Xəbər lenti
Baş pediatrdan peyvəndlərin keyfiyyəti haqda AÇIQLAMA: “Özəl klinikalar bunu bilərək edir”
Azərbaycanda hər il olduğu kimi, bu il də "Avropa immunlaşdırma həftəsi" keçirilir. Aprelin 23-dən 29-dək keçirilən immunlaşdırma həftəsi çərçivəsində sahə poliklinikaları tərəfindən hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqlar milli peyvənd təqviminə uyğun olaraq peyvənd edilirlər. Amma o da həqiqətdir ki, immunlaşdırma həftəsi zamanı da bütün uşaqlar peyvəndə cəlb olunmur. Bu məsələdə 100 faizlik göstərici əldə etmək mümkün olmur. Əksər hallarda buna səbəb valideynlərin peyvənd vurdurmaqdan imtina etməsidir. Peyvəndlərlə bağlı cəmiyyət arasında yayılan müxtəlif mənfi fikirlər də uşaqların peyvənddən yayındırılması ilə nəticələnir.
Peyvəndlərin zərəri ilə bağlı israilli həkimin iddiası...
Əbəs deyil ki, israilli həkim Lev Levitin bu yaxınlarda peyvəndlərin faydasından çox zərəri olduğu barədə fikirləri də ölkəmizdə birmənalı qarşılanmadı. Yəhudi həkimin sözlərinə görə, uşaqlara peyvənd vurdurmağın heç bir faydası və köməyi yoxdur: “Yaş yarımına qədər uşağa üç, beş valentli vaksinlər də daxil olmaqla, 30-a yaxın peyvənd vurulur. Nəticədə görürük ki, uşaq vurulan peyvəndə qəribə, bəzən də sərt reaksiyalar verir, öskürək, qızdırma, qıcolma ilə müşayiət olunan bu durum bir sıra patologiyalara yol açır. Birdən-birə valideyn fərqinə varır ki, uşağın inkişafı geriləyir, aqressivləşir, danışanda gözümüzə baxmır, başını divara çırpır və s. Valideyn də tapa bilmir ki, səbəb nə ola bilər. Bəlkə vurdurduğunuz peyvəndlərdir? Heç düşünmüsünüz bu haqda? Pediatr isə sakitləşdirir, bir az da səbir edin, gözləyin, hər şey qaydasına düşəcək. Vəziyyət isə pisə doğru dəyişir".
Bəs peyvəndlərlə bağlı əsl həqiqət necədir? Doğrudanmı peyvənd uşaqlarda ciddi fəsadlara yol açır? Özəl tibb müəssisələrində vurulan peyvəndlərin qiymətinin dövlət tibb müəssisələrində vurulan peyvəndlərdən baha olması keyfiyyət göstəricisidirmi?
Ailem.az bu suallara aydınlıq gətirmək üçün kiçik bir araşdırma aparıb.
Azərbaycanın baş pediatrı Nəsib Quliyev bildirdi ki, kim övladını peyvənd vurdurmaqdan yayındırıbsa, onun bu hərəkətinə heç cür haqq qazandırmaq mümkün deyil: “Onlar şayiələrə inanaraq səhv yol tuturlar. Ona görə də hər bir valideynə məsləhətimiz odur ki, uşaqlarını peyvənddən yayındırmasınlar. Bu məsuliyyət həm də uşaqların məcburi dispanserizasiya haqqında qanununda da əksini tapıb. Valideyn hər hansı bir səbəbdən uşağı peyvənddən yayındırıbsa, bu zaman ondan yazılı izahat tələb olunur. Hər kəs bilməlidir ki, dünyada peyvəndin alternativi yoxdur. Bu günə qədər yer kürəsində peyvəndi əvəz edən profilaktika icad olunmayıb. “İstəmirəm”, “uşaqlarıma peyvənd vurmağa qoymuram” kimi mövqelər uşağa böyük zərər verir”.
Həkim deyir ki, Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı peyvənd olunur və peyvəndlə əhatə 95-97 faiz həddindədir: “Hazırda Azərbaycanda uşaqların peyvəndlə əhatəsi yüksək faizdə davam edir. İmtinalar isə az faiz təşkil edir, 3-5 faiz həddindədir. Elə onun nəticəsidir ki, hazırda Azərbaycanda nə qızılca var, nə məxmərək, nə də difteriya. Bunlar hamısı məhz o peyvəndin nəticəsində əldə olunan uğurlardır”.
Alınan peyvəndlərin qiyməti ucuz başa gəlir
Peyvəndlərin müzakirəyə səbəb olan qiymətləri ilə bağlı məsələyə aydınlıq gətirən mütəxəssis diqqətə çatdırdı ki, peyvənd istehsal edən bütün zavodlar Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri tərəfindən bilavasitə nəzarətdə saxlanılır: “Onların hamısına qarşı tələbat eynidir və beynəlxalq nəzarət var. Ona görə də kimsə deyəndə ki, hansısa peyvənd yaxşıdır, hansısa pisdir, bu, inandırıcı deyil. Yəni bütün bu məlumatlar şayiə xarakterlidir. Peyvəndin qiymətinə gəldikdə isə, Azərbaycan dövləti vaksinləri onu istehsal edən zavoddan 100 min dozalarla topdan satış qiymətinə və əvvəldən bağlanan müqavilə əsasında alır. Ona görə də alınan peyvəndlərin qiyməti pərakəndə satışlar, tək dozalılar satılan yerlərlə müqayisədə 5 dəfədən, 10 dəfəyə qədər ucuz başa gəlir. Tutaq ki, özəl tibb müəssisəsi vaksini bir dozalı alıb gətirir istifadə edir, qurtaranda yenə alıb gətirir. Bu bir dozalıq vaksinlər də onlara çox baha qiymətə başa gəlir. Amma dövlət onu flakonlarda 10 doza, 20 doza alır. Həm də birbaşa istehsalçıdan alır. Bu da qiymətdə 5 dəfədən artıq fərq edir. Kim deyirsə ki, dövlət xəstəxanalarında vurulan peyvəndlərin keyfiyyəti pisdir, özəl tibb müəssisələrində vurulanlar keyfiyyətlidir bu, çox xoşagəlməz fikirlərdir və əsassızdır”.
Özəl kilinikalar şayiə yayır ki, pul qazansınlar
“Bunlar gülüş doğuran və reklam xarakterli şayiələrdir. Bunu isə özəl tibb müəssisələri edir ki, gedib onlarda peyvənd etdirsinlər, onlar da pul qazansın. Azərbaycana gələn peyvənd preparatları dünyanın ən məşhur zavodlarında istehsal olunur. Fransadan, Belçikadan, İtaliyadan, Rusiyadan, Hindistandan gəlir. Vaksinin istehsal yerinin keyfiyyətlə əlaqəsi yoxdur. Hər yerdə tələbat eynidir. Çünki vaksin istehsal edən zavod, yalnız öz ölkəsi üçün deyil, bütün dünya üçün peyvənd istehsal edir. Tələbat da hər yerdə eynidir. ÜST-də vaksinlə bağlı ayrıca strateji nəzarət qrupu var. Onların lisenziyası olmasa heç bir zavod nə peyvənd istehsal edə bilər, nə də satışa çıxara bilər”, - deyə N. Quliyev qeyd edib.
Azərbaycanda peyvənddən kənarda qalan uşaqlar var
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə peyvəndlərlə bağlı mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda vaksinlə idarəolunan xəstəliklərə yoluxma halları qeydə alınmır: "Azərbaycanda qızılcaya yoluxma halları yoxdur. Ukraynada isə peyvəndləmə səviyyəsi aşağı olduğundan, insanlar ondan imtina etdiklərindən qızılca xəstəliyi alovlanıb. Azərbaycanda peyvənddən kənarda qalan uşaqlar var. Buna görə də belə uşaqlar xaricə gedərkən onlar xəstəliyə yoluxa bilərlər. Bu səbəbdən valideynlər çox diqqətli olmalı, uşaqlarını peyvənd etdirməlidirlər".
A.Əliyeva bildirib ki, 2014-cü ildən vaksin preparatları Azərbaycana UNICEF xətti ilə gəlir. Ölkəyə daxil olan vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Ölkə ərazisinə daxil olan və özəl tibb müəssisələrində istifadə olunan vaksinlər Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir.
Statistikanın köməyi ilə faktlara baxış
Roush və yoldaşlarının JAMA-da dərc edilmiş peyvəndlərin istifadəsinin tarixi haqqında məqaləsində isə ABŞ-da peyvəndlərin istifadəsinin xəstəliklərin görülmə sıxlığı və fəsadları üzərində təsirini göstərən cədvəl belədir.
Difteriya: Rutin peyvənd praktikası 1928-1943-cü illər arasında aparılmışdır. Peyvənd kampaniyasının təsirinin başlanmasından əvvəl ABŞ-da ortalama olaraq ildə 21 000 insan difteriya ilə xəstələnir, bunlardan 1 822-si vəfat edirmiş. Peyvənd kampaniyası sayəsində artıq ABŞ-da difteriya halları və dolayısı ilə difteriyaya bağlı ölüm heç görülmür.
Qızılca: Rutin peyvənd kampaniyası 1963, 1965 və 1968-ci illərdə aparılmışdır. Bundan əvvəl ortalama olaraq illik yarım milyon insan qızılca xəstəliyinə tutulur, bunlardan 440-ı vəfat edirmiş. İndilərdə isə ABŞ-da ortalama olaraq ildə 55 hadisə qeydə alınmasına baxmayaraq, bu xəstəlikdən ölüm halları heç görülməmişdir.
Poliomiyelit: Rutin peyvənd proqramı 1955-ci ildən başlamışdır. Kampaniyadan əvvəl ABŞ-da həm kəskin, həm də paralitik poliomiyelit sayı ortalama olaraq ildə 36 000 hadisə olmuşdur. Bunlardan 3 000 nəfərə yaxın insan itirilmişdir. Peyvənd kampaniyasından sonra isə poliomiyelit tamamilə ortadan qaldırılmışdır.
1961-1972-ci illər arasında ABŞ-da hər 4 milyon beş yüz əlli min poliomiyelit peyvəndindən ancaq 1-i fəsad vermişdir.
Bundan əvvəl isə ortalama olaraq ildə 3 000 insan poliomiyelit xəstəliyi ucbatından itirilirdi.
Araşdırmaya əsasən məlum olur ki, peyvəndlərin faydası zərərlərindən çoxdur, özü də dəfələrlə. Hazırda adı çəkilən yoluxucu xəstəliklərin kütləvi hal almaması cəmiyyətdəki əksər vətəndaşların peyvəndlərdən yayınmamasının müsbət nəticəsidir. Buna görə də hansısa şayiələrə inanaraq, peyvənddən imtina edərək, uşaqlarınızın həyatını təhlükəyə atmağa dəyməz.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar