Xəbər lenti
Demokratiya uğrunda savaşımızda qan, qisas, qarşıdurma, xaos yoxdur və olmayacaq
Cəmiyyətdə əsl həmrəyliyə nail olmağın yolu qarşılıqlı
ünsiyyət və münasibətlərin tarazlığında və bərabərliyindədir
Nəsrəddin Tusi
İnsan tarixdən dərs alır.
Yaxşıları əxz edir, pislərdənsə nəticə çıxarır.
Öyrənə-öyrənə gəlir.
Düşüncələr, yanaşmalar dəyişir, hakimiyyətlər dəyişir, hakimiyyətə gəlməyin yolları dəyişir.
Kim hansı yolla hakimiyyətə gəlirsə, o yolla da hakimiyyətdən gedir. Kimisi qiyamla, kimisi dinc yolla.
Ədalətsizlik insanda intiqam, qisas hissi yaradır.
Sülhlə, seçimlə, demokratik yolla hakimiyyətə gəlmək bəzən uzun çəkir, bəzən əzablı olur. Amma millət, xalq üçün edilən mücadilənin sevincli sonluğu bütün ağrıları unutdurur.
Düşmənçilik, nifrət unudulmasa, fikirlər arxada qalacaq. Gələcək isə yeni baxış, yeni düşüncə tələb edir.
Bütün Azərbaycan vətəndaşlarına sahib çıxmaq üçün yeni münasibətlər qurulmalı, get-gedə təkmilləşən, stabilləşən yeni bir sistem yaradılmalıdır.
Barış bir yoldur…
“Ədalətsiz rejimi, ədalətlə yıxın. Alqışlar önünə qansız əllə çıxın”,- deyən Mahatma Qandi uzun illərin mübarizəsindən sonra Hindistanı müstəmləkədən azad etdi, yeni bir sistem qurdu, mümkünsüz görünənləri mümkün etdi.
Zaman çox şeyi dəyişir. Bəzən müsbətə, bəzən mənfiyə doğru.
Bəzən “hakimiyyət barış və dialoqdan qaçır, siz niyə həmişə barış və dialoq deyirsiniz?!” kimi fikirlər səslənir.
Hakimiyyət pis əməlindən əl çəkmirsə, biz niyə Azərbaycan naminə yaxşı əməllərimizdən əl çəkməliyik?
Biz mübarizəni ona görə aparırıq ki, ərəb ölkələrindəki qiyamlar Azərbaycanda baş verməsin. Ərəb ölkələrində hakimiyyət dəyişikliklərinin üsyanla baş verməsinin əsas səbəblərindən biri xalqın önünə çıxıb, kütləni arxasınca aparan, hadisələri normal məcraya yönəldə bilən siyasi institutların olmaması idi.
Bu kimi hadisələrin bir daha təkrarlanmaması üçün biz barış və dialoqun olmasının tərəfdarıyıq. Barış və dialoq olmadıqca sosial, siyasi, iqtisadi narazılıqlar get-gedə artan templə davam edəcək. Bunun isə hansı sonluqla nəticələnəcəyini təsəvvür etmək elə də çətin deyil.
“Barış istəyirsənsə, düşməninlə çalışmaq məcburiyyətindəsən. O zaman düşmənin partnyorun olur”.
28 il həbsdə yatdıqdan sonra Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti olmuş Nelson Mandela
İqbal Ağazadə 2003-cü il Prezident Seçkilərinə görə günahsız həbs və əzablara məruz qalsa da həbsdən çıxandan sonra “Hamını bağışladım. Unutdum. Hər şey keçmişdə qaldı”, – dedi. Çünki qisasçılıqla heç nəyə nail olmaq olmaz. Bu ölkəyə sahib çıxmaq istəyirsənsə, bütün umu-küsünü, kini, nifrəti unutmalısan. Əgər hər kəsin haqqını verəcəyin düşüncəsindəsənsə, hamının olmalısan, hamını sevməlisən.
Bizim demokratiya uğrunda savaşımızda qan, qisas, qarşıdurma, xaos yoxdur və olmayacaq.
Biz, Azərbaycanın dövlətçiliyi, dövlət maraqları üçün hər hansı təhlükə olduqda, onu hakimiyyətlə bölüşməyə və o məsuliyyəti boynumuza götürməyə hazırıq. Bütün fikir ayrılıqlarını bir kənara qoyub, bu dövlətin taleyi üçün bir masa arxasında əyləşərək, Azərbaycan problemlərini hər kəslə müzakirə edə bilərik. Bizim üçün əsas məsələ Azərbaycan insanının sağlam, güvəndə və təhlükəsiz yaşamasıdır.
Əgər Qarabağ məsələsində düşmənlə bir masa arxasında əyləşib müzakirə edə biliriksə, niyə hamımızın olan bu ölkənin taleyüklü məsələlərinin həllini müzakirə edə bilməyək, problemlərin həllinə çalışmayaq?!
Barış və dialoq kiməsə yarınmaq, kiminsə tərəfinə keçmək deyil, məsələlərin çözülməsinin, ümumi və ortaq bir nöqtəyə gəlməyin yoludur. Bütün məsələlər sonda dəyirmi masa arxasında həll olunur. Hətta müharibələr də bununla sonuclanır.
Partiyalar arasındakı gərginlik cəmiyyətdə olan psixoz vəziyyəti bir az da kəskinləşdirir, insanlarda olan aqressiyanı artırır, onların təkcə düşüncə və baxışlarına deyil, davranışlarına da mənfi təsir edir. İstər müxalifət daxilində, istərsə də iqtidar-müxalifət münasibətlərində ziddiyyətləri dərinləşdirmiş olur. Bu baxış bucaqları mütləq dəyişməlidir. Çünki sonda yenə itirən xalq olur, millət olur.
Bu gün iqtidarla müxalifət nümayəndələrinin yanaşı dayananı, bir-birinin qapısını açanı, hətta yaslarında belə iştirak edəni satılmış kimi qələmə verərək, müxalifət onu partiyadan uzaqlaşdırır, iqtidar isə işdən çıxarır. Bu qəbulolunmazdır, milli birliyə ağır zərbədir. Hamımıza doğma olan qardaş Türkiyədə iqtidarla müxalifətin hətta cənazə törəninə birgə girərək yanaşı addımlaması bir örnəkdir.
Münasibətlərin bu səviyyəyə gəlib çatması barış və dialoqun olmamasının nəticəsidir.
Ümid Partiyası bütün fəaliyyətini quruculuğa, barış və dialoqa həsr edib. Bizim üçün məsələnin prinsipial tərəfi budur. Azərbaycan bütün dəyişiklik dönəmlərində həmişə uduzan tərəf olub. Biz bütün gücümüzlə bu ənənəyə son qoymaq, ölkəni demokratik bir düzənə çıxarmaq niyətindəyik.
Biz seçkidə iştirakın tərəfdarıyıq
Son illərdə keçirilən seçkilərin göstəriciləri onu deməyə əsas verir ki, insanlar artıq seçkiyə dəyişikliyin yolu kimi baxmır.
2004, 2009, 2014-cü illərdə Bələdiyyə Seçkilərinin boykot edilməsi bu seçkilərdə iştirakı demək olar ki, yox səviyyəsinə endirdi.
Azərbaycanda keçirilən seçkilərdə müxalifətin tam şəkildə iştirak etməməsi seçkiyə marağı daha da azaltdı. Seçki artıq Azərbaycan vətəndaşının şüurunda növbəti bir kampaniyaya çevrilib.
Əslində iqtidarın da çalışdığı vətəndaşda seçki vərdişinin unudulmasıdır. İqtidar bundan yararlanaraq, seçkini istədiyi formada keçirir və istəyinə nail olur.
Biz seçkilərdə iştirakı ona görə vacib hesab edirik ki, seçki vərdişi sıradan çıxmasın. Onsuz da hər şey sonda seçkilərdən keçir. Vərdişlər unudulanda isə, ona yenidən qayıtmaq çətin olur.
Ümid Partiyası hakimiyyətin demokratik seçkilər yolu ilə dəyişməsini istəyir. Get-gedə səbir limiti bitən insanlar bu fikrə dözümsüz yanaşa bilərlər. Ancaq bizim üçün bundan başqa yol yoxdur. Bu uzun çəksə də, mütləq öz nəticəsini verəcək.
Bəzən çox şeylərə mümkünsüz kimi baxırıq. Ancaq imkansız olan bir iş yoxdur. Əsas odur ki, onu başlayasan. Başladınmı, uğurunun bir yolu mütləq tapılacaq. Vacib olan özünə, ətrafına, silahdaşlarına, xalqına inamdır. Şərqdə ilk cümhuriyyət qurmuş bir millər hər şeyə qadirdir. Sönməyən, öləziyən bir ocağı alovlandırmaq isə çox asandır.
“Edilənə qədər hər şey imkansız görünür.” – deyirdi, mübariz insan Nelson Mandela.
Ümid kimliyindən asılı olmayaraq, hamıya hər zaman qucaq açdı. Millət üçün, dövlət üçün bir olmağın, birliyin vacibliyi naminə hamını bir çətir altında birləşməyə çağırdı.
Partiya nəinki müxalifət cameəsindən olan hüquqları pozulmuş insanların, bütün vətəndaşların hüquqlarını müdafiə etdi. Mənsubiyyətindən, cəmiyyətdə tutduğu mövqedən, statusundan asılı olmayaraq, hüququ pozulan hər kəsin yanında oldu, onları müdafiəsini parlamentdə, mətbuatda səsləndirdi. Hətta partiyanın sədri İqbal Ağazadə həbs olunanda onu müdafiə etməyən, ona etiraz edənlərin də hüquqlarını qorudu.
İqbal Ağazadə “Sevə-sevə” yazısında qeyd edir ki, bu sevgi kütlə düşüncəsində, psixologiyasında olanlar üçün deyil. Bu, lider adına iddia edənlər, böyük olmaq istəyənlər üçündür. Qarışdırmayın, prezident, məmur, vəzifəli şəxs olmaq istəyənlər demədim – BÖYÜK ADAM olmaq istəyənlər dedim. Hər kəsi qucaqlaya bilməyən böyük olmayacaq – prezident də olsa, baş nazir də, lap BMT-nin sədri də. Onlar da tarixdə sadəcə statistika kimi qalacaq.
Biz elə bir sistemin yaranmasını istəyirik ki, birinci mərhələ üçün maliyyə amnistiyası elan olunsun, cəmiyyətdə yeni bir mühit yaransın.
“Bizim missiyamızı, siyasətimizi durduğumuz yer yox, düşüncəmiz müəyyən edir. Milli Məclisə düşmədiksə, kursumuz dəyişəcək deyə düşünənlər bunu düşünməsinlər. Biz harada olsaq belə, yenə eyni düşüncədəyik. Haqqımız yeyiləndə də, qismən təmin ediləndə də bu düşüncədəyik ki, bu dövləti, bu ölkənin vətəndaşlarını yerindən, mövqeyindən, siyasi partiyasından, əqidəsindən asılı olmayaraq, bir araya gətirək və nəhayət barış mühiti yaradaq. Vətəndaş həmrəyliyi, vətəndaş birliyi yaratmaq bizim missiyalardan biridir”.
İqbal Ağazadə
Bu münasibət deyil, bu, yolunda, xəttində hər zaman ardıcıl olan Ümid Partiyasının prinsipidir.
Zaman-zaman başqa partiyalardan Ümid Partiyasına keçən, istər tanınmış simalar olsun, istərsə də bütövlükdə bir rayon şöbəsi olsun – heç birini partiya nə mətbuatda, nə də görüşlərdə hallandırdı, reklam etmədi. Çünki bu, Ümidin prinsiplərinə ziddir.
Ardıcıllıq müəyyən bir fikri, məsləki dönmədən axıra qədər aparmaqdır.
İnsan öz yolunda ardıcıl olanda ona inam artır. Bu, siyasi təşkilata da aiddir. Partiya ardıcıl siyasət yürüdən zaman onun ardınca gedənlər çoxalır, sıraları genişlənir.
Partiyanın sədri, cənab İqbal Ağazadə parlamentdə təmsil olunduğu dövrdə etdiyi bütün çıxışlarda eyni mövqe sərgilədi. 2001-ci ildə necə çıxış etdisə, 2015-ci ildə də eyni çıxışı etdi. İndi də, millət vəkili olmayanda da müsahibələrində, çıxışlarında mövqeyi eynidir, dəyişməzdir, ardıcıldır.
Siyasət hisslər və emosiyalar ilə aparılmır. Siyasət ağlın, düşüncənin məhsuludur.
Partiyanın ən mühüm məqamlarda ardıcıllığını qorumaq üçün qəbul edilən qərarlara partiyada narazı olanlar, etiraz edənlər, hətta partiyanı tərk edənlər, bəyanat verənlər də oldu. Partiya yenə yolunu və prinsiplərini dəyişmədi. Getdiyi yola, məqsədə sadiq qaldı.
Prinsiplərə sadiq qalmaq, ardıcıl və davamlı olmaq əsas göstəricilərdən biridir. Bu sənin tutduğun mövqeyə, getdiyin yola sadiqliyindir, inamındır. Stabillik önəmlidir. Siyasətdə lazımı məqamlarda situasiyanı duyaraq, vəziyyətə uyğun qərar qəbul etmək və xəttinə, yoluna, prinsiplərinə xələl gətirmədən olduğun kimi qalmaq çox vacibdir. Sənə inananlar, səninlə yol gedənlər və getmək istəyənlər üçün bu bir etibar məsələsidir.
Siyasətdə sistemli, ardıcıl, prinsiplərə sadiq qalmaq – bu, Ümid Partiyasının xəttidir, mövqeyidir.
Rəfail Tağızadə,
Ümid Partiyası Ali Məclisinin sədri
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar