Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlət xalqın, XALQ İSƏ MƏMURUN RİFAHI ÜÇÜN ÇALIŞIR

Tarix: 01-02-2018 11:10     Baxış: 11 117 A- / A+
Dövlət xalqın, XALQ İSƏ MƏMURUN RİFAHI ÜÇÜN ÇALIŞIR


Ölən, itən oldu... Bir qarınlıq fayda üçün məclisə gələnlər vardı. Söz düşdü, söhbət açıldı, dərdlər təzələndi... Güləndə mənə gülənlər, yaylıq alıb öz dərdinə ağladı. Sonra da "arığı"(yəni kasıbı) qoruğa girdiyi üçün qınadılar... "Niyə?"," Nədən?" girdiyini soran olmadı. Hələ bir mənə də :

-Sən nə istəyirsən?-deyə sordular.

-Haqqımı tələb etmək, ədaləti bərpa etmək!-deyə inandığımı, güvəndiyimi söylədim.

-Hansı ədaləti?-deyə sorunca da başıma gələni, əmlakımın necə talandığını danışdım.

-Adamın varmı?-deyə sordular.

-Biz adam deyilik?

-Pulun necə, varmı?

-Nə bazar açmısız, eeey?

- Adamın yox, pulun yox. Bu yerdə gedən qayıtmaz. Zamanına heyfimiz gəlir.

-Anarxiyadı məyər? Hər şeydən ali olan qanunlarımız, başımızın böyüyü dövlətimız var!-dedim.

- Adam kimi adamsan. Di gəl ki, dünyadan xəbərsiz. Dövlətlə uğraşmaq sənlik deyil, bala...-dedilər.

Aradan aylar, illər keçdi. Getmədiyim yer, döymədiyim qapı qalmadı. Hara üz tutdum, orada qanun adamlarının qanunsuz davranışlarının, "qısır" vədlərinin "qonağı" oldum. Kimsənin əlinə "Qanun" kitabını götürüb baxdığını, kiməsə, nəyisə xatırlatdığını görmədim. Kimə getdim, "yaz"-dedilər, yazdım. Kimsənin yazdığımı oxumağa nə səbri,nə savadı çatdı. Amma hamısında eyni əda, eyni qəlibdən olan səhnə mədəniyyəti gördüm, valeh oldum. İnadkarlığım xoşa gəlmədikcə xoşagəlməz hallar, daha çox sarsıntı yaşadım. Əvvəl "boz", sonra da "bomboz" adamlarla üzləşdim. Mal-mülkümə çökənlərdən şikayətçi olduğum halda bu dəfə də məmurlarhər şeydən dəyərli zamanımı, dövlətə olan güvənimi, önəmli arzularımı çaldılar. Görə bilmədiyimi görüb, eşitmək istəmədiyimi eşitdim. İnanmaq istəmədiyimə inandım. Beləcə özüm qapı arxasında, gözüm zamanda, ağlım açılmayan sabahlarda qaldı... Ədalətin elə kar, kor, lal olduğu yerlərdə mizan - tərəziləri faydasevər gördüm. Kimsə tərəzinin gözünə var-dövlətini töküb, oyun qururkən mənim sözüm və səbrimdən özgə qoyacağım olmadı. Qanunlar dəyərdən, sözümüz kəsərdən düşdü.

Baxdım ki, adamların hərəsi bir cür "dəli", hərsəi bir cür "oğru"dur. Kimi köz oğrayır, kimi söz. Kimi də "oğrudan oğruya halaldı"-deyə özünə pay çıxir. Beləcə olaylara təbii baxan, bir-biriynən dolanan dolanışıq gördüm. Sən demə oğru dövlətə, kasıb övrətə sığındığı kimi, adamları yönəldənləri də arvadlar yönəldirmiş. Onlar da "arvad" əlində əsir-yesir olmuş...

Odur ki, oturub "var-dövlət" sözünün mürəkkəb tərkibini açmağa çalışdım. Məlum oldu ki, "var" sözü leksik məna kəsb etmir. Haaa... "Dövlət" sözü artıq özünəməxsus leksik məna kəsb edərək "var" ilə birləşəndə böyük gücdən xəbər verir. Adamların nədən var-dövlət hərisi olmasının səbəbi bəlli oldu. Güclü olmaq istəyən adamlar övladlarını təhsilli, daha doğrusu diplomlu olmasına çalışaraq ömrü boyu "qazandığı" sərvətdən keçməyə hazır olurlar ki, ən azından kiçik məmur və ya hər hansı "iş adamı" ola bilsin. Sən demə kino biletindən fərqlənməyən "diplom" bu tilsimin açarı olmaqla yanaşı cəmiyyətdə daha çox savadlı oğru və dələduzların yetişməsinə şərait yaradırmış.

"Xəmir yeyənin acizi, məmurun kasıbı olmaz!"-dedilər. Dediklərini də seçdilər. Çünki seçilmişlərin yolu rahat, işi rəvan olar. Hər məmurun özünəməxsus artistlik məharəti, peşəkar ətrafı var. Hansı ki, bu gün işə girən bir həftəyə maşın, bir aydan ev-eşik, bir ildən sonra isə böyük biznes sahibi olur. Beləcə, bugünümüzün "iş adamı"-məmur, məmur da elə böyük biznes, bank sahibi, hər cür "faydalı" iş ortağı deməkdir. Yəni biz əkdiyimizi satmaq üçün "onlardan" yer, icazə aldığımız kimi, onlar da bizdən fayda qarışıq halalıq alırlar. Halallaşınca da "bəxtimiz gətirib"-deyə toy- bayram edərik ki, bizim yerimizə bizi düşünən, "sevən" məmurlarımız var. Var-yoxumuza çöküb, uğurumuzu qapırlar ki, salıb itirməyək. Faydalı iş görməyi düşünən olsa, yaxşıca yol, iz göstərib, ağıllı məsləhət verərlər. Hər hansı işə başlayınca da önünə keçib, yönəldərlər. Onlarla hesablaşmayanın dünyasını qatarlar. Beləcə həm xeyir

işin, həm də şər işin də faydası yalnız onlara çatar. Sən demə daxmamız damsa da bəlalı başımızın "kepka"sı var deyə şükr edərik. Bir qarın çörəyə möhtac olsaq da nə yolnansa bu boyda "külfəti" dolandırıb, Allaha belə çatarıq: "-Şükür sənə, İlahi. Başımızı soxmağa daxmamız, yatmağa yerimiz, yeməyə çörəyimiz var." Ağlabatan olmasa da nəsə soruşmaq istəyəndə "şükr edənlər" söhbətdən qaçıb, sirrini verməz.

Mat qalıram sirrimizə.

Çata bilməz kimsə bizə...

Nə yazıq ki, mənim başımı soxacaq nə daxmam, nə də yatası yerim var. Nə adam kimi arzulamağa həvəsim, nə də yaşamağa imkanım var. Əslinə qalsa, var idi... Aldatdılar... Aldılar... Böldülər.. Yedilər... Elə pişik də aslana qohum düşüb. Pişik yeyəni aslan qusduranmaz!-deyə mən də şükr edirəm. Məmurun (yəni dövlətin) bir qəpiyi əksik gəlsə, dərini soyar, son qəpiyinə kimi alarlar. Di gəl ki, mənim minim, milyonum gedir və kimsənin veycinə deyil. Hara gedirəm, hamının üzü gülür. Sən demə çər dəymişlərin qarnı şənlənib. Nədən məni eşitsin? "Hürsə də, tutan döy."-deyə mənim dərdimə, oğrunun faydasına şərik olan maraqları göz oxşayır. Kimi özünü "Tanrı" elan edib taxt sahibi, kimi sədaqətinə görə bəxt sahibi, kimi də məcburi qarğış, söyüş sahibi olduğunu bəyan edər. Elə bu yönlü iddialarla da gündəlik iş planı, aylıq, rüblük hesabatlar tutular. Kimisə yenmək üçün birləşənlərin övladları nəsilləri, faydaları birləşdirər. Sən demə elə bəlli dələduzlar da "qanun adamları"nı bizdən yaxşı tanıyar. Məlum bilgilərə əsasən "dadlı" danışıb, "duzlu" davranarlar. Beləcə, birgə duz dadmış, qardaşlaşmış ortaqlar-"iş adamları" olur...

İndi də qalmışam yol ayrıcında. Nə güvənəsi dövlət var, nə sığınası arvad... O qədər zəlil günə qoyublar ki, nə başımızı qaçırıb gedəsi yerimiz, nə də əl açıb, dərd deyəsi göyümüz var. Hansı qapını döyürəm, orada mələk donlu "iş adamları" yönəldir bizi. Hansı qibləyə üz tuturam, yaradılışa sahib çıxan, ətəyi cırıq, balağı kəsik "Tanrı" görürəm. Ən azı məmləkətdə 66 rayon, 11 şəhər "Tanrısı" var. Eyni zamanda 257 qəsxuda, 4260 kəndxuda var. Yəni, qəsəbə, kənd tanrısı. Sən demə biz Tanrı sevdalı vətəndaş olaraq çoxallahlı məmləkətdə, tolerant bir ölkədə yaşayırıq. Bu şərəfə nail olduğumuz üçün "Allah"lara şükr borcluyuq.Yeri gəldikcə nəzir verib, qurban kəsməliyik. O da baxır mərfətimizə. Eləcə də əhli-kef əcdadımızın "Kəndxudanı gör, kəndi çap"- mirasına sahib çıxıb, prinsiplərinin aktuallığını saxlamalıyıq ki, "Allahların " qəzəbinə tuş gəlməyək. Kimi görə-görə, kimi bölə-bölə gəlir. Döyülən, söyülən zavallı qorxusuna sığınıb, şeytana papış tikən hansısa böyük gücdən bəhs edər, nağıllar, əfsanələr uydurar. Beləcə zülmün mütləq hakim olunduğuna həm özünü, həm gələcəyini inandırar.

Mif olan varlı, iman gətirən kasıb olur. Varlı hörmət gözləyən, kasıb hörmət edən olar. Biri o birinin könlünü, digəri insafını satın almağa çalışır. Hər ikisi narazı qalmamaq üçün bir-birini yola verməklə keçinərlər. Biri şər, o biri şərdən qaçan "xeyir" olar ki, bəladan uzaq olsun. Deyilənə görə hər ikisinin Allahi var. Birinin Allahı səxavətli, digərininki səbrli olmağı tövsiyə edər. Mənimki yalan danışmaz!

Bir sözlə qandırdılar, qandıq. İnandırdılar, inandıq. "Mila"dan içə-içə zavoda "inək", bazara "biçənək", oğruya da "müəllim" dedik. Baxmadıq ki, süddən inəyin, tərbiyədən "müəllim"in xəbəri yox. Di gəl ki, hər önə çıxan "Biz" deyir, "biz"dən danışır. And içəndə də ya "müqəddəs" vicdana , ya da əlini ürəyinin üstünə qoyub "qoltuq" andı verər. Hansı ki, hamısının cibindən "biz" çıxar ki, and yeri olan bu aləti ayaqqabı tikən ustalarda görmüşəm. Hər əl-qol açanda əlimə batan "biz"lərdən yorulmuşam. Dövlətin kimin tərəfində olduğunu öyrənmək isə mənə maddi, mənəvi və fiziki ziyan hesabına başa gəldi. Sən demə dövlət xalqın, xalq da yorulmadan məmurun rifahı üçün çalışır...

Akəm Xaqan,
şair-tənqidçi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar