Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

"Həyatdan incəsənətə" İlahə Səfərzadə

Tarix: 12-08-2024 14:53     Baxış: 3204 A- / A+
İlahə Səfərzadə - Təranə Məmməd
                                    
İctimai şüurun formalarından olub həyatı obrazlı şəkildə əks etdirən ədəbiyyat mürəkkəb olduğu qədər, eyni zamanda, onu yaradan üçün artıq bir həyat qayəsi, yaşam tərzi halını almış bir prosesdir. Eynən bu məqalədə haqqında söhbət açacağım yaradıcı qadın olan Təranə Məmməd kimi. O, incəsənətin növlərindən biri olan təkcə ədəbiyyatla kifayətlənmir, eyni zamanda çox gözəl rəsm əsərlərinin də yaradıcısıdır. Bir sözlə, bu qadın geyim tərzi, həyata baxışı, nəcib xarakteri, gözəl rəsmləri, lirik və epik əsərləri ilə belə demək mümkünsə, incəsənətlə bütünləşmişdir. Bu məqalənin mövzusu isə onun nəsr əsərləri, daha konkret ifadə etsək, hekayələri haqqındadır. 
Digər incəsənət növlərində olduğu kimi ədəbiyyatda da ilk növbədə əsərin məzmun gözəlliyi, sonra isə forma gözəlliyi əsasdır. Əgər sənət əsərlərinin özülünü həyat həqiqətləri təşkil etməzsə, ondan ərsəyə gələn məzmun da cəlbediciliyini itirər. Təranə Məmmədin bütün hekayələrində bütövlükdə onun yazıçı qayəsini, yəni, müəllifin oxucularda empatiya yaratmaq qabiliyyətini, ictimai mövqeyini, dünyagörüşü, müxtəlif həyati məsələlərə tərbiyəvi əhəmiyyətli mövqeyi, bədii-estetik məramını hiss etməmək mümkün deyil. 
Məlum olduğu kimi, nəsrdə sənətə məxsus olan bədiilik gözlənilməklə yanaşı eyni zamanda müəyyən bir sərbəstlik də vardır. Lakin deyərdim ki, Təranə Məmməd bu sərbəstliyin də ahəngini, ritmini tapmış, belə demək mümkünsə, nəsrə də lirizm yansıtmışdır. 
Müəllifin özünün də şərti olaraq “lirik hekayə” adlandırdığı “Sarı köynək” hekayəsində gənc ikən sevdiyi qızı itirmiş kişinin xatirələrindən bəhs edilir. Ümumiyyətlə, Təranə Məmməd yaradıcılığında müəllifin obrazlar vasitəsilə xalq deyimlərinə bir növ şüuraltı inam var. Bu da müəllifin kəlimələrin bir sehir olduğuna və həyatdakı ən güclü qüvvənin sözlər olduğuna inam hissindən irəli gəlir. Bəli, sözlərin gizli bir sehir olduğuna mən də inanıram. Psixoloqlardan da tez-tez eşitdiyimiz “gözəl düşün ki, həyatın da gözəl keçsin” sözləri əbəs yerə deyilmir. İnsan kəlimələr vasitəsilə düşünür, düşüncə vasitəsilə müxtəlif həyat hadisələrini özünə çəkir. Eynən “Sarı köynək” hekayəsinin qəhrəmanı kimi. O, sevdiyi qıza aldığı sarı köynəyin bacısının sözlərinə inanaraq ayrılıq salacağına inanır və dəyişmək üçün mağazaya gedəndə bacısının qəza keçirməsi onun həyatında çətinlik yaratdığı üçün sevgilisinə vaxt ayıra bilmir. Müəyyən müddətdən sonra isə sevdiyi qızın artıq başqasına nişanlandığını görəndə sarsıntı keçirir. İndi artıq o, nəvələri olan bir baba statusunda olsa da, nə ilk məhəbbətini, nə də aldığı o sarı köynəyi ömrü boyu unutmamışdır. Haradasa xalq mahnısı olan “Sarı köynək” ifa olunanda da xatirələri hər şey dünən baş veribmiş kimi yenidən canlanır və hekayənin qəhrəmanını əbədi bir xəyal qırıqlığına məhkum edir.
Çernişevski ədəbiyyatı “həyatın dərs kitabı” adlandırırdı. Bu mənada ki, gözəl yazılmış əsərlər insanın düşüncələrinə təsir edib onu aydınlatmalı, işıqlı bir gələcəyə yönləndirməli, humanizm və xeyirxahlığı təbliğ etməlidir. Yazıçının qısa hekayələrindən biri olan “Bumeranq”da öz atasına qarşı ədalətsiz davranmış oğulun da eyni taleyi yaşayacağı qənaətindədir. Belə ki, hekayədə sahibsiz bir məzarın sağ ikən atasına qayğı göstərməmiş, onun məzarına belə heç vaxt getməmiş bir şəxsə aid olduğu təsvir olunur. Bu çox qısa hekayə özündə dərin mətləblər ehtiva edir. Heç bir qanun kitabında öz əksini tapmayan, belə demək mümkünsə, yazılmamış qanunlardan biri də odur ki, övladın valideyn qarşısında vəfa borcu vardır. Belə ki, övladlar böyüdükdən sonra artıq yaşlanmış valideynlərinə qayğı və şəfqət göstərməli, onları sevgidən məhrum etməməlidirlər. Yazıçı bu hekayəsi ilə öz valideynini bu qayğıdan məhrum edənlərin eyni taleyi yaşayacağı qənaətindədir. Yəni, başqa sözlə ifadə etsək, “yaşatdığını yaşamadan ölməzsən” deyimi buraya tam uyğun gəlir. 
Bu ideyanı başqa bir əsərdə - “Qonşular” hekayəsində də görürük. Burada isə qızına heç vaxt sevgi göstərmədən onu tərk edən atanın qızını tapıb ona isinişməyə başladığı vaxt övladının da onu tərk etdiyinin şahidi oluruq.
Müəllifin “Uşaq yaddaşı” hekayəsində də başqa bir formada eyni ideya hakimdir, əslində. Hekayənin qəhrəmanı hər gün yol ilə gedərkən məktəblərinə yaxın olan yoldan keçəndə orada yaddaşında iz buraxan insanları xatırlayır, onlar üçün darıxır. O, keçmiş məktəbindəki qapıçı və xadimənin necə saf və gözəl qəlbli insanlar olduğunu fikirləşir həmişə. Onundüşüncələrindən məlum olur ki, qapıçı və xadimə kasıb olmalarına rəğmən ruhən zəngin insanlar olmuşlar. Bir dəfə məktəbdə ac qalan həmin qıza xadimə öz bulkusunu verib özü ac qalsa da qızın doymağından mənən rahatlıq tapmışdı. İndi o qız böyümüş, yaxşı iş yerlərində çalışır və təsadüfən yolda həmin xadimə qadınla qarşılaşanda ona kömək etmək istəyir. O, cibindəki pulu çıxarıb verəndə öz mənəvi borcunu yerinə yetirdiyini düşünüb ruhən xoşbəxtlik tapır. 
Yazıçı nədən yazmasından asılı olmayaraq, onun əsərlərinin əsasını insan, onun həyatı, milli, bəşəri qayğı və arzuları təşkil edir. Və hər bir sənətkar yazarkən həm də öz dövrünün sosial mənzərəsini yaradır, cəmiyyətin xarakterini obrazlar vasitəsilə kağıza köçürür. Lakin əsl ustalıq köçürmə prosesində deyil. Bu işin sirri həm də hər bir oxucunun buradan öz həyatı üçün hansı nəticə çıxaracağı qənaətinin düzgün ölçü meyarının hesablanmasındadır, yəqin ki. Təranə Məmmədin “Daxili çevriliş”hekayəsi də həyatda düzgün yol tutmamış insanın doğru yola gəlmək çabasını ifadə edir. Belə ki, hər gününü sərxoş olub içki şüşələrinə qurşanan adamın artıq ətrafında kimsəsi qalmamış, hər kəs ondan üz döndərmişdir. O, zaman-zaman əvvəlki həyatı üçün darıxıb həyat yoldaşı, qızı ilə münasibətləri düzəltmək, yenidən onların həyatındakı yaxşı insan olmaq haqqında düşünsə də iradəsiz davranışları buna mane olur, içkisiz qala bilmir, özü ilə bacarmır. Bir gün təsadüfən kafedə müqəddəs kitabı almaq istəyərkən pulunun çatmadığını görəndə bir şəxs (hekayənin daha sonrasında oxucu bu şəxsin onun qızını sevən, onunla evlənmək istəyən adam olduğunu öyrənir) ona bu kitabı alıb hədiyyə edir. Adam günlərcə evdən çölə çıxmadan kitabı oxuyur və sonrasında özündə bu dəyişikliyi hiss edir ki, o, içkisiz də qalmağı bacarırmış. Yavaş-yavaş özünə gəlməyə və iş-güc barəsində də düşünməyə başlayır. Hekayə obrazın yenidən işini, ailəsini geri qazandığı nikbin sonluqla tamamlanır. Əsərdən çıxan nəticəni isə belə aydınlaşdırardım ki, yazıçı insan psixologiyası və kainat qanunlarının vəhdətdə olduğu düşüncəsindədir və əgər bir insan qarşısına məqsəd qoyub hər hansı xoş niyyətini reallaşdırmaq istəyərsə, bütün kainat onun bu niyyətini gerçəkləşdirmək üçün iş birliyi edər. 
Müəllifin bu cür “kainatın iş birliyi etdiyi” hekayələrindən biri də “Kesma” adlı hekayədir. Evlənmək üçün heç kimlə uzlaşmadığını amma bibisinin qədər, qismət haqqında dediyi sözlərə də etinasız və biganə yanaşan gənci sonda bu sözə tam anlamı ilə inanmağa vadar edən bir hadisə yaşayır və bu hekayə də nikbin sonluqla tamamlanır. 
Yazıçının “Yuxulara inanın” hekayəsi ilk baxışda bədbin bir hekayə təsiri bağışlasa da (belə ki, hekayə vəfat etmiş uşağın ruhlar aləmindən olan nitqi əsasında yazılıb) düşünürəm ki, bu əsər də insana mənəvi rahatlıq və ruha dinclik bəxş edir. Hekayədə müəllif dünyagörüşünü, insanın maddi dünyadan köçdükdən sonra ruhlar aləmindəki dünyaya inamını da nümayiş etdirir. Yazıçının “sevdiyiniz insanla qovuşa bilmədiyinizə görə üzülməyin, cismin bacarmadığını ruh bacarır, bəzən” cümləsinin də kökü klassik ədəbiyyata gedib çıxır. Belə ki, müasir ədəbiyyatımız üçün özül, mənbə rolunu oynayan klassik ədəbiyyatımızda da bir çox əsərlərdə, o cümlədən, “Leyli və Məcnun”larda qəhrəmanlar sonda ruhlar aləmində qovuşduqları üçün xoşbəxt hiss etdikləri qeyd olunur. 
Ruhlar dünyasına inamın əks olunduğu hekayələrdən biri də “Güldəstənin yuxuları” hekayəsidir. Burada da müəllif cəmiyyətin sosial mənzərəsini, xalqın yaşam tərzini göstərməyə çalışır, bəzən hətta ruhun dili ilə ruhların yaşadığı mənəvi dünyanın daha gözəl və rahat olduğu qənaətinə gəlir. 
Yazıçının “Dəniz sevgisi”,  “Dənizdən böyük eşq”, “Qoru onları” hekayələrində sevən insanın qəlb çırpıntıları ifadə olunur, onun öz eşqi uğrunda hər fədakarlığı edəcəyi qənaətindədir. Bu nəsr əsərlərində saf və təmənnasız sevgi vurğulanır.
Müəllif  “Oğurluq”, “Qadınlar, qadınlar” hekayələrində isə oxucunu humanist duyğulara səsləyir, insanları anlamağa, intiqam və həsəd duyğularından uzaq olmağa, keçmiş yaşadıqlarından dərs almağa, həyatda heç kimin başına gələ biləcək pis hadisələrdən siğortalanmadığına, həyat təcrübələrinə söykənərək yaşananlardan dərs almağa dəvət edir. 
Ümumilikdə, Təranə Məmməd yaradıcılığı ədəbiyyatın əzəli məqsədi olan insanı mənən zənginləşdirmək funksiyasını ən gözəl formada həyata keçirir. Bu incəsənət xanımın həmişə yazıb-yaratmasını diləyirəm…

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar