Xəbər lenti
“Bu qanun Cahangirlə Zamirənin başında çatladı” –Hacıyeva olayı sifariş sayır
Manevr.az moderator.az-a istinadən xəbər verir ki, «Mən Zamirənin Azərbaycana ekstradisiyasına çox pis baxıram. Azərbaycana gəlməsi yaxşı işdir bəyəm? Onun nə təqsiri var?», – ötən həftə Londonda saxlanılan Zamirə Hacıyevanın baldızı Əminə Hacıyeva “Azadlıq” radiosuna açıqlamasında bildirib.
Z.Hacıyeva 15 il həbs cəzası almış Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadıdır.
Londondakı «Harrods» mağazasında 16 milyon funt sterlinq xərcləmiş, 15 milyon funt sterlinqlik evdə yaşayan və Birləşmiş Krallığın “İzahedilməz Sərvət Qanunu”nun ilk hədəfi olan bu qadının Azərbaycana ekstradisiya olunacağı gözlənilir. Ötən ay Milli Cinayət Agentliyi ona İzahedilməz Sərvət Orderi təqdim etmişdi, yəni o, sərvətinin mənşəyini təsdiqləyən sənədləri təqdim etməlidir.
Məhkəmədə onun Azərbaycan hökumətinin ekstradisiya ricası əsasında həbs edildiyi bəlli olub.
Ə.Hacıyeva qardaşı arvadı ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarının obyektiv araşdırma aparacağına inanmır. «Cahangirlə bağlı obyektiv istintaq aparılıb ki, Zamirəylə bağlı da aparılsın?», – deyə o sual edir.
«Bunu etdilər ki, hamı bilsin belə də ola bilər…»
Ə.Hacıyeva Z.Hacıyevanın təqsirsiz olduğunu düşünür: «Onunla bağlı cinayət işi açılıb, burda kartında 4 milyon yarım borcu vardı. Bu borc da nədən əmələ gəlib Cahangir məhkəmədə izah etmişdi. O, Zamirənin adına səhmlər almışdı, 4 milyonluq. Həmin səhmləri götürsünlər, borc bağlansın. Etmirlər. Çünki belə lazımdır».
Ə.Hacıyeva qardaşı arvadının saxlanılmasını «burdan gedən sifariş» sayır və əlavə edir: «Hər halda hamı başa düşür ki, bu sifariş haradan gedir. Arvadı orda necə milyonlar xərcləyə bilər ki, yaxın adamlarının hamısına borcludur? Haradan çıxır bu daş-qaş? Kim belə vəziyyətə düşürsə, hər şey onun üstünə yıxılır, vəssalam… Bu qanun Moskva oliqarxları ilə bağlı çıxarılmışdı, Rusiyaya qarşı atılan addım idi. Bəs nə oldu bir Zamirəni tutdular? Hamı başa düşür ki, Zamirənin həbsi sifarişdir. Cahangirlə Zamirənin başında çatladı. Bunu etdilər ki, hamı bilsin belə də ola bilər…».
Hakim Z.Hacıyevanın zaminə buraxılması vəsatətini qəbul etsə də, prokurorların şikayətindən sonra o, həbsdə qalıb. Noyabrın 8-də bu qərardan şikayətə Apellyasiya Məhkəməsində baxılmalıdır. Bu dəfə vəsatət təmin olunsa, Z.Hacıyeva 500 min fut sterlinq ödəməlidir. Ə.Hacıyevanın sözlərinə görə, qardaşı arvadının o qədər pulu yoxdur.
Ə.Hacıyeva hələlik qardaşına həyat yoldaşının saxlanılması xəbərini çatdırmadığını da deyir.
Sosial şəbəkələrdə keçmiş bankirin arvadının Azərbaycan tərəfinin ricası ilə saxlanılması müxtəlif cür qarşılanıb. Bunu hakimiyyətin qisasçılıq siyasəti kimi dəyərləndirənlər az deyil. Amma korrupsiyada ittiham olunan bankirin həyat yoldaşının həbsini «cinayət edən cəzasını almalıdır» kimi şərh edən də var.
Deputat: «Gözləyirlər ki, hökumət addım atmasın..?»
«Onlar bunun sifariş deyil, gerçək hüquqi tədbirlərin sayəsində baş verməsi kimi qəbul etsələr, daha doğru olardı», – Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, iqtidaryönlü deputat Zahid Oruc ailənin ittihamına belə cavab verir.
«Qara yollarla əldə edilmiş vəsait sahiblərinin xarakteri belədir, dərhal özünümüdafiəyə keçir və bu cür siyasi cümlələr qururlar. Biz indiki halda tərəfin kişi ya qadın olmasını deyil, cinayətlə bağlı axtrarışların nəticələrini müzakirə edirik», – deputat söyləyir. O hesab edir ki, Azərbaycanın Z.Hacıyevanı ekstradisiya etməsi doğru olardı.
Z.Oruc Azərbaycanda sıravi vətəndaşların bank sektorundakı talançılıqla bağlı kəskin addımlar atılmasını istədiyini, Beynəlxalq Bankdan milyardlarla vəsaitin sovrulduğunu, bunun büdcə xərclərinə, xarici borcun həcminə təsirsiz ötüşmədiyini bildirir.
«Belə olan halda bunlar nə istəyirlər ki? Gözləyirlər ki, hökumət addım atmasın, Zamirə Hacıyeva da bahalı, dəbdəbəli yerlərdə bazarlıqlarını davam etdirsin? Düşünürəm ki, bu həbs qərarı ən sonda onun Azərbaycana verilməsi ilə sonuclanacaq. Burda başlıca məsələ oğurlanan vəsaitlərin geri qaytarılmasıdır. Bu, təqdir edilməli addımdır», – deyən Z.Oruc ölkədən milyonlar oğurlayıb xarici ölkələrdə sığınacaq tapan digər şəxslərlə bağlı da addımlar atıldığını bildirir. O, xarici ölkədə sığınacaq almağın heç kimi qorumadığı fikrinin bərkiməsini arzulayır.
Xatırladaq ki, Cahangir Hacıyev 2016-cı ildə mənimsəmə ittihamıyla 15 illik həbsə məhkum edilib. O zaman xanım Hacıyeva barəsində axtarış elan olunsa da, o, elə o vaxtdan Britaniyada yaşayırdı. Bu yaxınlarda Britaniya məhkəməsi bu qadının sərvətinin mənbəyini açıqlamasını tələb etdi. Artıq bu ölkənin müstəntiqləri korrupsiyada şübhəli bilinən əcnəbilərdən sərvətlərini qanuni toplamalarının sübutunu tələb edə bilir.
Hacıyeva və ərinin kimliyi ötən ayın əvvəlində ictimaiyyətə açıqlanıb. Hacıyeva Britaniyadakı ödənişləri ərinin bankının buraxdığı 35 kredit kartıyla edib. Britaniya Cinayətkarlıqla Mübarizə Agentliyinin rəhbəri isə etiraf edib ki, C.Hacıyevin «dəbdəbəli «Harrods» ticarət mərkəzində sağa-sola pul xərcləyən» arvadından müsadirə olunan sərvət Azərbaycan dövlətinə verilə bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar