Xəbər lenti
Rafiq Hüseynovla bağlı əmr: “Onu oradan rədd edin!” -VIDEO
Azərbaycan səhəri üzüntülü bir xəbərlə açdı. Böyük əksəriyyətin simpatiya bəslədiyi Azərbaycan xalq artisti Rafiq Hüseynovun ölüm xəbəri yayıldı.
Teleqraf.com-un əməkdaşı Azərbaycanın dəyərli sənətkarı Rafiq Hüseynovun sənət yoldaşları, dostları ilə əlaqə saxlayıb. Sənətkarın dostları onunla bağlı xatirələrini bölüşüb.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov Rafiq Hüseynovun vəfatından sarsıldığını dedi:
“Rafiq Hüseynov Azərbaycanda çox tanınmış insan idi. Xalq onu sevirdi. Universiteti bitirəndən sonra mən qiyabiçilərə dərs deyirdim, Rafiq də həmin tələbələrin içində idi. Həm də biz onunla dost olmuşuq. Tez-tez görüşürdük. Rafiq Hüseynov həm yaxşı ziyalı, həm də gözəl səsə malik bir insan idi. Onun diktor kimi səsinə hamımız alışmışdıq. Rafiq Hüseynov çox maraqlı insan idi. Danışmağa çox əhvalım yoxdu. Bu ağır xəbər hamı kimi məni də sarsıtdı”.
Azərbaycanın xalq artisti Rasim Balayev isə onunla tez-tez görüşdüyünü bildirib:
“Rafiq müəllim çox istedadlı, kamil, öz işini mükəmməl bilən adam idi. Azərbaycanın üç kişi diktatorudan biri idi. Biz bir yerdə işləmişik. Münasibətimiz çox yaxşı olub. Tez-tez görüşürdük. Sonra o xəstələndi. Türkiyəyə getdi. Son vaxtlar xəstəliyi ilə bağlı görüşlərimiz az olurdu. Onu Almaniyaya aparanda eşitdim ki, artıq xəstəliyinin çarəsi yoxdu. Orada da rəhmətə getdi”.
Xatırladaq ki, Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. Ali təhsilini əsgərlikdən sonra alsa da, orduya çağırılana qədər işləmək üçün yer axtarmağa başlayıb. Televiziyada işləyən bacısı Rəfiqənın köməyi ilə kadrlar şöbəsinə gedib. Beləliklə, Rafiq Hüseynovu televiziyada boş olan işıqçı ştatına işə götürüblər.
Sonradan onu diktorlar müsabiqəsinə dəvət edirlər. Müsabiqədən keçən Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyur ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər, “bu kimdir, işə götürmüsünüz, onu ordan rədd edin!” Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək, yenidən etimad qazanır. Beləcə, AzTV-də diktor olaraq fəaliyyətini davam etdirən Rafiq Hüseynov bütün varlığını seçdiyi peşəyə həsr edir. Öz səsiylə tamaşaçıların sevimlisinə çevrilir. 1967-ci ildə Rafiq Hüseynov Moskvaya ay yarımlıq diktorluq kursuna getdir, 15 respublikadan gələn 33 diktorun arasından onu kurs nümayəndəsi seçirlər. Kursdan sonra Rafiq Hüseynovu Moskva televiziyasında saxlamaq istəyirlər, amma o, bununla razılaşmayaraq Bakıya geri dönür. 1984-cü ildə həyat ona yenidən sərt üzünü göstərir. Eyni ildə həm anası dünyadan köçür, həm də yeganə oğlu Rövşən. 1990-cı ildən öz xahişiylə televiziyadan ayrılan Rafiq müəllim bunu o vaxt ölkədə gedən siyasi proseslərə qoşulmaq istəməməsiylə, televiziyadan yalan xəbərlər oxumaqdan qaçmasıyla bağlayırdı. Beləcə 15 il sevdiyi işindən ayrı qalmalı olur. 2005-ci ildə, 15 il televiziyadan kənarda qalandan sonra AzTV rəhbərliyinin təklifiylə yenidən işə qaytarılması ona ikinci həyat bəxş etmişdi. Rafiq Hüseynov 2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görüldü. O, həmçinin “Görüş”, “Çıx qatar yoluna”, “Gecikmiş görüş”, “Dəniz”, “Sevərəm təzədən səni”, “Gecdi daha” kimi bir çox mahnıların müəllifidir.
Qeyd edək ki, 2017-ci il oktyabrın 26-da Rafiq Hüseynov müalicə aldığı Düsseldorf şəhərindəki klinikada vəfat edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar