Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qələbə yolumuzun poetik salnaməsi

Tarix: 11-02-2021 11:19     Baxış: 3393 A- / A+
(Rafiq Yusifoğlu poeziyasında Vətən müharibəsu mövzusu)
Qələbə yolumuzun poetik salnaməsi
Rafiq Yusifoğlu

Görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu yarım əsrdən çoxdur ki, dövri mətbuatda öz yazıları ilə çıxış edir. O, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, bir sıra ədəbi mükafatların, o cümlədən “Qızıl kəlmə”, “Qızıl qələm”, “İlin ən yaxşı kitabı”, “Vətən”, “Araz” və sair ədəbi mükafatların laureatıdır.
Rafiq Yusifoğlunun müxtəlif janrlı əsərləri həmişə ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, yaradıcılığı və şəxsiyyəti haqqında görkəmli şairlər, ədəbiyyatşünaslar yüksək fikir söyləmişlər. Süleyman Rüstəm, Əli Vəliyev, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Nəbi Xəzri, Mirmehdi Seyidzadə, Məmməd Araz, Qabil, Nəriman Həsənzadə, Fikrət Sadıq, Hikmət Ziya, Tofiq Bayram, Tofiq Mahmud, Ağa Laçınlı və başqalarının ayrı-ayrı vaxtlarda, ayrı-ayrı məqamlarda Rafiq Yusifoğlunun bədii yaradıcılığı haqqında söylədikləri fikirlərdə şairin bənzərsiz poetik üslubundan, yaradıcılığındakı obrazlılıqdan, dil və ifadə zənginliyindən söhbət açılır.

Rafiq Yusifoğlu poeziyasının mövzu və problematikası zəngindir. Onun yaradıcılığında hərbi vətənpərvərlik mövzusu həmişə aparıcı yer tutmuşdur. İstər 20 Yanvar, istərsə də Birinci Qarabağ savaşı ilə bağlı yazdığı silsilə şeirlər mətbuatda çap olunmuş, həmin əsərlər əsasında hələ 1997-ci ildə Azərbaycan Dövlət Televiziyası “Bütün Azərbaycan əsgər olmalı” adlı tamaşa hazırlamış, yeni nəslin vətənpərvərlik tərbiyəsində bu əsərin müstəsna rolu olmuşdur. Şairin “Ocaq yeri”, “Aylı cığır”, “Həsrət köçü”, “Qəm karvanı”, “Həsrət sazağı“, “Ayrılığın qəm hasarı”, “Könül səltənəti”, “Arzular kəhkəşanı”, “Üçüncü qərinə”, “Sevdalı ömür” yaşadım” və s. kitablarında vətənpərvərlik mövzulu şeirlər həmişə üstünlük təşkil etmişdir. “Tərəzinmi xarab olub, pərvərdigar”, “Nənim xalqım”,“Bir ovuc torpaq”, “Qara meymnun”,“Qaçqın heykəllər”, “Şuşa nəğmələri”, “Laqedlik ulu xalqın belini büküb”, “Qalx ayağa”, “Ocaqları sönən yurdum”, “Qumadlım”, “Xocalı şəhidlərinə” və sair onlarca bu kimi şeirlərdə şairin öz xalqının gələcək taleyi ilə bağlı nigarançılığı yüksək poetik vüsətlə öz əksini tapmışdır. Şairin hələ 1990-cı ildə yazıb çap etdirdiyi “Mənim xalqım” şeiri bu misralarla bitirdi:

Azadlığı verməyəcək sənə kimsə pay,
Ayağa dur, öz oduna, közünə güvən.
Mənim xalqım, bir kimsədən gözləmə haray,
Ağır sınaq günlərində özünə güvən.


Sonrakı illərin hadisələri göstərdi ki, Rafiq Yusifoğlu öz narahatçılığında nə qədər haqlı imiş. Demək olar ki, şairin bütün kitablarındakı şeirlərdə vətənpərvərlik mövzusu aparıcı yer tutmuşdur. Bu da təsadüfi deyildir. Rafiq Yusifoğlu əslən Qubadlı rayonundandır. Ona görə də qaçqınlıq və köçkünlüyün mahiyyətini çox gözəl bilir. Elə buna görə də onun şeirləri ağrlarla əzablarla yoğrulub elə bil. Atasının qəbri Qubadlıda qalan şairin anasının yurd nisgili ilə şəhərdə dünyasını dəyişməsi, bu hadisələrdən qaynaqlanan ağrların bədii əksi “Ayrılığın qəm hasarı” kitabının elə ilk səhifələrində gedən “Əsrin ilk şeirini mən kimə yazım” şeirində yüksək poetik vüsətlə öz əksini tapmışdır:

Hərəmiz bir eşqin şirin barıyıq,
İllər üstümüzə çökür toz kimi.
Məhəbbət daşıyan eşq qatarıyıq,
Zaman çəkir bizi parovoz kimi.

Saçımda bərq vurur illərin qarı,
Sükut qəbristanda xəyala dalıb.
Sərnişini düşən eşq vaqonları
Zaman qatarından açılıb qalıb.

Qəlbini atdılar oda anamın
Arzuları düşdü hey pərən-pərən.
Qəbri ayrı düşən ata-anamın
Ruhları qovuşa bilibmi görən?!

İllərlə biz həsrət odunda bişdik,
Düşdü tariximə bir qara kölgə.
O əsrin başında didərgin düşdük,
Bu əsrin önündə sevindik bəlkə?!


Çox şükür, şairin arzularl axır ki, çin oldu. Axır ki, torpaqlarımız işğaldan azad olundu.

Ümumiyyətlə, vətən savaşı, zəfər sevinci bu günün poeziyasının ən aktual mövzusudur. Birinci Qarabağ savaşında olduğu kimi yenə də ilk sözü poeziya deyir. Poeziya bütün dövrlərdə ədəbiyyatımızın hadisələrə ilk reaksiya verən, öndə gedən bir qolu olub. 30-illik həsrətimizin 44 günlük savaşla- Ali Baş Komandanın “Qarabağ Azərbaycandır” çağırışı və döyüşçülərimizin sücaəti sayəsində qazandığımız zəfər təbii ki, poeziyamızın sehirli misralarından da süzülməli idi. Bu səpkidə yazılan şeirlərin ilk misraları qürur və fəxarət hissindən su içir.

90-cı illər Azərbaycan Ədəbiyyatına, poeziyasına hopan kədər motivləri, nəhayət ki, 2020-ci ilin sonuna döğru silindi və onun yerini qələbə, zəfər sevincləri tutdu. Məlum mövzunu 90-cı illərdən yaradıcılığının ana xətti kimi qəbul edən Rafiq Yusifoğlu da bu gün qələbəmizin şipşirin dadını poeziyasına gətirənlərdəndir. Etiraf edək ki, o, bu mövzuda ən çox yazan, ən çox çap olunan və eyni zamanda ən yaxşı yazan şairlərdəndir.

Hadisələri potik mənalandırma bacarığı, yüksək peşəkarlıq, obrazlılıq, lakonizm onun şeirlərinin bədii dəyərini, məna tutumunu əhəmiyyətli dərəcədə artırır. 44 günlük müharibə dövründə “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Azərbaycan müəllimi”, “Sözün sehri” və sair qəzetlərdə, eləcə də “Manevr.az”, “Azpress.az”, “Dəlidağ.az”, “Manera.az”, “Dilimizvarlığımız” və sair saytlarda gedən silsilə şeirlərində döyüşün ritmi duyulur elə bil.

Otuz illik mürgüdən
Yaralı şir oyandı...
Hər qayanın dibindən
Bir qəhrəman boylandı...

Boz ata süvar olub,
Nəbi Həcərlə gəldi...
Sultan bəy belindəki
İti xəncərlə gəldi...

Elə bil kişnəyirdi
Əfsanəvi qır atlar...
Koroğlu nərəsimi
Şaqqıldayan qradlar?

Hirslənən igidlərin
Gözlərinə qan gəldi.
Qarlı dağlar aşaraq
Ağ atlı oğlan gəldi...

Köksümüzdəki vulkan
Od püskürdü, qaynadı.
Qarabağ səmasında
İldırımlar oynadı...

Göylərdən xeyir-dua,
Yer altdan səda gəldi.
Çox şükür, qeyrətlənib,
Lazım baba da gəldi...

Baxmadı nə çovğuna,
Baxmadı nə qırova!
Azərbaycan əsgəri
Bayraq sancdı Murova...


“Zəfər dastanı” şeiri axıradək bu şəkildə davam edir. Şairin Azərbaycan əsgərinin igidlıyinin cövhərini soykökümüzlə bağlaması, qəhrəmanlıq ənənələrinin davamı olmasını vurğulaması xüsusi əhəmiyyət kəsb edir. “Təzə tarix yazırıq”, “Zəfər yallısı” və s. bu kimi şeirlərdə Azərbaycan əsgərinin mübariz ruhu, vətən sevgisi öz dolğun bədii əksini tapmışdır.

Qubadlıda dünyaya göz açan, onun hər guşəsini qarış-qarış gəzən, hər dağını, dərəsini tanıyan, bulaqlarından su içən, çaylarında çimən, balıq tutan, ətirli çəmənlərində, yamaclarında, zümrüd meşələrində gəzən Rafiq Yusifoğlu 30-ilə yaxın idi ki, doğma yurd yerindən uzaq düşmüşdü, doğmalarının, əzizlərinin qəbrini ziyarət eləyə bilmirdi. Bu otuz ilə yaxın müddətdə şair öz ağrılarını, yurd həsrətini poeziya süzgəcindən keçirib bədii sözə çevirmişdi... Qələbə sevinci isə şairin poeziyasına yeni bir çalar gətirdi.

Gün həsrət buzunu çətin əridə,
Ağır xəbərləri dağ uda bilmir.
Zəfər bayrağının şəfəqləri də
Həsrət buludunu dağıda bilmir...

Yaralı çiçəklər boylanır yerdən, –
Gül olub bu yurdda bitən sağ olsun!
Qan axır yaralı xatirələrdən, –
Təki yurd yaşasın, Vətən sağ olsun!


Rafiq Yusifoğlunun yurd həsrətli nəğmələrini həyəcansız oxumaq olmur. Bu şeirlərdə lirik qəhrəmanın hiss və həyacanları yüksək bədii vüsətlə, emosonal tərzdə öz əksini tapdığından, təsvirlər sirayətedicidir. Bu şeirlərdə poetik mənalandırma çox güclüdür. Lirik qəhrəmanın duyğu və düşüncələri həssas oxucunu həyəcanlandırır.

Sellər, sular süzülür saçlarımın qarından,
Yaralı xatirələr gur gürşada tələsir...
Otuz il silələnən həsrət buludlarından
Yağan isti yağışlar Bərgüşada tələsir...


Poeziyası qan ağlayan, kədər libası geyinən şair son zamanlarda Qarabağa qovuşa bilmək diləyini, düşməndən öc ala bilmək arzusunu yazır, gözləri önündə əriyib, qüssə çəkən şəhid ailələrini görüncə “şəhidlərimizin bircə damcı qanı da yerdə qalmayacaq “ deyə fəryad qoparır, sanki bu tipli şeirləri ilə “Bu həsrət bitsin, şəhidlərimizin qanı yerdə qalmasın” mesajını verir və bu tipli şeirləri ilə Azərbaycan əsgərini mübarizəyə səsləyirdi.

Müəllifin “Şəhid balası” şeiri torpaqlarımızın azd edilməsi üçün yazılan dəyərli and idi.

Dik dur , şəhid balası!
Ucalt nifrət qalası.
Tökülən bir gilə qan
Deyil yerdə qalası.


Şairin doxsanıncı illərin əvvəlində yazılan “Vətən uğrunda” şeirində maraqlı bir məqam var. Müllif keçmiş şagirdinə, şəhid Rövşən Veyisova üzünü tutaraq deyir: “Sən “Vətən” şeirini əzbərləyə bilməmişdin, ancaq vətən uğrunda ölməyi bacardın”. Bu misraların məna tutumu çox düşündürücü, mənalıdır. Yaxud, onun aprel döyüşləri zamanı qələmə alınan “Şəhid, şəhid balası və Azərbaycan bayrağı” şeirində də bədii mənalandırma güclüdür.

Şəhid oğullarımız
bayrağa bükülüb
dəfn olunduğundan,
şəhid övladları
bayrağı özlərinə
ata bilirlər…


Ümumiyyətlə Rafiq Yusifoğlunun şeirlərində bu tipli bədii detallar üstünlük təşkil edir.

Torpaqlarımız işğal altında olduğu zaman şairin yazdığı bu kiçik şeir parçası həm düşündürücü, həm də səfərbəredicidir: .

Ruhsuz könül
Cansız bədən
Bədəndimi?
Şuşasız Qarabağ,
Qarabağsız vətən
Vətəndimi?


Ümumiyyətlə, Rafiq Yusifoğlunun 90-cı illərdə yazdığı bu tipli şeirlərdə mübarizəyə çağırış motivli güclüdür. Təkcə Rafiq müəllimin deyil, digər şairlərimizin də səpkili, mübarizə ruhlu şeirləri bu günkü qələbəmizə bir nur, inam cığır açmışdı. Şeirlərində qəhrəmanlarımızı- Əliyarlarımızı, Mübarizlərimizi, onların igidliklərini vəsf edən şair bu yolla Azərbaycan əsgərini döyüşə səsləyirdi. Bir fəlsəfi şeirində isə şair belə yazırdı:

Mən Koroğluyam, Nəbiyəm,
Mən Əliyaram, Mübarizəm,
Nə qədər ki, haqsızlıq var,
Bitməyəcək mübarizəm!


İnam hissi və şair uzaqgörənliyi o illərdə Rafiq Yusifoğlunu heç vaxt ruh düşkünlüyü yaşamağa qoymayıb.

Əvvəl -axır Qarabağda
Qara əllər yox olacaq.
Mübarizə bitməyincə,
Mübarizlər doğulacaq.


Bu günkü zəfərimizdə biz mübarizlərin minlərcə olduğunun şahidi olduq.

Nəhayət, 44 günlük əzəmətli mübarizəmiz və zəfərimiz Rafiq Yusifoğlunun poeziyasına bir sevinc, qürur və fəxarət hissi gətirdi. Onun hadisələrin qızğın iziylə yazılan saysız şeirləri tez bir zamanda işıq üzü gördü. “Ali Baş Komandanın Qubadlı səfəri”, ” Əsir tanklar”, “Xatirə leysanı”, “Türk oğluyam, Türkəm mən”, “Torpaq təslim olmayıb”, “Qəhrəmanlar diyarında”,”Qələbənin özülü”, “ Nə o kənd o kənddi, nə də mən mənəm”, “İsti yağışlar”, “Zəfər müjdəsi”, “Gəlirik, yurdum, gəlirik”, “Azad edilmiş yurd yerində düşüncələr”, “Haqqa güvənən xalq”, “İgidlər diyarı”, “Zaval yoxdur heç zaman bu yurda, bu millətə”, “Ata ocağı”, “Ömrün qış çağında Qubadlı qışı”, “Torpaq təslim olmayıb”, “Təzə Qubadlının şəhidlər xiyabanı”, “Qarlı mənzərə və həsrət leysanı”, “Bu payız havasında”, “ Tək ağac”, “Zəfər yallısı”, “Şəhidlərimizə”, “Qarabağdan gələn səs”, “Gözlərin aydın , Şuşa” və s. şeirlərinin hər biri öz emosianallığı, məna tutumu, bədii sənətkarlıq məziyyətləri ilə diqqəti cəlb edir.

Şairin ”Əsir tanklar” şeirində ermənilərin məğlubiyyəti, döyüşçülərimizin rəşadəti, Dronların gücü əks olunur. Şeiri oxuduqca şairin siması göz önündə canlanır, sevincdən, qürur hissindən parlayan gözləri baxışlarımız önündən çəkilmir.

Bir vaxd döşünə döyənlər,
Qapazla başına döyür,
Təpəsini Zəngəzurun,
Şuşanın başına döyür...

Dronları görən kimi
Qorxusundan əsir tanklar...
Dönüb rişxənd hədəfinə
Əsir toplar, əsir tanklar.


“Türk oğluyam, Türkəm mən” şeirindəki türk birliyi və bərabərliyi əsas ideya kimi dəyərləndirilir. Xalqımızn torpağımızda yaşayan hər millətə sevgisi, gözəl münasibəti diqqətə çatdırılaraq, mehriban, dostluq içərisindəki yaşamızdan xəbər verir.

Talış, cuhud, ləzgi, tat...
Od qonşum , sirdaşımdır.
Yurdumdakı hər millət
Dostumdur, qardaşımdır.
Arxamda dağ dayanıb,
Sanmayın ki, təkəm mən,
Türk oğluyam,
Türkəm mən.


Ali Baş Komandanın alınan torpaqlara getməsi, torpaqlarımızın azad olması xəbərini Azərbaycan xalqına çatdırması xalqda və döyüşçülərimizdə çox böyük ruh yüksəkliyi yaradırdı. “Ali Baş Komandanın Qubadlıya səfəri”şeiri dastanlarımızdakı qəhrəmanlarımızı bizə yenidən xatırladır. Bu gün Qarabağ torpaqlarını yağı düşmənlərdən azad edib, böyük qürurla döyüşçülərimizi dəstəkləyən, onlara arxa-dayaq olan prezidentimiz qəhrəmanlıq dastanımızı yazır. “Dəmir yumruq”ların işə düşməsinə verdiyi əmir döyüşçülərimizə güc, qüvvət olur. “Ali Baş Komandanın Qubadlıya səfəri” şeiri ilə şair rəhbərə olan xalq sevgisini də bildirir.

Bitdimi bu qara-qorxulu nağıl?
Ürək xiffət çəkir ötən çağ üçün.
Torpağı ölümdən qurtaran oğul
Gedir xəstə yurdu yoluxmaq üçün...


Bu bənddə şair” xəstə yurd” ifadəsi ilə çox məqamlara işıq tutur. Bu sətirlərdə 30- ilə yaxın erməni tapdağında qalan torpaqları, yandırılan yurdları görmək olur. 30- illik həsrətin sona çatdığı xatırladılır. Və artıq bu həsrətə dözə bilməyən, torpaq həsrəti ilə ölümə gedən insanların doğma məkanda dəfn olmaq istəyi, kədər, ağrı hissi ilə misralara höpur. Bu zəfərin sevinci və İlham Əliyevin “küskün torpaqların başına sığal çəkməsi” xalqla Dölətinmizin sarsılmaz birliyini nümayiş etdirir.

Ali Baş Komandanın (ekranlardan belə) xalqına, torpağına, bu zəfərə olan sevgisi və sevinci bu şeirin misralarında bənzərsiz, maraqlı bir tərzdə öz əksin tapır.

Yanır, şölələnir köksündə məşəl,
Can atır kəndləri qurub, tikməyə...
Düşmənin başında yumruq olan əl,
Gedir küskün yurda sığal çəkməyə...


Bəlkə də bu sığalda bir az da üzür istəmək, bağışlana bilmək istəyi var və istək də Azərbaycan xalqı adından Qarabağ torpaqlarını 44-gün ərzində erməni vandallarından qurtarmaq gücünə malik olan ilham Əliyev cənablarından edilməli idi. Onun gəlişinə torpaqlarımız sevinir, bu sevincdə kövrək duyğular şirin vüsalla qovuşur.

Nəğməkar Bərgüşad gəlibdir coşa,
Kükrəyən çayların ilhamı gəlib.
Sevinir ürəyi yaralı Şuşa,
Onun görüşünə İlhamı gəlib.


“Zəfər müjdəsi” şeirində vurğulanır ki, babalardan bizə miras qalan torpaqlarımızın bu gün daha böyük dəyəri var. Bu torpaqlar üzərində neçə şəhidimizin qanı yaşıyır. Biz torpaqların azadlığı yolunda qurban gedən şəhidləri unutmamalıyıq, torpaqlarımız bizə şəhidlərimizin əmanətidir.

Geriyə dönərmi yaydan çıxan ox?-
Dönürük vətənə,-qərar qətidir...
O torpaq tək bizə babaların yox,
Həm də şəhidlərin əmanətidir...


“Azad edilmiş yurd yerində düşüncələr” şeirində müəllif erməni vandalizmini poetik sözün gücü ilə ifşa edir. Azad olan torpaqlarda ev-eşiklərin uçurdulub, dağıdılması, hasarların sökülməsi şairi ağrıtsa da, onu xalqın birliyi məsələsi düşündürür. Burada da bədii mənalandırmanın gücü aydınca görünür:

İndi bütün dünyanın gözü bizə dikilib,
İndi bütün adamlar bir can, bir bədən olub.
Xaraba həyətlərin hasarları sökülüb,
Sənin, mənim olan yer birləşib Vətən olub!


Şair xarabalığa çevrilən şəhərlərin, kəndlərin tez bir zamanda gülüstana dönəcəyinə inanır. Bu günkü zəfərin yaradıcılarını sonsuz sevgi və hörmətlə anan şair bu məmləkətin gözəlliklərindən vəcdə gəlir “Gözəl bir məkan varmı bu yurddan bu ölkədən?”, “Bu torpaq möcüzədir, daş da səpsən, bitəndir.” Söyləyən Rafiq Yusifoğlu yalnız torpağlarımıza qovuşduğumuz üçün sevinmir, o həm də torpaqlarımız qarşısında gözükölgəli olmaqdan xilas olduğumuz üçün xoşbəxtdir.”Torpağı yağılardan, gözümüzü kölğədən,qurtaran oğulların əmanəti Vətəndir” bu misrada çox böyük təskinlik, qürur, sabahımıza , gələcək nəsillərə ünvanlanan mesaj var. Bu gün qanımız, canımız bahasına azad etdiyimiz Qarabağımız gələcəyimizə şəhidlərimizin əmanətidir. Və bu əmanət dediyimiz heç nəylə qarşı-qarşıya qoyula bilməyən, əvəzsiz dəyərimiz Vətəndir.

Yaxud, “Ata ocağı” şeirinə nəzər salaq. Burada evləri dağıdılan şairin, ağrıları, həyəcanları, eyni zmanda gələcəyə ümidi öz əksini tapmışdır:

Qan ağlayan gözümdə nifrət selləri daşır,
Köksümdə bir saralmış yarpağa dönür ürək.
Divarlara hörülən hər qara çaylaq daşı
Nəfəsimiz dəyəndə kömür tək közərəcək...

Nələr keçirdiyimi bilər qəlbi incələr,
Çətin ki, geri dönə, o günlərim, o çağım.
Bu həyətə gələndə nəvələr, nəticələr
Yenidən isinəcək mənim ata ocağım...


“Kəlbəcərin dağlarına yağdı qar, Silmək üçün yağıların izini”; “Əslində təzə Qubadlı bu təzə salınmış Şəhidlər xiyabanından başlayır...”; “Bu adı sükut deyil, bizsiz viranə qalan Ulu yurd yerlərinin ehtiram harayıdı...” Boynubükük evlərə sığınan bənövşələr Əyilən divarlara dayaq olmaq istəyib...Düz divarın üstündə bitən qızıl lalələr Evimizin üstündə bayraq olmaq istəyib...” – Ayrı-ayrı şeirlərdən götürdüyümüz bu misralar şairin bədii sözün qüdrətindən necə məharətlə istifadə etməsindən xəbər verir.

Yaxud, “Ömrün qış çağında Qubadlı qışı” şeirinə fikir verək:

Çaylağın kol-kosu meşə olubdur,
Bərgüşad hönkürür hey için-için.
Elə bil təbiət meşə salıbdır,
Yurdu bəd nəzərdən qorumaq üçün...

Həkəri kövrəlib, bulud tək dolub,
Doğma övladların axıb dalınca.
Çaylaqda hər ağac cəngavər olub,
Hər budaq çevrilib iti qılınca...

Qayıtsa ömrümün güllü baharı,
Hönkürən ürəyim kiriyə bəlkə.
İllərin üst-üstə qalanan qarı
Vüsal günəşiylə əriyə bəlkə?


Bu, adi peyzaj lirikası deyil. Onun hər sətrində uzun illərdən sonra yurd vüsalına qovuşan şairin ürək çırpıntılarını eşidirik.

Vətən savaşı bir daha Azərbaycan xalqının birlik və bərabərliyini dünyaya nümayiş etdirdi. Bu birlik-bərabərlik elə qələbənin özəli idi. Ali Baş Komandanın Savaşa çağırış Şüarı”Qarabağ Azərbaycandır” ifadəsi və döyüşçü və əsgərlərimizin “dəmir yumruq “ altında birləşməsi torpaqlarımızın azdlığı üçün əsas şərtlərdən idi. Rafiq Yusifoğlu poeziyasında bu birlik və bərabərlikdən doğan sevinc zəfər sevinci qədər önəmli yer tutur. Birlik –bərabərliyimizi dəyərləndirən şair “Zəfər yallısı” şeirində Zəfərimizin yallısın poetikləşdirərək sanki gözəl bir birlik-bərabərlik, xoşbəxtlik tablosu yaradır. Şeirdə gözəl təsvirlər görmək olur.

Bu dağlar görməmişdi hələ belə təmtaraq,
Cıdır düzündə “Yallı” gedən igidlərə bax...
Biz birlikdə güclüyük , igidlər halay qurur,
Qara göl cilvələnir, Göyçə gölü hayqırır...


Ağrıdağının, Kəpəzin, Murovun, Savalanın bu zəfərdən vəcdə gəlməsi və “Yallı”mıza qoşulması, bu birliyə həsəd aparan düşmənin gözlərinə Ağrıdağının göz dağı olması ifadələri şeirin təsir gücünü artırır. Həm də düşmənə göz dağı olan Ağrıdağını türk və Azərbaycan bayrağına bələməyimiz olub. Türk birliyi və bərabərliyi bəndin son misralarında belə əks edilir.

Ağrıdağı çevrilir düşmənin göz dağına,
Biz onu bələmişik qoşa Türk bayrağına.


Bu misra dəyərli poetik deyim və yeni ifadədir.

“Şəhidlərimizə”şeiri torpaqlarımız uğrunda şəhidlik məqamına yüksələn döyüşçü və əsgərlərimizin qəhrəmanlığından, ölümsüzlüyündən bəhs edir. Şəhidlərə müraciətlə yazılan şeir xalqımzın şəhidlərimizin ruhları qarşısında hər zaman borclu olacağımızı vurğulayır. “Siz ölüb vətənin canına hopdunuz, biz hər gün ölürük ruhunuz önündə”.

Ruhunuz başımız üstündə al bayraq.
Qanınız səpilən daşda gül bitəndir.
Şəhidlər qaniyla yoğrulan bu torpaq
Vətəndir, Vətəndir, Vətəndir, Vətəndir.


Şəhid ruhları al bayraqlarımıza çevrilərək başımız üzərində bərqərar olub. Bu yüksəklik yalnız torpaq uğrunda şəhid olanlara məxsusdur. Şair hikmətli ifadələrimizi bizə yenidən xatırladır.”Torpaq üzərində ölən varsa , Vətəndir” və “Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olar.”

“ Gözlərin aydın, Şuşa!” şeiri bütünlüklə xalqımıza verilən göz aydınlığı və zəfərin əvəz olunmaz sevgisidir. Burda türk qardaşlarına hörmət və məhəbbət də önəmli rol oynayır.Bu şeir zəfər , qələbə sevincinin ən böyük ifadəsidir.

Şad xəbəri eşidib,
Köks ötürdüm dərindən,
Qəlbim riqqətə gəldi
Ordumun zəfərindən,

Komandan əmr eyləsə,
Dağ oynadar yerindən,
Azərbaycan əsgəri
Baxmaz qara, yağışa,
Gözlərin aydın, Şuşa!
(“Gözlərin aydın, Şuşa”)

Rafiq Yusifoğlunun zəfər sevincləri silsiləli şeirləri hələ də yaranmaqda və nəşr olunmaqda davam edir. Şair bu yaxın zamanda 30-il həsrətində olduğu elinə qovuşacaq və torpaq həsrətli şeirlərinə son qoyulacaq.

“Şuşa yolu – zəfər yolu” Rafiq Yusifoğlunun bu mövzuda yazılan əsərlərinin son akkordlarıdır elə bil. Müəllif Şuşaya çəkilən təzə yol ilə Ali Baş Komandanın qalaya səfəri fonunda qələbəmizin mahiyyətini poetik dillə açmağa çalışır və buna nail olur:

Yenidən geriyə dönür o çağlar,
Zirvəyə ucalan yollar sevinir...
Gəlib həyəcana dərələr, dağlar,
Ağaclar sevinir, kollar sevinir...

Qeyrət karvanının qaçın önündən,
Halal zəmimizə sünbül qayıdır...
Qalaya tələsən köçün önündə
Natəvan, Üzeyir, Bülbül qayıdır...

“Şuşanın yolları dolambadolan”, –
Görən ürəyindən büstün nə keçir?
Bu yol ümüdləri gözündə qalan
“Yan”ların, “hay”ların üstündən keçir...


Şeirin bu misralarla bitməsi isə qələbəmizin tarixi köklərini yada salır, xalqımızın qədim mədəniyyətinin bu günümüzlə vəhdətinin simvoluna çevrilr:

Düşmənin gördüyü sərsəm yuxunu,
Şükür, Cəhənnəmə göndərə bildik.
Xoşbəxtik, yenidən xalqın ruhunu
Vüqar qalasına döndərə bildik...

Tələsir yaxından, uzaqdan gələn,
Bu yol ulu yurda səfər yoludu...
Bu yol Qobustandan, Azıxdan gələn
Ulu bir millətin zəfər yoludu...


Əlbəttə, bir məqalədə Rafiq Yusifoğlunun vətənpərvərlik mövzusunda yazılan saysız-hesabsız, yüksək bədii vüsətli şeirlərini təhlil etmək mümkün deyil. Tam əminliklə deyə bilərəm ki, bu, ayrıca bir tədqiqat işinin mövzusudur. Görkəmli şair, bənzərsiz poetik üsluba malik Rafiq Yusifoğlunun 44 günlük müharibə dövründə yazdıqları şeirlər elə bil ki, qələbə yolumuzun poetik salnaməsidir.
Qələbə yolumuzun poetik salnaməsi

Mərziyyə Nəcəfova,
Filologiya elmləri doktoru


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar