Xəbər lenti
Şəhid Mürşüd Məlikovun əziz xatirəsi doğum günündə yad edildi
Həyatda elə insanlar var ki, ölümləri ilə tarix yazırlar. Torpaqlarımız uğrunda canlarından keçən şəhidlər də məhz belə insanlardandır. Şəhidlər seçilmişlərdir. Onların hamısını birləşdirən ortaq cəhətlər vətənpərvərlik, igidlik və ailələrinə bağlılıqdır. Bu gün biz məhz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər Ordumuzun qəhrəmanlığı və şəhidlərimizin fədakarlığı sayəsində azad, firavan ölkədə yaşayırıq. Şəhidlər xalqımızın qürur mənbəyidir.İstedadlı şairəmiz Minirə Dadaşqızı bu duyğuları belə ifadə edib:
Çox bəlalar dəf elədin,
Gəldin dərdə sinə, Vətən!
Vüqarlı dur, məğrur dayan,
Canım qurban sənə, Vətən!
Ən sınaqlı anındasan,
Oğulların canındasan,
Şəhidlərin qanındasan,
Şəhidin var yenə, Vətən!
Belə qəhrəman oğullardan biri də Məlikov Mürşüd Mühadəm oğludur. O, 2 iyun 1976-cı ildə Ağsu rayonunun Kalva kəndində anadan olub.
Mürşüd Məlikov 23 may 1994-cü ildə Ağsu Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Bir neçə ağır döyüşdə iştirak edib. 2 sentyabr 1995-ci ildə döyüşlərin birində qəhrəmancasına şəhid olub.
Şəhid Mürşüd Məlikovun doğum günü münasibətilə 2 iyun 2026-cı il tarixində Ağsu rayonunun Kalva kəndində anım tədbiri keçirilib. Tədbirdə şəhid ailələri, Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndələri Kənan Hacızadə Səfa oğlu və Bəxtiyar Məmmədov Mahir oğlu, Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin müavini Vüqar Əfəndiyev, “Dəmir Yumruq” ALFA-A Cəmiyyətinin Ağsu rayon təşkilatının sədri Abdulla Babaşov, şairə Minirə Dadaşqızı, Sübhan Şükürov adına Kalva kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhid Mürşüd Məlikovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
Daha sonra tədbir Sübhan Şükürov adına Kalva kənd tam orta məktəbinin akt zalında davam etdirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər şəhid Mürşüd Məlikovun keçdiyi şərəfli həyat yolundan, onun vətənpərvərliyindən və döyüşlərdə göstərdiyi igidlikdən danışıblar. “Gülüstan” ədəbi dərnəyinin üzvləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.Şəhidin atası Mühadəm Məlikov çıxışında bildirib:
“Uşaqlıqdan kənddə böyüyüb boya-başa çatmışdı. Həmişə valideynlərinə kömək edərdi. Qayğıkeş, mərhəmətli övlad idi. Əsgərliyə yollandı və Vətən yolunda şəhid oldu. Şəhidliyindən sonra əsgər yoldaşları bizə baş çəkməyə gəlirdilər. Hamısı onun üçün göz yaşı tökürdü. Deyirdilər ki, kaş biz ölərdik, Mürşüd sağ qalaydı.”
Şəhidin anası Asiya ana da kövrək hisslərlə danışıb:
“Mürşüd dünyaya gələndə sevincimin həddi-hüdudu yox idi. Elə bilirdim dünya mənimdir. Hər işimdə mənə dayaq olurdu. Kaş ki, şəhid olmayaydı. Düzdür, onunla fəxr edirik. O, Vətən uğrunda canından keçib. Amma bir ana kimi çəkdiyim ağrını yalnız Allah bilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”
Tədbirdən sonra şəhidin ailəsinin yaşadığı evdə ehsan süfrəsi açılıb.
Bizim şəhidlərimizi unutmağa haqqımız yoxdur. Onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün örnəkdir. Allah Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin.
Ülviyyə Namiqqızı,
AJB üzvü
Manevr.az





Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































