Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dərman bazarında ciddi problem: Yeni qərar niyə işləmir?

Tarix: 16-12-2023 19:41     Baxış: 3225 A- / A+


Tarif Şurası tərəfindən dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı 15 sentyabr 2023-cü il tarixində yeni qərar qəbul edilib. Dəyişikliyə görə, artıq dərmanlarla bağlı vahid qiymət siyasəti yoxdur.
Yəni dərmanların yuxarı həddi müəyyən edilir və apteklər dərman vasitələrini bundan daha aşağı qiymətə sata bilərlər. Bəs tətbiq edildiyi zaman ərzində bu qərar özünü doğrulda bilirmi?
Bəzi dərmanlar ucuzlaşıb
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli dedi ki, bu qərardan sonra daha ucuz dərmanlar ölkəyə gətirilə biləcək: “Dərman vasitələri haqqında” qanunvericilikdə olan dəyişikliklər və Nazirlər Kabinetinin müvafiq qərarından sonra dərman qiymətlərinin üst həddi Tarif Şurası tərəfindən müəyyənləşdirildi. Aşağı hədlər isə rəqabət prinsiplərinə uyğun şəkildə tənzimlənəcək. Dərman idxalını həyata keçirən böyük şirkətlər keyfiyyətinə təminat verilən və daha ucuz qiymətə olan preparatları ölkəyə gətirəcəklər. Dərman preparatlarının ölkəyə idxalı nisbətən asanlaşacaq. Beləliklə, rəqabət nəticəsində qiymətlərin aşağı düşməsi mümkün olacaq. Hazırda apteklərdə müəyyən preparatlarda qiymətlərdə ucuzlaşmanı müşahidə edirik”.
Tapılmayan dərman problemimiz aradan qalxıb
Deputatın sözlərinə görə, bu qərardan sonra tapılmayan dərman problemimiz aradan qalxıb: “8-9 ay bundan öncə bəzi dərman preparatlarının apteklərdə tapılmadığının şahidi olurduq. Çünki bir çox dərmanların qiyməti cəlbedici olmadığına görə, idxal edən şirkətlər tərəfindən onların gətirilməsi maraqlı deyildi. Amma dəyişikliklərdən sonra müşahidə edirik ki, hansısa preparatın olmaması məsələsi daha gündəmdə deyil. Artıq lazım olan preparatları dərman bazarında tapa bilirik. Amma qiymətlərdəki enmələri hələ düşündüyümüz səviyyədə görə bilmirik, gözlənilən effekt alınmır. Yəqin ki, bir neçə aydan sonra bunu da müşahidə edə biləcəyik. Qiymətlərin enməsi insanların əlavə xərclərinin daha da azalmasına gətirib çıxaracaq”.
Topdansatış şirkətlərinə qadağa tətbiq edilsin
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirdi ki, bu yenilik, əksinə, apteklərə ziyan verəcək: “Aptek sahəsində hər hansı ciddi dəyişiklik müşahidə olunmur. Bu qərarın dərmanların çeşidinə, yaxud dərman bazarında gətirilməyən preparatların yenidən bazara qayıtmasına elə də ciddi təsiri olmayacaq. Bundan əvvəlki qərarlarda dərmanın üzərinə konkret rəqəm vurulurdu və həmin qiymətdən aşağı və yuxarı satmaq qadağan idi. İndi isə topdansatışla məşğul olan bir neçə iri şirkətlər öz aptek şəbəkələrində istədikləri qiyməti qoymaqla digər pərakəndə satışla məşğul olan apteklərin sıradan çıxmasına nail olacaqlar. Topdansatış ilə məşğul olan şirkətlərə aptek şəbəkələri yaratmaları ilə bağlı qadağalar tətbiq olunsa, o zaman bazarda pərakəndə satışla fəaliyyət göstərən apteklərin sıradan çıxmasının qarşısı alına bilər. Əks halda, bu qərar tədricən kiçik sahibkarların fəaliyyətlərini dayandırmalarına gətirib çıxaracaq. Çünki apteklərin maliyyə imkanları eyni deyil”.
Qiymətlərin liberallaşması vacibdir
Ekspertin fikrincə, dərman qiymətlərində böyük fərq olmayacaq: “Qiymətlər arasında elə böyük faiz fərqi yox idi. Ona görə deyə bilmərik ki, insanları dərmanların ucuzlaşması ilə bağlı ciddi sürprizlər gözləyir. Çünki əslində qiymət ucuzlaşması baş vermir. Amma dərman bazarında qiymətlərin liberallaşması vacibdir”.
“İnsanların qiyməti bilməyə ixtiyarı var”
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, farmakoloq Aydın Əliyev qeyd etdi ki, insanlar bu qərardan məlumatlı olmalı və apteklərdən haqqını tələb etməlidir: “Müəyyənləşdirilmiş qiymətdən daha aşağı satan apteklər mövcuddur. Bu qərar apteklərə sahibkarlıq nöqteyi-nəzərdən xeyirdir ki, insanlar onlara daha çox müraciət edir. Vətəndaşlar aptekdə soruşmalıdır ki, aldığı dərmana Tarif Şurası hansı qiyməti qoyub. İnsanlar dərmanların qiymətinin aşağı və yuxarı həddini bilməlidir. Amma vətəndaşlar qərardan məlumatsızdırlar və heç nə soruşmurlar. Vətəndaşlar Tarif Şurasının qərarından istifadə etməlidir”.
Qərar var, amma tətbiq edilmir
Yeni qanunun nə qədər işlək olduğunu müəyyən etmək üçün şəhərin müxtəlif istiqamətlərindəki apteklər arasında da sorğu keçirdik. Sorğu zamanı ortaya çıxdı ki, həm paytaxtın mərkəzində, həm də kənarda yerləşən apteklərin heç birinin yenilikdən xəbər yoxdur. Özəl şirkətlərə məxsus apteklərdən bildirildi ki, onlara qiymət tabe olduqları müəssisə tərəfindən göndərilir. Şəxsi apteklərdə isə qiymətlər depolar tərəfindən müəyyən edilir. Depo apteklərdən verilən məlumata görə, onlarda Tarif Şurası tərəfindən qəbul edilən qiymətlər əsasında satış edilir. ("Kaspi" qəzeti)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar