən və eləcə də oxuculara maraqlı qalması baxımından kitabda yazılan daha inandırıcı, daha təsirli və kövrək hadisələr barədə danışmaq fikrində deyiləm. Təkcə onu deyə bilərəm ki, kitabı oxumaq üçün vaxtını sərf edəcək oxucuların peşiman olmayacaqlarına tam əminəm. Düşünürəm ki, hörmətli yazıçı dostum Eyruzun bu kitabını onun daha bir uğuru hesab etmək olar və bu münasibətlə onu təbrik edirəm.
Arif Ərşad,
yazıçı-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar