Xəbər lenti
Prezidentin banklarla bağlı fərmanı - problemli kreditlər və ƏDV...
Əkrəm Həsənov: “ƏDV-dən azad olma ona xidmət edir ki, bankın əmlakı satılanda alıcıya ucuz başa gəlsin”
Prezident İlham Əliyev mayın 3-də ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi qaydasının təsdiq edilməsi ilə bağlı fərman verib. Bu, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası, yəni tez bir vaxtda maliyyə bazarından az itki ilə çıxarılması və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi qaydasını müəyyən edir.
Sənədə əsasən qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsindən əvvəl bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyi alınmalıdır. Bundan başqa, ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi mülki-hüquqi müqavilələrə uyğun həyata keçirilməlidir.
Sənəddə vurğulanır ki, təqdim edilən toksik aktivlərin dəyərini müqavilə tərəflərinin qarşılıqlı razılığı əsasında müstəqil qiymətləndirici müəyyən etməlidir.
Xatırladaq ki, ötən il Azərbaycanda 10-dan çox bank bağlanıb. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib. Ekspertlər yaxın gələcəkdə də bəzi bankların bağlanacağını istisna etmirdilər. Buna səbəb kimi onların ödəmə qabiliyyətini itirmələri göstərilirdi.
Bəs görəsən, bir neçə bankın da müflis elan olunmasının gözlənildiyi vaxtda belə bir fərmanın verilməsi vəziyyəti köklü şəkildə dəyişə biləcəkmi? Bu qərar nəyi dəyişəcək?
“Yeni Müsavat”a açıqlamasında mövzunu şərh edən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, sözügedən qayda mətnindən də göründüyü kimi, Vergi Məcəlləsinə ötən ilin sonunda daxil edilmiş 164.1.36-cı maddənin tələbindən irəli gəlir. Həmin maddədə deyilir ki, ödəmə qabiliyyətini itirmiş bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində prezidentin müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır. Məlum olduğu kimi, hamı kimi, banklar da müəyyən əmlakı, o cümlədən girovu satanda ƏDV tutulur, yəni alıcı üçün xərc artır. Ödəmə qabiliyyətini itirmiş banka isə təcili pul lazımdır. Buna görə də ƏDV-dən azad olma ona xidmət edir ki, əmlakı satılanda alıcıya ucuz başa gəlsin və bank tez və mümkün qədər çox gəlir götürə bilsin. Məlum olduğu kimi, aprel ayında bank qanunvericiliyinə də çoxsaylı dəyişikliklər edildi. Həmin dəyişikliklərə əsasən, Palatanın qərarı ilə ödəmə qabiliyyətini itirmiş banka dair aşağıdakılar həyata keçirilə bilər: sağlam banka qoşulması; aktiv və öhdəliklərinin tam və ya qismən alıcı banka köçürülməsi; sağlam aktivlərin və öhdəliklərin körpü banka köçürülməsi və körpü bankın investora satılması; sağlamlaşdırma tədbirləri; bankın ləğvi. Deməli, bütün bu hallarda bankın toksik aktivi satılanda ƏDV tutulmayacaq".
“Toksik aktiv”lərin nə olduğunu izah edən ekspert burada ilk növbədə problemli kreditlərin nəzərdə tutulduğunu qeyd etdi: “Toksik aktiv ilk növbədə problemli kreditlərdir. Nəyin problemli kredit olmasını isə Palata prezidentlə razılaşdırdığı qaydalarında müəyyən edəcək. Məsələn, tutaq ki, Palata hansısa bankın ödəmə qabiliyyətini itirməsini nəzərə alaraq onun aktivlərinin başqa banka köçürülməsi haqda qərar qəbul edir. Həmin aktivlərin içində problemli kreditlər də var. Tutaq ki, 1 milyon manat məbləğində problemli kredit var. Həmin kreditin girovu da var. Bu kredit girovla bərabər başqa banka ötürüləcək və bu zaman ƏDV tutulmayacaq. Müstəqil qiymətləndirici, sadəcə, girovu qiymətləndirəcək və məsələn deyəcək ki, qiyməti 400 min manatdır. Buna görə də alıcı 1 milyonluq krediti 400 min manata alacaq, çünki real dəyəri odur. ƏDV isə tutulmayacaq. Tutulsaydı, o zaman bu, alıcıya sərf etməzdi”.
Əkrəm Həsənovun sözlərinə görə, burada yeganə narahatedici məqam qiymətləndirmədir: “Azərbaycanda qiymətləndirmə fəaliyyətinə nəzarət yoxdur, lisenziyalı fəaliyyət deyil. Hər yerindən duran qiymətləndirmə ilə məşğuldur. Buna görə də sui-istifadə, korrupsiya halları ola bilər. Məsələn, həmin misalda reallıqda tutaq ki, girovun qiyməti əslində 400 min manat deyil, 500 min manatdır. Buna görə də açıq hərrac yolu ilə qiymətin müəyyənləşdirilməsi daha düzgün olardı. Bu fərmanın yeganə təyinatı da məhz ƏDV-dən azadolmanın prosedurunu müəyyən etməkdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar