Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Məktəbli forması” yenidən gündəmdə

Tarix: 15-08-2023 16:51     Baxış: 3265 A- / A+
Dərs ili yaxınlaşır, problem isə həll olunmayıb 

Nədənsə yeni dərs ilinə hazırlıq həmişə valideynlər üçün problem yaradır. Məktəbli geyimi, dərs kitabları, iş dəftərləri və s. ilə bağlı narahatlıq hər il təkrarlanır. Bu il də eyni söz-söhbətlər eşidilməyə başlayıb. Məktəbli forması ilə bağlı narahatlıq isə daha ciddidir. İllərdən bəri gündəmdə olan bu məsələ niyə bitmir? Nazirlər Kabinetinin qərarı ilə 2011-ci ildən etibarən ölkədə vahid məktəbli formasından istifadə olunur. Bu, məktəblərdə sosial bərabərliyin təmin olunmasını təmin edir, şagirdlərin bir-birindən maddi vəziyyətə görə fərqlənməsinin qarşısını alır. Təəssüf ki, son 2 ildə məktəbli formalarının yeni dizaynda təqdim edilməsi valideynlərdə narahatlıq yaradıb. 
Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında” qərarına əsasən, orta mək­təblər üçün geyim formaları təsdiq edilib. Məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub. 2022–2023 tədris ilində məktəb hansı rəngi seçibsə, 3 il müddətində hə­min rəngdən istifadə etməlidir. Aradan 1 il keçib. Bəs reallıq necədir?
Artıq Bakı Tikiş Evinin (BTE) hazır­ladığı məktəbli geyimlərinin qiyməti də müəyyənləşib, 18 məkanda satışa çıxa­rılıb. Ölkədə 4 min 432 məktəb var. Dərs ilinin açılmasına az müddət qalıb. Tədris ocaqlarında iş hələ başlamayıb. Müəllim­lər avqustun sonunadək məzuniyyətdə­dirlər. Bəs valideynlər hansı məktəbdə hansı rəngdə geyimin tələb olunacağını necə öyrənsinlər? Axı BTE-nin tikəcəyi bu formalar üçün, ən azı, 6 ay qabaq si­fariş verilməlidir. Bilinməlidir ki, şagirdlər hansı formadan, hansı rəndən nə qədər geyinəcəklər. 
“Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətinin satış şöbəsinin müdiri Etibar Əzimov bildirir ki, onlara belə sifariş daxil olmayıb. Bu asan məsələ deyil. Ölkədə 1 milyon 600 min şagird var. Bu qədər geyim forması sentyabr ayının əvvəlinə qədər hazır olmalıdır. Bu­nun üçün ya pedaqoji şuralar keçirilməli, ya da Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarına uyğun olaraq əmr verməlidir ki, hansı təhsil müəssisəsində necə geyim­lər olmalıdır və s. 
Təəssüf ki, bununla bağlı da müvafiq razılaşma olmayıb. Valideynlər bilmirlər ki, övladları bu il hansı formadan istifadə edəcək. Böyük ehtimal ki, bu, müəllimlər avqustun sonu məzuniyyətdən qayıtdıq­dan sonra valideynlərə elan olunacaq. Bu vaxtdan sonra isə onların forma alma­sı və ya tikdirməsi, təbii ki, çətin olacaq.
Bugünlərdə bəzi məktəb rəhbərləri­nin tapşırığı ilə sinif rəhbərləri valideyn­lərə “votsap qrupu” ilə “sifarişlərini” ve­riblər. Hətta geyimlərin hansı ünvandan alınacağı da bildirilib.
Qeyd edək ki, BTE-nin tikdiyi yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15, şalvar və ətəklər isə 25 manatdır. Va­lideynlər narazılıq edirlər ki, 15 manata təklif edilən köynəklərin keyfiyyəti aşağı­dır. Ona görə də bahalı köynək almağa məcbur olurlar. Əgər bir evdən məktəbə 2, yaxud 3 uşaq gedəcəksə, 300–500 AZN maaş alan ailələrdə buna necə im­kan çatacaq? Hələ ayaqqabı, çanta, iş dəftərləri, digər ləvazimatlara da vəsait lazımdır. 
Narazılıq yalnız BTE-nin təqdim et­diyi geyimlərin keyfiyyətindəndirmi? Va­lideynlərlə söhbət zamanı öyrəndik ki, bu narazılıqda sinif rəhbərlərinin də rolu az deyil. Bakıdakı Səbayel rayonundakı məktəblərin birində 7-ci sinif şagirdlərinin valideynləri də çaş-baş qalıblar. Həmka­rımız Z.Osmanova bildirir ki, qızım üçün ötən il biri 25 manatdan 2 qısaqol və 2 uzunqol köynək aldım. Ətək, jaket və şal­varla birlikdə 200 manatdan çox xərcim oldu. Düşünürdüm ki, həmin geyimlərdən bu il də istifadə edəcəyik. 
Telefonunu açıb sinif rəhbərinin me­sajlarını göstərir: “Ətək və şalvar dəyiş­məsə də “Polo” ağ köynək alınmalıdır”. Valideynin “Axı demişdiniz ki, gələn il də bu köynəklər istifadə olunacaq?” etiraz mesajına müəllim belə cavab verib: “Al­dığınızı qızınız geyinəcək. Pedoqoji Şura belə qərar verib.” Z.Osmanva validey­nlərin əksəriyyətinin bu təklifə narazılıq etdiyini bildirir: “Hər il bu formanı dəyiş­mək nəyə lazımdır? Üstəlik, bu köynək­ləri kiməsə, başqa məktəbdə təhsil alan aztəminatlı ailənin uşağına da vermək olmur. Çünki hər köynəyin yaxasına mək­təbin nömrəsi toxunub”. 
Valideyn L.Hüseynova isə 3 övla­dının məktəbli olduğunu deyir: “Evə qazanc gətirən bir nəfərdir. BTE köynəyi 15, şalvar və ətəyi 25, jaketi isə 30 mana­ta təklif edir. Hər üçünün məktəbli forma­sı ailə büdcəmizi aşır. 3 şagirdi məktəbə yola salmağa bir ayın qazancı da bəs etmir. Hələ dəyişəkli qısaqol və uzunqol köynək alsaq, gör nə qədər edir? Ona görə də biz valideynlər bu qayda ilə razı­laşmışıq. “Sədərək” Ticarət Mərkəzində daha keyfiyyətli və ucuz geyim tapmaq mümkündür”.
Digər valideyn N.Muxtarova da məktəbli formalarının “Sədərək” Ti­carət Mərkəzində daha uyğun qiymətə və keyfiyyətli olduğunu deyir. BTE -nin tənzif kimi 15 manata verdiyi köy­nək “Sədərək”də 8–10 manata, ətək və şalvar, ölçüsünə görə, 10–15 manata, jaket isə yaşa görə 12–18 manata sa­tılır. Həmkarımız Səbuhi Məmmədov şəhərin müxtəlif yerlərində keyfiyyət və qiymətcə fərqli məktəbli formaları­nın satıldığını deyir: “Metro Park” ticarət mərkəzində yerləşən “Papito” uşaq ma­ğazasından bazarlıq etdim. Mavi rəngdə iki köynək (biri uzunqol, digəri qısaqol) və boz rəngdə şalvar aldım. 3 geyimə 72 manat ödədim. Mağaza satıcılarından öyrəndim ki, məhsullar Çindən gətirilib və keyfiyyətinə görə də yaxşıdır. 
Məktəb rəhbərlərinin də bu barədə fi­kirlərini öyrəndik. Abşeron rayonundakı Masazır kənd 5 nömrəli tam orta mək­təbin direktoru Səlim Məmmədovun məsələyə münasibəti belə oldu:
– Şagirdlərin məktəbə vahid forma­da gəlməsi nizam- intizam cəhətdən çox yaxşıdır. Məktəbli forması təhsil müəs­sisəsinin əsas atributlarından biri, mən­subiyyətin ifadəsi, məktəb qarşısında məsuliyyət və cavabdehlik kimi qəbul edilir. Amma hər il yeni model forma tələb olunması düzgün deyil. Ümid edirəm ki, bu məsələyə ciddi yanaşılar. Vacib məsələ şagirdlərin təhsilidir, geyimi yox. Hər il məktəbli forması dəyişilməməlidir, aztəminatlı ailələri də düşünmək lazım­dır. Elə ailələr var ki, uşaqlar aldıqları geyimləri səliqəli saxlayaraq bir neçə il ya özü, ya özündən kiçik bacı-qardaşı geyinə bilir.
Valideynlərin bu narazılığı aidiyyəti qurumlar tərəfindən nəzərə alınmalı­dır. Keyfiyyət və forma baxımından elə geyimlər seçilməlidir ki, onların tez-tez dəyişilməsinə ehtiyac olmasın. Məktəbi­miz yenidir. Fəaliyyətə başladığı 2017-ci ildən burada, hətta, müəllimlər də vahid geyim formasından istifadə edirlər. Şa­girdlərimiz sentyabrda məktəbə ötənilki geyim formasında gələcəklər, heç nəyi dəyişməmişik.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, məktəbli formaları hamı üçün əlçatan olmalıdır. Ümumtəhsil məktəblərində şagirdlər üçün vahid for­mada məktəbli geyiminin tətbiqi uzun illərdən bəri təhsil sistemində mütərəqqi ənənələrdən biri olub. Bu vacib bir məqamdır. Ona görə ki, bu, şagirdlərin dərs prosesində özünü rahat hiss etməsi üçün vacibdir. Maddi imkanlarından ası­lı olmayaraq, bütün şagirdlərin məktəbə eyni geyimdə gəlməsi sosial bərabərliyin real nümunəsi kimi həmişə bəyənilib. Hesab edirəm ki, Elm və Təhsil Nazirli­yi aztəminatlı ailələrin məktəbli formaları ilə təminatını həyata keçirməlidir. Çünki Azərbaycan kifayət qədər güclü, imkanlı dövlətdir. Sovet dövründə də belə bir təc­rübə olub. 
Digər təhsil eksperti Nadir İsrafilov isə bildirdi:
– Şagirdlər üçün standart formaya ehtiyacın olub-olmaması ilə bağlı fərqli fikirlər var və onları dəstəkləyən dəlillər heç də bütün ölkələrdə birmənalı deyil. Dünyanın ayrı-ayrı ölkələrinin bu sahə­dəki təcrübəsi göstərir ki, məktəbli for­ması təhsil aldıqları müəssisədə, eyni zamanda, ictimai həyatda məktəblilərin öz fəaliyyətlərinə və davranışlarına mə­suliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oya­dılmasında, bütövlükdə, məktəbin nüfu­zunun artmasında əhəmiyyətli rol oyna­yır. Bir sıra ölkələrin dövlət məktəblərinin əksəriyyətində eyni forma mütləqdir, özəl məktəblərdə isə fərqlidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın açıqla­ması: 
– Məktəbli formaları ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var. Validey­nlər təhsil müəssisələrindəki pedaqoji şuranın qərarına hörmət edərək, rəng seçiminə uyğun olaraq, öz övladlarını geyimlə təmin etməlidirlər. Bu, şagird­lərin gələcək sağlam inkişafına müsbət təsir edən amildir. Sentyabr ayından heç bir məcburiyyət olmadan, bu istiqamətdə normal mənzərə görəcəyimizə əminəm. 
Nəhayət, redaksiyamızın məsələyə münasibətini konkretləşdirək. Birincisi, Mehriban Vəliyevanın fikirləri ilə razıyıq. Amma bu gün BTE ayrı-ayrı məktəblə­rin pedaqoji şuralarının qərarı ilə seçilən qədər geyim hazırlayıbmı? Ümumiyyətlə, rəng fərqləri BTE tərəfindən necə tən­zimlənib? Hələ məktəblərin seçimi yox­dursa, və ya bugünlərdə müəyyənləşib­sə, formalar da satışdadırsa, onda necə olacaq? Bəs, əksər məktəblər eyni rəngi seçsə necə? Niyə Nazirlər Kabinetinin “2022–2023 tədris ilində məktəb han­sı rəngi seçibsə, 3 il müddətində həmin rəngdən istifadə etməlidir”– tövsiyəsinə əməl edilmir? Belə olsa, məktəb rəhbər­ləri həmin müddətdən sonra uşaqların nə geyinəcəyini öncədən razılaşdırar, BTE-nə ona uyğun sifariş verərdi. İndi isə qərardakı tələb başqa, nazirlik, təh­sil idarəsi və məktəbin tələbi başqadır. Valideynlər çaş-baş qalıb. Yeni forma alsınlarmı, almasınlarmı? Almağa mad­di imkan aşağıdır, məktəbin tələbinə də əməl etməlidir.
İkinci məqam odur ki, məktəb hərə­nin bir cür fərqlənmək istədiyi məkan deyil. Maddi vəziyyəti ilə öyünmək, se­çilmək yeri də deyil. Başlıcası odur ki, təki şagirdlərin tədrisdən, təlim-tərbiyə prosesindən yayınmasına başqa səbəb olmasın. Üstəlik, şagirdlər məktəbli for­masında daha müasir və dəbli görünür­lər. Əgər diqqət ölkə üzrə vahid formanın tətbiq edilməsinə yönəlibsə, fikrimizcə, hər məktəbin müstəqil seçimi müxtəliflik yaradar ki, bu da artıq ayrılıqda götürülən məktəbin forması hesab edilə bilər. 
Əgər təhsildə bütün ölkə üzrə vahid dövlət standartları tətbiq olunursa, belə bir tələb nəyə görə məktəbli formasına da şamil edilməməlidir? Digər tərəfdən, il ərzində yaşayış yeri və digər səbəb­dən bir məktəbdən digərinə xeyli sayda şagird yerdəyişmələri edilirsə, onda bir forma digəri ilə əvəz edilməlidirmi? 
Düşünürük ki, şagirdlərə məktəbli formaları da dərsliklər kimi pulsuz verilə bilər. Yaşlı nəsil yaxşı xatırlayar ki, ötən əsrin 60–70–80-ci illərində orta məktəb­lərdə imkansız ailələrin uşaqlarına siyahı üzrə pulsuz geyim verirdilər. Təhsil Nazir­liyi aztəminatlı ailələri məktəbli formaları ilə təmin edə bilər. Bununla da məktəbli geyimi ilə bağlı problemin, heç olmasa, biri həllini tapmış olar. 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar