Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Vitse-prezident postuna təsadüfi adam təyin oluna bilməz” - Rəbiyyət Aslanova (MÜSAHİBƏ)

Tarix: 29-11-2016 11:23     Baxış: 5486 A- / A+
“Vitse-prezident postuna təsadüfi adam təyin oluna bilməz”


Milli Məclisin İnsan Hüquqları Komitəsinin sabiq sədri, Bakı Dövlət Universitetinin (BDU) Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının müdiri, Yeni Azərbaycan Partiyasının üzvü Rəbiyyət Aslanovanın müsahibəsini təqdim edirik:

- Hazırda nə işlə məşğul olursuz?

- Sizin də gördüyünüz kimi, hazırda mən Bakı Dövlət Universitetində tədrislə məşğulam, dərs deyirəm, tələbələrə mühazirə oxuyuram. Yenə də uzun illər öncə olduğu kimi müəllimlik peşəmi davam etdirirəm.

- Yaradıcılığınızla bağlı hansı yeniliklər var?

- Yeniliklər əlbəttə var, fəaliyyətsizlik insan üçün qeyri-məqbul haldır. Elmi tədqiqat işlərimi də davam etdirirəm. Son illər ərzində bir neçə əsərim işıq üzü görüb. Bunlardan biri iki-üç ay öncə çap olunan kitabım “Qloballaşma və mədəni müxtəliflik” adlanır.

Hazırda yeni aktual bir mövzu üzərində işləyirəm. Yəqin ki,mənə mənəvi zövq verən fəaliyyətim bu cür də davam edəcək.

- Millət vəkilliyindən getdiyinizdən sonra siyasətdən qəfil kənarlaşmanız və mediada çox az görünməniz cəmiyyətdə birmənalı qarşılanmadı. Ən azı müəllim, professor kimi də mətbuatda ola bilərdiniz. Buna nə mane olur, sizə qarşı hər hansı qadağa varmı?


- Şübhəsiz ki, mənim mətbuatda çıxış etməyimlə bağlı heç bir qadağa yoxdur. Məsələ ondadır ki, müsahibələr, açıqlamalar vermək üçün gərək fəal siyasi proseslərin içərisində olub siyasətlə məşğul olasan, səlahiyyət sahibi olasan. Bu gün bir müəllimin və professorun bu və ya digər məsələyə münasibət bildirməsi vətəndaşlıq mövqeyindən, vətəndaş məsuliyyətini dərk edərək verdiyi açıqlama olacaq. Bu baxımdan da vaxtilə Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri kimi verdiyi açıqlamalarla, indiki açıqlamalar arasında çox ciddi fərq olacaq. Ona görə də indi mediada çox görünmək istəmirəm. Ancaq bütün bunlar o demək deyil ki, mən prosesləri izləmirəm, bu proseslərin inkişaf istiqamətlərini müəyyən etmək üçün çalışmıram və sairə. İlk növbədə mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Azərbaycanda gedən bütün bu prosesləri, ölkəmizdə baş verən sosial, siyasi, mədəni və iqtisadi dəyişiklikləri, böyük islahatların uğurlu nəticəsini görüb, onu öz tələbələrimə çatdırmaq və təbliğ etmək üçün səfərbər olmuşam. Bu, başqa cür də ola bilməz. Yəni, bu proseslərin içərisində olmaq, onun məzmununu anlamaq bir alim və ya vətəndaş kimi bizim də borcumuzdur.

Ümumiyyətlə, vətəndaş məsuliyyətini dərk etmək, öz mövqeyini nümayiş etdirmək üçün təkcə millət vəkili olmaq kifayət deyil. Hamımız Azərbaycan vətəndaşıyıq və harada, hansı mövqeydə olmağımızdan asılı olmayaraq, bu quruculuq işlərində hər birimiz öz töhfəmizi verməliyik. Mən də harada olmağımdan asılı olmayaraq, istər millət vəkili olum, istər müəllim, istərsə də adi vətəndaş, Yeni Azərbaycan Partiyasının prinsiplərinə öz sədaqətimi sonadək nümayiş etdirəcəm.

- Dediniz ki, YAP-ın üzvüsünüz. Ancaq millət vəkilliyinə namizədliyinizi verməyən zamanlarda belə məlumatlar yayılmışdı ki, sizi Yeni Azərbaycan Partiyasından kənarlaşdırıblar və sairə...

- Belə bir məsələ yoxdur və mümkün də deyil. Çünki uzun illərdir, 1990-cı illərdən bəri mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bu yaxınlarda Yeni Azərbaycan partiyasının yaranmasının 24-cü ildönümü qeyd olundu. Ulu öndər Heydər Əliyevin də söylədiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Mən də bu partiyanın sadiq üzvlərindən biriyəm. Buna görə də deyirəm ki, YAP-da mənə qarşı heç bir qadağalar yoxdur.

Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının ali prinsipi ondan ibarətdir ki, hər bir partiya üzvü bu partiyanın prinsiplərinin həyata keçirilməsində öz töhfəsini və təşəbbüsünü ortaya qoysun. Artıq partiyamızın üzvlərinin sayı da 700 minə çatıb. Bu qədər sayda insanın seçimi çox böyük əhəmiyyətə malikdir. Bu insanlar dövlətimizin, millətimizin və xalqımızın sabahı üçün öz bacarığını və biliyini ortaya qoyan insanlardır. Partiya rəhbərliyindən tədbirlərə dəvəti gözləmək də lazım deyil. Əgər bir insan öz xalqı üçün nə isə etməyə və partiyanın ən ali prinsiplərinə sədaqətini göstərməyə çalışırsa, o zaman buyurub öz fəaliyyətini ortaya qoysun. Bununla da həmin insanlar Azərbaycanda görülən böyük quruculuq və inkişafa öz töhfəsini verə bilər. Bu baxımdan da YAP-da mənə qarşı hər hansı qadağa yoxdur. Mən sevə-sevə bu gün də öz partiya mənsubiyyətimi elan edirəm və ömrümün sonunadək də bu partiyanın üzvü olmaqla böyük fərəh hissi yaşayacam. Yazılan yalan məlumatlara gəlincə Azərbaycan vətəndaşları ona ötürülən məlumatların dəqiqliyini, qeyri-obyektivliyini, qərəzliliyini, hansı mənbədən qaynaqlandığını gözəl bilən, həqiqəti yalandan ayıran insanlardır. Yalan ayaq tutar, yeriməz misalını yaddan çıxarmayaq.

- Növbəti parlament seçkilərində yenidən namizədliyinizi vermək niyyətiniz var?

- Xeyr, belə bir planım yoxdur. Mən 15 il millət vəkili olmuşam, bu illər mənim üçün çox gözəl, maraqlı dəyərli fəaliyyət illəri olub. Özümü millət vəkili olaraq da sınadım, insanlarla ünsiyyətdə oldum. Öz seçicilərimi ləyaqətlə təmsil etdim. Amma bütün bunlarla yanaşı mənim növbəti dəfə millət vəkili olmaq fikrim yoxdur.

- Maraqlıdır, səbəbini bilmək olarmı. Axı hazırda bir çox millət vəkilləri var ki, onların yaşı sizdən dəfələrlə çoxdur...

- Yox, söhbət yaşdan getmir. Ümumiyyətlə, Milli Məclisdə yaşlı insanların təmsil olunması insanlara təəccüblü gəlməli deyil. Əslində, yaşlı insanların həyat təcrübəsi böyük olur. Əgər hər hansı insan bir sahədə ömrü boyu çalışırsa, o, nədən buradan kənarlaşdırılmalıdır? Mən Milli Məclisdə ancaq gənclərin, cavan nəslin nümayəndələrinin olması fikrinin əleyhinəyəm. Parlamentdə gənclərlə yanaşı, orta və yaşlı nəslin nümayəndələri də təmsil olunmalıdır. Bunu normal qəbul etmək lazımdır. Kiminsə yaşı, həyat təcrübəsi çoxdursa, onu “sən qocasan” deyərək işindən kənarlaşdırmaq doğru deyil. Mən bu gün elə yaşlı insanlar tanıyıram ki, onlar öz zəngin təcrübəsi, ağlı və məntiqi düşüncələri ilə 100 gəncdən daha bacarıqlıdır. Bu baxımdan da insanlara faydalı iş əmsalına görə qiymət vermək lazımdır. Onun cəmiyyətə verə biləcəyi töhfələri dəyərləndirmək lazımdır.

Azərbaycanda elə alimlər, akademiklər var ki, onlar öz elmi nəaliyyətləri, əqli nəticələri böyük elmi məktəb yaratmaq bacarıqları ilə Azərbaycan və dünya elminə verdiyi töhfələri ilə bu gün sayılıb-seçilən insanlardır. O zaman eyni məntiqlə həmin akademikləri də işindən uzaqlaşdırmaq lazımdır ki, sən yaşlısan? Onların yerini təcrübəsiz və cavan olan insanlara vermək nə qədər düzgün olar? Ona görə də seçimə mütləq diqqət yetirilməlidir. Bu baxımdan da Milli Məclisdə yaşlı və ağıllı insanların olmasını məqsədəuyğun hesab edirəm. Əksinə, təcrübəli və yaşlı insanların Milli Məclisdə olması gənc deputatları düşünülməmiş addımlar atmaqdan çəkindirir.

- Sizin vaxtilə təmsil olunduğunuz dairədən olan hazırkı millət vəkili ilə münasibətləriniz varmı? Fəaliyyətindən nə qədər razısınız?

- Bilirsiz ki, mənim vaxtilə seçildiyim dairədən təmsil olunan millət vəkili hazırda Nəsib Məhəməliyevdir. Sözsüz ki, onunla tanışlığım var. Mən parlamentə seçildiyim vaxtı Nəsib Məhəməliyev də 2000-2005-ci illərdə Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Həmin vaxtı o, gənc və çox bacarıqlı insan idi. Mən ikinci dəfə millət vəıkili seçiləndə Nəsib Məhəməliyev artıq Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Bütün bu illər ərzində onun əldə etdiyi yüksək idarəçilik bacarığı və insanlar arasındakı nüfuzu imkan verdi ki, Nəsib Məhəməliyev millət vəkili seçilsin. Balakən seçiciləri də ona səs verərək deputat seçdilər. O namizədliyini verdiyi üçün mən növbəti dəfə namizədliyimi irəli sürmədim. Həmin vaxt çox adam namizədliyini vermişdi, ancaq xalq Nəsib Məhəməliyevi seçdi. Bu gün də Milli Məclisdə təmsil olunur. Bu gün də düşünürəm ki, Balakən seçiciləri çox doğru seçim ediblər.

- Bir çox millət vəkili arzu edir ki, övladı da millət vəkili seçilsin. Sizdə belə istək varmı ki, gələcəkdə Elnur Aslanov millət vəkilliyinə namizədliyini irəli sürsün?

- Hər kəs öz yolunu, gələcək fəaliyyətini özü müəyyən edir, istədiyi kimi qurur. Ona görə də mənim nə istəyib, nə istəməməyimdən asılı olmayaraq, övladlarımın seçiminə çox hörmətlə yanaşıram. Hazırda Elnur Aslanov xaricdə öz təhsilini davam etdirir, elmi tədqiqat işləriylə məşğuldur.

- Keçmişdə elə millət vəkilləri və Yeni Azərbaycan Partiyası üzvləri olub ki, onlar deputat seçilməyən kimi siyasi mövqeyini tam şəkildə dəyişib və onlar bu gün Milli Şurada yer alırlar...

Dünyada insanın ən naqis hərəkəti sədaqətsizlik və etibarsızlıqdır. Deməli, həmin adamlar əvvəldən YAP-a sədaqətlə gəlməyiblər. Mən bu cür insanları ümumiyyətlə qəbul edə bilmirəm. Hər bir insan öz seçiminə böyük hörmətlə yanaşmalıdır. Rəbiyyət Aslanova olaraq mən bu siyasi mövqeyi özüm seçmişəm, bu mənim dərk olunan seçimimdir. Mən bu partiyaya Heydər Əliyevin adı ilə gəlmişəm. Onun yaratdığı partiyanın üzvü olmaqdan hər zaman şərəf hissi keçirmişəm və bu gündə eyni hissləri yaşayıram. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbəri olduğu partiyanın üzvü olmaq mənim üçün həddindən çox qürurvericidir. Həmin adamların bu gün əks cəhbədə yer alaraq, vaxtilə tərif etdikləri YAP-a qarşı ittihamlar səsləndirmələri onların mahiyyətlərinin göstəricisidir. YAP iqtidarı dövründə Azərbaycanda görülən işlər, əldə olunan uğurlar, beynəlxalq aləmdə qazanılan nəaliyyətlər təkzibolunmaz həqiqətdir. Azərbaycanın müstəqilliyini qorumaq üçün cənab Prezident İlham Əliyevin gecə-gündüz çalışmasını, dünyanın qlobal gücləri ilə bərabər hüquqlu tərəfdaşa çevrilməsini hər bir Azərbaycan vətəndaşı görür və etiraf edir. Əgər dövlət başçısının bütün fəaliyyəti Azərbaycanın müstəqilliyinin qorunmasına və inkişafına, xalqın rifahına yönəlibsə, buna qarşı necə çıxmaq olar? Bu gün dünyanın istənilən yerində Azərbaycanın adı çəkilən kimi, dərhal ilk xatırlanan məsələ dövlət başçısının böyük fəaliyyəti olur. Bütün bunlar göz qabağında olan həqiqətlərdir. Bu gün bu partiyada, sabah başqa partiyada təmsil olunan adamlar hansı sağlam əqidənin sahibləri ola bilər? Mən həmin insanların bu cür hərəkətlərini satqınlıq hesab edirəm. Bu cür adamların elə YAP-dan getməsi məsləhətdir. Yeni Azərbaycan Partiyasının bu cür şəxslərə ehtiyacı yoxdur. Hazırda partiyamızın o qədər güclü və qətiyyətli şəxsləri var ki, bir-iki nəfərin deputat seçilməməsi səbəbi ilə YAP-dan getməsinə zərrə qədər təsir edə bilməz. Əslində, onların YAP sıralarından çıxarılması ən ədalətli qərardır.

- Hazırda Azərbaycanda gedən prosesləri necə qiymətləndirirsiz?

- Bu ölkədə yaşayaraq, cəmiyyətdə gedən proseslərə biganə qalmaq hüç cür mümkün deyil. Çünki hər bir cəmiyyətin inkişafı cəmiyyətdaxili münasibətlərin hansı prinsiplərə əsaslanmasından asılıdır. Bəzən insanlar insan hüquqlarının qorunmasından danışmağı sevirlər, amma vətəndaşların vəzifələrindən danışmağı arxa plana keçirirlər. Əslində, belə doğru deyil. Hər birimiz öz hüquqlarımızı bildiyimiz kimi, vəzifələrimizi də bilməliyik. Bu vəzifələrdən biri də cəmiyyətdaxili münasibətlərin hansı istiqamətə inkişaf edəcəyini və gedən proseslərə hansı yardımı edəcəyini dərk etməkdir, bu sahədə öz fəaliyyətini ortaya qoymaqdır.

Bütün dünyada olduğu kimi Azərbaycanda da çox ciddi tarixi proseslər gedir. Biz XXI əsrin ikinci onilliyində yaşayan insanlar bu proseslərin müşahidəçisi və iştirakçısıyıq. Çeşidli fəlakətlərlə dolu olan dünyada öz milli suverenliyini qorumaq, onun virtual reallığa çevrilməməsi üçün iradəni ortaya qoymaq o qədər də asan məsələ deyil və bu gün bütün bu proseslər içərisində Azərbaycan öz sabitliyini, əmin-amanlığını, inkişafını böyük siyasət və böyük siyasi iradə nəticəsində qoruyub saxlaya bilir.

Bu gün Azərbaycan təkcə Cənubi Qafqazda “sabitlik adası” deyil dünyada özünü təsdiq etmiş sabit və inkişaf edən müstəqil dövlət olaraq öz varlığını davam etdirir.


İndi dünyada qloballaşma prosesi ilə yanaşı qütbləşmə prosesi də sürətlənir. Ortaq maraqlar dünyada ayrı-ayrı dövlətlərin yaxınlaşmasını və qütbləşməsini və həmin regionların güc mərkəzinə çevrilməsini təmin edir. Ancaq Azərbaycanın balanslaşdırılmış siyasəti ölkəmizi gözlənilən təhlükələrdən sığortalayır. Bu baxımdan da Azərbaycanda aparılan siyasətin və gedən proseslərin nəticəsini müsbət qiymətləndirirəm. Bu, möhtərəm Prezidentimizin apardığı çox dəqiq və balanslaşdırılmış siyasətin nəticəsində mümkün olan tərəqqiyə doğru gedən inkişaf xəttidir.

Bu gün həmdə Azərbaycan özünün birgəyaşayış, multikulturalizm, tolerantlıq modeli ilə dünyada tanınır. Azərbaycan bu cür nümunəsi ilə dünyaya mesaj verir. Bütün bu nümunələr isə məıhz cənab Prezidentiizin apardığı uğurlu siyasət nəticəsində mümkün olub.

- Bu ilin sentyabrında Azərbaycanda Konstitusiyaya edilən dəyişikliklə bağlı təşkil olunan referendum bəzi dairələr və təşkilatlar tərəfindən tənqid olunub. Bu məsələyə sizin münasibətiniz necədir?

- Cəmiyyət hər zaman daima inkişafda olan orqanizmdir. Statiklik, durğunluq cəmiyyət həyatını tənəzzülə aparan proses olub, cəmiyyətdaxili gərginliklərin artmasına xidmət edir.

Cəmiyyətdə baş verən proseslərin sosial-iqtisadi, siyasi-mənəvi ehtiyacdan irəli gələn təkliflərin, tələblərin, tərəqqinin rolunu doğru qiymətləndirmək lazımdır.

Azərbaycanda baş tutan referendum bu təkliflərin nəticəsi, yeni mərhələyə doğru atılan addımların zəruri tələbi kimi qiymətləndirilməlidir. Yeniliklərə açıq olmaq demokratik cəmiyyətin əsas şərtidir. Dünyanın ən qabaqcıl ölkələrində zaman-zaman milli qanunvericiliyə, konstitusiyaya dəyişikliklər edilməsi çox normal proses kimi qəbul edilir. Mütərəqqi beynəlxalq təcrübə hər bir ölkə üçün əhəmiyyətlidir və bu təcrübədən bəhrələnmək müstəqillik yolunda irəliləyən ölkələr üçün vacibdir.

Azərbaycanın bədxahlarının referenduma münasibətinə gəldikdə isə təkcə ikili deyil, çoxstandartlı mövqeləri ilə tanınan, Azərbaycanın hər bir uğuruna qara yaxmaqla məşğul olan qüvvələrə Azərbaycan xalqı öz milli iradəsini ortaya qoyaraq cavab verdi.

Bu gün Azərbaycan bütün sahələrdə inkişaf edir. Ona görə də bizim bütün sahələrdə islahat keçirmək haqqımız var və keçiririk. Bütün bunlar isə dövlətimizin daxili tələbatından və inkişafından irəli gələn məsələlərdir. Bu, Azərbaycan xalqının sosial tələbidir. Ona görə də xaricdən kimlərinsə buna irad bildirməsi və sairə kimi addımlar yolverilməzdir.

Azərbaycan artıq 25 ildir ki, öz müstəqilliyini bərpa edib. Ötən 25 ildə bu qədər uğurlara imza atmaq hər bir dövlətin bacardığı iş deyil. Biz bu gün elə dövlətlər görürük ki, onların uzun illər müstəqillik tarixi olsa da, ancaq ciddi böhranlar yaşayırlar. Hətta, onların ideolagiyaları da böyük iflasa uğrayıb.

Bu yerdə ulu öndərimizin çox gözəl fikirlərini xatırlatmaq yaxşı olardı. Ulu öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Bu gün biz həmin çətinliyi görürük. Amma bütün bunlara baxmayaraq, dövlətimizin gücü və qüdrəti belə maneələri dəf etmək iqtidarındadır. Bu başqa cür ola da bilməz. Azərbaycan bizim böyük çətinliklər bahasına yaratdığımız müstəqil dövlətimizdir. Bu dövlətin sabahı üçün hər birimiz məsuliyyət hissi daşıyırıq. Bu baxımdan da Azərbaycanın müstəqilliyinə zərrə qədər də xələl gətirə biləcək hallara yol verməməliyik.

İkili standartlar məsələsi ilə bağlı onu da qeyd edim ki, nədənsə bəzi xarici təşkilatlar Azərbaycanla bağlı yalnız insan hüquqları məsələsini qabartmağa çalışır. Ancaq 25 ildir ki, davam edən Dağlıq Qarabağ məsələsi həmin təşkilatların yadlarına belə düşmür. Məncə, ən böyük ikili standartlar da budur. Amma Azərbaycan xalqı yenə də qəti əmindir ki, Dağlıq Qarabağ problemini özü həll edəcək. Azərbaycan xalqı, Ali Baş Komandanı və ordusu “super güc” dövlətlərin yalançı vədlərinə inanmadan bunun həllinə nail olacaq. Biz yalnız bu ümidlə və əminliklə gələcəyə doğru gedirik.

- Konstitusiyaya edilən dəyişikliklərdən biri də Azərbaycanda yeni vitse-prezidentlik postunun yaradılması ilə bağlıdır. Bir çox millət vəkilləri və tanınmış şəxslər Azərbaycanda kimləri vitse-prezident görmək istədiklərini açıqlayıblar. Bəs siz kimləri Azərbaycanın birinci vitse-prezidenti və vitse-prezidentləri görmək istərdiniz?

- Hazırda Azərbaycanın yüksək siyasi elitasında kifayət qədər çox bacarıqlı və güclü siyasətçilər var. Odur ki, Azərbaycanda vitse-prezidentlik postuna kimlərin seçilməsi artıq dövlət başçısının səlahiyyətində olan məsələdir. Ancaq əminliklə demək olar ki, bu vəzifələrə təyin olunacaq şəxslər sözün əsl mənasında həmin postlara layiq, böyük siyasi və həyat təcrübəsinə malik insanlar olacaq. Ən əsası isə onlar xalqın və dövlətin seçimi ilə üst-üstə düşəcək. Yəni, vitse-prezidentlər xalqın görmək istədiyi insanlar olacaq. Əlbəttə ki, bütün bunlar da yalnız dövlət başçısının səlahiyyətinə aid olan məsələdir. Mən qəti əminəm ki, bu vəzifələrə təsadüfü adam təyin oluna bilməz. Onlar böyük zəkaya, savada, təcrübəyə, öz xalqına və dövlətinə sədaqətinə görə seçilən insanlar olacaq.

- Bu gün tez-tez belə fikirlər səslənir ki, Qərblə yanaşı, problemin açarının olduğu Rusiya da bu münaqişənin həlli ilə bağlı səmimi mövqe sərgilmir, fəallıq nümayiş etdirmir. Sizə elə gəlmirmi ki, Rusiya istəsə bu problem bir neçə saata həll oluna bilər?


- Siyasətdə səmimiyyət çox işlədilən ifadə deyil. Çünki siyasət o qədər də səmimiliyi sevmir. Bəlkə də də dəfərlə təkar olunan “siyasətdə əbədi dostlar yoxdur, əbədi maraqlar var” ifadəsini səsləndirmək yerinə düşər. Amma siyasət çox tez dəyişən və çevik fəlsəfəyə əsaslanan məsələdir. Siyasətdə hər dəqiqənin bir hökmü ola bilər, hər dəqiqə maraqlar və situasiyalar dəyişə bilir. Buna uyğun olaraq da tərəflər öz maraqlarını ortaya qoyurlar. Bu baxımdan da mən “super güc” dövlətlərin hər hansı məsələdə öz mövqeyini ortaya qoyacağına və bizim onlara əminlik hissi ilə yanaşacağımıza çox da inanmıram. Bu o qədər də real görünən perspektiv deyil.

Digər tərəfdən isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu həmsədrləri məşğul olur. Bu qurumda Rusiya ilə birlikdə digər həmsədrlər də var. Baxmayaraq ki, Minsk qrupu həmsədrləri olan hər üç dövlətin münaqişənin həlli ilə bağlı öz mövqeyini ortaya qoymasına ehtiyac var. Amma Rusiya Azərbaycanın yaxın qonşusudur və buna görə daha çox işlər görə bilər.

Minsk qrupu həmsədrlərinin necə çalışması göz qabağındadır. Əgər Qarabağ münaqişəsinin həlli bu qədər yubanırsa və ciddi fəaliyyət ortaya qoyulmursa, deməli Minsk qrupu həmsədrlərinin “daha vacib işləri” var.

Bilirsiz, Beynəlxalq təşkilatlar ilk baxışdan çox məsuliyyətli və beynəlxalq münasibətlərdə ədalətin qorunması prinsipini rəhbər tutan qurumlar təsirini bağışlayır. İstər BMT, istərsə də Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər təşkilatlar yarandığı vaxt əsas məqsəd ədalətli addımların atılması və beynəlxalq hüququn qorunması olub. Amma bu gün onların Azərbaycana qarşı münasibətdə obyektiv xeyirxah və ədalətli mövqeyini görürükmü? Yaxud da buna əməl olunurmu? Bu gün dünyada BMT-dən böyük və ali beynəlxalq təşkilat yoxdur. Əgər BMT xeyirxah və ədalətli mövqe nümayiş etdirsəydi, o zaman dünyada bu qədər münaqişə ocaqları, ərazi bütövlüyünə qarşı təcavüzlər, müharibələr, qaçqınlar olmazdı. Əksinə, bu problemlərin həlli istiqamətində ciddi addımlar atılardı və ən əsası beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə özlərinin hörməti olardı. Bu gün həmin beynəlxalq təşkilatlar yalnız Avropa məkanının təhlükəsizliyini qorumağa çalışır. Diqqət edin, Yaxın Şərqdən gələn milyonlarla qaçqın və miqrant Avropaya buraxılmır. Avropa həmin insanların ölkələrində nə sabitliyin qorunmasına çalışmır, nə də o insanlara qapısını açmır. Bu gün Aralıq dənizi həmin insanların qəbiristanlığına çevrilib. Halbuki, Aralıq dənizi sahilləri elə Avropa ölkələridir. Bəs insan hüquqlarının qorunması həmin beynəlxalq təşkilatların niyə yadına düşmür? Bu baxımdan hesab edirəm ki, artıq həmin beynəlxalq təşkilatların fəaliyyətinə yenidən baxılması zərurəti yaranıb. Əgər bir beynəlxalq təşkilat bu gün özünün ən ali prinsiplərinə sadiqlik nümayiş etdirə bilmirsə, o zaman bu təşkilatdan nə gözləmək olar? Bəlkə də vaxtilə bu təşkilatlar xoş məramla yaradılıb və bu prinsiplərinə uyğun şəkildə çalışıblar. Ancaq bu gün o fəaliyyət görünmür. İstər BMT, istərsə də ATƏT, Avropa Şurası və digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı sənədlər qəbul ediblər. Amma bu sənədlərin heç birinə əməl olunmur. Deyəlim ki, bu qərarları təkcə Ermənistan dövləti saya salmır. Bəs BMT, ATƏT Ermənistana qarşı hər hansı sanksiya tətbiq edibmi? Xeyr, etməyiblər. Ancaq istəsəydilər, digər dövlətlərə qarşı olduğu kimi, Ermənistana qarşı da sanksiya qəbul edə bilərdilər. Hesab edirəm ki, bütün bunlar həmin beynəlxalq təşkilatların nüfuzuna təsir edən ciddi məqamlardır.

- Aprel döyüşləri zamanı Azərbaycan Dağlıq Qarabağ məsələsini dünyanın əsas diqqət mərkəzinə gətirə bilmişdi...

- Bu gün hər bir azərbaycanlı Azərbaycan ordusunun gücü ilə fəxr edir, qürur hissi keçirir. Bir neçə gün öncə mən telekanallar vasitəsilə ordumuzun keçirdiyi hərbi təlimlərə baxırdım. Həmin vaxtı daxilimdə çox böyük qürur və sevinc hissi yaşadım. Bu, ordumuzun Azərbaycan xalqına yaşadığı real qürur hissi idi. Aprel döyüşləri təkcə işğalçı Ermənistana deyil, çox bədxahlara cavab idi. Yəni, Azərbaycan öz torpaqlarını istənilən vaxt azad etmək və hərbi qüdrətini nümayiş etdirmək iqtidarındadır. Bu baxımdan da Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin açarı Azərbaycanın özündədir. Ancaq biz yenə də müharibə və sülh mədəniyyəti prinsiplərini ortaya qoyaraq, problemin dinc yolla həll olunmasına imkan yaradıb. Bununla Azərbaycan həm də dünyaya sülhpərvər ölkə olduğunu nümayiş etdirib. Eyni zamanda sübut edib ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkündür. Əgər apreldə Azərbaycan hərbi əməliyyatları dayandırmasaydı, bu proses çox uzağa gedə bilərdi. Ancaq Azərbaycan həm Ermənistana, həm də işğalçı ölkəni dəstəkləyən digər dövlətlərə böyük mesaj verdi. Keçirilən hərbi təlimlər də bunu bir daha sübut edir ki, Azərbaycan əsgəri torpaqları azad etmək üçün Ali Baş Komandanın göstərişini gözləyir. Aprel əməliyyatları zamanı Azərbaycan gəncliyi də çox yüksək vətənpərvərlik nümayiş etdirdi. Hər kəs orduya getmək, döyüşmək istəyirdi. Həmin gənclərin arzuları da onu göstərir ki, bu gün hər kəs Qarabağın azad olunması üçün döyüşlərdə yaxından iştirak etməyə tam hazırdır.

- Yeri gəlmişkən, həmin vaxtı cəmiyyətdən tələb var idi ki, Azərbaycan ordusu əməliyyatları davam etdirsin və erməni işğalı altında olan torpaqları son qarışınadək azad etsin. Bu cür çağırışlar nə qədər doğru idi?

- Mən başqa cür düşünürəm. İstənilən halda müharibə çox ağır prosesdir. Azərbaycan ordusunun bir əsgərinin şəhid olması belə hər birimizin ürək ağrısıdır. Buna görə də müharibədə şəhid olmuş hər Azərbaycan ordusunun əsgəri bizim övladlarımızdır. Biz istəməzdik ki, Azərbaycan əsgəri həlak olsun. Ancaq çox təəssüf ki, işğalçı Ermənistan hakimiyyəti Azərbaycanı döyüşməyə vadar etdi və ordumuz düşmənə qarşı öz sözünü dedi. Yaranan tarixi zərurət məcbur etdi ki, Azərbaycan bu addımı atsın. Əslində, bütün bunlar aparılan sülh danışıqları prosesini pozmaq demək deyil idi. Ermənistanın cəbhə xəttində mülkü əhalimizə qarşı silah işlətməsi Azərbaycan ordusunu cavab tədbiri görməyə vadar etdi. Ancaq biz qəbul olunmuş beynəlxalq qərarlara görə danışıqlar prosesinin yekununu gözləmək məcburiyyətindəyik. Lakin aprel döyüşləri eyni zamanda Minsk qrupu həmsədrlərinə çağırış oldu. Yəni, Minsk qrupu həmsədrləri öz fəaliyyətini ortaya qoymasa, o zaman Azərbaycan dövləti özü lazım bildiyi addımı atacaq. Düşünürəm ki, aprel döyüşlərindən sonra Minsk qrupunun fəaliyyətində də müəyyən dərəcədə canlanma müşahidə olundu. Çox istərdik ki, bu canlanma davam etsin və müşahidəçilər bir-birini əvəz etmək yerinə, fəal əməli fəaliyyətə keçsinlər.

- Bəzi millət vəkilləri Azərbaycanın həmin beynəlxalq təşkilatlardan imtina etməsi ilə bağlı da təkliflər ediblər. Bu cür təkliflərlə siz nə qədər razısınız?

- Azərbaycanın beynəlxalq təşkilatlardan uzaqlaşmasını və onlarla əlaqələrin zəiflədilməsini doğru hesab etmirəm. Çünki beynəlxalq təşkilatlar səsimizin eşidilməsi, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə yönəldilməsi üçün vacib tribunadır. İstər Milli Məclisin istər digər qurumların beynəlxalq təşkilatların tribunasına etdiyi çağırışlar öz təsirini göstərməkdədir və ən əsası bu beynəlxalq təşkilatların tribunasında dövlət başçımızın, hörmətli Prezidentimiz İlham Əliyev cənablarının beynəlxalq ictimaiyyətə müraciəti problemin həllinə ciddi təsir göstərəcək amildir.

Bir cəhəti də qeyd etmək istərdim ki, dünyanın nüfuzlu təşkilatlarının böyük əksəriyyəti qərb mənşəli və qərb yönümlüdür. Çox yaxşı olardı ki, Şərqin də belə nüfuzlu beynəlxalq təşkilatları olsun. Yəni, həmin təşkilatlar şərq, türk və müsəlman ölkələrinin maraqlarını özündə birləşdirsin. Əgər bu cür beynəlxalq təşkilatlar yaradılsa, Şərq ilə Qərb arasında artıq balans yaranar və dünyada bu qədər müharibələr və problemlər olmaz.
Ölkə.Az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar