Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zəfər paradına şahidlik edən şəhid

Tarix: 27-05-2023 14:19     Baxış: 4404 A- / A+

(Vüsal Rzayevin qəhrəmanlıq dastanı)

Asudə vaxtını kitablar arasında keçirən Vüsal, dini mövzulara daha çox üstünlük verirdi. Din alimlərinin hansı bir kitabını axtarsan onun rəfində tapmaq mümkün idi. 
Xarici ədəbiyyatları oxumaq üçün hətta ingilis dili kursuna yazılmışdı. Boş vaxtlarında isə cüdo ilə məşğul olurdu.
Vüsal təbiət vurğunu idi. Sıx meşələrdə, dərin dərələrdə, rəngbərəng çəmənlərdə gəzməyi, quşların nəğməsini, gur suların şırıltısını dinləməyi çox
sevirdi. Heyvanlara qarşı da çox mərhəmətli idi.14 aprel 1996-cı ildə Şabranda anadan Vüsal sözübütov, iradəli, səxavətli, 
sədaqətli, dostcanlı, etibarlı, güvənli olmaqla yanaşı, həm çox qürurlu oğul idi. Valideynə qarşı həssaslığı ilə seçilirdi Vüsal. Qəlb qırmaz, könül
incitməz, səbir və təmkin göstərərdi. Baxışlarında sanki bir ovsun vardı. Düzəlməsi mümkün olmayan işin 
dalınca getsəydi, həll edər, müşkülü mümkünə döndərərdi. İşində o qədər dəqiq və dürüst idi ki, kiminsə ona irad tutmasına şərait yaratmazdı. Bəlkə də şəhid olmaq üçün doğulmuşdu.
Məmləkətdə xəstəliyin baş alıb getdiyi - pandemiyanın tüğyan etdiyi vaxtlar idi, həyətə çıxmaq qadağan edilmişdi, hətta dükan və mağazalara getmək icazəsiz mümkün deyildi. Bütün idarə-müəssisələr bağlanmışdı. Ailə süfrə başında idi. Evdə məhkum kimi oturmaqdan bezən Vüsal söhbətin şirin yerində mövzunu dəyişməyə çalışdı. 
-Eh, müharibə başlasaydı gedib şəhid olardım. 
 -O nə sözdü, ay oğul, elin oğulları gedib qəhrəman olmaq istəyir, sənsə şəhidlikdən danışırsan”- ana qayğılı-qayğılı dilləndi.
-Çünki şəhidlik qəhrəmanlıqdan yüksək zirvədir, hər kəs fəth edə bilmir, ana!
-Döyüşmək istəyirsən, get döyüş, Qarabağda at oynadan kökü kəsilmişləri birdəfəlik qov getsin, mən də baxıb qürur duyum oğlumla.
-Ana, onsuz da hər zaman adımla qürur duyacaqsınız.
-Sən gerçəkləmisən deyəsən, bir də şəhidlikdən dəm vurub arzularımı puç eləmə, hələ səndən ötrü qız bəyənməliyəm, elçi getməliyəm, heç nişan məsələsini demirəm.
Vüsal gördü ki, ana ciddiləşib, keçdi zarafata...
-Ana, deyirlər ki, şəhid olanda bütün günahlar bağışlanır. Mən də ona görə dedim.
 -Oğul, nə günah sahibisən ki, bağışlanmanı istəyirsən? Bu günəcən qəlb qırmamısan, kiminsə haqqını yeməmisən, kiməsə böhtan atmamısan, ay oğul! Günahı haradan qazandın axı?! Vüsal susdu. Sanki ürəyinə dammışdı. Dammışdı ki, ayrılıq elə də uzaqda deyil. Orucu, namazı, duası ilə haqqa yaxınlaşdığını hiss edirdi. 

Haşiyə: Paytaxtdakı 5 nömrəli liseydə təhsil aldığı illərdə həm də idmanla məşğul idi. Neçə-neçə rəqibinin kürəyini yerə vurmuşdu. Bakı Peşə Liseyini bitirər-bitirməz çağırış vərəqəsi qapını döydü. Quşqonmaz Murovun zirvəsində, qarlı gədiklərdə, düşmənlə üzbəüz səngərlərdə əsgəri borcunu uğurla yerinə yetirən Vüsal dəfələrlə komandiri tərəfindən təşəkkürnamə və Fəxri Fərmanla təltif edildi.
Gecə yarıdan keçmişdi. Nə quşların cəh-cəhi, nə də küləyin vıyıltısı eşidilirdi. Bu səssizlik içərisində yalnız haradasa bir qurdun ulartısı qulağa dəyirdi. 
Zülmətin bağır yaran xofu səmadakı ulduzların sayrışında əriyib yox olmaqda idi. Əsgərlərin mışıltısı sanki qaranlığa layla çalırdı. 
Növbəti ulartı Vüsalı üşəndirdi. Qurdun xilaskarlığı haqqında eşitdikləri yaddaşını döyəcləyəndə nədənsə, durbini alnına dayadı. Gözlərinə inanmasa da, düşmən kəşfiyyatçıları irəliləməkdə idi. Vüsal bir daha nəzərdən keçirdi. Bəli, dəqiq görmüşdü, bir neçə silahlı ehtiyatla irəliləyirdi. Dərhal komandanlığın qurduğu əməliyyat nəticəsində o gecə erməni kəşfiyyat-diversiya qrupu ələ keçdi. 
Beləcə, Vüsalın sayıqlığı böyük bir təhlükənin qarşısını aldı.
Az sonra 4 günlük Aprel savaşına qoşulan Vüsal qorxmazlığı, cəsarəti ilə ön sırada yer aldı. Düşmən mövqelərinin darmadağın edilməsində, ağır texnikaların sıradan çıxarılmasında rəşadət göstərdi. 4 günlük müharibədən 4 il sonra 44 günlük 
Vətən müharibəsində yenə də önə çıxdı Vüsal.
Beləcə, Vüsal Rzayevin döyüş yolunu vərəqləmək üçün silahdaşları Elmin Mehdiyev, Şəhriyar İbrahimli və atası Tofiq Rzayevlə masa arxasında əyləşməli olduq.
Yuxarıda qeyd etdiyimiz kimi, bir üzü tufanlı, çovğunlu, qarlı, bir üzü də güllü-çiçəkli, axarlı-baxarlı Murovun sinəsində - düşmən səngərlərinin beş addımlığında həqiqi hərbi xidmət keçdi Vüsal. Cənnət yurdun tapdaq altında qaldığına heyifsilənsə də, əlindən bir şey gəlmirdi. Amma inanırdı ki, bir gün bu yurdun oğulları kürək-kürəyə verib düşmənin başına od yağdıracaq. Bax onda Şuşa 
da azad olacaq, Laçın da, Kəlbəcər də, üstəlik bütün Qarabağ da. Gecədən xeyli keçmişdi, komandir növbətçi əsgərdən soruşdu: “Bu gecə 
postda kimdir?” 
-Vüsal Rzayevdi, cənab komutan! 
-Onda rahat yata bilərik, deyib çarpayıya uzandı.
Çünki o, Vüsalın necə məsuliyyətli, diqqətli olduğunu, gözündən quş yayına bilmədiyini yaxşı bilirdi. Söz götürən deyildi Vüsal. Tapşırılan işi nöqsansız və vaxtından əvvəl görərdi ki, kimsə ona irad tuta bilməsin. Əsgəri borcunu başa vurub geri 
döndükdən sonra bir mağazada işə düzəldi. Halallığı və dürüstlüyü ilə yenə də kollektivin diqqətini çəkdi. Amma iş heç də ürəyincə deyildi.
Atası ilə məsləhətləşən Vüsal qərara gəldi ki, Hərbi Dəniz Qüvvələrində (MAXE) işə girsin. Sonra kurs keçib gizir kimi xidmətini davam etdirər. Üstəlik iş yeri də yaşadığı əraziyə yaxın idi. 
Amma pandemiyanın fəsadları arzumuzu ürəyimizdə qoydu, - deyə Tofiq kişi düşüncələrdən ayılıb söhbətə qoşuldu. 
-O zaman bütün idarə və müəssisələr, metro və marşrutlar, hava yolları bir yana, hətta təhsil ocaqları da bağlı idi. Qəbul imtahalarının vaxtı dəyişdirilmiş, daha dəqiq desək, dayandırılmışdı. Az keçmədi ki, vaxt özünü yetirdi. Sentyabrın 
əvvəlində yurd aşiqlərinin bir qismi təlimə çağırıldı. 
O gün Vüsalın sevinci yerə-göyə sığmırdı. Sanki toya, şənliyə gedirdi. Hələ də onun gözlərindəki sevinci unuda bilmirəm. Səfərbərlik idarəsinə qədər birlikdə getdik. Döyüşə getdiyini duymuşdum. 
Bir neçə gün təlim keçdikdən sonra – 27 sentyabr günü torpaqlarımızın azadlığı üçün ordumuz hərəkətə keçdi. Zənnim məni aldatmamışdı. Elə həmin gün Füzuli istiqamətində düşmənin səddi darmadağın edilmiş, ərazilərin bir qismi murdar nəfəslərdən təmizlənmişdi. Qürur günü idi o gün. -Amansız döyüşlər Şəhriyarın yaddaşında necə qalıb?
-Sentyabrın 21-də hamımızı təlimə çağırdılar. Vüsal, Muxtar, Vahid, Məzdək kimi qardaşlarla bir yerdə çiyin-çiyinə iştirak elədik. Çox ciyərli oğullar 
idi, qorxmaz, mərd, mətin. Ayın 27-də isə ağır texnikaların yer aldığı böyük bir karvanla Füzuli istiqamətinə yola düşdük. Horadizə çatar-çatmaz düşmən minaatanla bizi vurmağa çalışdı. Heç bir mövqe seçmədən cavab versək də, təəssüf ki, yaralımız da oldu, şəhidimiz də... Ayın 30-da Alxanlı istiqamətindən hücuma keçib qısa zaman ərzində böyük əraziləri düşməndən azad etdik. Ordumuzun 
həqiqətən də nə qədər güclü və döyüşkən bir ordu olduğunu bir daha anladım. Ali Baş Komandan demişkən: “İti qovan kimi onları qovduq”.
-Bəllidir ki, həmin istiqamətdə xeyli silah-sursat və ağır texnika ələ keçirilib?
-Bəli, həqiqiətən xeyli ağır texnika ələ keçirildi ki, bu gün onların hər biri Qənimətlər Parkında sərgilənir. Döyüşdən xəbəri olmayan bir şəxsə məlumat vermək gərəkirsə, parka baxmağı yetərlidir.
-Elmin bəy, Füzuli istiqamətindən döyüşə girəndə Şəhriyarla bərabər Vüsal da sizinlə çiyin-çiyinə idi. Füzulinin bir neçə kəndi erməni silahlılarından təmizləndikdən sonra növbəti hədəfə doğru hərəkətə keçdiniz. Bu yol sizi həm də Qubadlıya yaxınlaşdırırdı. O zaman ürəyindən keçənləri sözə çevirmək çətin deyil ki?
-Bütövlükdə Qarabağ daxil olmaqla, o yurdların həsrətini çox çəkmişik. Oralara dönmək üçün düşmənin köksünə dağ çəkmək, bütün kənd və şəhərləri birər-birər azad edərək ata yurduma qovuşmaq isə ən böyük arzum olub. Xəyallarımın şahı isə Qubadlıda şəhadətə ucalmaq idi. Çünki atam o torpaqda doğulub, o torpaq uğrunda amansız savaşlarda vuruşub. Hər iki ayağını da məhz orada itirib. Onun ruhunu şad etmək üçün məhz orada şəhid olmaq istəyirdim. 
Nəsib deyilmiş.
Səhv etmirəmsə oktyabrın 8-i, ya 9-u idi. Füzuli istiqamətində mühasirəyə düşdük. Su yox, qida yox, bir yandan da itkilərimiz vardı.
-Sursat necə, vardımı?
-Kifayət qədər olmasa da, vardı. Qənaətlə istifadə edirdik. Nəhayət, çətinliklə də olsa, mühasirəni yara bildik. O zaman Vüsalın daxil olduğu digər qrupla birləşdik. Qorxmazlığı, cəsarəti ilə seçilən Vüsalı daha yaxından tanımaq 
imkanım oldu. Onun bronjileti olmasa da, sinəsini qabağa verir, düşmən gülləsindən zərrə qədər də olsa çəkinmirdi. Hərdən evə zəng etmək üçün
uşaqlar növbəyə duranda Vüsal çəkilib bir kənarda avtomatını təmizləyirdi. “Onsuz da evdəkilər bilir ki, cəbhə xəttindən uzaqda təlim keçirik, lazımi bilikləri əldə etdikdən sonra döyüşlərə qatılacağıq” – deyə valideynlərini arxayın salmışdı. 
Şübhə yaratmamaq üçün tez-tez zəng etməyi lazım bilmirdi. İstənilən əməliyyatda öndə olur, dəfələrlə ölümlə üzbəüz gəlsə də, bir addım geri çəkilmirdi.
-Qanlı-qadalı, ölümlü-itimli və zəfər soraqlı günlər bir-birini əvəz etsə də, Vüsaldan xəbər ala bilməmişdim. Əlaqə saxlayanda isə döyüşdə olduğunu gizlətməyə çalışdı. İstəmirdi ki, kimsə narahat olsun, həyəcan, təşviş, təlaş içində baş verənləri izləsin.
Tofiq kişi daha dəhşətli məqamları dilə gətirmək üçün boğazını arıtlayıb sözünə davam etdi. 
-O gün mühasirədə idi, demək istəməsə də israr etdim: “harada olduğunu dəqiq de, oğul, səni harada axtaracağımı bilmək istəyirəm”!
Vüsal atasının israrı qarşısında həqiqəti gizlədə bilmədi.  
-Ata, bu gecə mühasirəni yarmaq üçün son həmləmizi edəcəyik. Həyatı bilmək olmur, bəlkə... 
-Nə bəlkə, nə demək istəyirsən, oğul?!
-Ata, qardaşıma da, anama da de, haqqınızı halal edin. Bu gecə son döyüşümüz ola bilər. 
Tofiq kişi sabaha qədər yata bilmədi. Dəfələrlə əlaqə saxlamağa çalışsa da, telefona zəng çatmadı. Sübhə kimi dağı arana, aranı dağa çəkdi. Hətta fikirlərindən özü də üşəndi.
Amma cəsur oğullar o gecə düşmənin mühasirəsini yarıb çıxmağı bacardı. Az sonra Kürdmahmudlu istiqamətində növbəti döyüş baş verdi, qanlı savaşda düşmən xeyli canlı qüvvə və ağır texnika itirsə də, səkkiz şəhidimiz oldu. Düşmənin başına od yağdıran oğullar böyük əzm və iradə ilə irəliləyir, hətta bir çox hallarda ağır texnikanı atıb qaçan erməniləri bir-bir dənləyirdilər. 
-Tofiq bəy, o amansız günlərdən öncə Vüsalın uşaqlığını xatırlayaq?
-Cavaba keçməzdən öncə deyim ki, hər zaman şəhid ailələri ilə təmasda olurdum. Dərdləri bir, sərləri bir, düşüncələri bir, baxışları da bir. Fikirləşirdim ki, görəsən niyə bir-birinə bənəzəyir bu talelər. Axı fərqli-fərqli bölgələrdə doğulublar. Övladım şəhid olandan sonra gördüm ki, mənim də baxışlarım o ailələrdən fərqlənmir. Dərk etdim ki, amal, əqidə, hədəf bir olanda yumruq bir yerə 
vurulur. Vüsal hələ körpəlikdən qeyri-adiliyi ilə fərqlənirdi. Onun baxışlarındakı sehir ən qəddar insanı ram etmək gücündə idi. Daş ürəkləri mum eyləyirdi. Hətta əsəbi olduğum anlarda onun baxışları ürəyimə su səpirdi, sanki əvvəlki hirs-
hikkədən əsər-əlamət yox imiş kimi. Elə bil ovsun vardı gözlərində. Nə qədər əsəbi, çılğın olsam da onun baxışlarında həlimləşirdim.
-Elmin bəy, artıq ordumuz tək Füzuli-Cəbrayıl istiqamətində deyil, hətta Kəlbəcər-Suqovuşan istiqamətində də bir çox strateji yüksəklikləri düşməndən təmizləmişdi. Cəbrayılda daha şiddətli döyüş gedirdi. Düşmən ordumuzun qarşısına keçilməz səd çəkdiyinə inanır və güvənirdi. Ona görə də ordumuzun irəliləməsinə, “keçilməz sədd”in darmadağın edilməsinə inana bilmirdi. Amma siz oğullar bu sədləri sinənizlə yararaq Xudafərin körpüsünü də azad etdiniz!
-Füzulidən Cəbrayıl istiqamətinə yola düşdüyümüz zaman təəssüf ki, Vüsal aramızda yox idi. Onun şəhid olduğu, yaxud itkin düşdüyü barədə heç bir məlumat əldə edə bilməmişdik. Məqsədimizə doğru bu dəfə Vüsalsız gedirdik. Beton qala deyilən yerdə yolu kəsməli idik. Həmin istiqamətdə iki gün ərzində 90-100 km. irəliləmişdik. Biz irəlilədikcə düşmən ağır texnika və silah-sursatlarını atıb qaçırdı. 
Bir çox hallarda qarşılıq vermirdilər.
-Az öncə qeyd etdiniz ki, həmin istiqamətdə keçilməz sədlər vardı. Bu sədlər olduğu halda ermənilər niyə qaçmağa üstünlük verirdilər?
-Hansı sürətlə irəlilədiyimizi görən düşmən mövqe seçməyə macal tapmadığı üçün qaçmağa üstünlük verirdi.
-Şəhriyar bəy, silahdaşınız Vüsal Füzuli istiqamətində o amansız döyüşlərin birində şəhid oldu, daha dəqiq desək, haqqında heç bir məlumat əldə etmək mümkün deyildi. Onun yoxluğundan sonra qisasını almaq mümkün oldumu?
-Oktyabrın 14-ü saat 15 radələrində Füzuli istiqamətində növbəti hücuma keçdik. O zaman Vüsal da bizimlə çiyin-çiyinə idi. Təxminən 25-30 metr ara məsafəmiz vardı. Mayılov Rəfayılla Muradov Elgün isə yanımda idi. Düşmənin postuna təxminən 120-130 metr qalmışdı. Elə bu an atəş açıldı. Hərə bir tərəfə uzanıb mövqe seçməyə çalışdıq. Döyüş şiddətlənmişdi, hər iki tərəfə od yağırdı. Və birdən namərd gülləsi məni yaxaladı. Özümü toparlayıb atəş açmağa başladım. Hər kəs qorxmadan odun-alovun üzərinə yeriyirdi. Ayağından, qolundan, hətta sinəsindən yara alanlar da ölümə meydan oxuyur, daha çox düşməni məhv etməyə çalışırdı. Düşmən sanki vahimə içində idi, “bunlar necə bir ordudur, yaralı halda yenə də üzərimizə gəlirlər”- deyə. İkinci dəfə mərmi sağ ayağımdan dəydi. O zaman şabranlı Elgün şəhidliyə ucaldı. Təxminən bir dəqiqə sonra Bakılı Rəfayıl da haqqın dərgahına qovuşdu. Bir yandan qan itirir, bir yandan da qardaşlarımın cansız cəsədi qarşısında nə edəcəyimi şaşırmışdım. Birdən sanki dizimə təpər gəldi. Silahımı götürüb düşmənin üzərinə yeridim, qisas hissi mənə təkan verdi. Bu an üçüncü güllə sağ ayaq
barmağımıqopardı. Ayaq üstə dayanmağa çalışdım, qanlar içində səngərə doğru addımladım. Dördüncü güllə sağ topuğumdan dəydi, amma məni əyə bilmədi. Yenə də büdrəmədən irəlilədim.
-Sanki düşmən yalnız və yalnız səni hədəf seçib. Sən də güllənin qabağına əlini, ayağını verib geri qaytarır, yaraların sızıltısına, qanın şoralanmasına baxmayaraq müvazinətini itirmirsən. Təbii ki, belə dəyanətli oğulların qarşısında düşmən yenilər.
Tofiq kişi söhbətə müdaxilə etdi. 
-Ötərxan müəllim, hər birimiz terminatorların nələrə qadir olduğuna kinolarda baxmışıq. Bax əsl terminator qarşınızda oturub. Yeddi güllə yarası alsa da, silaha sarılıb düşməni pərən-pərən salan terminator deyilmi?! Başqa nə ad 
vermək olar?! 
-Haqlısınız, ordumuzun hər bir əsgəri terminator kimi düşməni əzib keçməyi bacardı.
-Elmin bəy, növbəti hədəf Xocavənd ərazisi idi, çünki Şuşaya gedən yol Ağoğlandan keçirdi. Elə deyilmi?
 -Düşməni qova-qova, əzə-əzə gəlib Ağoğlana çatdıq, əsas strateji yüksəkliyə nəzarəti ələ keçirdik. Ərazidə xeyli sursat və ağır texnika ilə yanaşı, 
sayı bilinməyən cəsəd vardı. Bəzən irəliləyişimizə mane olsa da, tapdalayıb keçməyə məcbur idik.  Sürətli irəliləyişimiz düşməni xofa salmışdı. Daha çox itki verməmək üçün geri çəkilirdilər. Artıq noyabrın əvvəli idi. Cəsur oğullarımız Şuşaya girmişdi, qızğın döyüş gedirdi. Biz isə kənardan izləyirdik, daha doğrusu, düşmənə gələcək köməyin qarşısını almaq üçün qala şəhərin yaxınlığında mövqelənmişdik. Şuşa Qarabağın göz bəbəyidir, ora baxdıqca daha da həvəsə gəlir, qardaşlarımıza köməyə can atırdıq. Günlər sonra Şuşanın azadlığını, daha dəqiq desək, ordumuzun
qələbəsini qeyd edəndə qürur hüssindən hər kəs bir-birini bağrına basırdı... Vüsal qorxmazlığı ilə bərabər səmimi, sədaqətli, etibarlı və güvənli oğul idi. Loxmasını, hətta bir qurtum suyunu paylaşar, əl tutmağı sevərdi. Dostcanlı olduğu qədər də yurd sevdalı idi Vüsal. Döyüşlərdə göstərdiyi rəşadətə görə, ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif 
olundu.
Aşağı Seyidəhmədli ətrafında amansız döyüşdən sonra Vüsaldan xəbər çıxmadı. Bəzən şəhid olduğunu dedilər, bəzən də itkin düşdüyü söylənildi. Düz iki ay haray çəkən valideynlər, yaxınlar, doğmalar Vüsalın yolunu gözlədi. “Bəlkə gəldi”, ümidi ilə gözlərini yola dikdilər. Amma xəbər gəlmədi ki gəlmədi. İki aylıq axtarışdan sonra nəhayət, arzusuna qovuşan Vüsal 10 dekabrda – “Zəfər paradı”na “gəldi”. O gün qırıcılar, vertolyotlar səmanı bürümüş, ağır texnikanın gurultusundan şəhər lərzəyə gəlmişdi. Hər yanda üçrəngli bayraq dalğalanırdı. 
İnsanların sevincini sözlə ifadə etmək mümkün deyildi, axı Qələbə çalmışdı ordumuz! Axı namərd düşmən ordumuz qarşısında diz çökmüşdü! Axı alnımızdakı Qarabağ adlı qara ləkəni silmişdi oğullarımız! Vüsal yüksək coşqu ilə keçən paradı 
“izlədi”, qırıcıların səsini, tankların nərəsini, dəmir yumruqlu sərkərdənin harayını, hayqırtısını “eşitdi”, insanların gülüşünə, qəhqəhəsinə “şahidlik etdi”. Ona görə də Vüsal məmnun köçdü dünyadan, axı həm də haqqa doğru gedirdi, şəhadət 
şərbətinin təsiri altında. Tofiq kişi yarımçıq qalmış fikrini tamamlamağa çalışdı. 
-Vüsalın döyüş yolundan xəbər tutmaq üçün silahdaşları ilə əlaqə saxladım. 
Hər biri onun qorxmaz, ürəkli, fədakar və hər zaman öndə olduğunu dilə gətirdi. Bax onda bir daha qürur hissi bürüdü məni. Fəxr elədim ki, belə bir övladın valideyniyəm. Nə qədər ağır olsa da, məhz torpaqlarımızın bütövlüyü uğrunda şəhadətə qovuşduğu üçün uca Rəbbimizdən razıyam. 
Bir dəfə qardaşı ilə telefon əlaqəsi saxlayarkən “Atama de ki, narahat olmasın, tezliklə qələbə çalıb evə dönəcəyik. Özü də gələndə silahdaşlarımla qalib ölkənin vətəndaşı, yenilməz ordunun əsgəri kimi gələcəyik, dediyi qurbanı tək 
mənim deyil, bütün silahdaşlarımın ayağı altında kəssin. Axı qələbəni biz birlikdə qazanacağıq. Elə binanın qarşısında qurban ətini kabab çəkib Qələbəni qeyd edərik” - demişdi.
...O gün şəhid Vüsalın adını daşıyan bulağın açılış günü idi. Veteranlar, qazilər, şəhid ailələri, yaxınlar, doğmalar, qonşular, jurnalistlər, söz adamları və qəlbi vətən eşqi ilə döyünən hər kəs bulağın ətrafına toplaşmışdı. Bir tərəfdə qurbanlar kəsilir, bir tərəfdə kabab çəkilirdi. Süfrədə hər naz-nemət var idi. Hər kəs qəhrəman oğulların yazdığı tarixin şərəfli səhifələrini vərəqləyir, düşmənin necə qorxaq, rəzil, hiyləgər və ikiüzlü olduğunu, döyüş meydanından necə qaçdığını, tunellərdə necə gizləndiyini dilə gətirməklə, sanki o anları - Vüsallı günləri yaşamağa çalışırdı. O gün tək Rzayevlər ailəsinin deyil, daim Azərbaycanla ürəyi bir vuran hər bir kəsin qürur günü idi. Həm də o gün Vüsalın arzusunun həyata keçdiyi gün idi. Tofiq kişi vədinə əməl etmişdi. 
Hər kəs süfrə başına cəm olmuşdu Vüsalın şəhadət işığına... 

Ötərxan ELTAC





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar