Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Mehralı kişi dərindən köks ötürdü, əlindəki bıçağı var gücü ilə..." -hekayə

Tarix: 02-04-2018 19:26     Baxış: 21 808 A- / A+
"Mehralı kişi dərindən köks ötürdü, əlindəki bıçağı var gücü ilə..."


Manevr.az Arif Ərşadın "Qaşqalı quzu" hekayəsini təqim edir:

Sayad işdə olduğundan poçtalyon onun adına gələn məktubu anasına verdi. Sayalı məktubu poçtalyondan alıb, narahat halda həyətin o biri başında inək sağan qızını səslədi:
-Ay Sənəm, gəl bu məktubu oxu görək. Sənəm südlə dolu olan vedrəni əlinə alıb belini dikəltdi. Tələsmədən vedrəni mətbəxə qoyub geri qayıtdı. Anasının ona uzatdığı məktubu açıb, sakitcə oxumağa başladı, sonra,
- Hərbi komisarlıqdandır, Sayada gəlib, -dedi. Sayalı narahatçılıqla soruşdu:
-Nə yazırlar?
Sənəm məktubu anasına qaytarıb mızıldandı:
-Nə yazacaqlar, oğluvu əsgər aparırlar.
-Nə vaxt?
-İki gündən sonra, saat doqquzda rayon hərbi komisarlığında olmalıdır. Axşamtərəfi heyvan nobatından qayıdan Mehralı kişi qabağına qatdığı qoyunları tövlədə yerbəyer eliyib həyətdəki tut ağacının altında qanı qara halda outran arvadına yaxınlaşdı:
-Qoyunumuz doğub ki, bəs xəbərin olmayıb, baxmamısan? Özü də erkək quzudur. Yaxşı ki, bu gün onu nobata aparmamışam.
- Eh, a kişi, mən nə hayda, sən nə hayda?…
Sayadın darvazadan içəri girməsini görən Sayalı, sözünü bitirməyib susdu. Mehralı arvadının susduğunu görüb, heç nə soruşmadı. Sayad salam verib, atasının yanındakı boş stulda əyləşdi:
-Dədə, necəsən?
-Sağ ol, ay oğul.
Sayad, başı ilə anasına tərəf işarə edib, soruşdu:
-Anam niyə mısmırığını sallayıb, yəqin, xətrinə dəymisən?
Mehralı kişi çiynini çəkib ayağa qalxdı və heç bir söz demədən aramla tövləyə sarı getdi. Gözü stolun üstündəki məktuba sataşan Sayad,
zərfin üstündə öz adının yazıldığını görüb, məktubu açdı. Oxuyub gülümsədi:
-Hə, məlum oldu. Ay ana, sən sevin ki, oğlunu əsgər aparırlar. İl yarım nədir ki, bir də görəcəksən, əsgərliyimi qurtarıb qayıtdım. Heç narahat olma, buna görə qaş-qabağını tökmüsən?
Sayalı əlini yellədi, nəmli gözünü oğlundan gizlədib dedi:
-Əvvəlki vaxtlar olsa idi, nə vardı ki. İndi ara bir az qarışıqdır, Allah bu ermənilərin kökünü kəssin! Necə narahat olmayım? Qucağında balaca quzu tövlədən çıxıb onlara tərəf gələn və məsələnin nə yerdə olduğunu indicə anlayan Mehralı kişi, oğluna yaxınlaşıb quzunu ona uzatdi:
-Al, bax gör nə qəşəng quzudur. Bunu özüm bəsləyəcəm, o vaxta qədər yeməli olacaq. Allah qoysa sən sağ-salamat gələndə qapıda kəsib qonum-qonşuya qonaqlıq verəcəyəm. İnşallah!
Sayalı da əllərini göyə qaldırıb:
- İnşallah, - dedi və axşam süfrəsini açmaq üçün ayağa qalxdı. Sayad qucağında saxladığı quzunun başını tumarlayaraq dilləndi:
- Gör nə qəşəng gözləri var, özü də anası kimi qaşqalıdır. Dədə, sənin necə əlin gələr bunu kəsməyə. Mən bunu kəsməyə qoymayacağam.
-Təki sən salamat qayıt, gör necə kəsəcəyəm, heç sənin xəbərin də olmayacaq… Sayad orta məktəbi bitirəndən sonra sənədlərini ali məktəbə versə də, instituta qəbul ola bilməmişdi. Səkkiz ay olardı ki, qəsəbədə işə düzəlmişdi. İki ay usta yanında şagird durduqdan sonra artıq sərbəst işləməyə başlamışdı. Aldığı əmək haqqından da narazı deyildi. İlk maaşını alıb evə gələn günü atası bir qoç kəsib elə bu ağacın altındaca qonum-qonşuya qonaqlıq vermişdi. Anası isə dükandan şokalad alıb kənd uşaqlarına paylamışdı. Özü isə ilk maaşından ayırdığı on beş manat pula ətir alıb sinif yoldaşı Gülsümə bağışlamışdı. Bu onun sevdiyi qıza bağışladığı ilk hədiyyə idi. Atasının səsi Sayadı xəyallarından ayırdı.
-Səhər qoyunları nobata ötürəndə, ağ qoçu sürüyə qatma, tövlədə saxla. Günorta işdən qayıdıb kəsəcəm, axşam kabab eləyərik. Sayad başı ilə atasının sözünü təsdiq edib, qucağındakı quzunu tövləyə aparmaq üçün ayağa qalxdı. Quzunu yerləşdirib yerinə qayıtdı, cib telefonunu çıxardıb saata baxdı. Sonra tələsmədən kimə isə mesay göndərdi və heç kimə heç nə demədən, sakitcə ayağa qalxıb darvazadan çıxdı. Sayalı əlində gətirdiyi süfrəni stolun üstünə sərdi, oğlunu həyətdə görməyib samovarı qaynadan qızından soruşdu:
-Ay Sənəm, bəs qardaşın hara getdi?
-Güya bilmirsən ki, ay ana?
-Ay qız, tez onu çağır, acqarına nə xəbərdi.
Sənəm darvazaya tərəf getmək istəyirdi ki, atasının səsini eşidib, geri qayıtdı:
-Ay qız, keç belə, işiniz yoxdu, qoy getsin. Cavan oğlandı, heç nə olmaz, bir azdan qayıdıb yeməyini yeyər.
Bu gecə səhərə kimi gözünə yuxu getməyən Sayalı, o başdan yerindən qalxıb, oğlunun yol tədarükünü hazırlamağa başladı. Sonra səhər yeməyini də hazırlayıb stola düzdü. Qoyunları nobata ötürüb evə qayıdan Mehralı kişi, həyətdəki kranın altında əl-üzünü yuyub eyvana qalxdı:
-Ay arvad, uşaq yola çıxır, qaş-qabağını tökmə. İl yarım nədir ki, quzumuz yeməli olanda gələcək, inşallah! Oyat da oğluvu, vaxt daralır, axı...
-Oyatdım dədə, gəlir, - bunu deyən Sənəm, qaynayan samovarı içəri gətirmək üçün həyətə düşdü. Səhər yeməyindən sonra Sayad onu hərbi komisarlığa qədər müşayiət etməyə getməyə heç kimə icazə vermədi.
- Uşaq deyiləm ki, - deyib, darvazanın ağzındaca qucağında saxladığı quzunun qaşqasından öpüb, onu bacısına verdi. Atasının ona uzatdığı çantanı çiyninə keçirib hamı ilə bir-bir görüşdü. Anası onun boynunu qucaqlayıb iki gün bundan qabaqdan dediyi sözləri yenə də təkrarlamağa başladı:
-Sənə anan qurban, Sayad. Yeməyinə, içməyinə fikir ver, ac qalma. Bizim tərəflərə ağlın getməsin ey, bala, oralar dağ yeridir, əynini qalın elə, soyuqdan özünü qoru. Bizdən də nigaran qalma.
-Komandirlərinin sözündən çıxma, sən Vətəni qorumağa gedirsən, ananı, bacını qoruyursan, deməli bizi qoruyursan. Ali məktəbə girə bilmədin, eybi yox, heç olmasa, hərbidə bizim başımızı uca elə! - bu sözləri isə atası dedi. Sayalı ərini tərs-tərs süzdü. Sayad gülümsəyib darvazadan çıxdı. Sayalı:
- Allah, balamı qoru, bircə oğluma qıyma, - deyib, əlində tutduğu bir qab suyu onun arxasınca atdı. Sayad onlardan beş-altı addım aralanıb ayaq saxladı, geri dönüb, - Dədə, ali məktəbə hərbi xidmətdən qayıdandan sonra mütləq qəbul olacağam, inşallah! Siz mənimlə fəxr edəcəksiniz! – deyib əlini
havaya qaldıraraq yellədi və cavab gözləmədən yolda onu gözləyən avtobusa tərəf qaçd.
…Təcili yardım maşınını yola salandan sonra darvazanı bağlayan Mehralı kişi həyətdə dolaşan Qaşqalını tövləyə salmaq istəsə də, tuta bilmədi. Neçə gün idi ki, boynuna qırmızı lent bağlanmış Qaşqalı elə həyətdəcə dolaşır, o biri qoyunlardan fərqli olaraq tövləyə girmək istəmirdi. Bu son yeddi gün ərzində isə vaxtlı-vaxtsız mələyən, əl-ayağa dolaşan qoyuna nəinki həyətə yığılan qonum-qonşular, gələn qonaqlar, heç Mehralı kişi özü də fikir vermirdi. Bütün gün siqareti siqaretə calayıb, bundan sonra bu dərdə necə dözüb yaşayacağını düşünürdü. Əlindəki siqareti yerə atıb, ayağı ilə söndürdükdən sonra evə sarı addımladı. Dəhlizdə divara vurulmuş güzgünün üstünə sərilmiş ağ mələfənin əyilmiş tərəfini düzəldib, qonaq otağına daxil oldu. Bütün divar boyu döşənmiş döşəkcələrin birinin üstündə oturdu. Qarşı tərəfdə, rahat yorğan-döşəkdə uyuyurmuş kimi elə oturduğu yerdəcə başını qızının çiyninə qoyaraq yatan arvadına baxıb, dərindən bir ah çəkdi. Arvadının başına bağladığı qara örpəyinin altından çıxan saçlarının bir həftəyə necə tez ağardığını sanki indi görürmüş kimi diqqətlə baxmağa başladı. Onun üzündəki dırnaqla açılmış şırımların qaysaq bağladığını görüb, əli ilə qəfil sancan ürəyini sığalladı. Həkimlərin vurduğu iynənin təsirindən yuxulayan arvadının dodaqları sanki kiminləsə danışırmış kimi tərpənirdi.
“-Sən niyə belə elədin, Sayad? Özü də evə gəlməyinə beşcə gün qalmış.
-Nə elədim ki, ana?
-Anan ölsün, daha bundan artıq nə etməli idin ki?
-Ay ana, siz mənə nə tapşırmışdınız, mən onların hamısına əməl etməyə çalışdım.
-Eh, yaman çalışdın, ay oğul.
-Dedin: Yemək-içməyinə fikir ver, - verdim.
-Dedim, ay oğul, dedim.
-Dedin: Soyuqdan özünü qoru, - qorudum.
-Dedim, ay oğul, dedim.
-Dedin: Vətəni qoru, - qorudum.
-Dedim, ay oğul, dedim.
-Dedin: Başımızı uca elə, - elədim.
-Dedim, ay oğul, dedim. Amma mən sənə…
-Hə, düzdür. Sən mənə “Şəhid olma!” demədin axı.
-Hə, düz deyirsən, demədim bala, demədim. Allah üzünü ağ eləsin, oğul!”
Öz səsinə yuxudan oyanan Sayalı gözlərini açdı. Onsuz da bundan sonra daha yata bilməyəcəyini bildiyindən ayağa qalxıb pəncərəyə yaxınlaşdı. Hava yavaş-yavaş ağarırdı. Həyətə qatı duman dolmuşdu, dumanın içində Qaşqalının bir cüt qara gözləri alışıb yanırdı. Mehralı kişi əlindəki bıçaqla Qaşqalıya tərəf bir-iki addım atıb dayandı, arxadan gələn hənirtiyə çevrilib geri baxdı, arvadı pəncərədən ona baxırdı. Qatı dumanda Sayalının da gözləri Qaşqalının gözləri kimi alışıb yanırdı. Mehralı kişi dərindən köks ötürdü, əlindəki bıçağı var gücü ilə dumana bürünən tut ağacına tərəf tolazladı, bıçaq dumanın içindən sıyrılıb ağacın gövdəsinə sancıldı. Mehralı kişi ağır addımlarla darvazaya tərəf gedib dumanda itdi. O, darvazanı açıb geri boylandı, arxasınca gələn Qaşqalının qaşqasını son dəfə sığalladı, on beş gün bundan qabaq boynuna bağladığı qırmızı lenti açıb onu həyətdən bayıra ötürdü. Bir an sonra Qaşqalı da kəndin dumanına qarışdı…

Arif Ərşad

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar