Xəbər lenti
Azərbaycanda gender problemi: 3 ildir avtomobil idarə edir, qohumları isə...
Son zamanlar qadın sürücülərin sayı kifayət qədər artıb. Belə ki, şəhərdə 5 qadından 2 ya da 3-ü maşınını özü idarə edir desək, yanılmarıq. Və bu da kişilərin narazılığına səbəb olur.
Müsahibimiz Günel Həmidova (ad şərtidir) 3 ildir ki, sürücülüklə məşğul olur. 27 yaşı olan xanım sürücü öncə maşın sürməyə meyl göstərməsinin səbəbindan söz açıb.
"Hazırda özəl klinikalardan birində stomotoloq kimi çalışıram. Tələbə olanda gedəcəyim yerlərə atam aparıb gətirirdi. Atam iş adamı olduğundan bu həmişə alınmırdı. Çox vaxt taksi xidmətlərindən istifadə edirdim. Nəhayət ailəlikcə belə qərara gəldik ki, sürücülük kursuna gedim. Təbii ki, getməklə avtomobil idarə etməyi öyrəndim. Daha sonra atam öz maşınını mənə verdi”.
Günel Həmidovanın sözlərinə görə, hər bir insanın rahatlığı baxımından özünün sürücü olması daha yaxşıdır. Amma Azərbaycanda qadın sürücülərə münasibət birmənalı olmadığından maşın idarə etmənin heç də rahat olmadığını deyir.
"3 ildir ki, avtomobil idarə etməyimə baxmayaraq, yaxın qohumlarım belə yaxşı sürücü olduğumu qəbul etmir. Hətta, harasa lazım olanda onları aparmağıma icazə vermirlər”-deyir müsahibimiz.
27 yaşlı Günel Həmidova cəmiyyətdə qadın sürücülərə qarşı bu cür ayrıseçkiliyi qəbul etmədiyini bildirib.
"Nədənsə çox vaxt sürücünün peşəkarlığı deyil, hansı cinsə mənsub olması qabardılır. Bir dəfə rəfiqələrimlə gedərkən kiçik qəza baş verdi. Təbii həyəcanlanmışdım. Bir də gördüm ki, kənar şəxslər telefonla məni çəkir. Bu mənə daha pis təsir bağışladı. Üstəlik "o qıza bax. Sürə bilmirsən sürmə də. Qadın nədir maşın nədir”deyən də oldu. Digər bir hal isə hər hansı qəzanın "qadın sürücü qəza törətdi” başlığı ilə mediada işıqlandırılmasıdır. Hadisəni bu cür başlıqla təqdim edərkən bəzi jurnalistlər fərqinə varmırlar ki, gender balansın pozulmasına şərait yaradırlar”.
Gender balansın pozulması yerli qanunvericilikdə necə tənzim olunur?
Hüquqşünas Xəyal Bəşirli deyir ki, bu cür hallarda gender pozuntuları üzə çıxır. Onun sözlərinə görə, konstitusiyamızın 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.
"Qeyd olunan məsələ ilə bağlı ölkəmizdə ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq hüquqi dövlət quruculuğu sahəsində aparılmaqda olan uğurlu islahatların fonunda çox əhəmiyyətli qanunlar və digər normativ aktlar qəbul olunmuş, bir çox beynəlxalq sənədlər imzalanıb. Öncə onu qeyd edək ki, 1995-ci ildə qəbul olunmuş konstitusiyamızın 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bundan başqa konstitusiyanın 34-cü maddəsinin məzmununa əsasən ər ilə arvadın hüquqları bərabərdir. Bu siyasətin məntiqi davamı kimi onu da vurğulamaq lazımdır ki, 2006-cı ildə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilib. Bu qanuna əsasən gender bərabərliyi dedikdə, qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti başa düşülür. Gender bərabərliyinin təminatları haqqında qanunun 3-cü maddəsinə görə Azərbaycan Respublikası ərazisində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağan olunur”.
Halbuki Azərbaycan qadının cəmiyyətdə çox önəmli yeri var. Azərbaycan qadını ailə və cəmiyyət arasında bir körpüdür.
Bu zaman gender balansın pozulmasında niyə qadınlar əziyyət çəkir?
Xəyal Bəşirli bildirib ki, burada vacib məsələ cəmiyyətdə gender balansının pozulmasında əsas tərəf zərif cinsin nümayəndələrinin hüquqlarının özləri və digərləri tərəfindən pozulmasıdır. Həmçinin o, təhsil sahəsini təkmilləşdirməyin gərəkli olduğunu da qeyd edib.
"Uzun illər boyunca qadın uşaqların tərbiyəsiylə, ailənin gündəlik ehtiyaclarının ödənməsiylə məşğul olub və belə demək olarsa, ailənin yükü, qayğısı onun üzərində olub. Hər hansı qərarın qəbulunda qadınların iştirakı bir o qədər də yüksək olmayıb. Amma bu gün bu stereotiplərdən azad olub, özünü təsdiq edən, cəmiyyətdə baş verən proseslərdə aktiv iştirak edən fəal, güclü qadınlar var. Təbii ki, bu prosesi daha da gücləndirmək, inkişaf etdirmək üçün ilk növbədə təhsil sahəsini təkmilləşdirmək gərəkdir. Yüksək təhsil, bilik, dünyagörüş, intellektual səviyyə gender bərabərliyinin təmin olunmasında vacib məqamlardır. Qeyd etdiyim kimi, cəmiyyətin inkişafının təməlində qadının rolu var. Bu səbəbdən də qadınların siyasi, sosial, mədəni və iqtisadi həyatda iştiraklarını təmin edəcək bütün hüquqlarının kişilərlə bərabər şəkildə faydalanmaları ölkəmiz üçün də aktual bir məsələdir. Gender bərabərliyinin təmin edilməsi məqsədilə ilk olaraq qadınlar hüquqlarına sahib çıxmalı və bu hüquqların həyata keçirilməsi istiqamətində addımlar atmalıdırlar.
Qadınlara qarşı şiddətin hər bir formasının aradan qaldırılması üçün müəyyən qanunlar qəbul edilib. Ən əsası da bu qanunlar çərçivəsində qadınlar hüquqlarının qorunmasını təmin etməlidir. Gender bərabərliyi təkcə qanundakı bərabərliyi nəzərdə tutmur, bu həm də o deməkdir ki, ictimai və siyasi həyatın bütün sahələrində qadınlarla kişilər bərabər mövqeyə, bərabər səlahiyyətlərə, vəzifələrə və eyni dərəcədə iştiraka malikdirlər. Qanunverici orqanlarda qadınların iştirakını artırmaq üçün spesifik məqsədlər daşıyan konkret tədbirlərə ehtiyac var. Qadınlar maliyyə cəhətdən müstəqil olmalı və hökumətlər əmək bazarında bərabərliyə əməl olunmasını təmin etməlidir”.
Hüquqşünas, gender bərabərliyin mediadakı hüquqlarından da söz açıb.
"Gender bərabərliyinin təminatında medianın əsas fəaliyyət istiqaməti bu sahədə mövcud olan hüquq və öhdəlikləri mütəmadi olaraq işıqlandırmaq, cəmiyyət üzvləri arasında maarifləndirmə prosesini genişləndirməkdir. Bu sahə elə həssas bir nöqtədir ki, onu arxa planda saxlamaq arzuolunan hesab edilmir. Nəzərə alsaq ki, kütləvi informasiya vasitələri cəmiyyətin həyatında və insanlarda ictimai rəyin formalaşmasında bilavasitə rol oynayır, demək ki, media gender balansının qorunmasında da müsbətə doğru dəyişiklik etmək iqtidarındadır”.
Gender balansın pozulmasına şərait yaradan nədir? Mental dəyərlər yoxsa...?
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Media eksperti Müşfiq Ələsgərli düşünür ki, qanunvericilik qadınlara qarşı heç bir məhdudiyyət qoymur. Amma mental dəyərlərdən söhbət gedirsə...
"Məsələnin kökünü araşdıranda bəlli olur ki, qadınlar özləri könüllü şəkildə daha çox ailəyə bağlı olurlar. Müəyyən stereotiplər var. Məsələn, qadın saat 6-da evdə olmalıdır. Amma rəhbər olmaq məsələsində isə qadın mütləq işdən sonra da qalıb çalışmalıdır .Burada qanunvericilik məhdudiyyət yaratmır. Sadəcə mental dəyərlər qadınların rəhbərlik səviyyəsində də kişilərlə bərabər təmsil olunmasına mane olur..
Media gender balansın pozulmasına necəşərait yaradır?
Media ekspertinin sözlərinə görə, məsələnin aradan qaldırlmasında mediaqurumlar yardımçı ola bilər.
"Məsələ ondadır ki, jurnalistlər cəmiyyətin öndə gedən təbəqəsindədn biridir. Əgər jurnalistikada vəziyyət belədirsə, digər sahələrdə də bu cür problem yaranır. Düşünürəm ki, mediaqurumları gender balansı təmin etməklə, gender problemini aradan qaldırmaqla cəmiyyətə örnək ola bilərlər. İkinci tərəfi medianın funksional fəaliyyəti ilə bağlıdır. Media nə edə bilər ki,cəmiyyətdə gender bərabərsizlik stereotipləri aradan qalxsın və gender bərabərliyi təşkil etsin. Avropa Şurası ilə işçi qrup formalaşdırmışdıq. İstəyirdik ki, Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarına bəzi əlavə və dəyişikliklər edək. Bu da gender balansla bağlı məsələləri stimullaşdırmaq üçündür. İşçi qrup öncə monitorinq apardı və vəziyyəti araşdırdı. Araşdırma zamanı bəlli olur ki, media bəzən gender bərabərsizliyin aradan qaldırılmasına yox , gender stereotiplərin cəmiyyətdə yayılmasına "yardım” etmiş olur. Məsələn, müsahibinizin dediyi kimi, tez-tez belə başlıqlı yazı gedir. "Qadın sürücü qəza törətdi. Yaxud da dələduz qadın cinayət törətdi”. Əslində dələduzluq və cinayət qanunla qadağan edilən məsələdir. Burada cins məsuliyyəti rol oynamır. İstər qadın, istərsə də kişi olsun fərq etməz. Bir araşdırma aparmışdıq. Məsələn İl ərzində 2500-dən artıq irili xırdalı yol qəza hadisəsi baş verib. Daxili İşlər Nazirliyi qəzanın qadın yaxud da kişi tərəfindən törədilməsinin təsnifatını aparmır. Sadəcə ümumi şəkildə yol qəza hadisəsi baş verib. Amma mediada dərhal "qadın sürücü qəza törətdi” yazılır. Niyə kişilər törədəndə yazılmır amma qadın törədəndə yazılır?!.
Müşfiq Ələsgərli medianın cəmiyyətdə gender balansa təsir etdiyini istisna etməyib.
"Media bu cür hallara yol verməklə cəmiyyətdə gender balansa təsir edir. Qadınların cəmiyyətə pis nümunə olaraq göstərilməsini istəyərəkdən, ya da istəməyərəkdən cəmiyyətə təşviq etmiş olur. Bu cür hallara mediada yol verilməməmlidir. Media hadisəni cinsinə görə təsnif etməməlidir. Əgər baş vermiş hadisə birbaşa şəxsin cinsi ilə bağlı deyilsə, media onun cinsini qabartmamağa çalışmalıdır. Jurnalistlər peşəkar davranış sərgiləmək istəyirlərsə hadisəni törədən şəxsin cinsinə görə yox, məzmununa görə yanaşmalıdırlar. Bu zaman daha çox fayda vermiş olarlar”
Gender balansın qorunmasında maarifləndirmənin rolu
"Eyni zamanda, KİV başqa bir missiya da daşıyır. Gender balansın qorunması ilə məşğul olan qurumlar var. Məsələn, Azərbaycanda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi var. Onlar çox yaxşı bələdçi hazırlayırlar. Bu cür məsələləri yaymaqla maarifləndirmə işləri də aparıla bilər. Ümumilikdə media bu məsələdə digər komponentlərdən daha çox öndədir. Hesab edirik ki, media bu işə dəstək verməklə cəmiyyətdəki gender balansına daha tez nail olmaq olar”-deyib Müşfiq Ələsgərli
Gender balansla bağlı problemlərə Dövlət Komitəsi necə baxır?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov bildirib ki, komitə bu məsələyə biganə yanaşmır.
"Dövlət Komitəsinin fikri ondan ibarətdir ki, mediada məlumatların işıqlandırılması qaydasında kişilərlə qadınlar arasında ayrıseçkiliyə yol verilməməlidir. Zorakılığa məruz qalan, yaxud da zorakılığı törədən şəxsin qadın, ya da kişi cinsinə mənsubluğu əks etdirilməməlidir. "Hadisəni qadın törətdi” kimi qabardılmamalıdır. Çünki heç bir cinayətin cinsi yoxdur. Ona görə də hadisəyə bu aspektdən yanaşma yanlışdır”.
Daha bir təəssüfedici məqam var. Günel Həmidovanın timsalında bir çox qadın sürücülər eyni halı yaşayırlar.Elgün Səfərov deyir ki, istənilən halda seksizmə qarşı çıxmaq lazımdır.
"Ən böyük problemlərdən biri nəinki mediada işıqlandırılması, cinsiyyətinin qabardılması, hətta seksist məsələlərdir. Biz təbii ki, seksizmə qarşı çıxmalıyıq. Burada medianın çox böyük əhəmiyyəti var. Təəssüf ki, media nəinki onun qarşısının alınmasında iştirak edir hətta, bəzi jurnalistlər bəzi hallarda bunu dəstəkləyirlər. Məsələn, hər hansı reklam çarxı gedir. Qadın çılpaq formada əks olunub. Kişi isə kostyumdadır. Bu, qadının cəmiyyətdə rolunu göstərir. Bu, yolverilməzdir. Ona görə də reklam çəkəndə, hansısa marketinq layihələr təşkil edəndə bunları nəzərə almaq lazımdır”.
Gender balansın təmin olunmasında dünyadakı vəziyyət
Əksəriyyət elə düşünür ki, guya gender balans problemi yalnız az inişaf etmiş ölkələrdədir. Hansı ki, belə deyil. Hətta Britaniya, ABŞ kimi ölkələrdə də bu problem var və qabarıqdır. KİV-də qadınların daha zəif gender qismində təqdim olunması onların cəmiyyətdə güclənməsinə mane olan ən əsas amillərdəndir. Bundan əlavə, KİV-də irqi ayrı-seçicilik də yer alır. Məsələn, televizor kanallarında gün ərzində qeyri-ağdərili qadınlar ağdərili qadınlarla müqayisədə daha az nümayiş etdirilir. Digər bir məqam Nobel mükafatı ilə bağlıdır. Burada da yenə də qadınların sayının az olduğunu görə bilərik. 1901-ci ildən bu mükafata layiq görülən 892 nəfərdən yalnız 48-ni qadınlar təşkil edib. Bundan əlavə yalnız bircə qadın iqtisadiyyat üzrə Nobel alıb. Bu göstərici gender bərabərsizliyini qabardır.İnkişaf etmiş ölkələrdə gender balansın pozulmasına dair nümunələr daha çoxdur.
Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində jurnalistlər arasında Gender hüququ: gender balansın stimullaşdırılmasında medianın rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir./moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar