Xəbər lenti
Toy sabahı döyülən, dili paralanan gəlinin dəhşətli - Ailə dramı
“Döyülməkdən canımı qurtarmaq istəyirəm”, - biz onunla danışmağa cəhd edən zaman ağlaya-ağlaya təkrarladığı sözlər bu idi... Sakitləşəndən sonra yaşadığı hadisəni danışmağa başladı. Məlum oldu ki, toyundan bir gün sonra döyülüb, şiddətə məruz qalıb, danışmaqda çətinlik çəkir...
Bu dəfə həyat hekayəsini bölüşəcəyimiz şəxs uğursuz ailə həyatının qurbanı olan, xəyalları puça çıxan qadınlardan biri Rahilə Abdullayevadır (ad şərtidir). Hazırda o döyüldüyü zaman aldığı ağır zərbələrin fiziki və psixoloji sağlamlığına vurduğu ziyanı aradan qaldırmaq üçün müalicə alır.
Xoşbəxt ailə, uşaq xəyalı...
Həmsöhbətim deyir ki, ailədə üç uşaq olublar:
“Ailədə iki qardaş, bir bacı olmuşuq. Rayonda balaca bir evimiz var idi. Şad-xürrəm yaşayırdıq. Mən valideynlərimin sevimli qızı idim. Onlar heç vaxt mənə və qardaşlarıma əl qaldırmayıblar. Nəyisə səhv edəndə bizə izah edirdilər, amma döymürdülər... Bir gün ailəmizlə birlikdə qohum toyuna getmişdik. Elə gələcək həyat yoldaşımla həmin toyda tanış olduq. Altı aydan çox danışdıq, görüşdük. Bir-birimizi sevirdik. Mən elə düşünürdüm... (ağlayır). Sonra oğlan dedi ki, məsafə uzaqdır. Bizimkilərin sizə gəlməsinə, nişan və qız toyu etməyə imkanım yoxdur. Qoşul mənə, qaçaq, evlənək. Bir müddət düşündüm. Sevdiyim üçün xoşbəxt ailə, gözəl günlər, ana olmaq xəyalı ilə onun fikirləri ilə razılaşdım və qoşulub qaçdım. Oğlan məni ailəsinə təqdim etdi, qəbul etdilər. Bir həftədən sonra toy planlaşdırdılar, mənim ailəmə barışığa getdilər. Sonra toy oldu...”
“İçkini bir az azalt”
Rahilə Abdullayeva elə toyunun səhəri günü həyat yoldaşı tərəfindən döyülüb.
Deyir, elə bil qəfildən 6 ay danışdığı insan gedib, yerinə tanımadığı bir insan gəlib:
“Sanki mən onun düşməniymişəm kimi davranırdı. Məni toyun səhəri elə döydü ki, səsimə qonşular gəldi. Toyda çox içdi. Dedim, içkini bir az azalt. Əsəbiləşdi. “Sən mənim işimə qarışma”, - dedi. Sərxoş olana kimi içdi. Toy bitəndə baldızım, qaynım və qayınarvadım məni götürüb öz evlərinə apardılar. Yoldaşımı isə biz yaşayacağımız evə yola saldılar. Səhəri gün həyat yoldaşım gəlib, məni öz evimizə gətirdi. Heç bir səbəb olmadan döydü. Səbəb isə toyda “içkini bir az azalt” - deməyimmiş. Ağzım, damağım partladı, gəlinlik paltarım hamısı qan oldu. Sonra mənimlə yatmaq istədi. Mən etiraz edəndə isə zorladı. Qonşular qışqırıq səsimə gəldilər. Oğlanın qardaşına zəng etdilər. Dedi, onlara de ki, yıxılmışam, qoy çıxıb evlərinə getsinlər. Psixoloji problemi var idi. Bir müddət yaxşı olurdu, bir müddət məni döyürdü. Ailəsi mənə kömək edirdi. Amma hər şey bir müddətə qədər...”.
Bütün bunları danışdıqca Rahilənin rəngi-ruhu özündən gedirdi. Sanki gözünün qarşısında həmin anlar canlanırdı. Mənə deyirdi ki, sizə danışanda sanki döyüldüyüm günləri yaşayıram. Elə bilirəm ki, bu dəqiqə həyat yoldaşım arxadan saçlarımdan tutub məni yerlə sürüyəcək.
“İçdiyi vaxt gözünə görsənmirdim ki...”
Şiddət görən qadın deyir ki, oğlanın ailəsinin köməyi ilə onunla barışıb və bir normal ailə kimi yaşayıblar:
“Barışandan sonra arada sözlərimiz uyğun gəlmirdi. Dalaşırdıq, amma bir il məni döymədi. Mən də deyirdim, hər ailədə söz-söhbət olur. Əsas şiddət bitdi, bunu da söz etsəm, Allaha acıq gedər. Susub səbr edirdim. Bir ildən sonra həyat yoldaşım evə gec gəlməyə başladı. Elə olurdu ki, heç gəlmirdi. Evə gələndə də çox vaxt sərxoş olurdu. Kaprizlər edirdi. Çayı gec verdin, sualıma gec cavab verdin, mənimlə soyuq danışdın kimi bəhanə edərək, məni döyürdü. Ailəsi ona içməməsini, evinə tez gəlməsini deyən kimi, heç bir səbəb olmadan məni vururdu. Ən çox başıma çırpırdı. Sonuncu dəfə məni döyəndə hamilə idim. Aldığım zərbələrdən uşağımı itirdim. Məni o qədər döyürdü ki, üzümdəki, gözümün altındakı göyərmələrin sağalması aylar çəkirdi. Evdən çölə çıxa bilmirdim. O içəndə gözünə görsənmirdim ki, nəyisə bəhanə edib yenə döyməsin”.
Rahilə danışdıqca, səsinin əsdiyini hiss etdim. Əvvəl elə bildim, həyəcanlanır. Onu sakitləşdirmək üçün qolunu tutdum və “qorxma” dedim. Hər şey geridə qaldı, artıq heç kim səni incitməyəcək, günahın olmadığı şeylərə görə döyülməyəcəksən. Lakin sonra bildim ki, həyat yoldaşı onu döyən zaman çənəsinə o qədər güclü zərbə vurub ki, dişləri dilini paralayıb. Rahilə deyir ki, o zədədən sonra bəzən belə kəkələmələr olur.
“Hər gün səbəbsiz döyülmək olarmı?”
Nəfəsini dərib davam etdi:
"Gördüyüm şiddətlərə dözə bilməyib, atam evinə qaçdım. Hər gün səbəbsiz döyülmək olarmı? Bəhanələr ilə döyülməkdən, təhqir edilməkdən bezmişdim. Atam evinə qayıdanda valideynlərim, qardaşlarım boşanmaq istəyimə etiraz etdilər. Dedilər, ölsən də, qalsan da boşanmaq olmaz ki, olmaz. Amma bir müddət atamın evində qaldım. Sonra həyat yoldaşımın ailəsi, ağsaqqallar gəldilər. Yenə dil-ağız edib danışdılar, razı saldılar ki, cavandırlar, barışsınlar. Yoldaşım özü mənə yalvardı ki, onu bağışlayım. Deyirdi, bəs məni döyən zaman sərxoş olub. Bağışlaya bilmirdim. Bir də məni döyməyəcəyinə söz verdi. Anam, atam, qardaşlarım hamısı ona inandı, düşdülər mənim üstümə ki, mən hər şeyi böyüdürəm. Mənə dedilər ki, boşanma, ərindi, bağışla, get evində otur. Mən də razılşadım. Evə gəlməyimdən 20 gün keçərdi ki, yenə mənə şiddət göstərməyə başladı. Valideynlərimə, qayınanama zəng edib yalvardım ki, məni xilas edin. Amma onlar dedi ki, qəbul elə və yaşa. El, camaat arasında biz nə deyərik. Birmənalı şəkildə boşanma. Aylardı məni döyməyə, söyməyə davam edirdi”.
Həyat hekayəsini sizinlə paylaşdığım Rahilə Abdullayeva müalicəsi bitdikdən sonra qanuni yollarla onu döyən həyat yoldaşından ayrılacağını dedi. Bundan sonrakı həyatında valideynləri ilə heç bir əlaqə qurmayacağını, həyatını təkbaşına qaydasına salmağa çalışacağını bildirdi...teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar