Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycanın AES-ə ehtiyacı yoxdur” - Əli Məsimli

Tarix: 17-12-2018 09:44     Baxış: 3269 A- / A+
“Azərbaycanın AES-ə ehtiyacı yoxdur”


“Bir-iki milyard kubmetr qaza qənaət üçün ölkəni risk altına qoymaq olmaz”


Son günlər Rusiyanın “Rosatom” dövlət korporasiyasının Azərbaycanda Atom Elektrik Stansiyasının (AES) tikintisi də daxil olmaqla nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq təklif etməsi barədə müzakirələr gedir. “Rosatom”dakı mənbə qeyd edib ki, Azərbaycanda nüvə sənayesi var, amma atom elektrik stansiyası yoxdur. “Rosatom” təklif verib, Azərbaycan tərəfi düşünür.

Bu mövzuda deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli ilə danışdıq.

- Əli bəy, Rusiyanın dövlət korporasiyası Azərbaycanda Atom Elektrik Stansiyasını tikmək istəyir. Hazırda Türkiyədə AES tikən Rusiyanın Azərbaycan marağı hardan irəli gəlir?

- Azərbaycanda AES tikilməsi təklifləri təzə məsələ deyil. Hələ Sovetlər Birliyi dönəmində SSRİ Nazirlər Soveti Azərbaycanda AES tikilməsi barədə qərar qəbul etmiş, müvafiq layihə və texniki-iqtisadi əsaslandırmalar hazırlanmış və bu işin Nəvai qəsəbəsi tərəfdə həyata keçirilməsi istiqamətində ilkin hazırlıq işləri də başlanmışdı. Lakin 1986-cı ildə Ukraynada Çernobıl AES-də baş verən qəza Azərbaycanda Atom Elektrik Stansiyası tikilməsi işini dayandırdı və həmin qəzadan 5 il sonra SSRİ-nin dağılması isə bu məsələni tamamilə gündəmdən çıxardı. Bir neçə ildir ki, Rusiyanın Azərbaycanda AES tikməsi barədə söhbətlər gedir. Fikrimizcə, Rusiyanın “Rosatom” dövlət korporasiyasının Azərbaycana AES tikintisi də daxil olmaqla nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq təklif etməsi hələ o demək deyil ki, Rusiya mütləq Azərbaycanda AES inşa edəcək. AES inşası çox mürəkkəb, xeyli tədqiqatlar aparılan və uzun çəkən prosesdir. Eyni zamanda, AES inşa bahalı olmaqla yanaşı, həm də yaxşı gəlir gətirən layihələrdəndir. Bununla yanaşı, AES tikintisi həm də strateji məsələdir. Ona görə də bu sahədə ixtisaslaşmış ölkələr, xüsusən də ABŞ, Fransa, Yaponiya, Rusiya yüksək qazanc və həm də strateji effekt götürməkdən ötrü AES tikintisi ilə bağlı müxtəlif ölkələrə müraciət edir.

- AES tikintisi kifayət qədər bahalı layihədir. Sizcə, Azərbaycan razılıq versə, nə qədər vəsaitindən keçməli olacaq?


- Azərbaycanda AES tikintisi və layihənin əsas parametrləri barədə rəsmi məlumat yoxdur. Olan məlumatlar isə onun dəyəri barədə dəqiq fikir yürütməyə imkan vermir. Ona görə də hələlik elmi-tədqiqat məqsədilə bir reaktordan və 3 milyard dollarlıq layihədən söhbət getsə də, bu da dəqiq məlumat deyil və əlavə araşdırmalara ehtiyac var. AES-in tikilməsinin dəyəri reaktorun gücü, avadanlığın hardan alınmasından, maliyyələşdirmə mənbələri və şərtlərindən və sair bu kimi amillərdən asılı olaraq, bir reaktorun qiyməti 2 milyard dollardan 5 milyard dollara qədər dəyişə bilir. Məsələn, Rusiyanın Belarusda tikmək istədiyi AES-in dəyəri 6 milyard dollar dəyərləndirilir, digər xərclərlə birlikdə isə bu rəqəm 9 milyard dollara da qalxa bilər. Bundan ötrü Rusiya Belarusa kredit dəstəyi də vermək istəyindədir. AES Özbəkistana 11 milyarda dollar başa gələcək, amma şərtlər tam açıqlanmır. Rusiyanın Türkiyədə tikdiyi AES-in dəyəri 20-22 milyard dollar arasında dəyərləndirilir və sair.

“Heç bir müasir texnologiya AES-də qəzaya 100 faiz qarantiya verə bilməz”


- Dünya təcrübəsinə istinad etsək, Atom Elektrik Stansiyasının hansı üstünlükləri var? Müsbət tərəfləri ilə yanaşı, AES-in fəlakətli tərəfləri də var...

- AES-in rolu olduqca şişirdilir. Dünya miqyasında AES-lərdə elektrik enerjisinin istehsalı payı artıq psixoloji cəhətdən əhəmiyyətli hesab oluna bilən həddən aşağı enib, yəni onun qlobal elektrik istehsalına olan töhfəsi XX əsrin 80-ci illərdəki 18 faizlik pik nöqtədən 10 faiz ətrafına enib və getdikcə azalacaq. Yaponiyada 2011-ci ilin mart ayında güclü zəlzələ və bunun ardından təqib edilən sunami nəticəsində Fukusimada baş verən faciədən sonra AES-lərə münasibət dəyişir. Dünya miqyasında fəaliyyəti qapadılan nüvə reaktorlarının sayı qurulan reaktorların sayından iki dəfə çoxdur. Yaponiyada isə 330 yeni reaktor quraşdırmaq planı var idi. Onun yalnız 42-si tikildi. Realda isə cəmi 4-ü işləyir. Yaponiya hökuməti Fukusima faciəsinin maliyyə itkiləri xərclərini 193 milyard ABŞ dollarına qədər qiymətləndirir. Bir sıra ekspertlər isə zərərin bundan qat-qat çox olduğunu deyirlər. Almaniya öndə getməklə Qərb artıq AES-dən imtina etmək meyli götürüb. Almaniyanın və İsveçrənin ardınca digər Qərb ölkələri də AES-dən istifadə dairəsini daraldacaq.

- Azərbaycan kimi ölkənin Atom Elektrik Stansiyasına ehtiyacı nə dərəcədədir?


- AES inşası, infrastruktur yaradılması və ona xidmət milyard dollarla, bir sıra hallarda isə on milyard dollarla vəsait tələb edir. Rəsmi açıqlamalara görə, hazırda Azərbaycanın 2,6 trilyon kubmetr dəqiqləşdirilmiş çıxarıla bilən qaz, 1,5 milyard ton çıxarıla bilən neft-kondensat ehtiyatı, proqnoz ehtiyatlarını da nəzərə alsaq, Azərbaycanda 6 trilyon kubmetr qaz və 4 milyard ton neft ehtiyatı var. İndiyə qədər dünya bazarına çıxarılan neftin həcmi 482 milyon ton olub. Azərbaycanda karbohidrogen ehtiyatlarının kifayət qədər böyük olması, ölkəmizin seysmik cəhətdən təhlükəli zonada yerləşməsi, Azərbaycanın bərpa olunan enerji mənbələrindən istifadə imkanlarını çox geniş olması, AES-in tikintisinin, hökumət üçün həmin stansiyaya qurğu, avadanlıq, xammal, texnoloji xidmətlər, tullantıların xaric edilməsi və sair sahələrdə xidmət göstərə biləcək ölkələrə müraciət etməyə məcbur etdiyindən, onlardan asılı vəziyyət yaradacağı və sair bu kimi amilləri nəzərə alaraq, demək olar ki, hazırda Azərbaycanda AES inşasına ehtiyac yoxdur.

Hələ müfəssəl məlumat yoxdur ki, Azərbaycanda AES tikintisi hansı sxem üzrə həyat keçirilməsindən söhbət gedir. Azərbaycanın maliyyə imkanları yüksək olduğundan, böyük ehtimalla xərcləri də Azərbaycanın özü qarşılaması variantına üstünlük verilə bilər. Strateji effekti isə Rusiya götürəcək. Çünki AES vasitəsilə Rusiya Azərbaycanın əsas strateji sahəsi olan energetika sektoruna və deməli, energetika bazarına girə bilər. Yaponiyada AES-də baş verən qəza göstərdi ki, AES-nin lehinə söylənilən “yeni texnologiyalar təbii fəlakətlərdən tam sığortalamağa imkan verir” məsələsi həqiqəti əks etdirmir. Nüvə enerjisi çox riskli bir texnologiyadır. Bir-iki milyard kub metr qaza qənaət etməkdən ötrü ölkəni ekoloji təhlükə altına qoymaq normal məntiqə sığan bir şey deyil. Heç bir müasir texnologiya AES-də qəzaya 100 faiz qarantiya verə bilməz. AES-də qəzanın olmayacağına 100 faizlik qarantiyaya-yalnız AES tikməməklə nail olmaq olar. Təcrübə göstərir ki, nüvə elektrik stansiyaları alternativ enerji mənbələri ilə əvəz edilə bilər. Ona görə də hələlik Azərbaycanın nüvə enerjisindən dinc məqsədlərlə istifadə üzrə bu sahədə öndə gedən ölkələrlə, o cümlədən Rusiya ilə əməkdaşlıq etməsi daha çox elmi tədqiqatlar istiqamətində aparılması məqsədəuyğundur.

- Sizcə, Rusiyanın bu layihəni reallaşdırmaq istəyinə Qərb necə yanaşacaq? Fakt budur ki, şimal qonşumuz ABŞ və Avropanın sanksiyaları ilə üz-üzədir və Rusiyanın Azərbaycanın hesabına əlavə milyardlar qazanması müsbət qarşılanmaz. Elə deyilmi?


- Əslində AES məsələsi hələ yalnız təklif olduğundan, Qərb bu məsələni dəqiqləşdirməmiş reaksiya verməz. Hələlik ekspertlərin dili ilə müəyyən mülahizələr ola bilər və var. Ortada konkret bir iş olsa və Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara düşən məqamlar aşkarlansa, onda təbii ki, həmin məsələlər üzrə daha konkret reaksiyalar ola bilər. Ümumilikdə isə məncə, son illər bu məsələ dövriyyədə olsa da, onun AES hissəsi yaxın zamanlarda reallaşan məsələyə oxşamır./musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar