Xəbər lenti
Türkiyə üçün hazırlanmış dilemma
Müşfiq ƏLƏSGƏRLİ
Türkiyədə təhlükəsizlik naminə atılmış istənilən addıma beynəlxalq təşkilatlar tərəfindən operativ reaksiya verilir. Xüsusi həssaslıq göstərilən məqamlar sırasında insan haqları və medianın durumu dayanır. Sərgilənən münasibətdə mübahisə doğuran məsələlərin kökü də məhz bu nöqtədən başlayır. İş ondadır ki, Türkiyədə cərəyan edən prosesləri dəyərləndirən beynəlxalq statuslu təşkilatlar hadisələri dövlət təhlükəsizliyinə təminat verən qanunları nəzərə almadan, yalnız insan haqlarını ehtiva edən konvensiyalar müstəvisində şərh edirlər.
Məsələn, iddia edilir ki, "15 iyul çevrilişinə cəhddən sonra Türkiyə hakimiyyəti tənqidçi KİV-ləri kütləvi şəkildə bağlamağa başlayıb". Beynəlxalq jurnalist təşkilatlarının hesabatlarına görə, bu dövr ərzində 130-dan çox media qurumunun fəaliyyəti dayandırılıb. Nəticədə 2500-dən artıq jurnalist iş yerini itirib. Hesabatda xüsusi qabardılan məqamlar sırasında həbs edilən jurnalistlərin siyahısı dayanır, 90 jurnalistin həbsdə olması xüsusi vurğulanır. Buna istinad edən beynəlxalq statuslu media ekspertləri media azadlığı baxımından Avropa məkanında ən ağır durumun Türkiyədə olduğunu deyirlər. Türkiyə hakimiyyətini "avtoritar rejim" kimi dəyərləndirən bu qurumlar iddia edirlər ki, 15 iyul dövlət çevrilişi hadisəsi ölkə yönəldicilərinə azad media üzərinə hücuma keçmək üçün bəhanə verib, iqtidar komandası yaranmış durumu "öz tənqidçilərini susdurmaq üçün fürsət kimi dəyərləndirib".
Hesabatlar hazırlanarkən, dövlət çevrilişinə cəhd zamanı həyatını itirən insanların taleyinə, həmçinin həbs edilən "jurnalistlərin" çevriliş hazırlanmasına hansı formada yardım göstərmələri məsələsinə toxunulmur. Beləliklə, hadisələrə beynəlxalq təşkilatların hazırladıqları hesabatlar kontekstindən yanaşan auditoriya əsl mahiyyətdən xəbərsiz qalır, qeyri-obyektiv fikirlərlə yüklənir, Türkiyə nifrət ruhunda köklənir.
Narahatlıq doğuran budur ki, məsələ ilkin, yanlış dəyərləndirmə müstəvisində qalmır. Proses mərhələlərlə, sistemli şəkildə davam etdirilir, ilkin reaksiyaların ardından "detallı hesabatlar" hazırlanır, Türkiyəyə verilən yanlış qiymət "faktlarla əsaslandırılır". Sərhədsiz Reportyorlar həmin yanlış faktlara söykənərək 2016-cı il üçün hazırladığı "mətbuatın düşmənləri siyahısı"na Türkiyə prezidentinin adını da əlavə edib. Hazırlanan hesabatlar təsirsiz qalmır. Məqsədli, sistemli şəkildə irəli aparılan prosesin sonucu olaraq, mövzu beynəlxalq statuslu QHT-lər müstəvisindən ötürülərək beynəlxalq statuslu dövlətlərarası təşkilatlar müstəvisinə keçir. Beləliklə, ölkənin adı yanlış siyahılara salınmaqla o mərhələyə qədər aparılacaq ki, prosesin geri dönüşü mümkünsüz olsun.
Media müstəvisində işlərini tamamlayan QHT-lər indi də milli münasibətlər sisteminə keçiblər. Yeni araşdırmalarda xüsusi vurğulanır ki, "həbs edilən jurnalistlərin, fəaliyyəti dayandırılan KİV-lərin əksəriyyəti etnik qruplara məxsusdur". Beləliklə, eyni "fakta" görə Türkiyəyə həm "azad medianı boğan", həm də "etnik qrupların imkanlarını daraldan" ölkə yarlığı vurulur. Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağın, həmçinin müxalif yönlü "Cümhuriyyət qəzeti"nin 9 redaktor heyətinin saxlanılmalarından sonra Türkiyəyə qarşı sürülən ittihamlar daha da intensivləşib. Baxmayaraq ki, Türkiyə xüsusi xidmət orqanları HDP-nin PKK-ya dəstəyinə dair sübutlarını ortaya qoyublar. İsbatlayıblar ki, HDP rəhbələrinin saxlanılması ölkənin parçalanmasına xidmət göstərən layihələrin qarşısının alınması üçün atılan zəruri addımdır. Həmçinin, həbs edilən "jurnalistlər sırasında" Türkiyənin anti-terror qanunlarını pozan, terrorçu PKK qrupuna, o cümlədən Fətullah Gülən dəstəsinə yardım edənlərin olması təsdiqini tapıb. Daha doğrusu, terror ideoloqlarının "jurnalist" adı altında gizlənmələri deşifrə edilib. Amma beynəlxalq təşkilatlar bütün bunları görməzdən gəlir. Ehtimal ki, media azadlığı məsələsində olduğu kimi, etnik qruplar mövzusu da yanlış faktlar əsasında sonadək qabardılacaq, Türkiyənin adı hansısa bədnam siyahılara salınacaq. Belə çıxır ki, indiki mərhələdə Türkiyə üçün qondarma dilemma hazırlanır. O, ya Qərbdən təlqin olunan formalı "insan haqları standartlarını" qəbul edib özünün təhlükəsizlik problemlərinə göz yummalı, terrorçulara meydan verməli, beləliklə, parçalanmalı, məhv olmalıdır, ya da Qərbədən təlqin olunan "insan haqları standartlarını" qəbul etmədiyi üçün sanksiyalara məruz qalmalı, embarqolar nəticəsində iflas etdirilməli, bu yolla məhv edilməlidir.
Türkiyə mövcud durumda rasional davranır: kimin nə deməsindən asılı olmayaraq, dövlət təhlükəsizliyinin təmin edilməsi baxımından zəruri olan addımları atır. Paralel olaraq, Qərbin "insan haqlarının qorunması" adı altında yürütdüyü siyasətin ifşa edilməsi üçün ideoloji iş də aparılır. Uğurlar da var. 2015-ci ilin oktyabrında Avropa Şurasının təşkilatçılığı ilə Strasburqda, ümumilikdə Avropanın dövlətlərarası təşkilatları təmsilçilərinin qatıldıqları "İfadə azadlığı" konfransı keçirilərkən, Türkiyə Konstitusiya Məhkəməsinin başqanı Zühtü Arslanın nitqi avropalı ideoloqları çıxılmaz duruma saldı. Konfransın gedişində Türkiyə sosial şəbəkələrə girişin məhdudlaşdırılmasına görə ittiham edilirdi. Zühtü Arslan məhdudiyyətlərin yalnız terror aksiyalarının intensiv dönəmində tətbiq edildiyini, terrorçulara qarşı mübarizədə həmin addımın zəruri olduğunu vurğuladı. O, Konstitusiya Məhkəməsinin başqanı qismində sosial şəbəkələrə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılacağına təminat verdiyini bildirdi. Qarşılığında isə, "bəs Sizlərdən kimsə terror aksiyalarında həyatını itirmiş insanların həyata geri dönəcəklərinə təminat verə bilərmi?!" dedi. Sual indi fərqli formada da tətbiq edilir: Türkiyədə fəaliyyətini dayandıran KİV-lərin, iş yerini itirən, istintaqa cəlb edilən jurnalistlərin siyahısı hər an yenilənir. Bənzər fəaliyyət terror aksiyaları zamanı həyatını itirən insanlara da şamil edilə bilməzmi? Az qala hər gün xəbər başlığına çevrilən terror aktları Türkiyədə nə qədər insanın həyatına son qoyub, neçə ailə başsız, evsiz, imkansız qalıb? Bunlar insan haqları müstəvisinə daxil deyilmi? Beynəlxalq təşkilatlar nə üçün onların siyahısını hazırlamırlar, terrorçuluğa qarşı mübarizədə Türkiyəyə dəstək vermirlər?
(Milli.Az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar