Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün Zəngilan Şəhəri Günüdür

Tarix: 20-10-2023 10:57     Baxış: 4212 A- / A+


 
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

Manevr.az AZƏRTAC-a istinadla Zəngilan şəhəri ilə bağlı bəzi qeydləri təqdim edir.
Xatırladaq ki, Zəngilan rayonu Ermənistan və ona dəstək verən dövlətlər tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. İyirmi yeddi illik işğal dövründə erməni cinayətlərinə şahidlik edən rayon tamamilə dağıdılıb, zəngin təbii ehtiyatlarını ermənilər talayaraq xarici ölkələrə daşıyıb.

Bir vaxtlar 29 oktyabr tarixi Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazıb. İkinci Qarabağ müharibəsində Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Ordumuz aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində üç il əvvəl oktyabrın 20-də Zəngilanı işğaldan azad etməyə nail olub. 2020-ci il dekabrın 23-də isə Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaldıb.

Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Zəngilan şəhəri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri işğaldan azad edilib. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 20-də xalqa çatdırdı: “Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!
Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”

İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən vacib əhəmiyyət kəsb edir. Rayon rəşadətli Ordumuz tərəfindən işğaldan azad edildikdən sonra Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Bu da gələcək perspektivlər baxımından önəmlidir. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edilib. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alınıb. Bundan başqa, Qubadlı istiqamətindən gələ biləcək erməni qüvvələrinin mühasirəyə salınması və qısa zamanda təmizlənməsi asanlaşıb. Ermənistanın işğalına davam etməsi üçün İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu əhəmiyyətli idi. Zəngilanın işğaldan azad edilməsi ilə bu yolun əsas hissəsi Ordumuzun nəzarətinə keçdi, eyni zamanda, Qarabağ düyününün açılmasında həlledici oldu. Zəngilanın Bartaz, Sığırt, Şükürataz və daha beş adsız yüksəkliyinin azad olunması isə Ordumuza vizual üstünlük qazandırıb, təhlükələri önləyib.

Ordumuzun arsenalında müasir silahlar, avadanlıqlar, uçuş aparatları mövcuddur. Aydın məsələdir ki, bunun qarşısında düşmən tab gətirə bilməzdi. Bunun nəticəsi olaraq, əvvəlcə 2016-cı il Aprel hadisələrındə zərbəendirici pilotsuz uçuş aparatları heyətinin yüksək peşəkarlığı nəticəsində düşmənə dəqiq və sarsıdıcı zərbələr endirildi. Vətən müharibəsində əldə olunan nailiyyətlər məhz ilk dəfə 2016-cı ildə müasir uçuş vasitələrinin tətbiqi ilə qazanılan uğurların davamı idi. Zəngilan rayonunda Bartaz yüksəkliyinin düşməndən azad edilməsi zamanı havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində onun illər boyu güvəndiyi hərbi güc dəmir tullantısına çevrilib. Bu döyüş əməliyyatları zamanı "Harop" və "Bayraktar-TB2" PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırılıb.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində “Üç nöqtə” əməliyyatı xüsusilə bölmələrimizin uğuru ilə nəticələnib. Bir gün əvvəl ərazinin havadan kəşfiyyatı aparılıb, düşmən haqqında məlumat, onun yerləşmə yeri, canlı qüvvəsi, texnikası, atəş mövqeləri dəqiqləşdirilərək müvafiq qərarların qəbul olunması üçün komanda məntəqəsində təhlil olunub. Növbəti gün gecə saatlarında kiçik çevik qruplar tərəfindən sızma əməliyyatı icra olunaraq düşmənə sarsıdıcı zərbələr endirilib və onlar geri qaçmağa məcbur olublar. Zərbəendirici pilotsuz uçuş aparatları vasitəsilə düşmən dərinliklərindəki artilleriya qurğuları, yaxınlaşmaqda olan texnika məhv edilib. İkinci Qarabağ müharibəsində bölmələrimiz tərəfindən Ağbənd qəsəbəsinin işğaldan azad olunması və dövlət bayrağımızın əraziyə sancılması hər birimiz üçün qürurvericidir. O zaman Arazboyu ərazilərdə yaşayan soydaşlarımız hərəkətlərimizi kənardan müşahidə edərək bunu alqışlarla qarşılayır, şüarlar səsləndiriblər. Onlar bu ərazilərin əsl sahiblərini gördükləri üçün çox seviniblər.

Ümumiyyətlə, “Üç nöqtə” əməliyyatının aparıldığı ərazi strateji baxımdan çox əhəmiyyətlidir. Belə ki, düşmən geri çəkilərək həmin ərazilərdə mövqelənib, Ordumuzun bölmələrinə müqavimət göstərməyə hazır idi. Həmin uğurlu əməliyyat nəticəsində Ağbənd qəsəbəsindən Vejnəli, Bartaz istiqamətinə şəxsi heyətin hərəkəti təmin olunub. Hazırda bu ərazi sərhədçilərimiz tərəfindən mətinliklə qorunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu istənilən tapşırığı Azərbaycan sərhədçisi hər zaman icra etməyə hazır və qadirdir.
Bölmələrimizin döyüş əməliyyatları Zəngilanın Ağalı kəndindən başlayıb. Həmin döyüşlər zamanı Azərbaycan Ordusunda vətənpərvərlik ruhu çox yüksək səviyyədə idi. Zəngilan rayonunun nəzarətimizə keçməsindən sonra bir çox yaşayış məntəqələrinin azad olunması üçün əlverişli şərait yaranıb.

Azərbaycan 44 günlük Vətən müharibəsi yekunlaşdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başlayıb. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi olub. Bu Hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il oktyabrın 26-da təməli qoyulan Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Bundan əlavə, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Beləcə, ötən il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanıb. Böyük Qayıdışın da başlanğıcı olan bu proses tariximizdə çox yaddaqalan hadisə olub.

Qeyd edək ki, Zəngilan rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyini dövlətimiz yüksək qiymətləndirib. Zəngilanda və rayonun strateji yerlərində aparılan döyüş əməliyyatlarında tarixi Qələbəyə imza atan Dövlət Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin hərbi qulluqçuları Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə medallarla təltif ediliblər.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın, Füzuli şəhərlərinə məcburi köçkünlərin qayıdışı təmin olunub.

Azad olunan ərazilərdə hazırda bərpa-quruculuq işlərinin aparılması sakinləri sevindirir. Artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Zəngilanın “Ağıllı kənd”ində müasir, yeni evlər inşa olunub. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını, həyata keçirilən infrastruktur layihələrini görəndə hər birimizdə qürur hissi yaradır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar