Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"BİZİ UMUDSUZ QOYMA"nın ümidli çağırışları

Tarix: 18-10-2019 21:23     Baxış: 2463 A- / A+
"BİZİ UMUDSUZ QOYMA"nın ümidli çağırışları

Görkəmli rus tənqidçisi V.Q.Belinski məqalələrinin birində yazır ki, "həqiqətdən qorxmağın adı yoxdur, üz-gözünü turşudub yalan və fantastik rəngləri həqiqət kimi qəbul etməkdənsə, həqiqətin gözünün içinə dik baxmaq daha yaxşıdır. Yalnız qorxaq və zəif beyinlər şübhə və tədqiq edib öyrənməkdən hürkərək geri çəkilirlər". Bu sitatı gətirməyimə səbəb yazıçı Əli bəy Azərinin "BİZİ UMUDSUZ QOYMA" toplusundakı hekayələrlə tanışlıq oldu. Hekayə həcm etibarı ilə nəsrin kiçik növüdür. Burada hadisələrin mümkün qədər yığcam verilməsi zəruru şərtlərdən biridir. Əhvalatın geniş təsvirinə ehtiyac qalmır. Yazıçı həyatda müşahidə etdiyi konkret hadisəni, yaxud eşitdiyi bir, və ya bir neçə adamla əlaqədar baş verən əhvalatı bədii çalarlarla təsvir edir.

Əli bəy Azərinin hekayələrində mövzu müxtəlifliyi, hadisələrə peşəkar münasibət, yığcam təsvir onun həm illərlə formalaşmış hərbçi xarakterindən, həm də istedadlı nasir olmağından irəli gəlir. Buna görə də mövzu asanlıqla yadda qalır, mükəmməl bədii ifadə ilə yanaşı, sadə üslub və ciddi çağırışlarla diqqəti cəlb edir. Belinskinin fikrinə görə, sadəlik bədii əsərin vacib şərtidir... Sadəlik həqiqətin gözəlliyidir - bədii əsərin gücü də bu sadəlikdədir.
Əsasən, cari mövzuların bədii ifadəsi olmaqla sadə üslub və ciddi çağırışlarla diqqət mərkəzində olan on doqquz bədii mətnin toplandığı "Bizi Umudsuz qoyma" kitabındakı hekayələrin hər birini bir ümumi qayə birləşdirir: Vətənə, Vətəndaşa biganə qalmayaq!
Bu gün Azərbaycan ədəbiyyatında tam mənasında hərbi yazıçıların, daha doğrusu, hərb motivli bədii əsərlər müəllifi titulunu daşıyanların o qədər də gözə dəymədiyi bir vaxtda onun zabit-döyüşçü-vətəndaş olaraq xüsusi statusunu qeyd etməklə bu sahə ilə bağlı xatirələrindən, canlı döyüş hadisələri fonunda hərbi-vətənpərvərlik ruhunun bu günkü gənclərə aşılanması baxımından da ciddi sosial-mənəvi əhəmiyyətini nəzərə alsaq buradakı hekayələrin hər biri hər zaman böyüməkdə olan gəncliyə xitab olaraq da çox dəyərlidir.
Əli bəyin "Bizi Umudsuz qoyma" hekayəsi demək olar ki, topluya daxil edilmiş digər bədii nümunələrə işıq salır. Bu əsər müharibə dövrü özünü odun-alovun içinə atan, döyüş və istənilən hərbi tapşırıqları ləyaqətlə yerinə yetirən, arxa cəbhədə yolunu gözləyənlərin bütün sarsıntılarına baxmayaraq düşmən üzərinə qırğı kimi şığıyan əsgər obrazının, əsgər Umudun xarakterik əlamətlərindəki vətənpərvər Azərbaycan oğlunun, döyüşçünün bədii əksi olaraq çox uğurla qələmə alınmışdır. Hər dəfə döyüşə atıldıqca zabitlərinin "Allahım, bizi Umudsuz qoyma" çağırışlarının sədaları altında məğrurca geri dönən Umudun sonra ayaqları sıradan çıxdıqda evlərinə qayıtması, yolunu gözləyən anası ilə söhbətləri əsl həyat hekayətləridir.
Bu hekayə ədəbi tənqidin də diqqəndən kənarda qalmamışdır. Belə ki, Əli bəy Azəri yaradıcılığını dərindən tədqiq edən ədəbi tənqidçi Vaqif Osmanov yazıçının "Bizi Umudsuz qoyma" hekayəsi haqqında yazdığı, "Ədalət" qəzetinin 30 avqust 2018-ci il sayındakı ədəbi düşüncələrində onun bir nasir kimi ustalığını inamla vurğulayır: "Fikir yükü, hadisələrin çoxluğu, aktuallığı, gənc nəslin vətənpərvərlik duyğularını coşdurmaq, sabahımıza inam baxımından bu hekayə Qarabağ müharibəsi mövzusunda yazılan ən dəyərli əsərlər sırasında olmaqla, həm də maraqlı povest çəkisindədir. Bu, Əli bəyin istedadının göstəricisidir".
Əsərin təsirindən düşüncələrini bölüşən jurnalist Faiq Qismətoğlu "Bizi Umudsuz qoyma" hekayəsini böyük rus yazıçısı M. Şoloxovun "İnsanın taleyi" əsəri ilə müqayisə edir: "Umudun mübarizliyi, vətənpərvərliyi və həyat eşqi Şoloxovun qəhrəmanı Sokolovu xatırladır. Bəlkə, Umud Sokolovdan da iradəli, dözümlü əsgərdir..."
Təcili səfərbərlik zamanı yenidən döyüşə aparılan Umudun simasında yazıçı yeni bədii səhnənin başlanğıcını təsvir edir. Bu dəfə ana: "Allahım, bizi Umudsuz qoyma" deyə göylərə əl açır, bu zaman təkcə övladını qorumaq üçün yox, oğlunun qələbə müjdəçisi kimi qalib qəhrəman olaraq qayıtmasını dua edir.
Kitaba daxil edilmiş digər hekayələrdə də ehtiyatda olan zabit-döyüşçü-yazıçı vətənpərvərlik ruhunun yüksəldilməsini, mənəvi cəhətdən şux və zəngin vətəndaş amilini hər şeydən üstün tutur, eyni zamanda cəmiyyətin mənfi ünsürlərini iti qələmi ilə gülüş hədəfinə çevirməyi bacarır, həqiqətin doğruluğuna yönəlik çağırışlar edir.
Bu kitab Əli bəy Azəri yaradıcılığının başlıca qayəsi olacaq müstəqil dövlətçilik, xüsusilə onun mühüm tərkib hissəsi olan milli ordu quruculuğu həyatının ən şərəfli səhifəsi olaraq hərbçi döyüşçü kimi, sarsıntılar yaşamış Vətən oğlunun - hərbi yazıçı olaraq üzərinə götürdüyü missiyaya - əsgər həyatının bədii tərənnümünə uğurla nail olmasını göstərir. Onun yaradıcılığında sosial reallıqlardan qaynaqlanan problemlərin bədii, bəzən də incə yumorla, satirik eyhamlarla süslənmiş bu hekayələrinin hər biri aktual əhəmiyyətlidir və hər zaman müasir ruhludur. "Sevgi və borc", "Başdaşındakı şəkil", "Qurd ağzı", "Sərhədçi zabitin etirafı", "Doqquzuncu vaqon", "Alış-veriş yardımçısı", "Böyrək daşı", "Möhlət", "Yağlı bəhanə", "Qız Təvəkkülün brend ayaqqabısı", "Əlimdən pul iyi gəlir" və başqa hekayələri bu baxımdan oxucunu ələ almaqla bir çox sosial problemlərin ciddi sifarişlər olaraq ugurla reallaşdırıldığı müasir milli dövlətin atdığı qətiyyətli addımların bədii notlarla təbliği təmin edilir.
Bu hekayələrdən bəzilərinə ədəbi tənqid münasibət bildirmişdir. Vaqif Osmanov qan yaddaşımızın əbədiliyinə işarə vuraraq yazır: "Əli bəy Azəri "Başdaşındakı şəkil" hekayəsini Dünya Azərbaycanlılarının həmrəylik günü adına yazmışdır. Araya "qaratikan kolları" - tikanlı məftillər dolaşdırılmış sərhəd dirəkləri "əkən" "Gülüstan" (1813) və "Türkmənçay" (1828) sazişləri qanı qanımızdan, canı canımızdan, torpağı torpağımızdan ayırıb yadelli etmək istəmişsə də, arzusuna çata bilmədi, həsrət, nisgil, bütövlük yanğısı getdikcə alovlandı və mənən daha da birləşdirdi onları. Araya Arazı qoyub sularını günahkar bilsək də... Amma Araz ayıran yox, birləşdirən, qan yaddaşımızın qida mənbəyi imiş..."
"Kövsər" nəşriyyatının baş redaktoru, şair-tərcüməçi Hafiz Rüstəmin "Başdaşındakı şəkil" hekayəsindən çıxardığı nəticə də çox düşündürücüdür: "Bu əsər həsrət üstündən həsrətə, qəribçilik üstündən qəribçiliyə diqqəti yönəldir, tarixi yaddaşdakı faciələri əks etdirir. İnsanlara müqəddəs vətənpərvərlik hissləri aşılayır.
Mərhum Məhərrəmin vəsiyyətnaməsi ədalətsiz tarixi ittiham edir, diriləri tarixi vətənlərini geri qaytarmağa, düşmənlərlə mübarizəyə çağırır..."
Vaqif Osmanov yazıçının kitaba daxil edilmiş "Əlimdən pul iyi gəlir" hekayəsindəki yazılmamış halal-haram kateqoriyasından olan mənəvi-etik prinsiplərə toxunur.
Əli bəy Azərinin gözlənilməz hadisələrlə zəngin əsərlərindən biri də "Sərhədçi zabitin etirafı"dır. Sərhəd Mühafizəsinin yaradılmasının 99-cu ildönümü ilə əlaqədar keçirilən müsabiqədə müəllifini qaliblərdən biri etmiş hekayədə vətənin sərhədlərində baş vermiş təxribatçı hərəkətlərin qarşısını alan zaman sərhədçilərin qarşılaşdığı hadisələrdən söhbət açılır. Hadisələrin dinamikliyi, təxribatçı hərəkətlərlə yanaşı təbiət hadisələrinin qeyri-adiliyi əsərin bədiiliyinə rəngarənglik qatır və daha maraqlı edir. Bu hekayə də Vaqif Osmanovun ədəbi tənqid süzgəcindən keçmiş və "sərhədçi" prizmasından on ən dəyərli əsərdən biri kimi qiymətləndirilmişdir.
Vaqif Osmanovun adının çəkilməsi təsadüfdən deyil. O, Əli bəy Azərinin qələmindən çıxan bədii əsərlərin bir neçəsini diqqətlə izləmiş, ədəbi tənqidin təhlil süzgəcindən keçirmiş, ədəbiyyata töhfə verə biləcək və yazıçının təxəyyülünə işıq saçacaq tutarlı arqumentlər səsləndirmişdir. "Sərhədçi zabitin etirafı" hekayəsində yazıçının məqsədini V.Osmanov belə açıqlayır: "Həmişə düşünmüşəm ki, istedadlı söz adamlarının iki yox, üç gözü olur; iki fiziki və bir mənəvi - həssas gözü. Onların güclü müşahidə qabiliyyəti, öngörməsi, şüuraltı baxışları olmasa söz adamı yaddaqalan əsər ərsəyə gətirə bilməz. Bunu böyük əminliklə hekayənin müəllifinə şamil edirəm.
Narkotik qaçaqmalçısı ilə ölüm-dirim mübarizəsində sərhədçilər dənizin suyu çəkildikdən sonra əmələ gəlmiş kiçik gölməçə-bataqlıqlardan birində bir qamışın qeyri-adi hərəkəti, başqa qamışlardan fərqi ilə sərhəd pozucusunun suyun altında gizləndiyini təxmin edirlər. Əməliyyat uğurla başa çatsa da sərhədçi zabit "töhmət" lə "mükafat"landırılır. "Özbaşına əməliyyat hazırlayıb mərkəzin planına mane olduğuna" və xəbər vermədiyinə görə sərhədçi zabit "cəzalandırılsa" da o, ruhdan düşmür və bunu özünə cəza yox, ən yüksək mükafat kimi qəbul edir. Çünki burada da o, hadisələrin dinamikliyində yalnız əməliyyat keçirə bilmişdi, plan hazırlayıb, yuxarıların razılığını almaq kimi formallığa vaxt ayıra bilməmişdi..."
Bəli, yazıçının üçüncü gözü - "bəsirət" gözü həmişə açıq olmalıdır. Belə ki, o, işlədiyi əsərlərdə yaratdığı personajların, xüsusən də qəhrəman və əsas surətlərin gözü ilə həyata, ətrafda baş verən hadisələrə baxmağı bacarmalıdır. Əli bəy Azərinin təhliolunan əksər əsərlərində belə bir mövcudluq asanlıqla müşahidə olunur.
"Sərhədçi zabitin etirafı" hekayəsi yazıçı-tənqidçi Pərvanə Bayramqızının da marağına səbəb olub. Hadisələrin fonunda sondakı incə məqamı qeyd edən P.Bayramqızı yazır: "Qəhrəmanın sonda, aldığı təltiflər içində ona daha əziz olanı elan edilən "töhmət"in olması mənə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu xatırladır. Niyəsini, sözsüz ki, bilirsiniz... Qəhrəman vətəninin yolunda nə edirsə canıyla-başıyla edir, təşəkkür üçün yox..."
"Sonuncu dar ağacı"nda məcazi epik dildən məharətlə istifadə edən yazıçı Misirxan padşahın ölümcül xəstəliyi üçün baş sındıran baş vəzirdən baş həkim Şirinbəyimədək vaxtı-vədəsi çatmışların hamısının haqq dünyasına qovuşacağına baxmayaraq Misirxan padşah ... istisna üçün dəridən-qabıqdan çıxaraq Allahla çiling-ağac oynamaq istəyənlərin, insan-zaman fonunda dərin şüuraltı qatlarda gizlənmiş mifoloji məqamlardan bəs edərərək son aqibətlərini xatırladır. Hekayə yazıçı Rəşid Bərgüşadlının diqqətini çəkmişdir. Hekayəni incələyən R.Bərgüşadlı bütün bunlarla yanaşı əsərdə atların, xüsusən də sona qalmış şahın və çaparın atlarının personaj səviyyəsində işlədilməsini və onların son taleyinin oxucuda maraq doğurduğunu vurğulayır.
"Halal ehsan"da isə rəhmə gələnlərin ehsanından yeyərək məclislərdə kimlərdənsə xahiş umanların aqibətinə işıq salır. Belə ki, sadə adamların da böyüklər üçün nəzərdə tutulmuş ehsan salonuna çox asanlıqla daxil olması, orada tam bərabərhüquqlu şəraitdə vəzifəlilərlə bir masa arxasında oturması yaradılmışlara ilahi yanaşmanın təzahürüdür. Nə vaxtsa məzlumun haqqını yeyib nəzərlərdən yayınmaq istəyən harınlar, məhz belə bir məclisdə dalana dirənir və haqqın qarşısında, haqlı sözün, iradın müqabilində əlacsız qalır və aradan çıxıb qaçmaqla yaxalarını qurtarmış hesab edirlər. Yazıçı bu hekayəsində də qlobal dünyəvi düşüncəni müzakirə müstəvisinə çıxarda bilmişdir.
"Şər"də sözün məna yozumuna ricət olaraq yanaşan Əli bəy Azərinin, şər qarşısında şər-şəbədə sözlərinin məna tutumuna diqqət çəkən müəllifin qadın şərinin - adi isti sağollaşmanın sevişmə səhnəsi kimi şişirdilməsinin ailədaxili ziddiyyətlərə çevrilməsinin sosial qayğılar üçün təkan olmasını, "Qapıçı"da kitaba pul tapan, amma təzə kostyum almağa pul tapmayan Nazlının alim ərinin gördüyü yuxunun ciliklədiyi sosial qayğıların, "Zəncinin dərsi"ndə Prezident təqaüdçüsü olmuş tələbəyə iş axtarışları ilə bağlı bürokratik biganəliklərin... sosial reallıqlar olaraq cözümünə cagırış təsiri bagışlamaqla mənəvi yükünüzü yüngüllətmək baxımından ciddi əhəmiyyət daşıyır.
Kitabın əvvəlində müəllifin "Mübariz döyüşçü obrazı" önsözündə oxucu ilə ünsiyyət quran Əli bəy Azəri yazır: "Hekayə janrına müraciət etməyim oxucu ilə qısa zaman kəsiyində ünsiyyət qurmaqdır... Burdakı hekayələrdə qəhrəmanlar müxtəlifdir: döyüş bölgəsində ermənilərlə üzbəüz səngərdə keşik çəkən də var, dövlət sərhəddinin müdafiəsində duran da. Səngərdəki əsgər azğın düşmənin min bir hiyləsi ilə rastlaşırsa, sərhədçi də qonşu ölkənin çirkin məqsədləri üçün dövlət sərhəddini pozmağa cəhd edən sərhəd pozucusu ilə qarşılaşır, təbiətin amansız şıltaqlıqlarına tuş gəlir. Oxucu əsərdəki qəhrəmanları özünə nümunə seçir, onlara oxşamağa çalışır, həmin situasiya ilə özü rastlaşsaydı necə hərəkət edərdi, deyə düşüncələrə dalır, istənilən halda ölkəsini sevməyi, qorumağı öyrənir. Mübariz vətəndaş olaraq yetkinləşir, yetişir... Hekayələri oxuduqca müəllifin ədəbi qəhrəmanları qarşısında qoyduğu vəzifələri ləyaqətlə yerinə yetirdiklərini görürük, hər birinin başlıca vəzifəsinin vətənpərvərlik çağırışları ilə kökləndiyini görürük".
Bu arada qeyd etmək yerinə düşərdi ki, hər yazıçı, hər nasir hekayə janrına müraciət etmir, sanki nəsrin bu kiçik və ecazkar növündən, onun məhdud imkanlarından istifadə etməyi "böyüklüyünə" sığışdırmır.
Romançılığın, janrı bilinməyən qalın-qalın avtobioqrafik mətnlərin tüğyan etdiyi bir dövrdə Əli bəy Azəri ölkənin baş mövzusu olan Qarabağ savaşının və vətən sərhədlərinin müdafiəsini hədəf seçməklə hekayələr toplusu çap etdirərək ədəbi prosesdə iştirak edən çoxsaylı qələm sahibləri, söz adamlarının diqqətini həm də hekayə janrına çəkməklə ictimaiyyətlə daha asan ünsiyyət qurmağın əhəmiyyətini vurğulayıb.
Hekayələr həm bədii, həm publisistik, həm sosial özünəməxsusluğa söykənərək oxucu üslubu ilə oxunaqlığını təmin edir, adama həm dil, həm mövzunun aktuallığı, həm də zaman və məkan konsentrasiyasının peşəkarcasına uzlaşdığı müasirlik ruhu ilə oxucunu həyacanlandırır, narahatlıqda saxlayır, amma son nəticədə ruhunu rahatladır, onu feyziyab edir. Sadə təbiətli, yumşaq rəftarlı, amma haqsızlığa qarşı çox qəzəbli bir zəhmətkeş yazıçının nizami ordu quruculuğundakı islahatların təbliği məqsədilə ordu həyatından yeni-yeni əsərlərini ərsəyə gətirəcəyinə inanıram. Yeri gəlmişkən, təklif edərdim ki, onun "məqsədli" olaraq orduda qulluğa dəvət edilməsi, gələcəkdə güclü həyati əsərləri üçün təkan olardı.
Onu da nəzərə çatdıraq ki, bir bu qədər qələm sahibinin - tənqidçinin nəzər-diqqətini cəlb edən Əli bəy Azərinin hekayələri xüsusi ədəbi təsisatlar tərəfindən öyrənilməsi və dəyərləndirilməsi təqdirəlayiq hal kimi hesab olunmalıdır.
Müəllifə yeni-yeni ədəbi uğurlar, yeni-yeni əsgər-döyüşçü obrazları yaratmağı arzu edirik. "Bizi Umudsuz qoyma" kitabındakı hekayələr təkcə Umuda ünvanlanmamış, onun qayıtmasını istəyənlərin çağırışı deyil, daha çox ona arxayın olacaq qələbə ümidli müjdələri gətirməsini istəyənlərin çağırışlarıdır.
"BİZİ UMUDSUZ QOYMA"nın ümidli çağırışları

Həsən BAYRAMOV
Pedaqoji elmlər doktoru

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar