Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Özünə dəyər verən, sözünə də dəyər verər!-ZÜMRÜD BALOĞLANOVA -Sumqayıt mətbuatı - 65

Tarix: 30-10-2017 17:07     Baxış: 41 117 A- / A+
Özünə dəyər verən, sözünə də dəyər verər!-ZÜMRÜD BALOĞLANOVA
“Hər kəs öz yerində oturanda, o yeri gözəlləşdirir!”. “Tənqidi jurnalistikada qətiyyət və mübarizə olmalıdır!”

Qısa arayış:

Zümrüd Nohbala qızı Baloğlanova 23 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə orta məktəbi, 1971-ci ildə isə BDU-nun “Jurnalistika” fakültəsini bitirib. 1964-1973-cü illərdə “Sosialist Sumqayıtı” qəzetində korrektor və ədəbi işçi işləyib. 1973-1979-cu illərdə Sumqayıt Kimya Sənaye İstehsalat Birliyinin “Kimyaçı” qəzetində məsul katib kimi çalışıb. 1979-1993-cü illərdə “Kirpi” siyasi satira jurnalında felyeton şöbəsinin redaktoru və xüsusi müxbir işləyib. Hazırda “Möhür” nəşriyyat müəssisəsinin təsisçisi və direktorudur.

Z.Baloğlanova keçmiş SSRİ Jurnalistlər İttifaqının, həmçinin Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmaqla yanaşı, bir çox Fəxri Fərman və Diplomların sahibidir. Dövri mətbuatda və İnternet saytlarında müxtəlif mövzulu yazılarla çıxış edir. O, “Naxış” ədəbi-bədii, publisistik jurnalın redaksiya heyətinin, “Zərif” qadınlar məclisinin üzvüdür.

Bir övladı, iki nəvəsi var.

***

Sumqayıt mətbuatının 65 illiyi ərəfəsində həyatının 53 ilini mətbuata həsr etmis, peşəkar jurnalist olmaqla yanaşı, dəyərli gözəl insan, əməlləri xeyirxahlıqdan yoğrulan insansever, qayğıkeş və nəcib xanım olan Zümrüd Baloğlanova ilə görüşməyi özümüzə borc bildik.
Böyük həyat məktəbi keçən, yüksək intellektual səviyyəsi ilə seçilən, gözel yaddaşa və zəngin söz ehtiyatına malik olan bu zəhmətkeş insanla ünsiyyətdən doymaq olmur. Dərin zəkaya və hadisəni anındaca analiz etmək qabiliyyətinə malik olması, hansı sahədə çalışmasından asılı olmayaraq, bu qadına hər zaman ugur qazandırıb...


Sumqayıtın mətbuat tarixində öz dəsti-xətti olan Zümrüd xanımla məhz ötən illərin xoş xatirələrini vərəqləmək istəyilə söhbətə başladıq.
Manevr.az həmin müsahibəni oxuculara təqdim edir:

- Zümrüd xanım, necə oldu ki, məhz jurnalist olmaq qərarına gəldiniz?

- Respublikada hamımızın hörmətlə yanaşdığı Mailə Muradxanova tez-tez bizim məktəbə gəlirdi. Və biz həmişə ondan nəyisə öyrənirdik. Hələ 8-ci sinifdə oxuyanda o, mənə kiçik bir yazı təklif elədi. Mən yazını hazırladım. Çox bəyəndi. Beləliklə, ilk yazım “Azərbaycan gəncləri” qəzetində Mailə xanımın dəstəyilə dərc olundu.

Ancaq ilk qəzetim son zəng üçün hazırladığım “Arzular” divar qəzeti olub. Sərbəst şəkildə, özüm düşündüyüm kimi, uşaqların arzularını qələmə almışdım. Özümün də jurnalist olmaq istəyimi qeyd etmişdim. Çox qəribəydi ki, həmin arzuları söyləyən qız uşaqlarının hamısı seçdikləri ixtisaslar üzrə ali məktəblərə girdilər. Iqtisadçı, geoloq, həkim, müəllim... kimi, respublikamızın rayonlarına üz tutdular. Maştağa qəsəbəsindəki 187 saylı eksperimental məktəbi qızıl medalla bitirdim. Təəssüf ki, həmin il jurnalistikaya qəbul yox idi. Həm də, iş təcrübəsi tələb olunduğundan, mən işləməliydim.

Özünə dəyər verən, sözünə də dəyər verər!-ZÜMRÜD BALOĞLANOVA
- Beləliklə, taleyinizi Sumqayıtla bağladız?

- Bəli. Əslimiz Abşeronun Pirəküşkül kəndindəndir. O kəndin qızları vaxtilə evdə otururdular. Heç kəs oxumurdu. Əmim Abusət kişi müharibə veteranı olub. Azərbaycandan Berlinə, Berlindən isə Yaponiya Port-Artur müharibəsinə qədər böyük döyüş yolu keçib. 1947-ci ilə qədər cəbhədə olan əmim qayıtdıqdan sonra həyata daha açıq gözlə baxdı.

Bir gün əmimgilə ailə tədbirinə gəldim. O, qız övladlarını oxutdurduğundan, məni də öz qızı kimi o dəstəyə qoşdu və təhsil almağımda önəmli rol oynadı. Elə həmin gündən - avqust ayından onlarda qaldım. Və, beləcə, Sumqayıt mənim doğma evimə çevrildi.

- İlk əmək fəaliyyətinə başladığınız günü necə xatırlayırsınız?

- O günləri unutmaq olarmı?! “Sosialist Sumqayıtı”na ilk gəldiyim gün kinolent kimi gözlərimin önündədir. Əmim mənə redaksiyada işləməyi təklif etdi. Dedi ki, qəzetin redaktoru Zərifə Təhməzovayla tanışdır. Ertəsi gün redaksiyaya gəldik. Bizi xoşgörünüşlü, mehriban və gülərüz bir xanım qarşıladı. O, əmimi diqqətlə dinlədi. Mənə kağız-qələm uzatdı, tapşırıq verdi. Bacarığımı yoxladıqdan sonra, məni işə götürməyə razılıq verdi. 1964- cü ilin sentyabr ayının 9-da “Sosialist Sumqayıtı” qəzetində korrektor kimi əmək fəaliyyətinə başlamağımla bağlı əmrim verildi. O gündən bu gözəl kollektivin bir üzvünə çevrildim. İlk kövrək addımlarımı atdım, bu sənətin sirrlərinə yiyələnməyə çalışdım. Və zaman-zaman püxtələşdim.
Özünə dəyər verən, sözünə də dəyər verər!-ZÜMRÜD BALOĞLANOVA
Mətbuat aləmində qazandığım uğurlara görə, müəllimlərimə, Sumqayıt mətbuatının aparıcı qüvvələri olan insanlara – Zərifə Təhməzovaya, Sevil Bayramovaya, Xasay Cahangirova, Çingiz Süleymanzadəyə, Ramiz Tapdıqova, fotoqraf Məqsəd Quliyevə və üzərimdə əziyyəti olan dıgər peşəkarlara minnətdaram. Onlardan çox şey görüb-götürdüm, öyrəndim. Bu insanların göstərdikləri qayğını və çəkdikləri zəhməti unutmağa haqqım da yoxdur!

Özümü jurnalistikaya tam hazır bilib əyani yox, qiyabi oxumağı qərara aldım. Və həmin il sənədlərimi ADU-nun jurnalistika fakültəsinə verdim və qəbul oldum. Yaradıcılığımın formalaşmasında Zərifə xanımın əvəzsiz rolu oldu. Bundan başqa, sumqayıtlı tələbə yoldaşım Feyzi Mustafayev məndən yaşca böyük idi, təcrübəli idi, ondan çox şey öyrəndim.

Mənə maraqlı olan mövzulara toxunmağa, tənqidi yazılara daha meylli idim. Hələ 3-cü kursda oxuyanda Seyfulla müəllim bizə zarisovkadan, oçerkdən, reportajdan dərs keçirdi. O, bizə bir tapşırıq verdi. Ertəsi gün zarisovka yazıb gətirməli idik. Qrupda tək qız oldugumdan, oğlanların hamısı bir-bir ayağa qalxıb yazdıqlarını təqdim edirdilər. Seyfulla müəllim onları dəyərlndirir və məqbul qiymət yazırdı. Sakitcə oturub qulaq asırdım. Birdən Seyfulla müəllim üzünü mənə çevirib dedi ki, “xanım qız, bəs siz niyə danışmırsınız? Yazdığınızı siz də oxuyun!”. Mən ayağa qalxıb yazımı oxudum. Yazım indiki “Xəzər” səhmdar cəmiyyətinin yerində yarımçıq qalmış, illərlə tikilməsini gözləyən özüllə bağlı idi. Obyektin 3 sahibi olduğundan onlar öz aralarında bu məsələni həll edə bilmirdilər. Bu səbəbdən də tikinti işi illərlə uzanırdı. Başlığı da “Şap xala deyir, Şupdadır, Şup xala deyir, Şapdadır” qoymuşdum. Seyfulla müəllim diqqətlə qulaq asıb belə bir fikir söylədi: “Sizin yazdığınız zarisovka deyil, gözəl bir tənqidi yazıdır. Bəlkə, siz gələcəkdə bu sahəyə daha çox diqqət yetirəsiniz? Bu yazıda tənqidin böyük elementləri var və siz həyata daha düzgün nəzərlə baxırsınız. Çatışmazlıqları bu yazıda tamamilə hiss etdirmisiniz”.

Seyfulla müəllimin sözü mənim üçün həyatda bir işıqlı yol oldu. Və həmin vaxtdan tənqidi yazılarla çıxış etməyə başladım.

- Tənqidi yazıların mətbu orqanlar tərəfindən qəbul olunmasında, dərcində problemlər yaşanmırdı ki?

- Əsla. Ilk yazılarımı 70-ci ildən “Kirpi” jurnalına göndərməyə başladım. Özüm redaksiyaya heç vaxt getmirdim. Yazıların üzərinə lazımi sənədləri əlavə edir, poçt vasitəsilə jurnala göndərirdim. Günlərin bir günü redaksiyaya, mənimlə görüşmək üçün, həmin jurnalın məktublar şöbəsinin müdiri, əslən sumqayıtdan olan Adil Axundov gəldi. Görüşdükdən sonra dedi: “Ay xanım, siz ki bu qədər yazırsınız, niyə özünüz bir dəfə də redaksiyada görünmürsünüz? Sizi sabah redaksiyaya dəvət edirlər”. Ertəsi gün redaksiyaya getdim. Məni baş redaktorun müavini Aydın Hüseynzadə qəbul elədi. Və belə bir təklif etdi: “Sizin yazılarınız redaksiyada çox yaxşı qarşılanır və özünüz də görürsünüz ki, heç bir düzəliş olmadan səhifələrə çıxarılır. Biz sizə burada iş təklif edirik”. Təsəvvür edin ki, bunun müqabilində mən orada çox maraqlı bir söz dedim. İndi də yadıma düşəndə gülürəm. Dedim ki, “mənim Kislovodskiyə putyovkam var. Gedim-gəlim, sonra baxarıq”. Aydın müəllim mənə qəribə bir nəzər yetirdi və dedi: “Bu təklifi kimə etsəydik, sevinə-sevinə gələrdi. Hələ o qədər Kislovodskilər görəcəksən ki, bura işə gələndən sonra”. Razılıq verdim. Ertəsi gün felyeton şöbəsinin redaktorluğuna əmrim verildi. Və o davamiyyətlə düz 14 il “Kirpi” jurnalında fəaliyyət göstərdim. Dörd baş redaktorun rəhbərliyi altında işlədim, Azərbaycanın demək olar ki, 62 iqtisadi rayonundan 60-nı gəzdim, həmişə gözəl yazılarla çıxış etdim. Ancaq demərəm ki, həmişə başımı sığallayıblar. Təhdid olunduğum, izlənildiyim, məhkəmələrə verildiyim... zamanlar da olub. Ancaq mən sınmamışam və əqidəmdən, məsləyimdən əl çəkməmişəm. Sonunda həmişə qalib gəlmişəm.

- Mən biləni, sizin diplom işiniz məhz Sumqayıt mətbuatıyla bağlı olub. Doğrudurmu?

- Tamamilə doğrudur. Diplom işimin mövzusu belə olub: “Sosialist Sumqayıtının yaranmasında şəhər mətbuatının rolu”. Bu iş üzərində işləməkdən çox zövq aldım. Müdafiə zamanı komissiyanın sədri işimə böyük qiymət verərək məsləhət gördü ki, gələcəkdə bu axtarışları davam etdirib elmi iş səviyyəsinə çatdırım. Bu, mənim üçün uğura gedən yolun başlanğıcı idi... Bu baxımdan, diplom işimi yaradıcılığımın şah əsəri sayıram.

- Zümrüd xanım, fürsət düşmüşkən, bəlkə o tarixə bir dönüş edək? Yəni ki, qəzetin necə yaranmasını yada salaq. Nə deyirsiniz? Bu, hər bir sumqayıtlı və gənc jurnalist üçün maraqlı olar. Sumqayıtda ilk qəzetin işıq üzü görməsi tarixi uzun müddət mübahisə doğurub. İstərdik ki, bildiyiniz gerçək tarixi siz açıqlayasınız.

- Məmnuniyyətlə. Diplom işimi Seyfulla Əliyevin rəhbərliyilə götürmüşdüm. Axtarışlarıma baxmayaraq, nə “Sosialıst Sumqayıtı” qəzeti redaksiyasının arxivində, nə M.F.Axundov kitabxanasında, nə soruşduğum insanların dilindən heç bir dəqiq məlumat əldə edə bilmədim. Nəhayət, Kitab Palatasından istədiyimi tapdım. Qəzetin ilk nömrəsi direktiv əsasında yaranmış bir qəzet idi. Yəni, bir işi yerinə yetirmək üçün ali orqan tərəfindən aşağı orqanlara verilən göstəriş, əmr, təlimat və s. Nəzərdə tutulur. 5-14 oktyabr tarixini əhatə edən, Partiyanın 19-cu qurultayının açılışına həsr olunmuş qəzetin ilk nömrəsi 13 oktyabrda işıq üzü görmüşdü. Qurultayın şərəfinə buraxılan qəzetin ilk redaktoru da Məmmədyar Ağayev olmuşdu.

Bir dəfə M.Ağayevlə söhbət zamanı o da həmin tarixi təsdiqləmişdi. Ancaq, nədənsə, sonradan bu tarix müxtəlif vaxtlara keçirildi. Təəssüf ki, uzun müddət dediyim sözlər yerini tutmurdu. Nəhayət, bu yaxında həmin qəzetin 5-ci nömrəsi tapıldı. Həmin nömrədə M.Ağayevin yazısı da var. Və o, dəqiq 13 oktyabr 1952- ci il tarixini göstərir. Bu fakt mənim diplom işimdə qeyd etdiyim tarixlə üst-üstə düşür. Hətta mən diplom işimdə 1-ci nomrənin təsvirini vermişdim. Qəzetin orta səhifəsində yuxarıda İ.Stalinin generalisimus geyimində olan şəkli yerləşdirilmiş və onun çıxışının qısa xülasəsi verilmişdi. Daha sonra qurultay şərəfinə şəhərin istifadəyə verilmiş sənaye, tikinti sahələrinə əmək raportları öz əksini tapmışdır.

- Faktlara əsaslansaq, demək olar ki, bu il Sumqayıt mətbuatının 65 yaşı tamam olur?

- Bəli. Mən çox sevinir və özümdə rahatlıq hiss edirəm ki, Sumqayıt mətbuatının yaranma tarixini araşdırmaqla doğma şəhərə, bir övlad kimi, az da olsa, öz töhfəmi vermişəm. Bu gün böyük məmnuniyyət və fəxarət hissiylə qeyd edirəm ki, mənim dediyim tarixlə sonradan araşdırılıb üzə çıxmış tarix üst-üstə düşür. Bu günə qədər şəhər qəzetinin tarixi 8 dekabrdan hesablanırdı.

- İstərdim ki, şəhərin mətbuat tarixində önəmli rol oynayan, bu gün aramızda olan və olmayan peşəkarları yada salaq...

- Sumqayıt qəzetində ən çətin olan “sənaye-tikinti-nəqliyyat” şöbəsində işləyirdim. Bu o vaxtlar idi ki, Sumqayıt tıkilirdi, gözəlləşirdi, gündən-günə genişlənirdi, yeni obyektlər inşa olunurdu... Həyat sanki qaynayırdı. Jurnalistlərin üzərinə daha böyük məsuliyyət düşürdü.

Mən çox mehriban, peşəkar insanlarla əhatə olunmuşdum. Qəzetin baş redaktoru Zərifə Təhməzova, məsul katib Zakir Axundov, partiya şöbəsinin müdiri Ramiz Tapdıqov, idman-şəhər həyatı şöbəsinin müdiri Məmmədəli Məmmədov, tikinti şobəsinin müdiri isə Oktay Cəfərov idi. Feyzi Mustafayev və Kamran Hacıyev qəzetə sonradan gəldilər. Sevil Bayramova ədəbi işçi kimi fəaliyyət göstərirdi. Xasay Cahangirovla mən sənaye və nəqliyyat sahəsini idarə edirdik. Onu özümə müəllimim, ustadım bilmişəm. Duz 8 il Xasay müəllimlə bir otaqda uz-üzə oturmuşuq. O, məni oyrədib, yazı tərzini başa salıb. Bütün repotajlarım, zarisovkalarım, oçerklərim onun nəzarəti altında hasilə gəlib və dərc olunub.

- “Sumqayıt” qəzetinin redaktorları kimlər olub? Yadınızdadırmı?

- Əlbəttə. Siyahı belədir: qəzetin ilk redaktoru Məmmədyar Ağayev, sonradan isə Həsən Hüseynov, Əyyub Məmmədov, Zərifə Təhməzova, Fikrət Arixov, Kamran Hacıyev. Onların hamısı qəzetin əməkdaşları olublar. Sonradan bu insanlar ayrı-ayrı iş sahələrinə gediblər. Məsələn, Əyyub Məmmədov “Elm və Həyat” jurnalına baş redaktor təyin olundu, Zərifə müəllimə Qaxda ilk dəfə olaraq “Şəlalə” qəzeti yaratdı və orada uzun müddət çalışdı. Sonra şəhərimizə qayıdıb, mədəniyyət şəbəsinin müdiri oldu.
Özünə dəyər verən, sözünə də dəyər verər!-ZÜMRÜD BALOĞLANOVA
- Jurnalist fəaliyyəti dövründə yaddaşınıza həkk olunmuş hadisə...

- Bir hadisəni heç zaman unutmuram. Kimya kombinatında Benzol istehsalatı istifadəyə verilirdi. Onun istifadəsinə ulu öndər Heydər Əliyev gəlmişdi. Ağxalatlılar arasında mən “balaca qarğa” kimi, öz geyimimdə dayanmışdım. Birdən Heydər Əliyev üzünü mənə çevirdi və soruşdu: “Xanım qız, siz nə işləyirsiniz?” Mən sıxıla-sıxıla “jurnalistəm” dedim. “Siz benzolun formula yazılışını bilirsinizmi, kimyəvi reaksiya kimi?” Dedim, bilirəm. Dedi, de görüm. Dedim. Formulun açılışını deyəndə, o, qəribə bir təbəssümlə üzümə baxdı. Adi bir jurnalistin üzvü kimyadan dəqiqliklə cavab verməsi az təsadüf olunan hal idi. Dahi şəxsiyyətin simasındakı məmnunluğu hiss etdim. Sanki mənə “afərin, çox sağ ol” dedi. Heydər Əliyev üzünü yana çevirdi. Nitqinə davam elədi. Və bu, mənim üçün unudulmaz bir görüş oldu.

- Sumqayıtın inkişafında Ulu öndərin diqqət və qayğısı hər zaman hiss olunub.

- Doğrudur. H.Əliyev kimi şəxsiyyətlər Yer üzünə tək-tək gəlirlər.

- Mətbuatda öz sözünü demiş, zəngin təcrübəyə və biliyə malik olan Zümrüd xanım nədən elm sahəsində çalışmaq istəməyib? Axı, bunun üçün lazımi imkan və şərait olub...

- Rusların bir sözü var: “Neposeda”. Yəni ki, oturmayan, dincəlməyən, daima hərəkətdə olan adam. Elm adamı isə elə ola bilmir. Təbiətimdəki xüsusiyyətə görə, oturaq şərait mənlik deyil.

- Belə deyək, beyninizdəki “qızıl fond”u, sandığınızdakı dəyərli materialları nə zamansa elmi işlər səviyyəsində təqdim etməyi planlaşdırırsızmı?

- Zəngin arxivimdə özüməməxsus çoxlu yazılarım, tanıdığım bəzi istedadlı insanların əlyazmaları, şeirləri... var. Lazım olanda haradasa istifadə edirəm. Lakin konkret olaraq mövzümü hansısa sahəyə həsr eləyim, kitab çap etdirim... - bu haqda düşünmürəm. Buna keçilmiş etap kimi baxıram. Yəni, artıq nə eləmişəmsə eləmişəm.

- Operativ jurnalistikadan əl çəkməyinizin səbəbi nə oldu?

- Mən çox gec övlad sahibi oldum. Qızım Nigar birinci sinifə gedəndə Bakıdakı işimdən ayrıldım. Sumqayıta qayıtmağa məcbur oldum ki, qız uşağıdır, üstündə nəzarətim olsun. Və çox şadam ki, tək övladıma istədiyim tərbiyə və savadı verib ayaq üstə qoya bildim.

- Ancaq fəaliyyətiniz davam etməkdədir...

- Əlbəttə. Yazdım, pozdum... Yenə də yazıb-pozuram. Ancaq gündəlik mətbuatdan uzaqlaşdım. Çünki gündəlik mətbuat çox vaxt aparır, ağıl, düşüncə çox tələb edir. Beynimdəkiləri sahmanlayıb, fikirləşdiklərimi ortaya çıxartmağa çalışıram.

Nəşriyyat işinə mətbəədən başladığıma görə, bu işi gözəl bilirdim. Ona görə də, 1993-cü ildə şəhərdə ilk özəllərdən olan “Möhür” nəşriyyat müəssisəsini yaratdım. İlk sahibkar xanım kimi, qəzet, kitab buraxmaqla məşğul oldum. Müxtəlif insanların əsərlərini cilidlədim, redaktə etdim. Və bu gün də fəaliyyətimi sevə-sevə, həvəslə davam etdirirəm. Nəşriyyatdan əldə etdiyim vəsaitlə nəşriyyatın işlərini genişləndirirəm.

- Sizcə, əsl jurnalist necə olmalıdır?

Əsl jurnalistin geniş dünyagörüşü, zəngin mütaliəsi, mühakimə yürütmək və nəticə çıxarmaq qabiliyyəti olmalıdır. Hadısələrə önəm verməyi, dəyərləndirməyi bacarmalıdır. Insanlarla dil tapmalıdır. Onların nə istədiyini başa düşməlidir və onlara istədiklərindən də artıq nəsə verməlidir.

- Müstəqil dövlətin müstəqil vətəndaşlarıyıq. Deyə bilərikmi, “Azərbaycan jurnalisti müstəqildir”?

- Niyə ki, deyə bilərik. Jurnalist bu gün müstəqildir. Istəyir bu dövlətin, bu hökumətin xəttini, kursunu müdafiə eləsin, istər cəmiyyətimizdə olan əyər-əskikləri, nöqsanları göstərsin... - jurnalist jurnalistdir. Dediklərimi dirnaqarası jurnalistlərə, məqsədli bu sahəyə gələnlərə şamil etmirəm. Bu gün jurnalistin öz mövqeyi, dünyagörüşü, təxəyyülü var və hər zaman hadisələrə obyektiv yanaşaraq fikrini deyir. Və hətta hansısa məqamda bu onun öz fikri olsa belə, cəmiyyətin inkişafına xidmət edir.

- Mətbuatda sizi narahat edən və sevindirən hallar nədən ibərətdir?

- Məni narahat edən reket jurnalistlərin hələ də olmasıdır. Hələ bunlardan birinə inanaraq öz ofisimdə yer də vermişdim. Sonra gördüm ki, heç nə yazıb-pozmurlar, bütün günü kimsə gəlib-gedir... Onları uzaqlaşdırdım. Təəssüf ki, Mətbuat Şurası hələ də belələrinin qarşısını tam ala bilmir. Bir də, çox istəyərdim ki, AJB-nin Sumqayıt şöbəsi öz fəaliyyətini daha da genişləndirsin, çoxşaxəli etsin. Gənc jurnalistlərlə daima seminarlar keçirilsin, gənc və yaşlı, veteran jurnalistlərin görüşləri təşkil olunsun, təcrübə mübadiləsi aparılsın. Davamçılarımıza nəsə aşılansın, nəsə öyrədilsin. Ümid edirəm, bu məsələ tezliklə önə çəkilər.

- Jurnalist peşəsini başqalarından fərqləndirən xüsusiyyətlər hansılardır?

- Həyat aktivliyi.

- Bu gün informasiya bolluğudur. Bu yaxşıdır, yoxsa...

- Əlbəttə, yaxşıdır. İnsan özünə lazım olanı o informasiya bolluğunun içindən seçib götürür, onu qəbul yaxud inkar edir. Hər iki halda İNFORMASİYA İNSAN BEYNİNİN QİDASIDIR.

- Sözün qüdrətindən çox danışırıq. Sizin sözə münasibətiniz.

- Bilirsiniz, insan susub qulaq asmağı bacarmalıdır. Əgər sən qarşındakının sözünə, danışığına dəyər verirsənsə, susub dinləməlisən və sonradan öz fikrini bildirməlisən. Söz hər şeydir. Ezopda deyilir: “Get bazara, ən şirin şey al gətir. Get bazara, ən acı şey al gətir”. Hər iki halda Ezop “sözü” nəzərdə tutur. Yəni, sözün şirini də var, acısı da. ÖZÜNƏ DƏYƏR VERƏN, SÖZÜNƏ DƏ DƏYƏR VERƏR! Söz ağızdan çıxdı, artıq sənin deyil!

- Fəaliyyətiniz dövründə iradənizin əksinə yazı yazmaq məcburiyyətində qalmısınızmı?

- Hec bir zaman! Hətta bir dəfə, “Kirpi” jurnalında işlədiyim vaxtlar, Naxçıvandan gətirdiyim bir yazıyla bağlı, “bu, sənin başağrına səbəb olacaq” desələr də, geri çəkilmədim. “Təkər geri fırlananır” adlı böyük bir felyeton yazdım. Buna görə, həqiqətən də, düz bir il başım ağrıdı. Bir il təhdid olundum, məhkəmələrdə “süründüm”. Ancaq haqq yerini tutdu. Çünki mənim hər fakta dair əlimdə bir sənəd var idi. TƏNQİDİ JURNALİSTİKADA QƏTİYYƏT VƏ MÜBARİZƏ OLMALIDIR. Mübarizə yoxdursa, tənqid də yoxdur.

- Hər bir insanın bir maraq dünyası var...

- Bilirsiz, hər bir insan özü öz həyatını maraqlı etməlıdır. Məsələn, axşamlar bir az komputerin arxasında oturmaqla yenilikləri, dostların yazılarını izləyirəm. krassvordlarla məşğul olmağı çox xoşlayıram. Deyim ki, mənim yaddaşımın möhkəm qalması krassvordlardan qaynaqlanır. Əgər həftədə bir-iki krassvord qəzeti almasam, yaddaşım kütləşə bilər.. Mütaliə etmək, gözəl musiqi əsərlərini dinləmək ruhumu saflaşdırır. Şopeni, Bethoveni, Ştrausun valslarını, lirik, instrumental musiqiləri saatlarla dinləyirəm...

- Sizi daima düşündürən, narahat edən məsələ hansıdır?

- Çox istərdim ki, cəmiyyətimiz bir qədər irəli getsin. Maarifləndirmə işləri güclənsin. Xüsusən, çavanlara aiddir, ədəbiyyatdan, inçəsənətdən xəbərdar olsunlar. Mən bu günün gəncliyində bizim dövrün gəncliyini görmürəm. Ədəbiyyat oxumurlar, kənar heç nə ilə maraqlanmırlar. Telefon onların gündəlik yaşam tərzinə çevrilib.

- Bəlkə gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yetərincə şərait yoxdur?

- Belə deməzdim. Şərait həmişə olub və var. Məsələn, kitabxanaların özündə necə də gözəl tədbirlər keçirilir. Biz yığışırıq, fikir mübadiləsi aparırıq. Baxırsan ki, müəllim orta məktəbdən uşaqları gətirib, ancaq 17-20 yaşlı yeniyetmə və gəncləri o tədbirlərdə görmürük. Orta məktəbdə oxuyanda demək olar ki, dram teatrında əsərlərin 30-40 faizinə baxmışdım. “Vaqif” kinoteatrında hər yeni film nümayiş olunanda ön sırada 7-ci yer mənim idi. Bu gün xarici ölkələrin hamısında kinoteatrlar, teatrlar yüksək səviyyədə fəaliyyət göstərir. Ümid edirəm ki, bizdə də bu, bərpa olunacaq. Lakin söhbət gənclərdə maraq yaradıb, onları cəlb etməkdən gedir.

- Sizcə, təşkilatçılıq zəifdir?

- Ola da bilər. Məncə, təşkilatçılığın zəif olmasının bir səbəbi o təşkilatın başına layiq olan insanın qoyulmamasıdır. Yəni ki, hər hansı bir iş həvalə olunanda o insanın dünyagörüşü, səviyyəsi, mədəniyyəti, təşkilatçılıq baçarığı nəzərə alınmalıdır. Heç bir şey nəzərə alınmadan, kiməsə idarəçilik həvalə edilməz. Axı, o şəxs böyük bir kollektivə rəhbərlik edəcək. Kollektivdə aşağı vəzifədə duran insanlar rəhbərdən üstün keyfiyyətlərə malikdilərsə, onda o şəxs tərəfindən kollektiv idarə oluna bilinməyəcək. Çox təəssüf ki, son vaxtlar bizdə bu tendensiyalar artıb. Dost-tanışlıqla rəhbərlik yaratmaq, rəhbərliyə adam gətirmək və s. Bunlar aradan qalxmalıdır. Hər kəsin öz yeri olmalıdır həyatda. HƏR KƏS ÖZ YERİNDƏ OTURANDA, O YERİ GÖZƏLLƏŞDİRİR!

- Bu gün sizinçün önəmli, təxirəsalınmaz olan iş hansıdır?

- Çalışıram ki, tez bir zamanda Əli Kərim adına Sumqayıt Poeziya klubunun sənədlərini toplayıb müdiriyyətə təqdim edim. Birlikdə yaranma tarixini yazaq. Çünki Poeziya evi yarandığı gündən bu yana yaxşı bir gün görməyən bir təşkilat, birlik kimi çox əziyyət çəkib. Sağ olsun şəhər rəhbəri Zakir Fərəcovu ki, o, seiriyyatı, ədəbiyyatı yüksək dəyərləndirdiyinə görə, qələm əhlinə konkret yer verdi. Və bu gün biz artıq bilirik ki, hara toplana, harada görüşə, tədbir keçirə bilərik.

- Zümrüd xanım, Sizi hamı qayğıkeş, xeyirxah insan, xeyriyyəçi kimi tanıyır. Sizsə, təvazökarlıq edərək, illərlə gördüyünüz xeyirxah işləri gizlətməyə dəyərmi?..


- Ele belə deməyiblər ki, “Sağ əlin verdiyini sol əl bilməməlidir”.

- Razıyam. Lakin, bir həqiqət də var ki, görülən xeyirxah işi demək lazımdır ki, gənc nəsil də bilsin, öyrənsin və bu ruhda tərbiyə olunsun. Axı, yaşlı nəsil gənç nəslə hər zaman örnəkdir... Ona görə də, bu məqamda sizin, bir vətənpərvər vətəndaş kimi, Qarabağla bağlı, göstərdiyiniz xidmətləri yada salmağınızı istərdim.

- Siz deyən olsun. 1994-cü ilin sentyabrın 18-də, Ağdərə döyüşləri zamanı, Sumqayıtda mənim təklifimlə böyük marafon keçirdik. O marafonda rus puluyla 30 milyon rubl topladıq. Sumqayıt əhalisi çox aktiv, fəal iştirak elədi. Vəsaiti Sosial bankdan Döyüşən Cəbhə Fonduna köçürdük. Həmçinin 289 qram qızıl topladıq və bunu da Prezidentin Ləl-Cəvahirat Fonduna təqdim etdik. O dövrdə Qarabağ müharıbəsində yaralanan, əlil olan insanların maddi və mənəvi dəstəyə ehtiyacları vardı. Kəlbəcər mühasirədə olan vaxtlar böyük bir yardım karvanı yola saldıq. Həmin karvanın üzərində həyat yoldaşım Aydın Seyfullayev və çox hörmətli, vətənpərvər, qeyrətli, uzun müddət məktəb direktoru

işləyən Tirmə xanım Qurbanova dururdu. Peşəkar fotoqrafımız Mətləb Quliyev qaynar nöqtədən dəyərli görüntülər əldə etmişdi. Kəlbəcərə göndərdiyimiz benzin, şüşə, pal-paltar... camaatın əlindən tutdu. Nəşriyyatdan gələn gəlirlə neçə-neçə insana yardım etməyə, dayaq olmağa çalışdım. Qubadlıdan olan qaçqın ailısini işlə təmin etdim, imkansız ailənin 3 uşağının təhsil pulunu ödədim. O vaxtdan indiyə qədər Rauf adlı 2-ci dərəcəli Qarabağ müharibəsi əlilini himayəyə götütmüşəm. Onun bütün ehtiyaclarını qarşılayıram... Məncə, imkan daxilində bu işləri görmək, bizim hər birimizin vətəndaşlıq borcumuzdur.

- Yaxşılığa yamanlıq görəndə hansı hissi keçirmisiniz?

- Bilirsiniz, insanın qəlbi böyük olmalıdır. Məsələn, keçən il feysbukda bir bomjun ölüm ayağında olması məlumatı verildi. Ertəsi gün həmin yeri gedib tapdım. Oktay adlı həmin adama əyin-baş aldım, onu dənizkənarındakı xəstəxanaya apardım, əməliyyat etdirdim. Öz vəsaitim hesabına bir aylıq müalicədən sonra, ölüm ayağında olan bu insan yenidən həyata qayıtdı. Fürsətdən istifadə edib, çağırışıma səs verdiyinə görə, təcili yardım xəstəxanasının cərrahı Asif Hüseynova minnətdarlığımı bildirirəm. Tək-tənha yaşayan bir insanı biz ölümün pəncəsindən qurtardıq...

Həyatda yaxşı da var, yaman da var... Əgər sən hər elədiyin yaxşılığın qarşılığını gözləyirsənsə, bu, artıq yaxşılıq deyil. Misal var, deyirlər, “Balığı at dəryaya, balıq biməsə də, Xaliq bilər”.

Özünə dəyər verən, sözünə də dəyər verər!-ZÜMRÜD BALOĞLANOVA

- İnsanlarda xoşladığınız və xoşlamadığınız xüsusiyyətlər...

- Ən çox dəyər verdiyim sözün düzüdür. Qoy o söz mənə zərər olsun, qoy xoşuma gəlməsin, məni lap məhv eləsin, ancaq sözün düzü deyilsin. Yalana nifrət edirəm. Bir insan yalan danışanda gözlərindən, hərəkətlərindən həmin an bunu tuturam. Və həmin anda da o insanın üzünə vururam. Mənə bu xüsusiyyət rəhmətlik Sevil Bayramovadan keçib.

- Söz Sevil Bayramovadan düşmüşkən, bildiyimə görə, siz çox yaxın olmusunuz...

- Bəli. Çox yaxın rəfiqəydik. Çox vaxt səfərlərə birlikdə gedərdik. O qadın haqqında danışanda hər zaman ən təmiz, ən duyumlu hissləri yaşayıram. Məni onun qədər başa düşən, dəyərləndirən başqa kimsə olmayıb. Onu xatırlayanda kövrəlirəm. Sevil xanımın öz ailəsi olmadı. Ancaq o, çoxlarına ana-bacı oldu. Təvazökar, dəyərli insan, savadlı, qabiliyyətli, istedadlı jurnalist idi. Sözlər yağış seli kimi süzülürdü vərəqlərə. O, necə də qayğıkeş idi... Bilsəydi ki, başın ağrıyır, durub evinə dərman gətirərdi. Hər gün baş çəkərdi. O, tamam fərqli insan idi... Həyatda bəlkə də ikinci belə bir insana rast gəlməyəcəm. Mən də, qızım da axıra qədər onun yanında olduq...

- Həyatınızın ən kədərli anı...

- Dostlarımı itirəndə həmişə kədərlənirəm. Yaşıma görə, çox dost itirmişəm. Baxın, masamın üstündə Vaqif İbrahimin latın əlifbası ilə yenicə çapdan çıxmış kitabı var. Dəyərli insan, gözəl dost idi. 1983-cü ildə avtoqəzada rəhmətə gedib. Üstündən görün neçə illər keçib... Bu gün bu kitabı vərəqlədikcə dost itkisi qəlbimi daha da sızladır. Hələ neçə-neçə belə əziz dostlarımı itirmişəm...

- Olsun ki, ən sevimli anınız da qızınızın dünyaya gəlşi ilə bağlı olub...

- Düzü, o an həyatımın xoşbəxt anlarını yaşasam da, unudulmaz anım, ən sevindirici günüm onda olub ki, qızım Qafqaz universitetinə daxil olub, beynəlxalq hüququ öyrənib. Daha sonra ikinci təhsil olaraq, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bu iki gün həyatıma, yaddaşıma ən gözəl anım kimi həkk olunub. Hazırda o, Respublika Vəkillər Kollegiyasının üzvüdür. Ana üçün bundan böyük sevinc ola bilərmi?! Mən bu gün çəkdiyim əziyyətin bəhrəsini görürəm.

- Jurnalist olmasaydınız, siz ikinci peşə kimi nəyi seçərdiz?

- Hüquqşünas olardım. Haqq-ədalət carçısı.

- Hər zaman sizi mütaliə edən görmüşəm. Demək, ədəbiyyatı çox sevirsiniz. Kitabın həyatınızda rolu... Sonuncu dəfə hansı əsəri oxumusunuz?

- Sonuncu dəfə oxuduğum türk yazıçısının “Boyurtkən qışı” əsəri olub. Bizim analar haqqında təsəvvürümüz ayrı olub. Yazıları, yazılanları M.Qorkinin “Ana”sından, “Bir gəncin manifesti” əsərində Sona obrazından... götürmüsük. Ancaq Enn Perlin cinli bir qadının həyatına həsr olunmuş, 1938-ci ildə Nobel mükafatı almış “Ana” əsərindəki güclü ana obrazına mən bu günəcən rast gəlməmişəm. Vaxtilə qəhrəmanım olmuş, sənətşünaslıq elmləri doktoru Ziyadxan Əliyevin “Boyalı gülüşlər”i rəssamlar haqqında yazılmış gözəl əsərdir. Xatırlayıram, hələ 1968-ci ildə Z.Əliyev haqqında ilk yazımı yazmışdım...

- Həyatınızdan razısınızmı?

- Həyatımdan çox razıyam. Bəlkə də mənim belə formalaşmağımın əsas səbəbi jurnalistikada olmağım olub. Həyatda qarşıma gözəl, dəyərli insanlar, jurnalistlər çıxıb. Və belə insanlar bu gün də ətrafımdadır. Zərifə xanımın adını yenə dönə-dönə çəkirəm ki, o, mənim həyatımda böyük bir şəxsiyyət olub. 17 yaşımda cavanca bir qız idim Sumqayıta gələndə. Mən onlardan gördüm-götürdüm. Zakir Axundovun çoxlu öyüd-nəsihətləri olurdu. Hətta o, hərdən özü-özlüyündə nəsə danışırdı. Mən bunu özümə deyilən sözlər, nəsihətlər kimi qəbul edirdim.

- Sizinçün dostluqda onəmli olan amil?

- Sədaqət.

- Nəyi bağışlamazdınız?

- Xəyanəti.

- Sizcə, Ugurun əsas şərti nədir?

- İstədiyinə doğru can atmaq və mübarizlik.

- Zümrüd xanımın yaşam eşqi...

- Yaşamaq istəyirəm və yaşayacam. Həyatı olduğu kimi dəyərləndirmək lazımdır.

- “Xoşbəxtlik” Zümrüd xanımçün nə deməkdir?

- Xoşbşxtlik o deməkdir ki, heç kəsə arxalanmadan, heç kəs sənə dayaq durmadan özün öz ayaqlarının üstündə durursan, irəliləyirsən və başqalarına nümunəyə çevrilə bilirsən. Heç kəs deyə bilməz ki, Zümrüd xanıma mən əl uzatdım, ona nədəsə komək elədim. Bu hissin sevinci tamam başqadır.

- Deməli, sizi “Xoşbəxt qadın” adlandırmaq olar?

- Bəli, olar. Mən həyatda xoşbəxtliyi bugünkü yaşayışımda görürəm.

- Bu gün, zəngin həyat təcrübəsinə malik QADIN-ANA kimi, gənc ailələrə hansı məsləhəti verərdiniz?

- İlk növbədə biri-birinə güzəştə getmək bacarığını tövsiyə edərdim.

- Qadın idealınız olubmu?

- İdealım Zərifə Təhməzova olub. Bunu hər zaman vurğulamışam. Mənimlə Şükür Həbibzadə adlı bir jurnalist işləmişdi. Çox təcrübəli, həyat görmüş adam idi. Ağdamda Zərifə xanımla bir yerdə çalışırdılar. Biri radioda, digəri qəzetdə. Bir otaqda otururdular. Hər dəfə telefonla danışandan sonra mənə deyirdi ki, “sən danışanda elə bilirəm ki, Zərifə xanım danışır. Sənin diksiyan da, danışıq tərzin də, hətta sözləri hecalamağın da onun təkrarı kimi olur”.

- Özünüzdə xoşlamadığınız xüsusiyyət?

- Mənim üçün maraqlı olmayan insanı axıra qədər dinləyə bilmirəm. Bəzən, özümdən asılı olmayaraq, səbirsizlıkdən onun sözünü kəsib ayrı bir mövzuya keçirəm.

- Bu xüsusiyyəti özünüzdən uzaq etmək istərdinizmi?

- Əlbəttə. Təəssüf ki, mənim döyüşkən ruhum bunu etməyə imkan vermir.

- Asudə vaxtınızı necə keçirirsiniz?

- Təbiət vurğunuyam. Dünyanın bir çox ölkələrində olmuşam. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, ora ayağım dəyməsin. O vaxtlar bir çox kənd-kəsəklər pis gündə idi. İndi hər yan abadlaşib. Ölkəmiz tamamən gözəlləşib. Şəfalı bulaqlarımız var. Çox istəyərdim ki, bu bulaqlar abadlaşdırılsın. Yadıma Zəngilandakı Oxçuçayı, onun üstündəki Çinar meşəliyi düşur. Bunu dünyanın heç bir kurort zonasına dəyişmərəm. Oradakı diş göynədən İbrahim, İsmayıllıda Bədöy, Kəlbəcərdə Ceyran bulaqlarının buz kimi şəffaf soyuq suyundan doymaq olarmı?! Laçında Turşsuyu, İstisuyu demirəm... Bunlar əsrlərlə bizə gəlib çatmış “mədəni abidələrimizdir”, deyərdim.
Özünə dəyər verən, sözünə də dəyər verər!-ZÜMRÜD BALOĞLANOVA
- Zümrüd xanım, kecmişi yada salmaqla, bu dəqiqələrdə itirilmiş torpaqlarımızın ağrı-acısını yaşadıq...

- Mən də yaşadım. Çünki o torpaqlarıın hamısını qarış-qarış gəzmişəm... Onlar mənə doğmadır, əzizdir. Əsasən dağ rayonlarına daha çox ezam olunurdum; Laçın, Zəngilan Kəlbəcər, Qubadlı... Çox istərdim ki, yaşımın bu çağında o torpaqları bir də gəzmək nəsib olsun...

- İnşallah.

- Amin! İnşallah!

- Tənhalığa qapılanda nə düşünürsünüz? Ümumiyyətlə, sizinçün tənhalıq nədir?

- O insanlar xoşbəxtdilər ki, qocalanda xatırlamağa nələrisə var. Və bu, onları yaşadır. Xatirələrlə yaşamaq insanın ömrünü uzadır. Əgər keçmişdən sənin heç nəyin yoxdursa, onda sən sonradan yaşlılıq dövründə boş bir həyat yaşayırsan demək.

- Bilirəm ki, şeir yazırsınız. Niyə çap etdirmirsınız?

- Bu, mənim maraq dairəmdə deyil. Tədbirlərdə çox oluram. Bir də görürsən, 5 dənə şeir yazıb kitab buraxır və təqdimatını keçirir. Ümumiyyətlə, mənim psixologiyam belə şeyləri qəbul eləmir. Vaxtilə tanınmışam, hörmətli olmuşam, bəsimdir.

- Sumqayıt sizinçün nə deməkdir?

- Sumqayıt mənim tale şəhərimdir. Sumqayıtın övladıyam, yetirməsiyəm. Insan doğmasına arxa çevirərmi?! Dəfələrlə paytaxtda mənzil təklif olunub mənə. Rədd etmişəm. Niyə? Çünki mən Sumqayıtsız, dost-tanışlarsız qala, başqa yerdə yaşaya bilmərəm. Sumqayıt zəhmətkeş, qayğıkeş, dostcanlı, vətənpərvər... insanların şəhəridir! Burada Əliş Mustafayev, Nurəddin Babayev, Zamin Hüseynov, Nərçə Ağayev, Adil Məmmədov, Sahib Qarayev, Təbrik Quliyev, Zəminə Həsənova, Tamara Rufullayeva, Mələk Bayramova kimi yazı qəhrəmanlarım olub. Sonradan onlar mənim dəyərli dostlarıma çevriliblər.

- Sumqayıtlıların zaman-zaman artıq özlərinin spesifik xüsusiyyətləri formalaşıb. Bu fikirlə razısızmı?

- Belə deyərdim, bu şəhərdə artıq spesifik bir əhali yaşayır. Tanımadığın bir adamın qapısını döysən, ondan yardım, kömək istəsən, sumqayıtlı sənə qapını açacaq. Səni tanımadan da içəri dəvət edəcək. Bu şəhərin insanları qonaqpərvər, dostcanlı, mehriban, vətənpərvər və zəhmətkeşdilər.

- Sonda urək sözlərinizi eşitmək istərdik.

- Etiraf edək ki, 142 il ərzində milli mətbuatımız zaman-zaman daha da püxtələşib. Artıq internet əsridir. Bu da mətbuatın inkişafında önəmli faktorlardandır. Yeni qələm, yeni simalar yaranır. Mətbuat cəmiyyətin aynasıdır. Məhz bu yeni simalara dəyərli məktəbin ənənələrini və aynanı ləkə düşməkdən qorumağı tövsiyə edirəm.

Bu gün Sumqayıt mətbuatının 65 illiyi münasibətilə bütün həmkarlarımı, əli qələm tutan dostlarımı ürəkdən təbrik edir, cansağlığı, uzun ömür arzulayır, qələmə sədaqətli qalmağı diləyirəm. Onların hamısı mənim əzizlərimdilər. Cünki əksəriyyəti gözümün qabağında yetişib, inkişaf edib. Hətta bəziləri məni tanımasalar da, onlara baxanda fəxr eləyirəm ki, bizdən sonra da gözəl bir nəsil yetişir. Yazırlar, pozurlar, Vətənə, xalqa sədaqətlə xidmət edirlər.

- Zümrüd xanım, maraqlı söhbətə və dəyərli tövsiyələrinizə, həmçinin Sumqayıt mətbuatındakı xidmətlərinizə görə, Sizə təşəkkürümüzü bildirir, saglam, uzun omür diləyirik.

- Sag olun!

Aygün HACIYEVA, AJB-nin üzvü

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar