Xəbər lenti
Böyük müharibə anonsu – bir çox ekspertlər onun artıq başlandığını düşünürlər
Dünyada böyük müharibə başlayacaq və bu savaş 2050-ci ilə qədər davam edəcək. Bu sözləri “Rossiya-1” televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
Jirinovski deyib ki, dünya yavaş-yavaş böyük müharibəyə doğru addımlayır: “Tarixi, iqtisadi baxımdan bu artıq təsdiqlənib. Amerikalılar bu müharibəni özləri başlatmayacaq. Onlara sərfəli olan savaşı başladıb, sonra buraya qalib kimi gəlmələridir. Öz şərtlərini diktə etmək üçün bu, daha yaxşıdır. Koreyaya nəzər yetirək. Siz ürəyiniz istədiyiniz qədər sınaqların keçirildiyini elan edə bilərsiniz, amma əmin olun ki, ABŞ Şimali Koreyanı bombardman etməyəcək. Onlara maraqlıdır ki, Yaponiya, Cənubi Koreya, Çin, Tayvan və digərlərini provokasiyaya cəlb edib, böyük Uzaq Şərq müharibəsi yaratsınlar. Rusiyanı da bura cəlb etmək olar. İkinci cəbhə Əfqanıstan olacaq ki, onlar Hindistanı Çinlə, Pakistanı Hindistanla, Əfqanıstanı Mərkəzi Asiya ilə konfliktə cəlb edəcəklər. Eyni prosesi Qafqazda da başladacaqlar”.
Jirinovski müharibənin Avropada da iki cəbhədə – Balkanlar və Ukraynada aparılacağını qeyd edib. Onun sözlərinə görə, müharibə Ukrayna və Polşanın ərazisində gedəcək ki, ruslar hər yerdə sıxışıb qalsınlar: “Biz Yaxın Şərqə gəldik ki, burada nizam yaradaq. Amerikalılar isə imkan gözləyirlər ki, Avropaya gəlib qayda yaratsınlar və bizi məğlubların siyahısına atsınlar”.
Jirinovski iddia edib ki, bütün cəbhələr Rusiyaya yaxın olacaq, ancaq Vaşinqton Moskvaya, Moskva isə Vaşinqtona nüvə zərbəsi endirməyəcək: “Bunların qurbanları koreyalılar, serblər, xorvatlar, sünnilər, şiələr və digərləri olacaq. Böyük müharibə 2020-də və ya 2025-də başlaya bilər, amma o, 2050-ci ilə qədər davam edəcək. Qurbanların sayı yüz milyonları keçəcək. Hindistana, Pakistana, Şimali Koreyaya izn veriləcək ki, nüvə silahından istifadə edilsin. Buna səbəb isə amerikalıların yenidən öz ordusunu buralara gətirməsi üçün bəhanədir. Cənubi Koreya artıq indidən ABŞ donanmasını yardıma çağırır. Ən böyük itkilər, qurbanlar Hindistanla Pakistan arasındakı konfliktdə olacaq. Bütün bunların günahı sol inqilablardadır. İnsanlar hökumətlərlə mübarizə aparırlar. Əgər sol inqilablar olmasaydı, indi hamımız normal yaşayırdıq”.
Qeyd edək ki, İkinci Dünya Müharibəsindən sonra ötən 70 ildən artıq zaman dilimində müxtəlif vaxtlarda “üçüncü dünya müharibəsinin” başlayacağı haqda iddialar olub. Ən son olaraq Yaxın Şərqdə baş verən müharibələr zamanı terror müharibələrinin sərhədlərinin genişlənərək dünya müharibəsinə çevriləcəyini iddia edənlər vardı. Yeri gəlmişkən, Jirinovski özü 2014-cü ildə və sonrakı il “dünya müharibəsi” haqda danışıb. Ancaq populist siyasətçi olan Rusiya liberallarının liderinin fikirləri ciddi tərəfdar toplamayıb. Lakin o da var ki, dünyada savaş coğrafiyası sürətlə genişlənir. Hazırda dünyanın 20-dək ölkəsində lokal və geniş miqyaslı əməliyyatlar davam edir, onlarla dövlət isə bu və ya digər formada müharibələrə qoşulub. Təkcə 2014-cü ildə qurulmuş İŞİD-ə qarşı və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyada 64 ölkə təmsil olunurdu. Bura Rusiya və müttəfiqlərinin qurduğu anti-İŞİD koalisiyasını da əlavə edəndə ölkə sayı daha da artır. Bundan başqa hazırda Myanmada alovlanan yeni münaqişə ocağı, Şimali Koreya böhranının hər an savaşa çevrilməsi təhlükəsi dünyada müharibə coğrafiyasının genişlənmə potensialının böyük olmasından xəbər verir.
Ancaq nə qədər qeyri-adi görünsə də, bir çoxları böyük savaşın artıq başladığını, Üçüncü Dünya Savaşının əvvəlki savaşlardan fərqli formada olacağını iddia edirlər. Məsələ ondadır ki, bütün əvvəlki dünya savaşlarında əsas səbəb iki nəhəng güc mərkəzinin rəqabəti olub. İkinci Dünya Müharibəsindən sonra “soyuq savaş” illərində dünyanın iki nəhəng gücü olan SSRİ və ABŞ (müttəfiqləri ilə birlikdə K.R.) dəfələrlə qarşı-qarşıya gəlsələr də, nüvə silahı, bəşəriyyətin tamamən məhv olması riski və rasional ağıl ən sonda böyük toqquşmadan qaçmaq üçün yetərli olub. Lakin buna baxmayaraq sovetlər və amerikalılar Koreya müharibəsində, Vyetnamda, Əfqanıstanda faktiki olaraq qarşı-qarşıya savaşıblar. Vəkalət müharibəsi ötən əsrin və hazırkı əsrin əsas müharibə siyasətinə çevrilib. Ölkələr birbaşa qarşı-qarşıya gəlmədən dəstəklədikləri qüvvələr vasitəsilə rəqibləri ilə savaşırlar. Suriyada, Ukraynada faktiki olaraq ABŞ və Rusiya arxa fondakı aktyorlar olaraq iştirak etdilər. Xüsusən də Putin dövründə güclənən Rusiya hazırda planetin fərqli nöqtələrindəki ABŞ maraqlarına qarşı dayanan cəbhələrin əsas dəstəkçisidir, başqa sözlə, birbaşa olmasa da, savaşırlar. Hətta son olaraq rusların Əfqanıstan Talibanı ilə gizli anlaşma əldə etdiyi, onları amerikalılara qarşı savaşda dəstəklədikləri haqda xəbərlər mediaya çıxıb.
Bu prosesin qarşıdakı illərdə “böyük toqquşmaya” səbəb olacağı, Üçüncü Dünya Müharibəsinin başlayacağı, yoxsa növbəti dəfə rasional ağlın üstün gələcəyini indidən demək mümkün deyil. Hər şey Jirinovskinin dediyi kimi də ola bilər. Çünki planetdə münaqişə bölgələrinin sayı günü gündən daha da artır. (musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar