Xəbər lenti
Universitetdən işdən çıxarılan qiraət ustası danışdı
Məleykə Alıoğlu: "Qərəzli şəkildə uzun illər çalışdığım universitetdən uzaqlaşdırılmışam"
Bədii qiraət ustası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət və İncəsənət Universitetinin dosenti olmuş Məleykə Alıoğlu redaksiyamıza gələrək şikayətlənib.
Qiraətçi bildirib ki, uzun illər çalışdığı universitetdən qərəzli şəkildə uzaqlaşdırılıb:
"1985-ci ildə Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirmişəm və 1991-ci ildən artıq burada fəaliyyətə başlamışam və dosent vəzifəsinə qədər yüksəlmişəm. Hal-hazırda universitetin doktoranturuyam.
2017-ci ilin noyabrında səhhətimdə problem yarandı. Bununla bağlı universitetin o vaxtkı rektoru Fərəh Əliyevaya rəsmi ərizə ilə müraciət edib, öz hesabıma minimum bir aylıq məzuniyyət istədim. Ondan əvvəl iki həftəlik bülletendə olsam da, hiss etdim ki, vəziyyətim daha da pisləşir. Buna görə Fərəh xanımın qəbulunda oldum. Mənə bildirdi ki, məzuniyyətə icazə verə bilməyəcək. Qeyd edim ki, həmin hadisəyə qədər universitetdə çalışdığım müddətdə heç bir zaman icazə almamışam, işdən qalmamışam. Lakin birdən-birə səhhətimdə ciddi problemlər yaranmağa başladı və qan təzyiqim qəfildən yüksəldi. Həkimlər mənə bildirdilər ki, bu çox təhlükəlidir, mən dincəlməliyəm, əks halda auditoriyada qəfildən beynimə qan sıza bilər.
Beləliklə, buna görə rektordan icazə almaq qərarına gəldim. Lakin Fərəh xanım buna razı olmadı. Bildirdi ki, "dekabrda artıq seçki olmalıdır, orda iştirak et, 2-3 ay da işlə, sonra diqqətə alınar”. Amma bu bir neçə ay çəkəcəkdi və səhhətimdən narahat olduğum üçün seçkini gözləyə bilməzdim. Qeyd edim ki, hər 5 ildən bir dosentlər arasında seçki olur, kimlərsə yerində qalır, kimlərsə vəzifəcə yüksəlir və sairə. Bildirdim ki, mən seçkini gözləyə bilmərəm, mənə icazə verin. Fərəh xanım dedi ki, son variant könüllü şəkildə ərizə yazıb, işdən çıxmaqdır. Dedim axı bu necə olur? Fərəh xanım dedi ki, narahat olmayım, ərizə yazırsan, işdən çıxırsan, bir qədər toparlanırsan, sentyabrda səni yenidən işdə qəbul edərik. Lakin onun dediklərinə inanmadım. Çünki Fərəh xanım universitetdə rektor olduğu 4 il ərzində çox işçiləri bu cür dilə tutub, ərizə yazdırıb və işdən uzaqlaşdırıb”.
Qiraətçinin sözlərinə görə həmin şəxslər arasında xalq və əməkdar artistlər də var:
"Məsələn, xalq artisti Valeh Kərimov bu cür işdən uzaqlaşdırılıb. (Qeyd. Xalq artisti Valeh Kərimovun uzun illər çalışdığı universitetdən çıxarılması ilə bağlı məsələ ciddi rezonans doğurmuşdu. Xalq artisti qəzetimizə açıqlamasında bildirmişdi ki, könüllü şəkildə ərizə yazaraq universitetdən uzaqlaşıb X.G.). O cümlədən xalq artisti Azər Zeynalov qərəzli şəkildə universitetdən uzaqlaşdırılıb. Belə ki, Azər Zeynalov iki kafedranın birləşdirilməsinə etiraz etmişdi və buna görə sıxışdırılaraq, universitetdən uzaqlaşdırılıb. (Qeyd. Xalq artisti Azər Zeynalov 2001-ci ildən universitetdə "Vokal” kafedrasının müdiri, 2015-ci ildən isə "Musiqili teatr aktyoru” kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdə olub. Lakin sonradan müəmmalı şəkildə universitetdən uzaqlaşıb. X.G.).
Əməkdar artist Telman Əliyevə isə könüllü şəkildə universitetdən getməsi təklif olunanda, infarkt keçirmişdi. Eləcə də Ötkəm İskəndərov və digər çoxlu sayda müəllim universitetdən uzaqlaşdırılıb”.
Qiraətçi sonrakı baş verənləri bu cür açıqlayıb:
"Beləliklə mənə universitetdən getmək təklif olunanda bunu qəbul etmədim. Üç gün keçdikdən sonra qəzetdə mənim seçkim ilə bağlı elan verdi. Halbuki, seçki dekabr ayında olmalı idi. Beləliklə dekabrın 1-də əmək müqaviləsi ilə işdə 5 ilimin tamam olması haqda əmrim verilib.
İkinci semestr başlanmazdan əvvəl Fərəh xanımın yanına gəldim və bildirdim ki, mən indi nə etməliyəm? Fərəh xanım dedi ki, bir az da dincəlim, gələn sentyabrda işə qəbul edəcək. Dedim, olmaz ki, dərs yüküm əlimdədir, mən işə başlayım. Dedi ki, dərs yüküm artıq paylanılıb, gedim dincəlim.
Bildiyiniz kimi may ayında Fərəh xanım başqa vəzifəyə getdi və onun yeri boş qaldı. Mən sentyabr ayını gözləməli oldum. Artıq yerinə Ceyran Mahmudova təyin olunduqdan sonra düşündüm ki, ilk öncə Fərəh xanıma müraciət edim, çünki məsələmi o bilirdi. Uzun-uzadı cəhdlərimdən sonra nəhayət, Fərəh xanımın qəbulunda ola bildim. O, məni çox gözəl, mehriban qarşıladı, sağlamlığımı soruşdu. Bildirdim ki, mən həyatın dibinə düşmüşəm, sağlamlığım bir tərəfə qalsın, mənim əlavə qazanc yerim yoxdur, heç bir yerdə işləmirəm, həm maddi, həm də mənəvi çətinlik çəkirəm. Fərəh xanım mənə bildirdi ki, "bu il teatrı heç bir tələbə seçməyib, lakin barəndə Ceyran xanıma demişəm, narahat olma, get yanına”.
Bir qədər rahatlandım və Ceyran xanımın qəbuluna getdim. Ceyran xanım dedi ki, baxarıq, əgər qəbul olunarsa, müraciət edərsiniz. Yenidən müraciət edəndə Ceyran xanım məni çox soyuq qarşıladı. Bildirdi ki, Fərəh xanım ona heç nə bildirməyib, sanki heç Fərəh xanımı tanımır. Halbuki Fərəh xanımın təqdimatı ilə ora təyin olunub. Ceyran xanım bir-bir sənədləri mənə göstərməklə sübut etməyə çalışırdı ki, bu il yalnız 3 nəfər teatrı seçib. Bildirdim ki, bunu mənə qətiyyən dəxli yoxdur, ikinci bir tərəfdən, niyə teatra qəbul yoxdur? Bildirdi ki, teatr ölüb. Dedim, teatr ölübsə, bunun məsuliyyəti sizin öhdənizə düşür. Çünki bu universitet teatrın bazasıdır, bütün teatrlara buradan kadrlar gedir. Əgər universitet rəhbərliyi məsuliyyətsizcəsinə bildirirsə ki, teatr ölüb, demək ki, bunun məsuliyyəti rəhbərlikdir. Bəs mən bu saatdan sonra hara, hansı universitetə gedə bilərəm? Üstəlik uzun illər bu universitetdə çalışmışam, həyatım bura ilə bağlı olub, niyə universiteti tərk etməliyəm? Mənim hələ pensiya vaxtım çatmayıb. Səhhətimdə problem yaranıb və buna görə vəziyyət belə alınıb. Lakin Ceyran xanım dediklərimi çox soyuq qarşıladı və heç nə edə bilməyəcəyini dedi”.
Məleykə Alıoğlu məsələ ilə bağlı aidiyyəti qurumlardan kömək istəyib:
"Qərəzli şəkildə uzun illər çalışdığım universitetdən uzaqlaşdırılmışam. Aidiyyəti qurumlardan xahiş edirəm, yenidən öz işimə bərpa olunmağıma köməklik göstərsinlər”.
Məsələ ilə bağlı Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar