Xəbər lenti
"Göyün çiyinlərində ayrılıq bitər..." - Cavid Fərzəli (Yeni şeirlər)

***
Hər səhər küçələr
bozumtul sifətini gizləyib,
günəş libasını geyinir pəncərələrin…
Ağaclar həmişə xəyanət eyləyir kölgəsinə,
axı hər bahar öldürür çiçəyini.
Axı tək qalmaq,
kölgələrə ləpir salmaqdır…
Rəsmləri qəhər daşıyır divarların,
qırmızı yağışlar gizləyir çiyinlərinin qovuşduğunu…
Sənin kədərini
azan səsi oxuyur müti küçələrə.
Ayaqlarının kölgəsində böyüyür kor arzular…
Ay işığı örtür ucaboy gecələri,
təkgözlü pərdələr səndən ötrü yaşayır məhbusluğunu…
Ölü buludların içində
yaşayır göylərin evi.
Zamanın iplərini meh əsdirir,
küləkdən qopmuş musiqi
intihar nəğməsi oxuyur…
Ovuclarında gizlənən dəniz üzlü küçələrdə
bir qadın yağışdan qorxur,
bir kişi çətirində…
Daha sevilmək
əsarət çiçəklərində yaşayır.
Sevmək isə
azadlıq bəstələrində!
Gözəlliyini şəkillər doğrayır,
taleyini çörək çirkinləşdirir
fağır küçələrdə, qızım…
Xoşbəxt rəsmi varmı ağacların?
Hansı payızı göstərsən,
ürəyi ölü yarpaqdır…
Tanrı sirr deyilsə,
sən də göstər cırıq şəkillərini, qorxma,
çünki hara ağlasan,
divara dönür göz yaşın.
***
Sabahdır…
Sənin adınla açılır pəncərələrim.
İşıq, bəstə-bəstə, rəks eyləyir ürəyimin tozunda…
Yuxumun yarıaçıq qapısında
bir balaca uşaq gülümsəyir,
çinar ağacının üstünə…
Pəncərəmdən dəniz,
divarımdan azadlıq yağır,
bu günəşin əhvalı sənsənsə,
bu sabah da,
sən də,
məmləkətim də
günəş üzlüdür.
Sabahın xeyir, günəş üzüm…
Bu xəyal günəşinin
sifətimi tumarladığı səhəri
yaşayardım kaş…
Ayılma, günəşim…
Qoy əllərim səninlə gülsün.
***
Bu sabah da ölmədim.
Yaşasam da,
sevsəm də
adamların üzünü…
Sağ qalmağı
sənin ayrılığından öyrəndim, Tanrım!
Gördüm ki, günəşin rəngini dəyişə bildiyin sabahları yaşayarsan,
ya hər gün eyni pəncərələrdə,
ya hər an gözüaçıq, uzaqlarda!
Çünki rəngini dəyişmədiyimiz,
yaşayıb qurtarmadığımız sabahın günü təkcə bir təqvimdir.
Axı… yetmiş ilin
bir günü yaşayıb qurtarmayan pəncərələri var…
Və bir günün
barmaqlarında yetmiş illik taleyini tapmayan sabahı…
***
Asılıb qalmışam daş buluddan,
Bəlkə, yağışındır əllərim,
Qalxsam, göylərindir ayaqlarım.
Tanrım, bu axşam divarımda üzü ayrılıqdır, pəncərəmin.
Baxsam, gecənindir kor küçələr,
Getsəm, yollarımın ayaqları daşlayar.
Tənhalıq getmək istədiyin boşluğun son qapısıdır...
Burdayam,
Tanrım, hara getdim!
Belini əydi küləklər,
Hara baxdım, şəkillərin dizi əzdi məni.
Bir axşam
Axşamın gözlərində küçə işıqları yerə dağılır,
kölgəmi dəyişir sənin addımların...
Təbəssümünü üzümə çırpır yağışlar.
Əllərim ağacların sonbeşiyidir,
barmaqlarım bahar gətirir sənə...
Qaranlığın içində,
üşüyən bir körpə kimi baxıram sənə.
İndi səni sevmək, yağışlı günlərə can yandırmaqdır.
Yerişin küçələrin ürəyini tapdalayır,
ayaqlarını məsciddən asır müəzzin divarlar.
Bu axşam yolunda.
Bəlkə də şam işığında xoşbəxt bir şöləydik.
Heyif, işıq selinə vurulduq.
Bax, bu yay gecəsi
əlləri sevişir çiçəklərin,
Gecənin rəngini dəyişir bənövşələr.
Gecənin kənarında sənin gözəlliyin yarasalara kordur...
Göyün çiyinlərində ayrılıq bitər,
Qanadlarını doğmaqdan əl çəkər göy üzü...
Qarşı küçədən gələn səsdə
ürəyimin hərifləridir ayrılıq oxuyan nəğmə.
Sinənin qabarında saçları yatır küləklərin.
Qollarım körpə uşaqdır.
Bağışla, qucağımı ata bilmədim yoluna!
Boz küçələr sevdiyini intihar iplərində əzizləyir.
Gedişinin içində su içir bir it,
dili qanayır sözlərimin.
Hər anım doğrayır buludların əsarətini...
Heyif, başını hər daşın üstünə qoydu ayaqlarımız...
Bir ağacın yuxusunu yarıda buraxdıq...
Qayıt.
Bir uşaq oyuncağını böyütsün...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar