Sizin Reklam Burada
Xəbər lenti
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Rəfail Tağızadənin “Vətən şəhidləri” poemasında Şəhidliyiyin poetik ifadəsi

Tarix: 07-01-2026 11:56     Baxış: 378 A- / A+
Rəfail Tağızadə

Ucalığa can atmaq insanın qanında, genində, təbiətindədir. O, uşaqlıq illərində tez böyümək. boya-başa çatmaq, ağla-kamala dolmaq, öz bacarıq və qabiliyyətini, bilik və hünərini göstərmək istəyir. Yaşadığımız Qarabağ savaşı, torpaqlarımız, azadlığımız və müstəqilliyimiz uğrunda apardığımız mübarizə xalqımıza ən ali zirvənin, qəhrəmanlığın Vətən uğrunda candan keçməyi, ucalğın ən yüksək zirvəsinin Şəhidlik zirvəsi olduğunu göstərdi. 1990-ci illər Qanlı 20 yanvar müstəqilliyimiz yolunda canlarından keçən igidlər həyatda bir nümunə, qəhrəmanlıq ucalığının ən ali hiss olduğunu təqdim etdiyi kimi ədəbiyyatımıza da bir müqəddəs obraz gətirdi - Şəhid obrazı. Qalib şəhidlərin cəsədləri torpaqla birləşdiyi o gecə “Mərsiyə”sini, Bəxtiyar Vahabzad “Şəhidlər”poeması ilə ilk şəhidliyin qəhrəmanlıq səviyyəsində anlamını poetikləşdirdilər. Və Məmməd Aslanın “Ağla, qərənfil, ağla!”, Nəbi Xəzrinin “Qanlı yanvar”, Nəriman Həsənzadənin “Burda”,  “Almaz”, Fikrət Qocanın “O gecə”, Hüseyn  Arifin ”Ülvi”, Zəlimxan Yaqubun “Altında”, “Vətən nə çəkdi”, “Yoxdu”, “Şəhid qanı”, “İyirmi yanvar günü”, “Güllə”, Mirvari Dilbazinin “Şəhidlər Qəbiristanında” və saysız şeir nümunələrimizdə şəhidlik mövzusunun poetik dərki təəcəssüm olundu.
Şəhidlik mövzusu 30 illik zaman ərzində Azərbaycan poeziyasının baş mövzusuna çevrildi.  Bu mövzuda yazılan şeirlər onların ruhuna ehtiram poeziyası idi. Şəhid həyatını və ölümünü əks etdirən poetik əsərlər, ədəbi tarixi salnamələr, o ağır, kədərli anlarımızın real durumunu təsvir etməklə yanaşı, həm də bu realliqlar haqqında əfsanələrin də yaranmasına yol açmış oldu. Çünki xalqın tarixini yaşadan onun Şəhidləri, Vətənin qan yaddaşına hopduran  isə xalqın özüdür. Qarabağın dinc insanlarını, qəhrəmanlarını, o cümlədən faciələrini təcəssüm etdirən belə şeirlərdə Azərbaycanın gercək ictimai-siyasi mənzərəsi, ölüm-dirim təhlükəsi ilə təhdid edilən xalqın kontraslı boyalarla sərgilənən cazibədar portireti bu poeziya nümunələrində görüntüləndi. (M.N)
44 günlük Vətən Müharibəsində də poeziyamızda yeni ruh yüksəkliyi və zəfər sevincli nümunələrin yaranması davam etdirilir. 44 günlük savaşda qazanılan zəfərdə də torpaqlarımızın azad edilməsində canlarından keçən Azərbaycan oğullarının - şəhidlərin obrazı yazılmaqdadır.
Bu bir tərəfdən kövrək duyğular yaratsa da digər tərəfdən vətənin müdafiəsi, torpaq azdlığı uğrunda canlarından keçən Azərbaycan igidlərinin qəhrəmanlıqları bizlərə misilsiz qürur yaşadır. “Torpaq uğrunda ölən varsa Vətəndir”, - deyiblər. Torpaq onu qoruyub, əkib-becərəndə Vətən olur, qorunmasa, əkib-becərilməsə xaraba. Necə ki, türk şairi Atsızın məşhur misralarında deyildiyi kimi:

İnsan böyüyür beşikdə,
Məzarda yatmaq üçün.
... Qəhramanlar can verir
Yurdu yaşatmaq üçün!


Çox sayda yazılan Şəhidlik poeziyası mövzusu daha fərqli ampulada yazılmaqda və araşdırlmaqdadır. Rafail Tağızadənin “Vətən şəhidləri” poeması da bu ideyanı davam etirən əsərlər sırasında yer alır. Poema Vətən igidlərinin döyüşə yollanması mənzərəsi ilə açılır.  Vətən müharibəsində də ilk öncə sevilib-seçilən, uğurlarımıza inanan oğullar böyük qürur hissi ilə  Qarbağımızın azadlığı müdafiəsinə qalxdılar:

Hər üzdə eyni sevinc,
Hər ürəkdə inamla.

Sevilənlər gedirdi,
Seçilənlər gedirdi.
Vətəni seçənlərim!
Vətənçün seçilənlər!


Döyüşə girən igidlərin simasında şair tarixə də bir nəzər salır. Onların hər döyüşə girəndə vətənə, xalqa ermənilər tərəfindən olan zülmləri xatırlayaraq “Hər döyüşə girəndə ”Canım sənə fədadı, fədadı, Vətən!” – dediniz. Bir dəfə “uf” demədiniz, vurduqca “of” dediniz”  fikrini xatırlatması  şəhidlərimizin qanının alınmasında döyüşçülərimizin qisas anlayışına bir işarədir. Digər bənddə  Azərbaycan xalqının hər məclisi Şəhidlərimizin adı ilə açması və şəhid adı qarşısında baş əyməsi böyük qürur hissi ilə vurğulanır:

Hər məclis açılır xoş adınızla,
Açılır təzimlə, yad edilərək.
Adınız önündə hamı baş əyir,
Millətə, dövlətə qürur gətirən,
Həm sevinc gətirən, həm ad gətirən
Bürünən bayrağa yaşam gətirən
Qəhraman Şəhidlər, igid Şəhidlər!


Müəllif tarix boyu yaşanan müharibələrdə əsas atribut olan əsgər məktublarına da poemada yer verir. O məktublar ki, orada sevgi, sevinc, qürur, ucalıq əsas yer alır. Bəzi məktublar isə Şəhidlikdən, ayrılıqdan xəbər verir. Göy üzündə qanad çalan məktublar müxtəlif ünvanlara ünvanlanıb. Bu məktublar bəzən də Şəhid ruhlarına çevrilərək səmada gəzir. Bu məktublar çox ağrılı  və təsirli hisslər yaşadır:

Şəhid məktubları uçur səmada.
Bu yurdun göyləri məktubla dolu.
Dünənki döyüşün təəssüratları,
Sabahki döyüşün  xoş ovqatları,
Sevginin, həsrətin vüsal anları,
Arzunu üstündə güllə qanları.

Şairin məktubdan istifadə edərək yaşananları poetik biçimdə ifadəsi və real hadisələrdən yola çıxaraq  yaşanan həqiqətlərə münasibəti müharibənin  mənzərəsini  tam şəkildə əks etməsinə şərait yaradır:

Parlayan ulduzlar sönüb bu gecə,
Qara-qırmızılı lentlər yellənir.
Qırmızı yağışlar yağacaq indi,
Məktublar gecəni boğacaq indi,
Qara-qırmızıdı bölgə hər gecə,
Qara-qırmızıdı ölkə hər gecə.
...Bu güllə məktublаr, bu söz məktublаr,
Bir qızа, gəlinə bu göz məktublаr,
Anаyа-аtаyа bu köz məktublаr,
Döyür qаpılаrı, döyür evbəev.
...Şəhid məktublаrı uçur səmаdа.
Bu yurdun göyləri məktublа dоlu.
Bu gecə məktubu pаylаyаn külək
Neçə qаpılаrı qəfil döyəcək…

Şair Şəhidləri həm bayrağı yüksəldən oğullar kimi, həm də bayrağımıza bürünən oğullar kimi təqdim edir və qiymətləndirir. Xüsusi ilə hər şəhidin tabutunun gətirilməsi anını - izdiham anını əvəzedilməz qürur hissi ilə əks edir. Torpaqla şəhidin qovuşması və buna torpağın xoşbəxt olması fikri yeni bir tapıntı kimi dəyərləndirilə bilər:

Özünü cənnətə çevirmək üçün
Torpaq qucağını açıb gözləyir
Torpaqçün vuruşub, torpaqçün ölən,
Qəhrəman Şəhidin bassın bağrına.
                       
orpaqlar sevindi qoynundakıyla,                    
Zirvələr sevindi yolçularıyla.


Poemada şəhid analarının və  şəhid xanımlarının yaşantıları  da diqqətə gətirilir. Onların bir Azərbaycan xanımı kimi dik dura bilmələri və şəhid tabutunu zərif çiyinlərində daşımaları ağrılı olduğu qədər də şərəflidir. Az və sadə ifadə ilə müəllif Azərbaycan xanımının cəsarətini dünyaya çatdırır:

Tabutlar yeriyir- Şəhid tabutu.
Ananın çiynində oğul tabutu,
Gəlinin çiynində ərin tabutu.
Qeyrət çiyinlərdə gedir tabutlar
Qeyrət ərənlərin son mənzilinə.
Məəttəl qalıbdır dünya bu işə,
Azərbaycan qadınının bu şərəfinə.
Analar yazdılar zəfər marşını
Şəhid oğulların sədalarında,
Qəhrəman  adında, ərən adında.
“Vətənə qurbandır oğlum!” - deyirdi,
Deyirdi qəhrəman, məğrur analar,
Vətənə, torpağa bağlı analar!


Ana həsrəti, ana duyğusu poemada daha geniş mənada əks edilib. Dünyaya oğul övladı gətirən ana, Vətən darda olanda onu “get, ana vətəni qoru!” -  deyib göz yaşını qəlbinə axıdan ana, Şəhid tabutunu çiynində daşıyıb “südüm sənə halal olsun”, - deyən ana, oğul yadigarlarını başına tac edib qoruyan ana, gecələr xatirələr işığında oğul yolu gözləyən ana və s. Şair gecələrin tənhalığında ana yuxusunun ərşə çəkilməsini, şəhid oğlunun xəyalının artıq ana yuxularına çevrilməsini, ana gözlərinin hey yol çəkməsini, sözün əsl mənasında anaların oğul həsrətinin  sözlə rəsmini çəkir: ”Gözləri hey yol çəkər, uzaqdan bir kölgə gələr, addımlar bir cüt gül əkər... ümidə qucaq analar, dözümlü, qoçaq analar”.
Şəhid verən ataların yaşantısı, duyğu və düşüncəsi ədəbiyyatda az əks edilir. Bir yazar kimi oğul şəhid verən ata obrazını yaratmaq daha çətin və məhsuliyyətlidir. Çünkü şəhid verən atalar oğul həsrətini, itkisini yaşaya bilməzlər. Oğul itkisi ilk öncə ataların qamətlərini əyər, sonra ürəklərini parçalayar. Elə ona görə də şəhid anaları yaşayaraq ölər, şəhid ataları bu ağrını yaşıya bilməzlər...

Hara baxırsan, ata?
Hara baxırsan, belə?
Sıx sinənə oğlunun
Öpüb alın basdığı
Qan tökülmüş,
Qan hopmuş,
Büründüyü bayrağı.
Bayraq qan rəngindədi.
Torpaq qan rəngindədi.
Nə şəhidin arzusu,
Nə qanlar yerdə qalar!
Sən elə baxma, ata!
Şəhidin sənə baxır
Dayandığı zirvədən.


Poemada şəhid atanın yadigarı-övladı da təsvir edilib. Əsərdə ən ağır dərdi də elə şəhid övladının simasında əksin tapır. Bu həqiqətlər ağrılı və dözülməzdir:

Ata dərdi çəkən  körpə,
Uzanıb qəbir üstünə .
Ürəyi qucağı boyda,
Köksünü sıxıb köksünə.


Şair bu rellıqlardan təsirlənir. Körpənin ata həsrəti, atalı ola bilmək arzusu şeirdə ağrı dolu, kədərli duyğular yaşadır. Şairin simasında bir xalqın etirafı dilə gəlir:

Elə yandım, İlahi!
İçimə köz basdılar.
Məni dərdli körpənin
Arzusundan asdılar.


Müharibənin acı həqiqətləri, ailələrin, qız-gəlinlərin müharibədən qazandıqları dərdin obrazı da  təəcəssümünü tapır”. Adıyla böyüdü körpə balalar, içdə sızıldadı dərin yaralar, əlləri xınalı gəlinlər qaldı, o adla qonşuda qızlar qarıdı.”
“Şəhidlər xiyabanı” adlandırılan bölmədə şəhidlər xiyabanının müqəddəs bir yer olması ilə bərabər bir xalqın ağrı, kədər dolu məskəni kimi də göstərilir. Təsvirlər. bənzətmələr güclü təsir gücünə malikdir və bir xalqın müqəddəs yeri kimi dəyərləndirilir:

Analar gördüm,
Dərdin içindən sovrulmuş.
Aydan arı, sudan duru
Sonalar gördüm
Dərdin içində qovrulmuş.
Və yaxud:
Ata gördüm ümidlərdə
İnamlarda yaşayası,
Ataya oğlun tanıdan
Gəlin ana -
Əlində xına yarası.


“Hər ucalan bayraqda sizin əzəmətiniz,
Hər alınan zirvədə sizin ruh alqışınız”,
- deyən şair, keçmiş zabit Rəfail Tağızadənin gətirdiyi yeni bədii ifadələrdən biri də Şəhidi “millətin ən dirisi” adlandırmasıdır:

Sevgilərin sevimlisi Vətəndi!
Ona qurban, axan qandı, bədəndi.
Şəhid sonda arzusuna yetəndi.
Bu millətin ən əzizi, Şəhidlər!
Bu millətin ən dirisi, Şəhidlər!

Siz övladsız, siz igidsiz, siz ərsiz.
Düşmənlərə qan udduran ərənsiz.
Siz özünüz bizim üçün Vətənsiz.
Bu millətin ən əzizi, Şəhidlər!
Bu millətin ən dirisi, Şəhidlər!


Rəfail Tağızadə Vətən sevdalı şəhidləri daim uca tutaraq:

Heç bir bayraq sizin büründüyünüz bayraq qədər
Öpülmədi,
Əzizlənmədi,
Sevilmədi.
And içilən də,
Ucalan da,
Qorunan da,
– deyir.

Bu Vətən üçün canından keçənlərə, torpağı qanlayırla suvararaq Vətən edənlərə olan sevgi və sayğının tərənnümüdür.
Poemanın sonunda Şəhidliyin  ucalıq, müqəddəslik və qəhrəmanlığın ən ali zirvəsi kimi dəyərləndirilir. “Müharibə” bölümü ilə şair dünyada sülhü, əmin-amanlığı dəstəkləməsinin əsas olması istəyi ilə  əsərin sonunu tamamlayır:

Arzular, xəyallar, xatirələr deşik-deşik.
Yaddaşlara qan damır,
Gümanlara ağrılar.
Müharibənin hər hərfindən ölüm sallanır
Anbaan.
Yarıcanlıların geridə qalan
Əza məzarlığıdı müharibə.
Yığıb adam düzəldirlər torpaq muzeydə.
Körpə gülüşünün oğrusudu müharibə.


Rafail Tağızadənin şeirləri haqqında Günel Natiq yazır: “Onun şeirlərində insanın ruh dünyası, hissləri, həyatdan aldığı kiçik, amma dərin təəssüratlar çox aydın görünür. Sadə sözlərlə çox zəngin məna yaradır, oxucusunu öz duyğularına çəkir. Adi bir kəlməni elə yerində işlədir ki, o sözün içindən min məna açılır. İnsanlar arasında münasibətlər, təbiətə bağlılıq, həyatın öz axarı-hər şey şeirlərində dolğun görünür. Dili sadədi, amma hər sözün  alt qatında böyük anlam yatır”.
Vaqif Osmanlı isə belə yazır: “Şəhiddən yazmaq ağrılı olduğu qədər də qürurverici və incə məqamdı. Bu mövzuda yazmaq üçün Vətən, torpaq, insan sevgisi ilə yanaşı, məsuliyyət hissi gərəkdi. Rəfail Tağızadə müharibə qan-qadalarının içindən çıxıb, el dili ilə desək, müharibə ocağının közünü öz gözləri ilə götürüb, onun kimi canlı şəhidlərin yazdıqları əsl müharibə gerçəklikləridir. Ona görə də qazi şair bu məsuliyyəti daşımaqdan heç vaxt çəkinməyib. Bu mövzu onunçün yeni deyil, həm də belə demək mümkünsə, yad deyil, doğmadı. Və bu mövzuda yazdıqlarında özünü təkrarlamır, hər dəfə yeni söz, fikir, düşüncələrini, Vətənə sevgi hisslərini poetik duyumla qələmə alır. Rəfail müəllimin içində əbədi sevgi yaşayır”.
Şəhidlik mövzusu haqqında yazmaq, sözün həqiqi mənasında Azərbaycan xalqının Qarabağ faciəsini dünyaya və gələcək nəsillərə çatdırmaq özü hünərdi. Tariximizi zəfər nəğməsinə köklədən Şəhidlər unudulmazdır. Ruhları azad Azərbaycanın açıq səmasında, Göylərə ucalan al bayrağımızın ucalığında dolaşan şəhidlərimiz Azərbaycan durduqca unudulmayacaq, baş tacımız olacaq!











Mərziyyə Nəcəfova
Filologiya elmləri doktoru


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar