Xəbər lenti
Şəhid övladlarının təhsil haqqı Milli Məclisdə qalmaqal yaratdı
Qarabağ qazilərinin rəhbərliyi də etiraz etdi; Etimad Əsədov: “Mən buna söz tapa bilmirəm...”
Şəhid övladlarının təhsil haqqının dövlət tərəfindən ödənilməsi ilə bağlı verilən qərar parlamentin özündə də mübahisələrə səbəb olub. Ancaq görünür, parlament qərarını dəyişmək fikrində deyil.
“Şəhid ailəsi üzvlərinin və valideynlərini itirmiş gənclərin Elmlər Akademiyasının magistraturasında pulsuz təhsil ala bilmələri üçün müəyyənləşmiş 23 yaş məhdudiyyəti götürülməyəcək”. Bunu modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. Komitə sədri bildirib ki, 23 yaşından sonra artıq şəxs müstəqil həyata, əmək fəaliyyətinə başlayır, özünə iş də qura bilir.: “Ona görə də şəhid ailəsindən olan, eyni zamanda valideynlərini itirmiş gənclər 23 yaşdan sonra magistraturanın təhsil xərclərini ödəyə bilər”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə öz mövqeyində israrlı olduğunu deyib. “Təhsilin magistratura pilləsində şəhid övladlarının 23 yaşdan sonra pul ödəməsi düzgün deyil. Milli Məclisin Əmək və sosial siyasət və Təhsil komitələri bu barədə çox ciddi düşünməlidirlər”,- deyə o, modern.az-a bildirib. Deputat deyib ki, şəhid uşaqları elə bütün yaşlarda şəhid ovladlarıdır. Deputat vurğulayıb ki, vaxtında bakalavr təhsilinə başlaya bilməyən şəhid övladları üçün 23 yaş məhdudiyyəti heç də yaxşı hal deyil: “Ya da şəhid övladı 11-ci sinfi bitirən zaman həmin il təhsilin bakalvr pilləsinə daxil ola bilməz, yəni bu 1-2 il gecikə bilər. Hər şey ola bilər. Axı nəyə görə müəyyən səbəblərdən magistr təhsilini vaxtında ala bilməyən şəhid övladları 23 yaşdan sonra təhsil haqqı ödəməlidir? Bu addım heç bir halda ədalətli və düzgün deyil”.
Deputat 23 yaş məhdudiyyətini sosial ədalətsizlik hesab edir: “Belə olan halda şəhid ailələri dövlətin onlara verdiyi imtiyazlardan tam yararlana bilməyəcəklər. Bu da sosial ədalətsizliyin yaranmasına gətirib çıxaracaq. Dövlətin şəhidlərə münasibətində şəhidlərə qarşı heç bir formada ayrı-seçkilik ola bilməz və biz bu yaş məhdudiyyətini mütləq aradan götürməliyik”. Musa Quliyev İsa Həbibbəylinin “23 yaşdan yuxarı şəhid övladlarl işləyə və hətta özlərinə iş də qura bilər” fikirlərinə bu cür münasibət bildirib: “Əyani oxuyan şəhid övladları özlərinə necə iş qura bilərlər? 23 yaşdan yuxarı şəhid övladları nəyə görə əyani təhsil ala-ala dərsdən sonra işləməlidir ki, təhsil haqqı ödəsinlər?”
“Yeni Müsavat”a açıqlamasında Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov da məsələyə etirazını bildirdi: “Adam hər dəfə belə müzakirələri görəndə varından yox olur. Azərbaycanda nədən şəhidlərimizə bu qədər hörmətsiz yanaşılır, mənfi münasibət bəslənir, mən heç cür başa düşə bilmirəm. Azərbaycanda Vətən uğrunda canını qoymuş insanların övladlarına verilən pensiya dilənçi pensiyalarıdır. Onlara veriləcək qanpulu var. 2014-cü ildə Konstitusiya Məhkəməsi qətnamə qəbul edib ki, 11 min qanpulu verilsin. Bu məsələ parlamentə həvalə olunub ki, qısa zaman kəsiyində bu vəsait ödənilsin, indiyə qədər həllini tapmayıb. Bu gün də şəhid övladının təhsil haqqının 23 yaşdan sonra ləğv olunması şəhidlərə, müharibə insanlarına bizim deputatlarımızın, məmurlarımızın göstərdiyi ”qayğı"dır. Mən buna ad qoymağa çətinlik çəkirəm. Nə qədər ki, sosial siyasət komitəsinin başında Hadı Rəcəbli kimilər duracaq, sosial siyasətdən bəhrələnməli olan təbəqələr belə zülmdə olacaq, haqları tapdanacaq, güzəştləri, imtiyazları əllərindən alınacaq".
E.Əsədov qardaş Türkiyədə, qonşu İranda şəhid ailələrinə göstərilən münasibəti xatırlatdı: “Ordakı qayğının heç olmasa bir faizini burda göstərsinlər. Bir ömür yaşayacaq insan Vətən üçün canından keçib, şəhid olub. İndi onun övladına da bu zülmü, məhrumiyyəti yaşadıb onu dilənçi gününə salacaqlarsa, mənim sözüm yoxdur. Bu, Azərbaycanımızın, o millət vəkillərinin, sosial siyasət komitəsinin adına utancdır ki, belə məsələləri gündəmə gətirirlər”. Cəmiyyət sədri bildirdi ki, bu məsələ də daxil olmaqla, ölkə prezidentinə müraciət olunacaq: “Tək bu məsələ ilə yox, həm də şəhid ailələrinin ”qanpulu" ilə bağlı müraciətimiz olacaq. Hadı Rəcəbli orada nağıllar danışır, deyir, şəhid ailələrinə kompensasiya verməyə gücümüz çatmaz, dövlətdə pul yoxdur. Əvvəla, dövlətin büdcəsinə sənin nə aidiyyətin var? Digər tərəfdən, sən bu insanların normal yaşaması üçün çalışmalısan. Mən bu qanpulunun artırılması ilə bağlı təşəbbüslə çıxış edən deputatlara təşəkkür edirəm. Deyirlər ki, artıq 11 min manat dəyərdən düşüb, şəhidlər daha böyük hörmətə layiqdir, 100 min verilməlidir. Amma mən deyirəm ki, 100 min vermək lazım deyil, elə cənab prezidentin sərəncamı ilə ayrılan 11 mini versinlər, camaat bu zülmdən qurtarsın".(musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar