Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fatma Bacaranın "Kölgə aşiqlər"i...

Tarix: 30-03-2021 22:01     Baxış: 3849 A- / A+
Fatma Bacaranın "Kölgə aşiqlər"i...
Fatma Bacaran

Türk yazar Fatma Bacaranın “Kölgə aşiqlər“ povesti insanın həyatına vaxtsız, gözlənilmədən gələn eşqdən bəhs edir. Ömrün ortalarında gələn sevda bir kölgəyə bənzəyir, ya bir yay günəşində itir, ya da payız yağışına qarışır. Povestdən bir hissəni sizə təqdim edirəm.

***

Qollu-budaqlı ərik ağacının yarpaqlarını başına çətir edən təkqatlı, baraka bənzəyən taxta evin hər tərəfi darmadağın idi. Eyvan və evin böyük bir hissəsi ağacın kölgəsi altında qalmışdı. Evin kiçik bir həyəti də vardı. Bu səhər yük maşınından endirilən əşyalar – xalı, stullar, qatlama çarpayılar, divan, masa, yataq dəsti, yorğanlar və bağlamalar o qədər çox idi ki, eyvanı aşaraq, həyəti də tutmuşdu.

Kim deyir daşınmaq asan işdir? Daşınmaq - zaman kəsiyni beyninizin, bədəninizin, ruhunuzun yorğunluğu altında bir ayrılıq psixologiyası ilə yaşamaq deməkdir. Daşınanda, sadəcə, məkan dəyişikliyi baş vermir, bu həm də ruhi baxımdan insana təsir edir. Buna alışmaq məcburiyyəti və ya alışmağa çalışmaq daşınan insanın qədəridir. Daşınmaq yeni təyinat alanların alın yazısıdır. Yeni şəhər, yeni insanlar, fərqli bir ev və iş yeri, uşaqlar üçün yeni məktəb həyatı, küçələrdə tanımadığınız adamlar, daxilinizdəki yarımçıq qalanlar və yadlıq duyğusu... Bunu ancaq yaşayanlar bilir.

Yeni iş yerinə təyinat alanlardan biri bu gün yenə də əşyalarını kirayə tutduğu evin qapısı ağzına tökmüşdü. Zibil qabından tutmuş, süpürgə, plastik ləyənlər, cürbəcür bağlamalardan ibarət ev əşyaları dağınıq halda hara gəldi səpələnmişdi. Bütün bu baş verənlərdən xəbərsiz olan Arif və Sevgi dağınıqlıq içində şən qəhqəhələrlə ora-bura qaçırdılar. Uşaqların başı elə qarışmışdı ki, - “Ay uşaqlar, ananızı çağırarsınızmı?” – deyənə qədər yad adamın onlara yaxınlaşdığınıı belə hiss etməmişdilər. Sevgi qaçaraq, içəri keçdi:

- Ana, bir adam qapıda səni çağırır -dedi.

Mətbəxdə əşyaları yerbəyer edən Canan narazı halda işini dayandırıb, əlindəki boşqabları yerə qoydu: - “Kimdir?” - deyə səkkiz yaşlı qızından soruşdu.

-Mən haradan bilim?- dedi Sevgi və yenə sürətlə də bayıra qaçdı.

Canan maraq içində artırmaya çıxdı. Qarşısında gənc bir kişi dayanmışdı.

-Buyurun, kimi axtarırsınız?- deyə Canan evi təmizləyəndə geydiyi rəngi solmuş paltardan utanaraq, üst-başını düzəltməyə çalışdı.

- Bağışlayın, yengə, sizi narahat etdim. Mən ev sahibinin oğlu Qalibəm. Evdə düzəldiləsi əyər-əksikliklər varmış, yoldaşınız söyləmişdi. Karniz və bəzi elektrik düymələri dəyişdiriləcəkmiş. Gəldim ki, xarab olan şeyləri düzəldim.

Cananın işi başından aşırdı. Bu qarmaraşıqlıqda üstəlik təmir işini çəkəsi halda deyildi. Olduqca dəqiq İstanbul ləhcəsində: - “ Maraqlandığınız üçün təşəkkür edirəm, amma indi bu imkansızdı. Çünki elə bu sabah gəlmişik və içəri bərbad gündədir. Addım atmağa belə yer yoxdur.Yaxşı olar ki, daha sonra gələsiniz “ - dedi.

-Necə istəyirsiniz, mən bir-iki gün sonra gələr, kəm-kəsiri tamamlamağa çalışaram, – deyə ev sahibinin oğlu dilləndi və unudacaqmış kimi bayaqdan bəri deməli olduğu sözü axır ki, dilə gətirdi:

- Xoş gəlmisiniz.

-Təşəkkür edirəm, gülə- gülə.

Canan eyvanda dayanaraq, iri cüssəli, qarabuğdayı, otuz yaşlarındakı bu adamın arxasınca baxdı, sonra içəri keçdi. Açılacaq bağlamalar hələ də evin ortasındaydı və uşaqlar şey-şüyün arasında gizlənpaç oynayırdı. Bu durum qadının əsəblərini daha da pozdu: - “Uşaqlar, yavaş olun” - deyə qışqırdı. Canı sıxılırdı. Bu ev necə düzələkdi? Mətbəxdəki kiçik stullardan birində oturub, siqaret yandırdı. Köhnə, pərdəsiz pəncərədən bayıra baxdı. Hava günəşli və istiydi. Qarşıdakı evdə bir qadın eyvanı təmizləyirdi. Həyətdəki ərik ağaclarının yamyaşıl yarpaqlarını külək yelləndirirdi. “Mən hardayam? Necə gəldim? Bura haradır?” Cananın başında bu cavabsız suallar dolanırdı. Ona elə gəlirdi ki, bütün bunların günahı əri Bəsridə idi. Onun üzündən gəlmişdilər bura. Yoxsa, nə işləri varıydı Allahın da itirib- axtarmadığı bu yerdə?! Bir qəribin qürbət qoxuyan nəfəsiylə siqaretin tütsüsünü içinə çəkdi...

***

Yayda gəldiyi bu kiçik şəhərə Canan get-gedə alışmış, artıq özünə uyğun bir həyat düzəni qurmuşdu. Evini bacardığı qədər gözəl bəzəməyə çalışırdı. Bankda işləyən Bəsrinin belə şeylərə vaxtı yox idi, işi başından aşırdı. O, evə axşam saat 10- dan tez gələ bilmirdi. Bütün məişət işləri Cananın üzərinə düşürdü. Banka aid dövlət evində müdir və onun köməkçisindən başqa digər məmurlara yer olmadığından Bəsri banka yaxın məhəllələrin birində ev tutmuşdu.

Canan evi ilk dəfə görəndə qaşqabağını töküb deyinsə də, bir müddət sonra məhəllədəki digər tavanı axıdan, hamam-tualetsiz, suyu bayırda olan evləri görüncə, öz durumuna şükür etmişdi. Onların evi iki kiçik yataq otağından, qonaq otağı, mətbəx və hamamdan ibarətiydi. Cananın dincəlmək üçün ən çox sevdiyi yer eyvan idi. Eyvanda içdiyi çay, qəhvə, çəkdiyi siqaret günün yorğunluğunu qadının canından çıxarırdı. Canan əvvəlki kirayənişinlərdən qalan gül-çiçəkli həyətdəki alaq otlarını, sarmaşıqları yolub tökmüş, qərənfil, beqonya və zambaqların böyür-başını təmizləmişdi. Eyvana dairəvi masa və bir neçə kətil qoymuş, masanın üstünə çəhrayı rəngli, dördkünc süfrə salmışdı. Ailə burada yeyib-içirdi.

İyunun ortalarıydı. Bir axşamüstü Qalib kirayə evləri dolaşıb, ən axırda Canangilin qaldığı evə tərəf üz tutdu. Atası Hacının təlimatıydı: - “Kirayənişin məmurlar maaşlarını alan kimi, dərhal get, kirayə pullarını yığ, sağa-sola dağıtmalarını gözləmə”

Əgər Qalibdən “ən zəhləsi gedən iş nədir?” deyə soruşsaydılar, tərəddüd etmədən “Kirayə pulu toplamaq!” deyərdi. Haqqı çatan bir şeyi insanlardan istəmək belə ona çətin gəlirdi. Əgər kirayə evlər onun özünə aid olsaydı, Allah bilir, yəqin ki, aylarla oralara uğramaz, kirayə pullarının verilməsini kirayənişinlərin insafına buraxardı. Bəzi kirayənişinlər vərdiş etmişdilər, onu görər- görməz pulu gətirib verir, o da bu pulları utana-utana alırdı. Atasına buna görə çox hirslənir, “yanında işləyən birinə bu işi gördürə biləcəyin halda, niyə mənə tapşırırsan” deyə ondan soruşmaq istəyir, amma soruşmurdu. Bilirdi ki, atası bunu qəsdən edir. “Oğul, heç vaxt pul işini özgəsinə tapşırma. Kirayəçilər yolunun üstündədir, evə gələndə pulları yığ, sonra gəl evə”. Atası belə deyirdi.

Qalib hrslənsə də, özünə lənət yağdırsa da, yenə pul yığmağa gəlmiş, Canangilin qapısı önündə durmuşdu. Şər qovuşurdu, işıqlar yeni-yeni yanmağa başlamışdı. Qəşəng, gənc bir qadın eyvandakı masanı yığışdırırdı. Kürəyinə tökülən qara, hamar saçlarını əliylə tez-tez qulağının dalına atır, nəsə bir mahnı zümzümə edirdi.

Oğlan ilk dəfə görürmüş kimi ona baxa-baxa qalmışdı. Ayaqları, ətəyi, ayağındakı bəzəkli tərlikləri işıqda necə də gözəl görünürdü! Canan özünə də məlum olmayan bir duyğuyla eyvanın qarşısındakı adamı fərq etdiyində əti ürpəşdi, az qaldı ki, əlindəki boşqabları yerə salsın. Qorxu qarışıq, həyəcan, vahimə dolu səslə - “Kimsiniz, orda nə işiniz var?”- deyə ucadan soruşdu. Özündən asılı olmadan əlindəki boşqabları masaya qoyub kətilə çökdü. Çox qorxmuşdu... Qalib qadını qorxutduğunu hiss etdi. “Çox-çox üzr istəyirəm, yengə. Mənəm, Qalibəm, ev sahibinin oğlu. Siz təzə gələn günü təmir üçün gəlmişdim, amma sizin işiniz vardı. Sonra usta göndərdim. Deyəsən, sizi qorxutdum, bağışlayın.”

“Necə də qanmazdır, baxmaq yerinə bir səs etsənə, adam!” – düşündü Canan. Amma “ Hə, hə, xatırladım. Qorxmadım, çaşdım. Buyurun, nə istəyirsiniz?” – dedi.

Doğrudan da, nə istəyirdi? İşin çətin tərəfi bu idi. Ağlına gələn ilk sualı verdi:

-Bəsri bəy, evdə yoxdurmu?

- Gözləyin, çağırım. – qadın içəri keçdi.

-Bəsri, bir baxsana, ev sahibinin oğlu qapının ağzını kəsdirib. Gör, nə istəyir. Yəqin ki, kirayə pulu üçün gəlib.

Bəsri əl-üzünü dəsmalla qurulayıb, hamamdan çıxdı. Köynəyinin qollarını dirsəklərinə qədər qatlayan Bəsri gödərək, sarışın, bir az dolu bir adamıydı. Qarşısındakını daha yaxşı görmək üçün xırda, ala gözlərini azca qıydı və Qalibi o dəqiqə tanıdı.

-Ooo Qalib bəy!... Ayaqüstə niyə durmusunuz? Buyurun, keçin eyvana-deyə mehriban bir dillə qonaqpərvərlik göstərdi.

Qalib banka kirayə pullarını qoymağa gələndə Bəsri ilə təsadüfən tanış olmuşdu. Bəsrinin iş yoldaşı Qalibə bir nəfərin kirayə ev axtardığını demişdi. Bəsriyə isə Qalibi belə təqdim etmiş, - “Bəsri, bax, bu adam Qalib Üstündür. Atasının kirayə evləri var. Özü də evlərini həmişə bizim işçilərə kirayə verirlər. Görək, boş evi varsa, heç əldən vermə” demişdi. Qalib tərəddüd etmədən razılaşmış və bununla da, Bəsrinin başını döndərən böyük bir problemə çarə qılmışdı. Buna görə də indi Qalibi görən Bəsri əziz bir adamını görürmüş kimi çox sevindi.

-Mən sizi narahat etməyim. Evə gedirdim, dedim bir baş çəkim, şey üçün….

Sözünün dalını gətirməyə dili dönmədi.

-Hələ bir əyləş, sonra anladarsan. – dedi Bəsri.

Özünü itirən Qalib nə edəcəyini bilmirdi. Bəsri bəyin arvad- uşağının yanında oturmağa çəkinirdi.

-Qardaşım, oturmasam yaxşıdır, evdə gözləyirlər, - deyə bəhanə gətirmək istədi.

-Yox, yox, heç elə şey yoxdur. Guya bizim burda nə qədər tanışımız var ki? Buyurun, çaya qonaq olun,- deyə Bəsri israr etdi və cavab gözləmədən içəri keçdi.

- Canan , qonağımız var, - deyə arvadına ucadan səsləndi. Kişi tərliklərini geyinib geri döndüyündə Qalib hələ də içəri keçməmişdi. Bəsrinin onu gözlədiyini görüncə, ayaqqabılarını çıxarıb, pilləkənlə eyvana qalxdı. Bir ayağını qaçaraq qoyaraq, kətillərdən birində oturdu. Canan gümüşü sinidə çay gətirdi. ....

(Ardı var...)

Fatma Bacaranın "Kölgə aşiqlər"i...

Nazilə Gültac
Şair, tərcüməçi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar