Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ verilib, yoxsa işğal edilib?

Tarix: 19-07-2017 11:12     Baxış: 4426 A- / A+
Qarabağ verilib, yoxsa işğal edilib?


(Məsələlərimizə yanaşmada mahiyyət və terminologiya problemi)

Araz Aslanlı
“Türküstan” qəzetinin baş redaktorunun müavini

Vaxtaşırı olaraq Azərbaycanda “Qarabağlıların yurdlarını qoyub gəlməsi” iddiaları ətrafında gərgin müzakirələr gedir. Bu müzakirələr bəzən fikir azadlığının və “obyektivlik axtarışları”nın sərhədlərini xeyli aşaraq bir qrupun təhqir olunması ya da özünümüdafiəsi kampaniyasına çevrilir. Müəyyən bir təbəqə digərlərini torpaqlarını qorumamaqla ittiham edir, digərləri isə özünü müdafiə etmək məcburiyyətində qalarkən bəzən yerliçilik etmiş olur.
Ümumilikdə götürdükdə isə bu cür ittihamlar əlsində çox yeni də deyil. Erməsnitanın işğalçılıq səyləri ilə eyni vaxtda başlayıb. Hələ 1990-cı illərin əvvəlində Azərbaycanın müxtəlf bölgələrində, eləcə də paytaxt Bakıda “Qarabağlılar Bakıda gəzir, mən niyə gedib vuruşmalıyam” şəklində təbliğat aparılırdı. Daha sonra buna “qaçqınlar Bakıda kef edir” ifadəsi də əlavə olundu. Digər bir yanaşma isə “filan rayon bir kənd belə vermədi, amma filan rayonu satdılar” şəklində oldu.
Ermənistan tərəfindən işğal ediliş ərazilərimizlə bağlı “satdılar”, “qoyub qaçdılar”, “verdilər” təbliğatı aparılması, eləcə də digərləri əlsində saxta “vətənpərvərlik” görüntüsü altında aparılan çox zərərli bir yanaşmadır. Əvvəla qaçqınlıq bir seçim deyil, məcburiyyətdir. Bir işğalın yaratdığı məcburiyyətdir. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri uzun müddət düşmənin ağır hərbi zərbələrinə, bəzən blokadalara, bəzən provakasiyalara məruz qalıb. Xocalının işğalı zamanı törədilən soyqırımı yada salaq: Xocalı şəhəri, Ermənistan hərbi birliklərinin hücumları vaxtı bölgədə bəlkə də ən kritik vəziyyətdəki yaşayış yeri olmuşdur. Bölgədəki tək hava limanının mövcud olduğu 7000 nəfərlik əhaliyə malik Xocalı, 1991-ci ilin yaz və payızındakı Erməni hücumları nəticəsində mühasirə altına alınmışdı və şəhərlə əlaqə yalnız vertolyotlarla təmin edilirdi. Bu qədər çətin vəziyyətdə olmasına və strateji əhəmiyyətə malik olmasına baxmayaraq, dövlət Xocalının müdafiə olunması istiqamətində lazımı səyləri göstərə bilməmişdi. Nəticədə 1992-ci ildə fevralın 25-ini 26-sına bağlayan gecə Ermənistan həbri birləşmələrinin Xocalıya təşkil etdikləri hücum bir soyqırıma çevrilmişdi. Hücumda 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaq üzrə ən az 613 nəfər şəhid olmuşdu. Ayrıca 1275 nəfər Ermənilər tərəfindən girov olaraq aparılmış, 487 nəfər, o cümlədən həddi-buluğa çatmamış 76 uşaq ağır xəsarət alaraq şikəst edilmiş, 150 nəfər itkin düşmüşdü. Mühasirə altındakı insanların çoxu qəddarcasına öldürülmüş, beynəlxalq qurumlar və dünya mediası hadisəni “insanlıq dramı” kimi xarakterizə etmişdi. Azərbaycan rəsmi olaraq, Xankəndindəki 366-cı Rus alayının hücumda iştirak etdiyini açıqlamışdı. Çünki hücumda ən müasir silahlardan istifadə edilmişdi. Bunlar nəinki bölgədəki yerli qruplarda, hətta yeni yaradılmağa başlayan Azərbaycan və Ermənistan ordularında belə mövcud deyildi. İllər sonra bu hadisə dünyanın müxtəlif ölkələrində də soyqırım kimi tanındı. Soyqrım hadisəsinin şahidlərinin (həm qurbanların yaxınlarının, həm də cinayəti törədənlərin) xatirələrini oxuyarkən ya da dinləyərkən isə göz yaşı tökməmək mümkün deyil. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın baş vermiş hadisələr haqqında dediklərini hamımız yaxşı xatırlayırıq: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdi ki, onlar bizimlə zarafat edir, onlar zənn edirdi ki, ermənilər əlini dinc əhaliyə qaldıra bilməyən bir xalqdır. Biz bu stereotipi qırdıq.”
Eləcə də Kəlbəcər rayonunun işğalı zamanı 511 mülki şəxs qəddarlıqla qətlə yetirildi, 2500 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı, əlil oldu, 165 nəfər girov götürüldü. Bundan təxminən bir il öncə isə Kəlbəcərdə Ağdaban soyqırımı yaşanmışdı. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi Ermənistan ordusu tərəfindən tamamilə yandırılmış, kəndin 779 nəfər dinc sakininə işkəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdi…
Şuşanın, Laçının, Ağdamın, Füzulinin, Cəbrayılın, Sədərəkin, Qubadlının, Zəngilanın və digər ərazilərimizin işğalı zamanı yaşananlar da fərqli deyil… Bütün bu qeyd olunan ərazilərimiz uzun müddət düşmən tərəfindən ağır hərbi hücumlara və provokasiyalara məruz qalıb. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı prosesində düşmənin törətdiyi soyqırım, qətliamlar, acımasızlıqlar, qadın, uşaq, yaşlı demədən edilən və burada yaza bilmədiyimiz vəhşiliklər cəmiyyətdə elə bir psixoloji vəziyyət yaratmışdı ki, heç bir yaşayış məntəqəsi “ikinci Xocalı” olmaq istəmirdi. O psixologiya ilə, eyni zamanda təxribatların da nəticəsində bu işğallar zamanı mülki vətəndaşlar evlərini tərk etmək məcburiyyətində qalıblar və bu hal əsla torpaqları vermək kimi qiymətləndirilə bilməz. Kəndlərimiz, rayonlarımız işğal edilənə qədər minlərlə şəhid verilib. Hələ milli ordu formalaşdırılmamışdan öncə insanlarımız düşmənin ağır texnikası qarşısında torpaqlarımızı ov tüfəngi ilə, bəzən də hətta yalın əllə müdafiə edib. Bütün bunlar yox sayıla bilməz. İşğal bir gündə baş verməyib. Düşmənin ardıcıl, uzun müddətli və ən əsası xarici dəstək ilə reallaşdırdığı hücumlar sayəsində həyata keçirilib.
Digər tərəfdən “Qarabağı sadəcə Qarabağlıların qorumalı olduğuna” dair qüsurlu anlayış o dövrlərdə bir qədər anlaşılan idi. Deyək ki, “vətənimiz Azərbaycan” anlayışının formalaşmasına SSRİ imkan verməmişdi. İndi isə xalq hərəkatının başladığı dövrdən 25 ildən də artıq vaxt keçib. Amma bəzən hətta “Bütöv Azərbaycan”dan, “Turan”dan danışanların belə vətənpərvərlik anlayışlarının öz kəndləri, ən yaxşı halda isə rayonları ilə məhdudlaşdığına şahid oluruq.
“Filan rayon bir kənd belə vermədi, amma filan rayonu satdılar”, “qaçqınlar Bakıda kef edir” şəklindəki qüsurlu yanaşmalar da məhz buradan qaynaqlanır. Deməli bu insan Azərbaycanın hamımızın ortaq vətəni olduğunu hələ dərk edə bilməyib. Deməli hələ də bunu başa düşməyən insanlar var ki, Qarabağ kiminsə həyətyanı sahəsi, evi demək deyil. O birinci növbədə vətənimizin bir parçasıdır. Vətəndaşı olduğumuz dövlətin ərazisi… Müharibə də kiminsə evi ya da həyətyanı sahəsi üstündə başlamayıb. Bu dərk olunmadığına görə də regionla bağlı imperial maraqları olan böyük güclərin və onların regiondakı maşası rolunu oynayan işğalçı dövlətin etdikləri qalıb bir tərəfdə, günahkar kimi növbəti soyqırımların qurbanı olmaq istəməyənlər görülür.
Vətən torpağını ilk növbədə dövlətin ordusu qorumalıdır. Təbii ki, insanlarda ümumi vətənpərvərlik ruhunun yüksək olması, hər qarış torpaq üçün yeri gəlsə özünü fəda edə bilmək arzusu vacibdir. Mümkün qədər yaşadıqları əraziləri heç bir halda tərk etməmələrinin təmini də zəruridir. Amma işğalın əsas günahkarı kimi illər boyunca bombardman altında yaşayanları görmək yolverilməzdir.
Yeri gəlmişkən Azərbaycan əraziləri də əsasən orduların qurulmasından öncəki kiçik qarşıdurmalar (əhalinin özünümüdafiə batalyonları ilə döyüşdüyü “ov tüfəngi döyüşləri”) zamanı yox, sonrakı mərhələdə işğal olunub. Bunun da müxtəlif səbəbləri olub. Ermənistan həm daxili amil (daha həmrəy, bu ölkədə müharibənin gedişatı boyunca hakimiyyət dəyişikliyi olmayıb və s.), həm də xarici amil (dünyada yeganə müharibədir ki, tərəflərdən biri həm Rusiya, həm Qərb, həm də İrandan hərbi, siyasi, maddi, texniki və s. dəstək alıb) baxımından işğalı reallaşdıracaq imkanlara malik olub. Ermənistanın müttəfiqləri sadəcə ona dəstək verməklə kifayətlənməyiblər, Azərbaycan daxilində tez-tez provokasiya törədiblər. Çünkü bölgədə böyük maraqlar olub və hazırda da var. Gürcüstan və Ukrayna təcrübəsi də göstərir ki, böyük güclərin acımasız planlarına müqavimət göstərmək çox çətindir. Azərbaycan ancaq bir möcüzə göstərərək ərazi bötüvlüyünə yönəlmiş qəsdin tam qarşısını ala bilərdi. Təssüf ki, o vaxt bu möcüzəni göstərə bilməmişik.
Yuxarıda qeyd olunan düşüncə sadəcə milli birliyimizə kölgə salmaqla və əhali arasında nifaq toxumu əkməklə qalmır, diqqəti Ermənistanın işğalçılığından, onun arxasında duran güclərin böyük oyunlarından da yayındırır. Əslində bu son müzakirələr göstərir ki, Azərbaycanda problemin mahiyyəti və terminologiyası ilə bağlı görüləsi işlər çoxdur. Bu barədə növbəti yazıda…
Amma bir daha başdakı mövzuya qayıdaq. Azərbaycan əraziləri verilməyib, işğal edilib. Mahiyyəti işğal olan, minlərlə insanın ölümünə, yaralanmasına, şikəst qalmasına, 1 milyona yaxın insanın evlərini tərk etmək məcburiyyətində qalmasına səbəb olan bir problemin həlli üçün çalışmaq istəyən varsa səylərini işğalın aradan qaldırılmasına və işğalçıların cəzalandırılmasına yönəltsin. Qurbanları mühakimə etmək isə ədalətli bir yanaşma deyil.(turkustan.info)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar