Xəbər lenti
Dünyanın intellektual lideri- Telman Əliyev
Oxucularımıza təqdim edəcəyimiz şəxsi vizual olaraq, yəqin ki, çoxları tanıyır. Mənalı həyat və yaradıcılıq yolunun müxtəlif dövr və məqamları da güman ki, kimlərəsə yaxşı tanışdır. Lakin zənnimizcə, tanınmış alim, tələbələrinin sevimli müəllimi, bir vaxtların istedadlı tele-aparıcısı, ən başlıcası, ləyaqətli şəxsiyyət, vətənpərvər, təvazökar ziyalımız Telman Xurşud oğlu Əliyevi geniş ictimaiyyətə daha geniş və əhatəli təqdim etməyə ehtiyac duyulur. Çünki Telman müəllimin uzun və keşməkeşli ömür yolu gənc, orta və yaşlı nəsillərimiz üçün əsl örnək, nümunəvi tərbiyə məktəbidir.
Bunu təkcə biz demirik, bu barədə tam dəqiqliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti Mexanika kafedrasının müdiri, professor İsmayıl Sadıqovun AMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovaya ünvanladığı Təqdimat məktubunda oxuyuruq. Həmin məktubda vaxtilə - 1963-cü ildə Fərqlənmə diplomu ilə bitirdiyi Azərbaycan Texniki Universitetində müəllim kimi saxlandığı dövrdən bugünəcən ləyaqətli şəxsiyyət və pedaqoq kimi yorulmadan çalışdığı 56 illik mənalı ömür və fəaliyyət yoluna işıq salınır. İ.Sadıqov rəhbərlik etdiyi Mexanika kafedrasının dosenti, Ukrayna İnşaat Akademiyasının akademiki (2000), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, professoru, akademiki (1996), Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki Telman Xurşud oğlu Əliyevin həmin vaxtdan bu günə kimi fasiləsiz olaraq eyni bir kafedrada çalışdığı diqqətə çatdırılaraq təqdir olunur. Bu illər ərzində Telman müəllimin 147 elmi əsəri çap olunmuşdur ki, bunlardan 2-si dövlət qeydiyyatından keçmiş kəşf, 14-ü patentləşdirilmiş ixtira, 17-si kitab, digərləri isə elmi məqalədir. Hazırda T.Əliyevin biri Amerika Birləşmiş Ştatlarında olmaqla, 3 elmi məqaləsi çapa qəbul edilmişdir.
Ümumittifaq Bilik Cəmiyyətinin sədri, akademik Basovun göndərdiyi iki təşəkkür məktubunun ünvanı da məhz bizim Telman müəllimdir. AMEA-nın prezidentləri, akademiklər Yusif Məmmədəliyev və Zahid Xəlilov adına mükafatların hər ikisinə layiq görülmüş hələlik yeganə alim də Telman Əliyevdir.
T.Əliyevin AMİU-da çalışdığı 56 ilin 25 ili İnşaat fakültəsinin dekanlığı ilə bağlı olmuşdur: 1975-90-cı illər ərzində fakültənin dekan müavini, 1990-2000-ci illər ərzində isə öz təşəbbüsü ilə yaradılmış Tikinti-iqtisad fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
1990-cı ildən Respublika Ağsaqqallar Şurasının və universitet Ağsaqqallar Şurasının üzvüdür. 1969-cu ildə 28 yaşında alimlik dərəcəsi alan T.Əliyev, 1983-cü ildən başlayaraq, uzun müddət Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Elm və həyat” verilişinin aparıcısı olmuşdur. Göründüyü kimi, Telman Əliyevin Azərbaycan elminin inkişafı sahəsində xidmətləri çoxşaxəli və bəşəridir. Bəşəri ideyaların dünya elminə gətirdiyi töhfələrdə bu Azərbaycan aliminin məxsusi payı vardır. Müəllifi olduğu “Müasir antiseysmik tədbirlər haqqında” (zəlzələlər və tikinti sahələrində görülən antiseysmik mühəndis tədbirləri haqqında), “Dinamika” (“Dinamikanın əsasları” və “Yeraltı qurğuların dinamikası” adlı ikihissəli əsər), “Ölümönü canlanmanın və aləmdə müxtəlifliyin sirrinin açılması” (alimin “Təbiətin qadağan qanunları və ölümqabağı gümrahlaşmanın sirri” və “Canlılarda müxtəliflik (diversifikasiya) hadisəsi və onun sirrinin açılması” adlı iki kəşfi əsasında məruzələr və bu kəşflər barədə rəylər əsasında tərtib olunmuşdur), “Haqqa qovuşan adam” (görkəmli hüquqşünas, professor Məmməd Xələfovun ömür yolundan bəhs edir), “Canlı körpü” (elmi-texniki tərəqqi yolunun beynəlxalq əməkdaşlıqdan keçməsi barədə mütəxəssis araşdırmaları), “Müəllim ömrü” (“Polad necə əridi” – dostu, fədakar alim Tələt Əfəndiyev haqqında), “Baş konstruktor: Ömürdən səhifələr” (görkəmli alim-konstruktor Salam Məstanzadənin ömür yoluna həsr olunub) və sair kitabları Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Telman Əliyevin alim, yazıçı və publisist ömrünün nəsillərə örnək yaradıcılığından yadigarlardır.
Günü bu gün də Azərbaycan elminin inkişafına xidmət sahəsində yorulmadan fəaliyyət göstərən bir alim kimi Telman müəllimdən əxz olunmalı çox müsbət keyfiyyətlər vardır. Professor İ.Sadıqovun da qeyd etdiyi kimi, hansısa əsərin ixtira kimi qəbul edilməsini şərtləndirən əsas cəhətlərdən biri budur ki, həmin əsər dünya elminə yenilik gətirməlidir: “T.Əliyevin bu əsərlərinin əksəriyyəti inşaat mexanikası elminə, xüsusən bina və qurğuların zəlzələyə davamlılığı nəzəriyyəsinə aiddir”. Göründüyü kimi, alimin elm aləminə yenilik gətirməklə şərtlənən əsərləri günümüzün qlobal probleminin həllinə hesablanmış kəşf və ixtiralarla səsləşir. Məhz bu xüsusiyyətləri nəzərə alınaraq, T.Əliyevin əsərləri Beynəlxalq və Respublika səviyyəli nüfuzlu elmi təşkilatların təsis etdikləri mükafatlara layiq görülmüşdür. Uzun illərdən bəri çalışdığı doğma universitetdə də alimin elmə gətirdiyi yeniliklərə yüksək dəyər verilir. Bu mükafatların hər biri dəyərli alimə tükənməz fərəh hissi bəxş etsə də, 2003-cü ildə Amerika Bioqrafiya İnstitutundan aldığı məktub onun yaddaşında silinməz iz buraxmışdır. “Siz dünyanın intellektual liderisiniz!” Bu cümlədəki dəyərin böyüklüyü kimi əsərlərinə verilən mükafatların sanbalı da ölçüyəgəlməzdir: Amerikada dünyanın 500 Elm Liderinin nominasıyası qalibinin ordeni (2002) və “Dünyanın İntellektual Lideri” qızıl medalı (2003).
Telman Əliyevin tərcümeyi-halı ilə tanış olduqca, sözün yaxşı mənasında təəccüblənməyə bilmirsən. Axı, 1940-cı il aprelin 3-də Füzuli rayonunun Aşağı Rəfədinli kəndində doğulmuş, bir yaşında olarkən atası dünyasını dəyişmiş balaca Telman həyatın acı üzünü görmüş, anası Gülgəz xanımın və özündən 12 yaş böyük qardaşı Mürşüdün himayəsində qalmışdı. O dövrləri xatırlayanda: “Anam və qardaşım mənə yetimlik nə olduğunu əsla hiss etdirməyiblər, buna inanın...” – deyir Telman müəllim. Ortancıl qardaşı Mürsəl də daxil olmaqla, dörd nəfərdən ibarət ailənin o dövrlərin çətinliklərindən necə böyük fədakarlıqla sıyrılıb çıxması, övladlarına yetimliyin acılarını hiss etdirməməyə çalışan ananın verdiyi təlim və tərbiyə öz müsbət nəticəsini vermişdi; böyük qardaş Mürşüd ixtisasca inşaat mühəndisi idi, lakin o dövrdə Füzulidə tanınmış fotoqraf kimi az zaman içində məşhurlaşaraq, özünə yaxşı gün-güzaran qurmağı bacarmışdı. Mürsəl və Telman da Bakıya gələrək, “İnşaat mühəndisliyi” ixtisasına yiyələnmişdilər.
Qeyd edək ki, Telmanın ata və ana babalarının böyük əkin sahələri və meyvə bağları vardı Füzulidə. Odur ki, onların nəslində dolanışıq cəhətdən heç bir çətinlik yox idi. Telmanın ata babası Alı bəy dünyasını tez dəyişmiş, ana babası Molla Vəli isə Stalin dövrü repressiyasının qurbanı olmuş, məşum “üçlüyün” qərarı ilə 1938-ci ildə 70 yaşında güllələnmişdi. Əkin sahələri və meyvə bağları isə onların övladlarının əlindən alınaraq kolxoza verilmişdi.
Atası Xurşud Mustafayev 1910-cu ildə anadan olmuş, doğulduğu kənddəki kolxozda baş hesabdar işləmiş, eyni zamanda kənd əhalisinin savadsızlığının aradan qaldırılması sahəsində fəaliyyət göstərmiş, bu məqsədlə yaradılmış kurslarda dərs demişdi. Kəndin sayılıb-seçilən ziyalılarından olan X.Mustafayev təəssüf ki, 1941-ci ildə - 31 yaşında dünyasını dəyişmişdi. Telmanın əmiləri Ramazan və Bəhmən II Dünya müharibəsinə getmiş, Ramazan döyüşlərdə itkin düşmüş, Bəhmən isə ağır yaralanaraq, arxa cəbhəyə göndərilmiş və 1942-ci ildə kəndlərində vəfat etmişdi. Göründüyü kimi, zəmanənin acıları, məşəqqətləri digər ailələr kimi bu nəslin üzərinə də öz qara kölgəsini salmış, lakin ən ağır, çətin günlərdə belə onlar öz məğrurluqlarını, qürurlarını dəyanətlə qoruyub-saxlamışlar.
Gülgəz ana ali təhsil almasa da, Xurşud müəllimin dərs dediyi savadsızlığın ləğvi kurslarını bitirmiş, eyni zamanda atası Molla Vəlidən İslam dininin əsaslarını mükəmməl şəkildə öyrənmiş, ərəb dilini də dərindən mənimsəmişdir. Telman Əliyev xatırlayır: “... Anam ömrünün son günlərinədək evdə ərəb dilində Quran oxuyardı. Lakin bundan kənar adamlardan heç kəsin xəbəri olmazdı...” Erməni qəsbkarlarının Füzulini işğal etməsi nəticəsində Gülgəz ana da öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalmış, Bakıya gələrək, ömrünün son günlərinədək burada oğlu Telmanın yanında qalmış, 2003-cü ildə 91 yaşında haqq dünyasına qovuşmuşdur.
Bütün bunları xatırlatmaqda məqsədimiz var: elinə, yurduna, torpağına, millətinə ürəkdən bağlı bir insan, dəyərli bir şəxsiyyət kimi bu ləyaqətli elm xadiminin, pedaqoqun nəsillərə örnək ömrü təlatümlərlə doludur. Lakin heç nə bu böyük ziyalını, vətənpərvər alimi xalqına, millətinə, onun elminə, təhsilinə təmənnasız xidmətdən döndərə bilmədi. Təmənnasızlıq onun xislətində, ləyaqətlilik, halallıq südündə, mayasındadır. Övladları da özü kimi halaldan-halal, dəyərli bir insan ömrünü yaşamaqla atalarının ömrünə ömür qatmaqdadırlar. Telman Əliyev xalqına bəxş etdiyi üç ziyalı övladı ilə haqlı olaraq fəxr edir: hər üçü də ataları kimi, orta və ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuşlar. İlk övladı Rövşən Əliyev riyaziyyat sahəsi üzrə elmlər doktoru, professordur. BDU-nu bitirdikdən sonra burada müəllim kimi saxlanılmış, daha sonra isə İtaliyaya göndərilən Rövşən müəllim bir müddət Nobel mükafatı laureatı Abdus Salam adına Nəzəri Fizika Mərkəzində çalışmışdır. Hazırda R.Əliyev BDU-nun professoru olmaqla yanaşı, Prezident yanında Ali Attestasiya Komissiyasında təbiət elmləri üzrə şöbənin müdiridir. Böyük qızı Nüşabə Əliyeva Azərbaycan Tibb Universitetinin məzunudur, Sərhəd Qoşunları Qospitalında tibb mayoru vəzifəsində çalışır. Kiçik qızı Günay Məmmədova Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında elmi işçi kimi fəaliyyət göstərir.
Altı nəvənin babasıdır Telman müəllim. Nəvələrindən də, gəlinindən və kürəkənlərindən də yerdən-göyə qədər razılıq edir. “Allah mənə onların hamısını ən gözəl bəxşiş kimi ərmağan edib” – deyir. Ən böyük razılığı isə ömür-gün yoldaşı Nazilə xanımdandır. Hansı ki, bir vaxtlar – 1952-ci ildə anadan olan bu qızcığazın adını da elə Telmanın özü qoymuşdu. Qəribədir ki, əmisinin bu gözəl-göyçək qızını sonralardan anasının və böyük qardaşı Mürşüdün təklifi və xeyir-duası ilə özünə ömürlük həyat yoldaşı seçmişdi. Və...bundan heç bir zaman peşmanlıq hissi keçirməyib Telman müəllim. Çünki ailənin ailə olması, övladların ağıllı, savadlı, ləyaqətli ziyalı vətəndaş kimi yetişməsində ən böyük zəhmətin elə Nazilə xanımın zərif çiyinlərinə düşdüyünü bütün varlığıyla duyub-hiss edib həmişə.
2020-ci ilin aprelində ömrünün 80-ci baharını qarşılayıb-yola salacaq Telman müəllim. Həyata nikbin nəzərlərlə baxmağı, doğmalarına, yaxınlarına, heç tanımadığı insanlara belə can yanğısı və mərhəmətlə yanaşmağı özünə həyat kredosu seçən bir örnək insan var: “Dünyanın İntellektual Lideri” – Telman Əliyev!
Ömrü uzun, canı sağ, uğurları bol olsun Telman müəllimin!
Haşiyə:80 illik yubileyi ərəfəsində Telman Əliyevin ömür və yaradıcılıq yolundan bəhs edən kitabımız çap olunacaq. Oxucularımız arasında Telman Əliyevlə bağlı xatirələrini, ürək sözlərini, xoş arzu və istəklərini yubilyarımıza ünvanlanlamaq istəyənlər varsa, buyursun:
Email: qiymet-555@mail.ru
Qiymət Məhərrəmli,
filologiya üzrə fəlsəfə doktoru
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar