Xəbər lenti
"Qardan duvaqlı" Murov- sənədli hekayə
Hər tərəf ağappaq idi. Hava soyuq olsa da, ətrafa sakitik çökmüşdü. Bir neçə gün davam edən aramsız döyüşlər yenicə səngimişdi. Bu atışmalardan bezmiş torpaq da öz qalın qar yorğanının altında mürgüləməkdə idi. Səngərdə oturub ətrafı gözdən keçirir, əzəmətli dağlarımıza, «ağ xələt bürünmüş» kədərli meşələrə baxdıqca: ilahi, gör necə yerlərimiz düşmən əlindədir. Biz nədə səhv etdik?- düşünürdü.
«Kəlbəcərin qışı çox sərt keçir» deyirdilər bir-birilərinə. Yazı-yayı nə qədər səfalı, ürəkaçan olursa, qışı da o qədər soyuq, kövrək olurmuş buraların. Kəşfiyyata gedəcəkdilər. Axşamdan başlayan hazırlıq başa çatmış, gedənlərə lazımi təlimat və tapşırıqlar verilmişdi. Bu dağları yaxşı tanıyan yerli sakinlərdən biri könüllü olaraq onlara qoşulmuşdu. Hamısı ağ paltar geyinmiş, silahlarını çiyinlərindən asaraq düşmən mövqelərinə tərəf sürünürdülər. Texnikanın ən yeni növləri ilə təchiz edilmiş düşmənin bütün cəbhə xəttini nəzərdə saxladığını yaxşı bilirdilər. Bunu nəzərdə tutan komandanlıq onlara çox ehtiyatlı olmağı tapşırmışdı.
Xeyli irəliləmiş, düşmən mövqelərinə yaxınlaşmışdılar. Ətrafı diqqətlə dinlədikdə yaxın səngərlərdə oturmuş düşmən əsgərlərinin danışıqlarını eşitmək olurdu. Öz aralarında nəsə danışır, mübahisə edirdilər. Hayların dilini yaxşı bilən bələdçi «qumar oynayıblar, uduzan pulu vermir. O üzdən dalaşırlar» dedi. Hamısının ürəyindən silahı götürüb düşmənin üzərinə şığımaq keçirdi. Ancaq ciddi təlimat aldıqları üçün bu istəkdən vaz keçməli oldular. Onlara düşmən qüvvələrinə yardıma gəlmiş yeni bölüyün sayı və texnikası haqda bilgi toplamaq tapşırılmışdı.
Bir qədər irəliləyib dağın döşünə çatdılar. Aşağıdan yuxarı baxanda Murov ağ saqqalı müdrik insanı xatırladırdı. Yoldaşlarından biri Vaqifə: -müharibə bitsin, Murovu ziyarətə gələcəyəm,- dedi. Vaqifin yadına öz toyu düşdü. Sevdiyi xanım başdan-ayağa ağ geyinmişdi. Murovun bu halı ona ağ gəlinlik paltarını xatırlatdı. Ürəyində «»kaş, övladımız olaydı«» niskili baş qaldırdı. «Allaha təvəkkül» düşündü qəlbində. Bu an çox da uzaq olmayan ərazidə güclü partlayış oldu. Ardınca avtomatların şaqqıltısı eşidildi. Hər tərəf ağa büründü, lap toyunda olduğu kimi.......
* * * * * *
Yazın ən gözəl çağında - apreldə doğulmuşdu. Adını Vaqif qoydular. Ailə üzvləri, qohum-qonşular da sevindi. Bütün uşaqlar kimi böyüdü: hər şeylə maraqlanaraq, çoxlu sual verib ətrafını öyrənmək, dərk etmək istiyərək, alınan oyuncaqlarını sökərək, xoş, mehriban münasibət görəndə sevinərək, soyuqluq görəndə inciyərək, yıxılanda ağlayaraq ..... Ən başlıcası: sevilərək böyüdü Vaqif, sevilərək. Qəlbinə yatan bu xoş münasibətlər toplanaraq sevgiyə çevrildi: anaya, ailəyə, Vətənə sevgi cücərdi daxilində.
Onun çalışqanlığı məktəbdə oxuduğu illərdən hamını heyran etmişdi. Valideynlərinin ən yaxın köməkçisi idi Vaqif. Bütün ilk oğul övladları kimi onun da ən yaxın dostu, sirdaşı anası idi. Heç bir sirrini anasından gizləməz, sevinc payını da, kədər payını da onunla bölərdi. Ana-bala sakitcə söhbət etdikdə Əsəd kişi onlara zarafatla «yenə nə qurursuz ana-bala? » deyərdi. Ancaq analı günlərin acı xatirəsi tez yandırdı içini. Anasını erkən itirdi Vaqif. Indi onun anası Qaracəmirli kəndinin xan çinarı idi. Bir dərdi, niskili olanda, sevinc payını bölüşmək istəyəndə bu çinara üz tutdu, mehr-məhəbbətini bu çinara saldı. Bütün anasız uşaqlara xas olan kədər yuva qurmuşdu gözlərində. Baxışları hüznlü, səsi daim titrək olurdu.
Nənəsi demiş «böyüyüb həddi-buluğa çatmışdı» artıq. Atasının ailəni dolandırmaq üçün çəkdiyi əziyyəti gördükdə, bu ağır yükün altına «çiyin vermək» lazım olduğunu düşünürdü. Artıq 15 yaşı vardı. Bu haqda atasına özü dedi. Atasının kövrəldiyini gördükdə
-Burda nə var ki? Böyümüşəm, işləmək istəyirəm,-dedi.
1981-ci ilin yayında sənədlərini oxuduği 1 saylı orta məktəbdən götürərək, Şəmkir rayonunda yerləşən 107 saylı texniki peşə məktəbinə verdi. 3 il sonra peşəkar traktorçu kimi bitirdi məktəbi. Oxuduğu müddətdə kəndlərində traktorçu kimi çalışmış, torpağın sirlərinə bələd olmuşdu. Ondan «dünyada ən çox sevdiyin qoxu hansıdır? » soruşsaydılar, şübhəsiz, «torpaq ətridir» deyərdi.
Zaman yetişmişdi, vətənin borcunu vermək lazım idi. Onunla görüşməyə gələn qohumlara «2 il bir şey deyil. Tezliklə başa vurub qayıdacağam. Nigaranlığım atamdandır, ailəni tək dolandıra biləcəkmi? »,- deyirdi.
Hərbi xidməti Belarusiyada keçdi. Əvvəl əziyyət çəksə də, tezliklə şəraitə alışdı. Əməksevərliyi və qoçaqlığı onu əsgər və zabitlərin gözündə ucaltdı. Traktorçu diplomu köməyinə çatdı və o xidmətini tank qoşunları hissəsində başa vurdu. Dəfələrlə təşəkkürnamə və «Отличник Советской Армии » (sovet ordusu əlaçısı) döş nişanı ilə təltif olundu.
1986-cı il. Gözlənilən iki il başa çatdı. Qaracəmirlidə onu sevinclə qarşıladılar. Ancaq onun gözləri bu qədər insanın içərisində daha çox bir nəfəri arayır, ən əvvəl onu görmək istəyirdi-anası Anaxanımı. Vaqif özü anasının illər öncə əbədiyyətə qovuşduğunu bilir və həmin günü bugün yaşayırmış kimi xatırlayırdı. Ancaq bu illər ərzində onu yad etmədiyi bir günü belə olmamışdı.
Yenə öz peşəsini davam etdirir, kənd camaatının tarla-bostan işinə yardım edirdi. Son zamanlar bir gözələ könül vermişdi. Fikri qəti idi: evlənəcəkdi. Yenə anasını xatırladı. Dərin bir niskillə «Ana! Ana!» pıçıldadı dodaqları. Elçi göndərdi qız qapısına. Gedənlər sevincək qayıtdılar. Toyları oldu. Əsəd kişinin qapısında mağar quruldu. Qapısının kandarında nimçələr düzüldü, noğul, şərbət paylandı. Ağ paltarlı, qırmızı duvaqlı gəlin gəldi ocağına Əsəd kişinin. Tezliklə nəvə sahibi olmaq arzusu cücərdi içində. Ya qismət ....
80-ci illərin sonu çox uğursuz gəldi. Bir yandan Azərbaycanın qədim İrəvan mahalından insanların deportasiya edilməsi, bu azmış kimi digər tərəfdən Dağlıq Qarabağ adlanan qədim torpaqlarımızdan Azərbaycan türklərinin ev-eşiklərindən didərgin salınması respublikanı ağır vəziyyətə saldı. Yetmiş il mövcud olmuş sovet rejiminin dağılması, bu xarabanın qalıqları üzərindən qonşu respublikaları idarə etməyə çalışan, onları müstəqil görmək istəməyən Rusiya Federasiyası hər vasitə ilə bu ölkələrin azadlığa gedən yollarını bağlayır, lazım gəldikdə qonşu xalqlar arasına milli-etnik düşmənçilik salmaqdan belə çəkinmirdi. Sonradan qanlı olaylara səbəb olan hadisələrdən ən dəhşətlisi Azərbaycanın başına gətirildi. Havadarlarının köməyilə təpədən-dırnağa qədər silahlanmış haylar həm İrəvanda, həm də Qarabağda dinc əhaliyə divan tutmağa, onları doğma yurd-yuvalarından qovmağa başladı. Bunların ardınca 1990-cı ilin yanvarında rus ordusu, 1992-ci ilin fevralında isə haylar Rusiyanın dəstəyi ilə dünyada misli görünməmiş vəhşiliklər törətdi.
Azərbaycan çox çətin və ağır günlər yaşayırdı. Ölkənin həm xaricində, həm də daxilində cərəyan edən hadisələr, tez-tez dövlət rəhbərlərinin dəyişməsi vəziyyəti daha da dözülməz edirdi. Qarabağın işğalı ilə yanaşı, Azərbaycanın sərhədyanı əraziləri də rus-hay qoşunlarının nəzarətində idi. 1993-cü ilin yayında ümummilli liderin hakimiyyətə gəlməsi Azərbaycan əhalisində müəyyən qədər ruh yüksəkliyi yaratdı. Sovet dövründə bütün sərhədlərin qorunmasını sovet ordusu yerinə yetirirdi. Lakin Qarabağ müharibəsi və Azərbaycanda başlamış milli-azadlıq hərəkatı dövründə bu qoşunlar ölkədən çıxarılmış, milli nizami qoşun yaradılması prosesi yeni başlamışdı. Vətənin mərd övladları «könüllülər dəstəsi» yaradır, düşmənin işğal etdiyi mövqelərimizi azad etməyə çalışırdılar.
Vaqif kəndlərində traktorçu işləyidi. Təbii ki, bütün baş verənlər hamı kimi onu da kədərləndirir, düşmənə olan nifrətini artırırdı. Ancaq son zamanlarda, xüsusilə, Xocalı hadisəsindən sonrakı dövrdə «könüllülərə» qoşulmaq istəyirdi. Bu haqda öncə yoldaşına demişdi. Vaqifdən bu sözləri eşidən qadın göz yaşlarında boğularaq «bəs mən, bəs arzularımız? » demişdi ona. Çox götür-qoydan sonra bir də bu söhbətə qayıtmışdı Vaqif.
-Axı, mən tankçıyam, anlayırsanmı? Cəbhədə tankçılara ehtiyac çoxdur,-demişdi.
Atası da oğlunu bu istəyindən döndərmək istəmişdi. Ancaq Vaqif sözündə qəti idi. Onu tanıyıb bilənlər nə qədər inadkar olduğunu, dediyi sözdən dönmədiyini bilirdilər. Əlacsız qalıb razılaşdılar.
1993-cü ilin yazında Kəlbəcər uğrunda döyüşən könüllülərə qoşuldu Vaqif. Ancaq onu yola salarkən həyat yoldaşının ümidsiz baxışları altında əzildi sanki. Elə bil qadın ona baxışlarıyla: «nə övlad yoxdur, nə də sən məni anlamaq istəmirsən. Məni kimin ümidinə qoyub gedirsən? » deyirdi. Ancaq geriyə yol yox idi. Söz ağızdan bir dəfə çıxmalıdı və çıxmışdı.
Döyüş yoldaşları ilə tez qaynayıb-qarışdı. Elə bil 100 ilin tanışları, dostları idilər. Kəlbəcər dağlıq ərazi olduğu üçün burada tanklardan geniş istifadə olunmurdu. Ancaq o, yenə də iki il hərbi xidmətdə öyrəndiklərinin hamısını gənclərə öyrədir, onları gələcək döyüşlərə layiqincə hazırlamağa çalışırdı.
Tez-tez kəndərini, atasını, həyat yoldaşını xatırlayırdı. Sanki ürəyindən daş asılmışdı. Ürəyində «kaş, heç olmasa, bir övladımız olaydı. Bu da qismətdəndi» deyə düşünürdü. Arada evlərinə gedirdi. Onun gəlişi bayrama çevrilirdi. Ancaq növbəti gün gedəcəyini, cəbhəyə qayıtmalı olduğunu deyəndə üzlərə kədər qonur, baxışlar ağırlaşırdı.
Azərbaycana qan, qırğın, dağıntı gətirmiş müharibə dünyada tayı-bərabəri görünməyən vəhşiliklərlə müşayiət olunurdu. Hərb qanunlarına, beynəlxalq
təşkilatların qəbul etdikləri qətnamələrə məhəl qoymayan düşmən, qan içməkdən, qan tökməkdən doymur, getdikcə quduzlaşırdı. Bütün qədim İrəvan, Qarabağın dağlıq hissəsi, Laçın, Kəlbəcər kimi dilbər guşələrimiz düşmən tapdağında idi. Torpaq itkisi, yurd-yuva dərdi çox insanların həyatına son qoymuş, neçə ağbirçək, ağsaqqal «Göyçə, İrəvan, Şuşa » deyərək gözlərini əbədi yummuşdu. Dərdin böyükdür, VƏTƏN!
Vaqif artıq iki il idi ki, «könüllülər dəstəsi»ndə Murovdağda xidmətdə, Vətənin müdafiəsində idi. Gecə-gündüz, qar-boran demədən səngərdə, əldə silah ayıq-sayıq durmuşdu. Bu illər boyu nələr görməmiş, nə vəhşiliklərin şahidi olmamşdı. Dəfələrlə ən yaxın yoldaşlarını itiriş, əlini, ayağını itirmiş əsgərlərə yardım etmiş, kipriklərilə od götürmüşdü. Insan əzabının son həddə çatdığı müharibələri lənətləmiş, ən yaxın dostlarının itkisindən doğan kədərini hamıdan gizlətdiyi göz yaşları ilə ovundurmağa, kiritməyə çalışmışdı. O da döyüşçülər arasında «ağsaqqal» hesab olunurdu. Bütün itki və bundan doğan kədərin acılığına baxmayaraq hər zaman özünü ələ almağa çalışır, döyüşçülərin ruh yüksəkliyinin müharibədə əsas amil olduğunu gənclərə izah edirdi.
Bəzən Bakıdan, Gəncədən, Lənkərandan olan döyüşçülər evə gedib qayıtdıqdan sonra özlərilə gətirdikləri körpə şəkillərini yoldaşlarına göstərib, ata sevgisilə «»bu mənim cırtdanımdı«» deyirdilər. Belə məqamlarda özündən asılı olmayaraq bir niskil, həsrət boylanırdı içindən. Dodaqları qeyri-ixtiyari dua pıçıldayırdı. Boynubükük qoyub gəldiyi xanımı, əli qoynunda qalmış atası və anası düşürdü yadına. Ürəyindən «kaş, heç olmasa, bir övladımız olaydı» harayı keçirdi. Sonda yenə «Allaha pənah» deyirdi Vaqif. Özündən böyük yoldaşlarının da onun bu niskilindən xəbərləri vardı. Hamısı ona ürək-dirək verir, «hələ nə yaşın var ki, belə fikir edirsən? Sənin işin hələ qabaqdadı» deyirdilər. Belə məqamlarda «əvvəl düşmənlə işimizi bitirək, hər şey düzələcək» cavabını verirdi.
1994-cü ilin qışı idi. Murovda hər tərəf ağ rəngə boyanışdı. Hava souyuq olsa da, sakit idi. Əsgərlərdən kim isə dağların zirvəsindən qalxıb səmada dövrə vuran qartalın şərəfinə «Qoca qartal» aşıq mahnısını pəsdən oxuyurdu. Vaqif də bu havanı çox sevirdi. Sonra iki nəfər də oxuyana qoşuldu. «Yəqin, qartal da müharibədən, səs-küydən yorulub. O yırtıcı quşdur. Ancaq yerdəki yırtıcılar daha betərdir » deyirdi ürəyində. Belə havalarda daha çox dağların yaz vaxtını xatırlayır, bülbüllərin, torağayların cəh-cəhi üçün darıxırdılar.
Bütün yolları, cığırları qar tutmuşdu. Ancaq bununla belə bir an da sayıqlığı itirmək olmazdı. Ətrafdakı bütün yüksəklikləri ələ keçirmiş düşmən mövqelərimizi müxtəlif silahlardan atəşə tutur, cəbhə xəttini yarmaq üçün diversiya qrupları göndərirdi. Doğrudur, onların həmlələri lazımınca cavablandırılırdı. Lakin bu hadisələr şəhidsiz ötüşmürdü.
Fevralın əvvəlləri idi. Düşmən bir neçə gün idi ki, çox fəallaşmış, arada aviasiyadan istifadə etməyə başlamışdı. Gizli kanallarla alınmış məlumata görə düşmənə yeni silah və canlı qüvvə yardımı gəlməsi gözlənilirdi. «Könüllül-ər»in əsas işi bu yardımın növünü dəqiqləşdirmək, onların hansı istiqamətdə yerləşdiriləcəklərini öyrənməkdən ibarət idi. Bu məqsədlə kəşfiyyat qrupu yaradılmışdı. Vaqif də onların arasında idi. Yerli sakinlərdən biri dağların keçilməz, çətin yerlərini göstərmək üçün könüllü olaraq bələdçi kimi onlara qoşulmuşdu.
Düşmən yüksəklikdə yerləşdiyi üçün dağın yamacı ovuc içi kimi aydın görünürdü səhərlər. Ona görə də əməliyyat səhər gün doğmamışdan başlamalı idi. Alatorandan yola düşdülər. Hamısı ağ paltarda idi. Qarın üzəri ilə sürünür, bir qədər aralıda yerləşən meşəyə çatmağa çalışırdılar. Arabir qarşı tərəfdən güllə atılır, projektorlar qarın ağappaq sinəsini işıqlandırırdı. Qısa fasilələrlə dayanır, düşmən mövqeyindən yamaca nəzarət edənlərin diqqətindən yayınmağa çalışırdılar. Onlar milli ordumuzun da diqqət mərkəzində idilər. Onların irəli hərəkət etdikləri hər addım «könüllülərin» həyəcanı ilə müşayiət olunurdu. Kəşfiyyat dəstəsinin önündə gedən komandir asta səslə: «uşaqlar, bir az səbr edin. Az qalıb» deyirdi.
Günəş doğmuş , qızılı şəfəqlər qar üzərində bərq vururdu. Bir qədər irəliləyib dağın döşünə çatdılar. Aşağıdan yuxarı baxanda Murov ağ saqqalı müdrik insanı xatırladırdı. Yoldaşlarından biri Vaqifə: -müharibə bitsin, Murovu ziyarətə gələcəyəm,- dedi. Vaqifin yadına öz toyu düşdü. Sevdiyi xanım başdan-ayağa ağ geyinmişdi. Murovun bu halı ona ağ gəlinlik paltarını xatırlatdı. Ürəyində «kaş, övladımız olaydı» niskili baş qaldırdı. «Allaha təvəkkül» düşündü qəlbində. Sonra anası gəldi gözü önünə. Anasını da son dəfə ağ geyimdə görmüşdü. Bir neçə qadın «yuvat» deyilən yerdə ağa bürümüşdülər anasını. Üərəyi sızladı. Dodaqları qeyri-ixtiyari «Allah sənə rəhmət eləsin , ay ana» sözləri qopdu.
Bu an çox da uzaq olmayan ərazidə güclü partlayış oldu. Ardınca avtomatların şaqqıltısı eşidildi. Hər tərəf ağa büründü, lap toyunda olduğu kimi....... Hər tərəf ağappaq idi. Bu ağlığın içərisindən çıxmağa çalışırdı. Ancaq nədənsə ağ rəng onu buraxmır, yolunu hər yanda bağlayırdı. Getdikcə dünyanın qaraldığını, gözlərinin qapandığını hiss etdi.
1994-cü il 15 fevral tarixində Əsəd kişinin qapısını «bəd xəbər» döydü. Əvvəl nə o, nə oğlanları, nə də gəlini qapını açmaq istəmədilər. Ancaq Vaqifdən elə bir xəbər gətirmişdilər ki, onu nə saxlamaq, nə də qaytarmaq mümkün deyildi.
Yaxından-uzaqdan «Vaqifi gətiriblər» xəbərini eşidənlər Əsəd kişinin həyətinə axışırdı. Ona başsağlığı verənləri təmkinlə qarşılayır, «oğul Vətən üçün böyüdülür» desə də, ürəyi qan ağlayırdı. Bir an da gözləri önündən əksi çəkilməyən yoldaşı Anaxanımın gözlərinə baxa bilmirdi. Dodaqları xəlvətcə «Bağışla, ilkimizi qoruya bilmədim» pıçıldayırdı.
1994-cü il 17 fevral... Caracəmirli kənd qəbiristanlığına gedən yol dənizi xatırladırdı. İnsan selinin önündə gedirdi Əsəd kişi. Sanki oğlunun hara gedəcəyinə bələdçilik edirdi. Ən sonda qadınlar gəlirdi. Arabir ağlaşma səsi eşidilir, «»Anaxanım xoşbəxt bu günü görmədi«» kəlmələri eşidilirdi. Vaqifin xanımı nə bir kəslə danışır, nə də ağlayırdı. «Mənzilə» çatdılar...
Əsəd kişi geri dönüb baxanda oğlanları Daşdəmiri və Şahini gördü. Bir az kənarda boynubükük gəlinini gördükdə isə «ay Vaqif, kaş bir yadigarın qalaydı, oğlum!» harayı qopdu içindən.........
Qaracəmirlidə Vaqif Əsəd oğlu Bayramovun yaşadığı evin yaxınlığında şəhidin ruhuna ehtiram əlaməti olaraq «Vaqif bulağı» salınıb. Bu çeşəni Vaqifin ən yaxın qonşusu Mayis öz təşəbbüsü ilə tikdirmişdir. Axı, dünyadan yarımçıq arzularla köçən şəhidin ruhuna bütün insanlığın təşnə olduğu su ehsanından gözəl nə ola bilərdi?
Müharibə hələ bitməyib, ordumuz hər gün şəhid verir. Savaş minlərlə gəncin qönçə arzusunu torpağa gömməkdə davam edir. Ancaq bütün ağrılara, acılara baxmayaraq vətənpərvər insanların dodağı «VƏTƏN SAĞOLSUN!» nidası söyləyir!
Nailə Mirzəyeva
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar