Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ münaqişəsi niyə hələ də həll olunmayıb? - İsrail mətbuatının araşdırması

Tarix: 15-02-2018 19:58     Baxış: 2993 A- / A+
Qarabağ münaqişəsi niyə hələ də həll olunmayıb? - İsrail mətbuatının araşdırması


İsrailin nüfuzlu "THE JERUSALEM POST" nəşri Dağlıq Qarabağ probleminə həsr olunmuş məqalə yayınlayıb.
Manevr.az həmin məqaləni təqdim edir:

Bu ay Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlamasının 30 ili tamam olur. Lakin təəssüf ki, bu münaqişənin həlli haqda danışmaq hələ çox tezdir. Niyə? Tərəflər, Azərbaycan ərazisinin 20%-nin işğalı, təxminən 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsilə nəticələnmiş Dağlıq Qarabağ münaqişəsini niyə həll edə bilmir?

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına yekdilliklə qəbul etdiyi 4 qətnamə ilə (822, 853, 874 və 884 saylı) reaksiya verib. Bu qətnamələr Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyir. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə hörmət edilməsinə çağırş yer alır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində ərazilərin güc yolu ilə işğalının yolverilməz olduğu da vurğulanır, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin daimi yaşayış yerlərinə təhlükəsiz şəraitdə qaytarılması üçün şəraitin yaradılması tələb olunur. Lakin Ermənistan bu qətnamələrin tələblərinə əməl etmir.

Rəsmi Yerevanın problemin həllinə dair danışıqlar prosesində nümayiş etdirdiyi destruktiv mövqe, atəşkəs rejimini tez-tez pozması və cəbhəyanı ərazilərdə yerləşən kəndlərdə yaşayan mülki əhaliyə atəş açması hər an münaqişənin gərginləşməsilə nəticələnə bilər. Xatırladaq ki, 2016-cı ilin aprelində belə də olmuşdu. Nəticədə Azərbaycan qısa müddət ərzində işğal altındakı ərazilərinin bir hissəsini azad etmişdi.

Beynəlxalq ictimaiyyətin bu hadisəyə reaksiyası da özünü çox gözlətməmişdi: BMT və ATƏT daxil olmaqla, nüfuzlu təşkilatlar, həmçinin ABŞ, Rusiya və başqa ölkələr tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırmışdı.

Bəs beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə dərhal reaksiya verməsi nə ilə bağlı idi? Avropa başa düşür ki, bu münaqişə təkcə Cənubi Qafqazın deyil, bütünlükdə Avropanın təhlükəsizliyinə təhdiddir. Niyə Avropanın? Çünki Azərbaycan dünya bazarına neft tədarükünü təmin edən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi qlobal enerji layihələrini uğurla həyata keçirib, bu yaxınlarda isə Bakı-Tbilisi-Qars dəmir yolunu istismara verib.

Bununla yanaşı, TANAP və TAP qaz kəmərlərinin tikintisi başa çatdıqdan sonra Azərbaycan qazı da Avropaya nəql ediləcək. Hazırda Avropanın karbohidrogen resursları sürətlə tükənir və onun sabit enerji tədarükünə ehtiyacı var. Bu baxımdan, Azərbaycan ən etibarlı və sabit tədarükçülərdən biri hesab olunur.

Beləliklə, dünya birliyi Qarabağ probleminin həllinə böyük diqqət ayırmalıdır. Dağlıq Qarabağda genişmiqyaslı müharibənin başlayacağı təqdirdə Avropa ölkələrinin iqtisadi maraqlarına zərbə dəyəcək. Bu bölgədə müharibənin başlaması Avropanın enerji təhlükəsizliyinə birbaşa təhdiddir. Lakin Avropa bunu yaxşı başa düşsə də, Dağlıq Qarabağ münaqişəsinin həllinə lazımi diqqəti ayırmır. ATƏT, Avropa Parlamenti, Avropa Komissiyası və avropalı siyasətçilər bu haqda ciddi düşünməli, problemin həllinə ciddi səy göstərməlidirlər. Bu vəziyyətdən bir çıxış yolu var: BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində tələb olunduğu kimi, Azərbaycanın işğal altında olan əraziləri – Dağlıq Qarabağ və ona bitişik 7 rayon azad edilməlidir.

ATƏT-ə üzv olan ölkələrin təmsil olunduğu Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarını axtarır. Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Tükiyə, həmçinin Azərbaycanla Ermənistan da Minsk qrupunun üzvləridir. Təəssüf ki, bu qurumun münaqişənin diplomatik yolla həllinə göstərdiyi səylər nəticə vermir. ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı fəaliyyətə başladığı dövrdən, Dağlıq Qarabağ münaqişəsində status-kvo dəyişməyib.

Bütün bunlarla yanaşı, 2008-ci il martın 14-də Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında irəli sürülmüş 62/243 nömrəli qətnamənin (sənəddə erməni hərbi birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən dərhal, tam, qeyd-şərtsiz çıxarılması tələb olunurdu) ATƏT-in Minsk qrupunun həmsədr ölkələri (ABŞ, Rusiya, Fransa) tərəfindən rədd olunması isə Azərbaycan cəmiyyətinin bu quruma inamını sarsıdıb. Qeyd edək ki, o zaman 39 ölkə bu qətnamənin leyhinə, 7 ölkə əleyhinə səs vermiş, 100 ölkə isə bitərəf qalmışdı. Maraqlıdır ki, Azərbaycanın irəli sürdüyü qətnamənin əleyhinə səs verənlər arasında Minsk qrupuna həmsədrlik edən ölkələr də var idi. Belə olan təqdirdə Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməsinin perspektivi varmı? Rəsmi Bakı həmsədr dövlətlərinin passiv mövqeyi üzündən Minsk qrupuna skeptik yanaşır. Azərbaycanda Minsk qrupunun formatına yenidən baxılması ilə bağlı fikirlər də səsləndirilir. Odur ki, gələcəkdə onun tərkibinə yeni dövlətlərin daxil ediləcəyi istisna deyil.

Dünyanın sabitliyinə başlıca təhdid terrorçuluq deyil, separatizmdir. Bəli, separatizm! Hər bir region separatizm təhdidi və ölkələrin ərazi bütövlüyünün pozulması faktı ilə üz-üzədir. BMT Baş Assambleyasının 2017-ci ilin sentyabrında Nyu-Yorkda keçirilmiş 72-ci sessiyasında da bu mövzuya xüsusi diqqət ayrılmışdı. Dünya liderləri BMT tribunasından bu təşkilata üzv ölkələrin ərazi bütövlüyünə və suverenliyinə qeyd-şərtsiz hörmət edilməsinə çağırışlar edirdi. Həmin sessiyada Azərbaycan prezidenti İlham Əliyev də çıxış etmiş, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və onun fəlakətli nəticələri haqda danışmışdı.

Hazırda bütün dünya separatizm virusuna yoluxub. Odur ki, bu şər anlayışın dövlətlərin suverenliyi və ərazi bütövlüyü üzərində üstünlük əldə edə bilməməsi üçün onunla mübarizə aparmağa ehtiyac var. Azərbaycan bu təhlükə ilə üzləşib və ərazisinin bir hissəsini itirib. İndi isə separatizm Avropanı sarsıtmaqdadır. İspaniyanın Kataloniya bölgəsinin rəhbərliyi bu yaxınlarda "müstəqillik haqda referendum” keçirib. Lakin bu referendumun nəticəsi İspaniya hökuməti tərəfindən tanınmayıb. Əgər İspaniya hökuməti Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemonu və hökumətini hakimiyyətdən uzaqlaşdırmasaydı, İtaliyanın Veneto, Belçikanın Flandriya, Almaniyanın Bavariya regionu da bu yolla gedə bilərdi.

Avropa ölkələrinin liderləri və əlbəttə ki, Avropa İttifaqı separatizmə qarşı preventiv tədbirlər görülməyəcəyi təqdirdə, onun təxminedilməz nəticələr verə biləcəyini yaxşı anlayır.

Separatizm çox ciddi problemdir və o, BMT üçün də təhdiddir. Əgər separatizm dalğası bütün Avropaya yayılarsa, bu təşkilatın gələcəyi sual altında qala bilər. Bir çox ölkələr BMT-nin beynəlxalq hüququn təmin edə bilməməsi üzündən onsuz da bu quruma skeptik yanaşır. Hər kəs bilir ki, BMT qətnamələrinin tələblərinə heç də bütün ölkələr əməl etmir. Artıq qeyd etdiyimiz kimi, Ermənistan da bu qətnamələrə məhəl qoymur.

Bəs bəzi dövlətlərin BMT qətnamələrinin tələblərinə əməl etməməsi nə ilə bağlıdır? Qurum buna niyə nəzarət edə bilmir? Axı, hər bir dövlət beynəlxalq hüququn yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Elə deyilmi?

Problem budur ki, indi, faktiki olaraq beynəlxalq hüquq sistemi yoxdur. Bu sistem NATO-nun 1999-cu ildə Yuqoslaviyanı bombardman etməsilə dağılıb. Həmin dövrdən etibarən dünya xaosa qərq olub və bir çox ölkələr BMT-nin qaydalarına əməl etməməyə başlayıb. Bu beynəlxalq xaosun onilliklər boyu davam edəcəyi istisna deyil. Çünki Avropada və dünyanın müxtəlif hissələrində separatizm probleminə diqqət ayrılmır, Ermənistan daxil olmaqla, bəzi dövlətlər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur. Əgər qlobal dəyişiklik baş verməsə, yaxşılığa doğru heç bir dəyişiklik olmayacaq.
(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar