Xəbər lenti
Ermənistanda 70 rəsmi milyonçu olduğu halda, bizdə niyə biri də yoxdur? - təhlil
Hər növbəti ilin ərəfəsində arzular və planlar olmasa, bu, lap Şaxta babasız, Qarqızsız və yolkasız yeni il şənliyinə bənzəyər.
Ona görə də yeni il üçün planlar qurmaq adi haldır. Planlar da, bir qayda olaraq, şəxsi və ictimai xarakterli olur.
Hətta ən eqoist təbiətli insanlar da özlərinin fərdi plan və niyyətlərini formalaşdırarkən dövlətin və cəmiyyətin ümuni durumunu da nəzərə almağa çalışırlar, çünki şəxsi perspektivlərimiz haqqında düşünərkən belə, bütün hallarda, yaşadığımız cəmiyyətin də perspektivləri haqqında düşünməyə bilmərik.
Bu mənada jurnalistlər də istisna deyil. Təbii, burada yeni il üçün fərdi planlarımızı bölüşmək niyyətində deyilik, amma ictimai gözləntilərimizlə bağlı bunu məmnuniyyətlə edərik.
Hər yeni ili müəyyən ictimai-siyasi çağırışla bağlamaq artıq ölkədə ənənə halını alıb. Məsələn, ötməkdə olan il bizim üçün islam həmrəyliyi ili oldu. Niyə qarşıdan gələn yeni ili, məsələn, iqtisadi şəffaflıq ili adlandırmayaq?
Ola bilsin, kiməsə bu, bir qədər qəribə və yaxud da bir qədər qeyri– aktual görünəcək. Amma etiraf edirəm ki, ötməkdə olan il mənim daha çox bir neçə mühüm nazirlərin işdən qovulması ilə yadımda qaldı, nəinki islam həmrəyliyi konteksində.
Hərçənd, inkar etmirəm ki, bu müstəvidə də mühüm, yadda qalan və hətta dərin təəssürat saxlayan hadisələr oldu. Təkcə Yerusəlimin statusu ilə bağlı məsələni yada salın. Bu məsələyə münasibətdə ötən il məgər öz missiyasını və ya kopud desək, “adını” doğrultmadımı?
İslam ölkələri yetərincə birlik göstərdi və Trampın qərarını rədd edən qətnaməni qəbul etdirdilər. Gizlətmirəm, çox istərdik ki, islam ölkələri də, digərləri də Qarabağ probleminə də bu cür həssaslıqla və anlaşıqla yanaşsınlar.
Amma yenə də düşünürük ki, şəffaf iqtisadiyyatla bağlı məsələ də aktuallığına görə islam solidarizmi problemlərindən geri qalmır, ona görə ki, bilavasitə hamımıza toxunur,- axı, sağlam iqtisadiyyat ilk növbədə sosial rifah, güclü dövlət və ən son nəticədə də etibarlı bir milli təhlükəsizlik deməkdir.
Mən iqtisadçı deyiləm və mənim üçün ölkəmizin iqtisadi və maliyyə durumunun incəliklərinə varmaq çox çətindir. Amma məni həmişə ən ümumi metodoloji xarakterli məsələlər və yaxud da indi deyildiyi kimi, makroiqtisadiyyatımızın fəlsəfəsi maraqlandırıb. Biz hansı iqtisadiyyatı qurmağa nail olmuşuq? Ölkədə aparılan iqtisadi islahatların nəticələri bizim sosial gözləntimilərimizə nə qədər adekvatdır?..
Prinsipcə, bu cür sualları davam etdirmək olar, amma düşünürük ki, məsələnin məğzi artıq hamıya aydındır–bəzən ümumi xarakterli belə “təftişlər” və yaxud artıq qeyd etdiyimiz kimi, fəlsəfi yanaşmalar, bizə məsələnin ümümi mənzərəsini daha yaxşı və əyani anlamağa yardımçı olur, nəinki quru statistik kəmiyyətlər və yaxud da göstəricilər, ona görə ki, real həyat istənilən ədədlərdən və yaxud cədvəllərdən daha zəngindir.
Təkcə bir misal gətirəcəm. Bu yaxınlarda iqtisadçılarımızdan birinin yazısında oxudum ki, hətta Ermənistan kimi ölkədə artıq yetmişdən çox rəsmi şəkildə qeydə alınmış milyonçu var. Bizdəsə biri də yoxdur!..
Hərçənd, Ermənistanın iqtisadiyyatı bizim iqtisadiyyatımızla heç bir göstərici üzrə müqayisəyə gəlmək iqtidarında deyildir. Onda bəs görən, problem nədədir? Axı guya, bir sıra nüfuzlu institutların, o cümlədən də elə Davos Forumunun qiymətləndirmələrinə görə bizim iqtisadiyyatımız daha rəqabət qabiliyyətlidir və azad biznesin tələblərinə daha çox adaptasiya olunub, nəinki Ermənistan iqtissadiyyatı!
Resurslar haqqındasa danışmağa dəyməz. Ermənistan prezidenti S.Sarkisyan özü dəfələrlə deyib ki, onun ölkəsi heç vaxt Azərbaycan kimi varlı olmayacaqdır. Qəribə alınmırmı? Bütün təbii ehtiyatlar bizdədir, cəmi geoiqtisadi göstəricilər bizim tərəfimizdədir və xalqımız da həmin ermənilərdən daha fərasətli və həm də çalışqan xalqdır, amma onların yetmişdən çox rəsmi milyoneri olduğu bir halda, bizdə guya ki, biri də yoxdur!
Başqa sual da yaranır: məgər azad işgüzar təbəqə iqtisadi islahatların uğurunun ən mühüm göstəricisi deyilmi? Məgər ilk növbədə iqtisadi şəffalıq mütərəqqi biznesin və yaxud başqa cür deyildiyi kimi, ədalətli “iqtisadi oyunun” ən vacib atributu deyilmi?..
Bilirsinizmi, biz saatlarla hansısa riyazi göstəricilər haqqında “mühakimə” yürüdə, özümüzün necə tərifəlayiq olmağımız və necə uğurlu islahatlar aparmağımız xüsusunda filosofluq edə bilərik, amma daha əyani göstəricilər də var: bu, ilk növbədə, əhalinin həyat səviyyəsi, adambaşına düşən ÜDM, iqtisadi fəzanın şəffaflığı və təbii, ilk növbədə də dayanıqlı azad işgüzarlar təbəqəsidir...
Bütün göstəricilərə görə Ermənistandan öndəyik. Amma azad işgüzar təbəqə ilə bağlı heç də hər şey qaydasında deyil. Belə alınır ki, o, bizdə, ümumiyyətlə, yoxdur! Halbuki hər dəfə hansısa mühüm hökumət personası, naziri və ya qeyrisi vəzifəsindən azad edilərkən mətbuata elə ədədlər sızır ki, erməni milyonçuları bunu yalnız yuxuda görə bilərlər...
Bəli, acı iqtisadi gerçəkliyimiz belədir və onun sirri heç də on qəliz qıfıl arxasında deyil, səbəblər bəllidir və kifayət qədər aydındır.
Vaxtilə biz ilk adamlardan olmuşuq ki, tanınmış iqtisadçı Yeqor Qaydarın “Dövlət və evolyusiya” kitabını oxuyandan sonra daim ölkədə “nomenklatura kapitalizmi”nin bərqərar ola bilməsi təhlükəsindən yazırdıq. O vaxt iqtisadi islahatlar bizdə yenicə başlamışdı, amma nəticəsi kədərli oldu, necə deyərlər, əsl “postsovet” tipli oldu – Rusiyada olduğu kimi bizdə də həmin “nomenklatura kapitalizmi” bərqərar oldu...
Baxmayaraq, artıq bir neçə il əvvəl rəsmi şəkildə bildirildi ki, ölkədə iqtisadi keçid dövrü başa çatıb və biz iqtisadi islahatların əsas hissəsini bitirərək böhrandan çıxmışıq, amma bununla belə, hələ də ölkədə rəsmi milyonçular, yəni leqal və azad işgüzar təbəqə yoxdur! Amma ən bahalı və dəbdəbəli villalar, ən bahalı restoranlar, ən bahalı maşınlar və ən varlı məmurlar bizdədir! Rəsmi milyonçularsa yoxdur! Heç bu cəfəngiyyata inanırsınızmı?..
Əlbəttə ki, inanmırsınız və düz də edirsiniz, bizdə nəinki milyonçular, hətta milyarderlər vardır, amma onlar necə deyərlər, hələ rəsmi deyillər, “kölgə”dədirlər...
Yaxınlarda daha bir rus iqtisadçısının yazısını oxudum. Elə o, da ölkəsinin iqtisadiyyatının son 25 ildəki vəziyyətini analiz etməyə çalışmışdı. Həmin analizin bütün detallarına varmayacam və yalnız onu deyəcəm ki, müəllif hamımıza bir daha kapitalizmin məşhur “Veber tipologiyası” nı xatırladır (M.Veber alman sosioloqu və politoloqudur) və belə nəticəyə gəlir ki, ölkəsində spekulyativ-ticari kapitalizm bərqərar olubdur ki, bunun da əsas xüsusiyyəti odur ki, “azad işgüzarlar” rolunu məmur-oliqarxlar oynayırlar.
Düşünürük ki, belə diaqnoz bizim iqtisadiyyatımız üçün də doğru olardı və üstəlik, Rusiyadan fərqli olaraq Azərbaycan çox kiçik ölkədir, burada heç nəyi gizlətmək mümkün də deyil, jurnalist araşdırmaları olmadan da hamı gözəl bilir ki, kimin nəyi var və ayrı-ayrı məmurların əlində hansı biznes sahələri cəmləşib! Bəli, onların hamısı rəsmi olaraq “quru maaş”a dolanan məmurlardır, necə deyər, “xalqın xidmətçiləri”dirlər, reaalıqda isə hər şey qat-qat mürəkkəbdir...
Ən başlıcası isə, bilinmir, iqtisadiyyatı bürokratik-məmur aparatının əsarətindən necə azad etmək olar, necə etməli ki, siyasətlə biznes biri-birindən ayrılsın, siyasətçilər və məmurlar dövlət işilə, biznesmenlərsə iqtisadiyyatla məşğul olsunlar? Bəlkə hansısa iqtisadi amnistiya həyata keçirmək lazımdır?
Etiraf edirik ki, çətin sualdır və biz, sadə jurnalistlər, onu həll edə bilmərik. Amma arzulamaq və ümid etmək hələki yasaq olunmayıb. Ona görə də yeni il ərəfəsində bizim məmurlara – hakimiyyət mənsublarına deyərdik ki, cənablar, elə edin ki, biz də rəsmi milyonçular peyda olsun! Vallah-billah, adam ölkəyə görə xəcalət çəkir, axı bu milyonçu tayfası hətta Ermənistanda da var və onlar dövlətin büdcəsinə vergi ödəyirlər...
İnanın, biz, sadə insanlar da, elə də paxıl deyilik, üstəlik, artıq keçmişdəki bolşevizm də bizə tam yaddır, ona görə də, qorxmayın, gözə gətirmərik və sovetlərin vaxtında deyildiyi kimi, “ekspropriatsiya” da etmərik...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar