Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təhlükəli addım: Trampın yeni hədələri - Foto

Tarix: 06-09-2017 18:58     Baxış: 2444 A- / A+
Təhlükəli addım: Trampın yeni hədələri


Vaşinqtonla Pxenyan arasındakı söz atışması təhlükəli məzmun alıb. Son olaraq Donald Tramp rəsmi Pxenyanı və xalqı hədələyib. O, bəyan edib ki, ABŞ elə bir addım atar ki, dünya indiyə qədər rastlaşmadığı vəziyyətə düşər. İlk növbədə, Şimali Koreya hakimiyyəti və xalqı yox ola bilər. D.Tramp, eyni zamanda, Fransa Prezidenti ilə bu məsələdə ortaq hərəkət barədə razılığa gəlib. Belə görünür ki, Amerika-Şimali Koreya münasibətləri son dərəcə gərgin bir fazaya qədəm qoyub. Yaranmış situasiyaya geniş aspektdə yanaşdıqda, məsələnin sadəcə Şimali Koreya ilə məhdudlaşmadığını görürük. Bir neçə böyük dövlətin iştirakı ilə münaqişə meydana gələ bilər. Bu prizmadan Vaşinqton-Pxenyan qarşıdurmasının mümkün geosiyasi nəticələri üzərində düşünmək maraqlıdır.

Təhlükəli addım: Trampın yeni hədələri

Dünyada yeni bir müharibə ocağının meydana gələ biləcəyindən ekspertlər çox narahatdırlar. Amerika Prezidenti Donald Tramp çox sərt bir dillə "Şimali Koreyanı vura bilərik" mesajını verib. Onun bu sözləri ciddi qəbul edilir. Çünki Pxenyanla bağlı beynəlxalq səviyyədə vəziyyət kəskindir. Gərginlik azalmaq bilmir. Şimali Koreya ballistik raketlərlə bağlı layihələrini inkişaf etdirir, yeni silahlar sınaqdan keçirir.

Başqa tərəfdən də ABŞ Cənubi Çin dənizi ərazisində hərbi gücünü artırır. Son olaraq Quam adası ətrafında gərginlik yaranmışdı. İndi daha geniş bir məkanda hərbi qarşıdurma güclənir. Rəsmi Pekinin bu vəziyyətə münasibəti də böyük maraq doğurur. Pekin bəyan edib ki, Şimali Koreya raket sınaqlarını davam etdirsə, bitərəf qalacaq, Vaşinqton regionda hərbi qüvvələrini artırsa, buna etirazını bildirəcək.

Bu kimi fikirlər onu göstərir ki, Çin faktiki olaraq Şimali Koreyanı dəstəkləyir. Hər halda diplomatik səviyyədə və qlobal geosiyasi kontekstdə Pekin daha çox Pxenyanın mövqeyini ciddi tənqid etmir. Lakin BMT TŞ-də Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə Çin də səs verib. Bu o deməkdir ki, bütövlükdə rəsmi Pekin yeni nüvə dövlətlərinin yaranmasına isti yanaşmır. Lakin konkret ABŞ-Şimali Koreya münasibətinə gələndə, hər şeyin Vaşinqtonun diktəsi ilə olmasına da razı deyil.

Ekspertlər Çinin bu mövqeyini supergüc olaraq ABŞ-a müqavimət göstərməsi, özünün sözünün yerinə yetirilməsinə imkan yaradılması cəhdi olaraq qiymətləndirirlər. Qısa desək, Pekin oyunu böyük güclərə xas olan qaydada aparır.

Bununla yanaşı, Çini bölgədəki gərginlik narahat edir. Məsələ ondan ibarətdir ki, Şimali Koreya məsələsi yalnız bu ölkənin maraqları ilə məhdudlaşmır. Əsas olaraq Uzaq Şərqdə Çinin qulağının dibində müharibə ocağı meydana gəlir. Ekspertlər də məhz bu aspektə diqqət yetirirlər.

Digər tərəfdən, Amerika reallıqda Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaları bir-birindən ayırmır. İran və Şimali Koreya raket və nüvə silahı aspektində hədələnirsə, Rusiya bir sıra regionlarda hərbi güc tətbiq etdiyi səbəbindən sanksiyaya məruz qalır. Motiv bir qədər fərqli olsa da, nəticə eynidir – Vaşinqton özü üçün 3 önəmli təhlükə müəyyən edib.

Bu prizmadan Şimali Koreya məsələsinə Rusiya kontekstində nəzər saldıqda, bir sıra təhlükəli məqamları görmək olar. Rusiyalı ekspertlər hesab edirlər ki, Şimali Koreyanın ballistik raketlərdən hansı səviyyədə istifadə edə bildiyi aydın olmadığından, hansı vəziyyətin yaranacağı haqqında dəqiq proqnoz yoxdur. Mümkündür ki, Pxenyanın atdığı raketlər Rusiyaya tərəf yönəlsin. Bu halda Moskva mütləq cavab verməlidir. Yəni Rusiya ordusu yüksək hazırlıq vəziyyətində olmalıdır ki, ortaya çıxa biləcək qeyri-müəyyənliklərə reaksiya verə bilsin.

Bunlar dolayısı ilə onu ifadə edir ki, müəyyən mərhələdə Rusiyanın ABŞ-Şimali Koreya savaşına qatılması istisna deyil. Eyni zamanda, regionun güclü dövləti sayılan Yaponiyanın hansı addımları atacağı maraqlıdır. Bir sıra ekspertlər proqnozlaşdırırlar ki, Vaşinqton Tokionu müharibəyə cəlb edə bilər. Əslində, Amerika-Yaponiya münasibətləri elə səviyyədədir ki, bu ehtimal özünü doğrulda bilər. Onu da nəzərə almaq lazımdır ki, Yaponiya-Koreya münasibətlərinin tarixi onun gərginləşməsi ehtimalının mövcudluğunu istisna etmir.

Balkanlar-Koreya yarımadası: münaqişələr və beynəlxalq terror

Vurğulanan məqamların fonunda Şimali Koreyada 3,5 milyon insanın könüllü olaraq savaşa gedə biləcəyi barədə informasiyaların yayılması real durumun ciddiliyindən xəbər verir. Amerika tərəfi də kifayət qədər sərt mövqedədir. Hətta Donald Tramp Fransa Prezidenti ilə danışaraq Şimali Koreyaya qarşı birlikdə hərəkət etmək barədə razılığa gəlib. Görünür, burada məsələ təkcə Şimali Koreya ilə məhdudlaşmır. İran da hədəfdədir. Bu ölkənin parlamenti Amerikanın avqustun 2-də yeni sanksiya tətbiq etməsindən sonra silahlanma ilə bağlı qərar qəbul edib. Tehran raket sınaqlarına əlavə 520 milyon ABŞ dolları miqdarında maliyyə ayırıb. İranın rəsmi şəxsləri bunun Amerikaya qarşı cavab tədbirlərindən yalnız birinin olduğunu vurğulayıblar.

Rusiyanın reaksiyası da məlumdur. Moskva Vaşinqtonun bütün addımlarına baxmayaraq nə Ukraynada, nə də Yaxın Şərqdə mövqeyini dəyişmir. Əksinə, daha da qabağa getməyə çalışır. O biri tərəfdən də Amerika Suriyada terror qrupları ilə əlaqələrini gücləndirir. Bu ölkədə də faktiki olaraq bir neçə böyük dövlət gizli savaş aparır.

Belə çıxır ki, Amerikanın Şimali Koreyanı hədələməsi, əslində, qlobal geosiyasi mənzərədə meydana gələn mürəkkəbliklər və risklərlə sıx bağlıdır. Söhbət heç də iki dövlətin arasındakı ziddiyyətlərdən getmir. Problem daha çox beynəlxalq geosiyasi vəziyyət aspektində narahatlıq yaradır.

Burada başlıca məqamın Asiyada böyük bir ixtilafın yaradılmasından ibarət olduğunu düşünürük. Bu, bütövlükdə həmin regionun bütün böyük dövlətlərinin maraqlarına toxunur. Çin, Hindistan, Pakistan, Yaponiya, Vyetnam, Filippin, Tailand, Cənubi Koreya, Rusiya və digərləri üçün qeyri-müəyyən vəziyyət yaranır. O sırada Əfqanıstandakı durumun da taleyi sual altına düşür. Çünki rəsmi Vaşinqton bu ölkədə hərbi uğur qazana bilmədiyini anlayıb, lakin bununla razılaşmaq istəmir. D.Tramp Əfqanıstanda vəziyyəti öz xeyirlərinə dəyişmək üçün hərbçilərə tapşırıqlar verib.

Şimali Koreya ilə ixtilaf yaransa, Amerikanın Əfqanıstana əlavə hərbi qüvvə yeritmə ehtimalı artar. Bu, həm də Çini üç tərəfdən – Koreya yarımadası istiqamətindən, Çin dənizindən və Əfqanıstan tərəfdən mühasirəyə almaq deməkdir. Aydındır ki, bununla Pekinin manevr imkanları məhdudlaşır və o, uzun müddətə süründürməçi intriqalar girovuna düşmüş olur. Çin mətbuatında bu barədə analitik yazılar bir neçə ildir ki, dərc olunur. Mütəxəssislər, ümumiyyətlə, Amerikanın əsas məqsədinin Çində ictimai şüurda paradiqma dəyişikliyi etməkdən ibarət olduğunu vurğulayırlar.

Hazırda Çin cəmiyyəti inkişafa istiqamətlənib. Başqa dövlətlərlə ixtilaf başladıqda isə, cəmiyyət avtomatik olaraq müharibə paradiqmasına yönələcək. Çünki xaricdən təhlükə olduqda, başlıca məqsəd təhlükəsizliyin təmini olur. Bununla dövlət çökmür, ancaq böyük həcmdə enerji inkişafa deyil, müdafiə sahəsinə sərf olunur. Sürətlə inkişaf edən Çini həmin müstəviyə sürükləmək, faktiki olaraq ona qalib gəlmək deməkdir. Amerika bununla dünya liderliyi uğrunda əsas rəqibini sıradan çıxarmış olur.

Bu tezisə inansaq, Vaşinqtonun Asiyada gərginliyi yüksəltməyə istiqamətlənmiş addımlarını davam etdirəcəyi nəticəsini çıxara bilərik. Yəni məsələ Şimali Koreya ilə yekunlaşmır. Ancaq məhz Pxenyanla hərbi toqquşma digər analoji proqramları işə salmağa birbaşa təkan verir. Bu bağlılıqda Mərkəzi Asiya dövlətlərinin də münaqişələrə cəlb olunması riskini vurğulamaq lazımdır.

Yuxarıdakı qənaət müstəvisində Vaşinqton-Pxenyan qarşıdurmasının kifayət qədər təhlükəli olduğu aydınlaşır. Bu münaqişənin dərinləşməsi ehtimalı az deyil. Çünki böyük dövlətlər geosiyasi maraqları ilə bağlı hələlik heç bir razılıq əldə etməyiblər və bununla bağlı fikirləri də yoxdur. İndi müşahidə edilən proseslər sanki, böyük bir ixtilafın başlanğıcıdır. Balkanlardan başlayaraq Koreya yarımadasına qədər geniş bir geosiyasi məkanda qarışıqlıq təhlükəsi getdikcə artır. İŞİD Yaxın Şərqdə yox edilə bilər, lakin düşündürücüdür ki, onun analoqları artıq yalnız Yaxın Şərqdə deyil, Qafqaz, Mərkəzi Asiya, Uzaq Şərq regionlarında da yarana bilər. Beynəlxalq terror simasını, fəaliyyət tərzini və məkanını dəyişir. Bunu təkzib edəcək bir fakt mövcuddurmu?

Təhlükəli addım: Trampın yeni hədələri


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar