Xəbər lenti
Şəhid ruhların paradı, Polad generalın təbəssümü...
Heç kim Polad Həşimov demir, Polad general deyirlər ona, ya da sadəcə, general. Onun barəsində general deyəndə isə dodaqlardan o söz sevgidən yoğrulmuş, zər poqonlu çıxır. O zər poqon ki, zabitlərin parad formalarında olur...
Azərbaycan zabitləri həmin forma, o zərli poqonlar üçün çox qəribsəyiblər. Çoxu kimi, Polad generala da qismət olmadı onu geyinmək. Bu gün onun generalı olduğu ordu zəfər çalıb. Tezliklə qələbə paradı olacaq – Poladın da ruhu yüzlərlə silahdaşları kimi o gün vətənin göylərindən izdihama qatılacaq - parad formasında, zərli poqonlarla... Nurlu təbəssümü ilə...
Nur üzlülər vətənin səmalarından gülümsəyəcəklər... Biz onları hökmən görəcəyik...
Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən
Çürüyüm bir ovuc torpağın artsın!
Vətəni sevmək – onun torpağının bir ovucunu canı bahasına artırmağa hazır olmaqdır demək...
Belə oğullardan idi general Polad Haşımov da.
1969-cu ilin sentyabrında Qəbələ rayonun Vəndam kəndində xudmani kənd toyu ediblər. İsrayıl o vaxtkı Politexnik İnstitutunun gecə şöbəsində təhsil alır, gündüzlər Sumqayıt Alüminium zavodunda çalışırdı.
Səmayə isə kənddə tütün sahələrində işləyirdi.
Toydan sonra İsrayıl Sumqayıta qayıdır, Səmayə isə qayınata, qaynana yanında qalıb, öz işində işləyirdi. Polad altı aylıq olanda ailə birlikdə Sumqayıta köçə bilib.
Qəhrəmanımız ailədə iki qızdan sonra üçüncü uşaq idi. 1975-ci ilin yanvarın 2-də, qarlı bir gündə dünyaya gəlmişdi. Adını oğul nəvəni həsrətlə gözləyən babası qoydu – adı Poladdı dedi, polad kimi sarsılmaz, yenilməz, möhkəm olsun.
Əvvəlcə Sumqayıtda kirayədə yaşayıblar, sonra şəraitsiz "fin evləri"ndə.
Anası Poladı şirin dəcəl deyə çağırırdı. Dəcəl idi, amma ziyankar deyildi, şirin dəcəlliklər edərdi. Məsələn, onu qarda oynamağa qoymazdılar ki, soyuq olar, o da qaçıb beli götürüb Fin evlərin arası ilə qarı təmizləyib yol açarmış. Evin birindən o birinə adamlar onun açdığı yolla gedərmiş. Yayda Vəndamda usta babasının mismarlarını götürüb onları sırayla torpaq yola çəkicləyərmiş. Babası da arxasınca gedib həmin mismarları çıxardarmış.
Nəhayət, fin evləri sökülüb, orda yaşayan ailələri yeni mənzillərə köçürüblər. Artıq Poladın qardaşı İlham da doğulmuşdu, dörd uşaq olmuşdular.
Anası da zavodda işə düzəldiyindən Polad da bacıları kimi əvvəl bağçaya, sonra məktəbə gedib.
Bağçada bir gün müəllimə uşaqların psixologiyasını yoxlamaq üçün onların qarşısına müxtəlif oyuncaqlar töküb. "Kim hansını istəyirsə götürsün, onunla şəklini çəkək" - deyib. Hərə bir oyuncağa əl atıb, gəlincik, top, maşın. Polad avtomatı götürüb. Müəlliməsi deyib ki, bu uşaq elə əli silahlı olacaq, ya milis, ya hərbiçi.
Məktəbə vaxtından tez gedib, 7 yaşı tamam olmamış. İbtidai sinfi 28 nömrəli məktəbdə oxuyub, sonra Sumqayıtda 13-cü mikrorayonda yeni məktəb tikildiyindən 33 nömrəli məktəbdə davam edib. İki ildən sonra daha yaxında 34 nömrəli məktəb tikilib, uşaqları iki məktəb arasında bölüşdürəndə Polad Həşimov 34 nömrəli məktəbə düşüb.
Bir gün anası Səmayə xalaya xəbər veriblər ki, məktəbin təlim-tərbiyə üzrə direktor müavini Poladı şillələyib. Anası deyir məəttəl qaldım ki, axı niyə döymüş olar, Polad oxuyan uşaqdır, tərbiyəlidir? Dedilər ki, Polad topla məktəbin pəncərə şüşəsini sındırıb: “Məktəbə getmədim, özündən soruşdum dedi ki, mən sındırmamışam, vəziyyət elə yarandı ki, elə bildilər mən sındırmışam, sındıranlar boyunlarına almadılar, mən də susdum...”
Bütün uşaqlar kimi adi uşaqlığı olub. Həmişə əla oxuyub. Bir gün dörd alırdısa, sabah hökmən onun qarşısına beş yazılmalı idi. Yoxsa rahatlıq tapmazdı. Hər gün beş almalı idi. Bütün fənləri əla oxuyub. Ona görə də sənət seçimində çox gec qərar verib, 11-ci sinfin mayında.
11-ci sinifdə oxuyanda hüquq fakültəsinə hazırlaşırmış. Bir gün dərsdən gəlib anasına qətiyyətlə deyir ki, mən sənədlərimi hərbi məktəbə verəcəm. Ay bala, ölkədə müharibə vəziyyətidir, səni hərbiçi olmağa qoymaram-deyir anası. Ana, mən soruşmadım, fikrimi bildirdim, həm də atamla razılaşmışıq.
Səmayə xala bu dəfə oğlunu buraxıb onun atasının üstünə düşür ki, sən niyə razı olmusan? İsrayıl dayı – onun qərarlı olduğunu gördüm – deyib.
Sən demə, məktəbdə tarix müəllimi Habil müəllim dərs əsnasında deyib ki, mən indi oğul ona deyərəm ki, hərbi məktəblərə getsin.
Anası deyir bilirdim Polad hara imtahan versə qəbul olunacaq.
Heydər Əliyev adına Ali Hərbi məktəbdə oxuduğu müddətdə Polad Həşimov üç dəfə Türkiyədə ali kurslara gedib. Kursları bitirəndən sonra Atatürkün məzarı önündə vətənə sadiq zabit olacaqların and içiblər. Azərbaycandan 26 kursant olublar.
Təhsilini bitirəndən sonra Murovun ətəyində xidmət edirdi. Anası neçə dəfə evlənməsi üçün onu dilə tutmuşdu. 29 yaşı olanda anası əl çəkmir, gəl, sənə bir qız tapım evlən, bilim ki, yanında ailən var, yeməyindən-içməyindən arxayınlaşım. Polad hər dəfə ana, dağda-daşdayam ora qız yeri deyil demişdi. Həmin vaxt atası ağır xəstə yatırdı, alüminiumun fəsadları onun orqanizmində öz işini görmüşdü. Anası Poladın zəif yerindən tutur: “Atan ölməzdən qabaq toyunu görsün”- deyir. Polad “yaxşı, tap, gəlib baxaram” - deyir.
Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsində oxuyan Vəndamlı qızla ilk tanışlıqdan bəyənirlər bir-birilərini.
Poladla Ofeliyanın ilk övladları dünyaya gələndən sonra atası dünyaya əlvida deyir.
Poladın hərbiçi olmasını istəməyən Səmayə ana onun uğurlarına ən çox sevinən idi. Çünki oğlunun o yolda çəkdiyi əziyyətləri bilirdi, Azərbaycanın hər bölgəsində hərbi xidmət keçmişdi oğlu.
Onun rütbəsinin yüksəlməsi, nəhayət, Bakıda oturaq həyata keçəcəyinə ümid verirdi. Murovda, Qusarda, Tovuzda, Tağıyev qəsəbəsində, Daşkəsəndə, Bərdədə, Şəmkirdə. 28 ilin cəmi iki ilini Tağıyev qəsəbəsində işləyəndə döyüş bölgəsində olmayıb.
Qəribə bir deyim var – nədən qorxursansa, uzağı o baş verincəyə qədərdir...
Anası deyir, ürəyimizdə yağ qoymadı Poladı gözləmək...Aprel döyüşləri vaxtı uzun müddət ondan xəbər tuta bilməyiblər. Müxtəlif xəbərlər yayılır, ana oğlunun səsini eşidib sağ olduğuna əmin olmaq istəyirdi. Nəhayət, sürücüsü ilə əlaqə saxlayıb. Sürücü deyib ki, sağdır, amma mən də görə bilmirəm, qapalı ərazidədir. Birtəhər telefonla danışıblar, bircə kəlmə ana, nigaran olma-deyib.
Sonradan biliblər ki, ayağından yaralanıbmış. Aprel döyüşlərindən sonra üç otaqlı ev veriblər ona, deyib ki, mənim uşaqlarımın atası var, şəhid övladının atası yoxdur, heç olmasa evi olsun.
2019-cu ildə növbədənkənar general mayor rütbəsi verilir Polad Həşimova. Anası deyir ürəyim arxayınlaşdı ki, daha səngərə getməz.
Zabit yoldaşının dediyinə görə, Poladın bircə parad forması olub, altı səhra. Yenə bölgələrdə, səngərlərdə.
Fevralda anası xəstəxanada yüksək şəkərdən və qan təzyiqindən müalicə alırmış. Polad hər gün anasına zəng edərmiş. Ana, necəsən, neynəyirsən? Ana xəstəxanada yatdığını bildirməmək üçün çəkilib kənarda danışırmış ki, səslərdən harda olduğunu anlayar oğlu.
Müalicədən sonra evdə dərmanlarını qəbul edən zaman Polad zəng eləyib, ananın dili çaşıb dərman içdiyini deyib. Martın 2-si idi, 3-ü Polad anasını görməyə gəlib, həmin gün də qayıdıb.
Şəkil çəkdirməyi sevməzmiş, buna vaxtı da olmazdı. Qohum-əqrəbanın toyuna gəlsə belə, səhra generalı formada cəmi 10-15 dəqiqə hamı ilə görüşüb qayıdarmış xidmətinə. Ailə şəkli belə yoxdur.
Ailəsi ilə birlikdə olduğu günlər yox, bəlkə saatlar olub ya, olmayıb. Mobil telefonu, maşını olmayıb, bunları hər ikisi yalnız xidməti imiş. Onu da yalnız və yalnız xidmət üçün istifadə edib. Kimsə cəsarət edib ona əsgər tapşırmaq üçün ağız aça bilməzdi. Polad onsuz da hamıya eyni gözlə baxırdı. Əsgərlərini övladları bilirdi. Fəxr edirdi ordusu, vətəni, bayrağı, əsgəri ilə.
Bir dəfə Daşkəsənin qarlı, buzlu dağlarında xidmət yerinə anası qonaq gedib. Səmayə xala nəvələrini başına yığıb buzun üstündə uşaqlara sürüşmək öyrədirmiş. Hərbi şəhərciyin bütün uşaqları bu əyləncəyə yığılıb. Zabitlərdən biri Həşimovu pəncərə qabağına çağırıb ki, ananıza baxın. Həşimov pəncərədən bu mənzərəyə baxıb – anam da əsgər yetişdirir, zabit anasıdır - deyib.
“Ayın 12-dən darıxmağa başlamışdım. Qəribə hallara düşürdüm, evdə otaqdan-otağa keçir, o pəncərədən, bu eyvandan boylanırdım. Özümə yer tapmırdım. Tovuzda vəziyyəti eşidəndən bilirdim ki, Polad özünü atacaq ora, kənarda durmaz. İyulun 11-i danışmışdıq son dəfə. 12-13-ü zəng eləmədi, darıxmağım artdı. Analiz verməyə getdim, gəldim, özümə yer tapmırdım. Kəmalə qızıma dedim ki, bu uşaqdan səs çıxmadı, bir maraqlan, zəng elə. Bir də gördüm o biri otaqda tappıltı gəldi. Baxdım ki, Kəmalə yıxılıb yerə. Demə, telefonla danışıb, deyiblər ki, yaralanıb. Həyətdə də kənar adamlar, səs-küy, baxdım pəncərədən gördüm Tağıyev qəsəbəsindəki dostları həyətdədir”.
2003-cü ildə mayor rütbəsində ikən Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdi. 2009-cu ildə polkovnik-leytenant rütbəsində idi Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunur.
2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılır.
2016-cı ilin aprel döyüşlərində Talış qəsəbəsi uğrunda gedən döyüşləri 1-ci Ordu Korpusunun Qərargah rəisi kimi aparırdı. Yaralanmışdı, bayaq anasının danışdığı kimi gizlədib yaralandığını.
2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. Hər şey belə surətlə baş verir.
Tağıyev qəsəbəsindəki dostları belə o acı xəbəri eşidib həyətlərinə yığışanda anası hələ bilmirdi ki, Poladı şəhid olub...
Polad Həşimov ailəmizdəndi, qohumdu, haqqında qürurla danışardıq. O gün səhər şəhid olması xəbəri içimizdə partladı... Heç birimiz o birimizə deməyə cəsarət tapmadı, kimsə kimsəyə toxtaqlıq verəcək iqtidarda olmadı.
İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə aparıldı. Heç yaşamadığı, hələ tikib başa çatdırmadığı evinin həyətində eli vidalaşdı onunla.
Sonra da böyüdüyü Sumqayıt. Elə bil, bütün Azərbaycan o gün generalı-öz oğlunu ağlayırdı, hamı ayaq üstündə idi.
General iyulun 15-də şəhər sanki oyanmamış, səhər-səhər II Fəxri Xiyabanda, birgə şəhidliyə ucaldığı polkovnik İlqar Mirzəyevlə yanaşı dəfn olundu.
O səhər Azərbaycan bir başqa oyandı... 2020-ci il noyabrın 8-də Qarabağda zəfər çalındı... Poladlar qazandı o qələbəni...
Generalın evində iki oğul, bir qız, Azərbaycanda yüzlərlə Polad böyüyür.
Sabah qələbə paradı olacaq – Poladın da ruhu yüzlərlə silahdaşları kimi sabah vətənin göylərindən izdihama qatılacaq - parad formasında, zərli poqonlarla... Nurlu təbəssümü ilə...
Nur üzlülər vətənin səmalarından gülümsəyəcəklər... Biz onları hökmən görəcəyik.../lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar