Xəbər lenti
“Son hadisələrdən kənar qalmaqda özümü günahkar saymıram” -MÜSAHİBƏ
Ömrünü kino sənətinə bağlayan kinorejissor Elşən Məmmədov Manevr.az saytına danışdı.
-İndi elə bir dövrdə yaşayırıq ki, Azərbaycanda hər il 10-a yaxın film çəkilir (hələ bəklə də çox). Belə bir vaxtda Elşən müəllim niyə “susub”?
- Bizim ölkədə çox film çəkilsə də onların heç keyfiyyəti də olmur. Necə deyərlər, ucuz ətin şorbası olmaz. Hər il ölkədə 10-a yaxın film çəkilir, ancaq gəlin müqayisə edək, onların hansı birini ölkədən kənarda nümayiş etdirmək olar? Təbii ki heç birini. Bundan əlavə Azərbyacanda nəinki rejissorların, ümumiyyətlə mədəniyyət sahəsində çalışan bütün insanların maddi durumu çox acınacaqlıdır. Teatrda aktyor işləyir və az da olsa ona maaş verilir. Ancaq kinoda elə deyil axı. Aktyor da, rejissor da qonararla yaşayır. Film varsa, kino çəkilirsə demək həmin aktyor heyyətinin də, rejissorun da çörəyi var.
-O zaman kino rejissorunun taleyi filmlərə bağlıdır…?
-Təbii, əlbəttə. Bu, tarixən belə olub. Təkcə bu dövrdə belə deyil. Sovetlər dönəmini bu illərlə müqayisə edə bilmərəm. Çünki o dövr kino üçün, ümumən mədəniyyət üçün çox məhsuldar dövr idi.
-Baxmayaraq ki, 90-cı illərdə ölkədə vəziyyət gərgin idi, ancaq yenə də kino sənəti öz məhsuldarlığını itirməmişdi…
-Bəli, sizinlə razıyam. Müstəqilliyimizin ilkin dönəmlərin yaşasaq da mədəniyyətimizdə xeyli canlanma müşahidə olunurdu. Mən 93-cü ildə “Qara Volqa” filminə quruluş verdim. Həmin illərdə bizimlə bərabər bir neçə rejissor var idi ki, onlar da kino çəkirdilər. Ancaq təkcə bizim kollektiv “Qara Volqa”nı ərsəyə gətirib, tamaşaçıların ixtiyarına verə bildi. Bunun da səbəbi maliyyə problem idi. Digər rejissorlar pulun ucbatından kino çəkilişini dayandırdılar.
- 90-cı illərdə filmləri kim maliyyələşdirirdi?
-Həmin vaxtlar dövlət sifarişi yox idi, sponsorlar maliyyələşdirirdi. İndiki sponsorlar ciddi iş üçün pul xərcləmək istəmirlər. Onlar ancaq şou xarakterli layihələr üçün pul xərcləyirlər. Daha dəqiq desək, ucuz gülüşə qaçırlar. Daha çox komediya jnarında film çəkilməsini istəyirlər.
-Ancaq indi “Vicdan haqqı” çəkilir və çoxsaylı izləyicisi var….
- Yox, mən sırf olaraq kinonu deyirəm. Serial bir başqa mövzudur. Ancaq mən böyük filmlərdən və daha ciddi işlərdən danışıram.
-Nədənsə bir çox teleseriallarda teatr akyorlarını görürük, nəinki kino aktyorlarını.
-Kino aktyoru deyəndə mən Rasim Balayevi, Fəxrəddin Manafovu, Xalidə Quliyevanı və bir sıra belə korifey sənətkarları nəzərdə tuturam.
-Bəs gənc kino aktyorları …?
-İndiki aktyorlarımız “məktəb” görməyiblər. İncəsənət Universitetini 4il bitirib diplom almaq, hələ istedadlı aktyor olmağa əsas vermir. Ancaq indi serial çəkən gənc rejissorları da qınamıram. Bilirəm ki, onlar o serialları hansı əziyyətlə çəkirlər. Teleserial çəkmək bütünlüklə əsəbverici işdir. Çünki burda sponsorun müdaxiləsi, telekanalların öz qaydası, serialdakı aktyorları idarə etmək- bunların hamısı heç də əsəbsiz həll olunmur.
-Kino rejissoru kimi fəaliyyət göstərmək daha rahatdır, yoxsa teatr rejissoru kimi?
-Fərq etməz, istər kino, istərsə də teatr rejissoru olsun. İlk növbədə həmin rejissor işinin peşəkarı olmalıdır. Teatrda öz sözünü demiş Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Ağakişi Kazımov kimi rejissorlarımız var. Çox qəribədir ki, indiki gənclər İncəsənət Universitetinin rejisorrluq fakültəsini bitirən kimi sinələrinə döyürlər ki, biz rejissoruq. Axı elə deyil. Onlar sadəcə nəzəri biliklərə yiyələnib, kurs işi kimi 10-15 dəqiqəlik “lent” təqdim edirlər. Bu isə hələ rejissor olmaq demək deyil. Rejissor olmaq üçün rejissor köməkçisi, assisent rejissor , 2-ci rejissor –bu kimi işlərdə çalışmalısan. Bilirsiniz, cəmiyyətimizin bu gün mədəniyyətə böyük təsiri var. İndi cəmiyyət hansı vəziyyətdədirsə mədəniyyət də o haldadır. Cəmiyyətdən çox şey asılıdır.
-Demək istəyirsiniz ki, cəmiyyətin istədiyini incəsənət təqdim edir?
-Xeyr, əgər cəmiyyət özünü necə formalaşdırırsa,mədəniyyət də o səviyyədə formalaşır. İndi bizim aktyorlarımızın hamısı elə imkan sahibi deyillər axı, hamısının bahalı maşını olsun və ictimai nəqliyyatdan istifadə etməsinlər. Əvvəllər bizdə belə idi. İncəsənət adamını görəndə qiptə edirdik. Çünki onlar yaxşı mənada cəmiyyətdən qorunurdular. İlk növbədə öz şəxsiyyətlərini qoruyurdular. Mədəniyyət işçiləri cəmiyyətdən uzaq olsalar daha əlçatmaz şəxsiyyət olarlar. Əgər aktyor çayxanaların birində pivə, araq içirsə və özünü apara bilmirsə, əlbəttə, heç kəs ona hörmət etməyəcək. Bu da hər kəsə məlumdur ki, bizim çox istedadlı aktyorlarımız olub ki, öz həyatlarını yaşayan insanlar olublar. Ancaq onlar cəmiyyətdə özlərinə zərbə vuracaq heç bir hərəkət etmirdilər.
-“Qara Volqa” istedadın göstəricisi idi, yoxsa tale işi ?
-Deyərdim ki, istedadla yanaşı, həm də şans məsələsi idi. Təbii ki tale məsələsi də öz yerində… Mən film çəkəndə 28 yaşım var idi. Ancaq deyə bilməzdim ki, mən artıq böyük rejissoram. Xeyr!
-Təklif kimdən gəldi ?
-Bu idea özümün idi. Bunun üçün sponsor lazım idi. Bir dostumdan xahiş etdim, o da razılaşdı və biz filmi çəkməyə qərar verdik. Əsər də çox məşhur əsər idi. “Qara volqa” nə qədər çox sevilsə də, məm deməzdim ki, o film lap əla alındı. Çünki mən orda fikirləşdiklərimi tam olaraq həyata keçirə bilmədim. O dövrdə ölkədə vəziyyət heç də ürəkaçan deyildi. Kino üçün lazım olanları zamanında əldə edə bilmirdik. Adi kino lentini Moskvadan alırdıq. Həmin lentin pulunu ora göndərənə qədər bir ay vaxtımız gedirdi. Həmin vaxtlarda kəsgin infilyasiya var idi. Bu da işimizi çox çətinləşdirirdi. Elə planlar var idi ki, kino lentinin azlığından mən həmin hissələri çəkə bilmədim. Ancaq bütün çətinliklərə rəğmən biz filmi tamaşaçılara təqdim edə bildik.
- Biz nə vaxta qədər Elşən Məmmədovu “Qara volqa”nın quruluşçu rejissoru kimi tanıyacağıq?
- Mən son hadisələrdən kənar qalmaqda özümü günahkar saymıram. Yevlaxda yayımlanan ElTv-dən təklif almışdım. Orda sənədli filmlər qrupuna rəhbərlik edirdim. İşlədiyim 5 il ərzində 100-ə yaxın sənədli film çəkdim. O filmlərin içərisində müəyyən festivalların qalibi olan filmlər də var. Ancaq həmişə mən özümü böyük filmlərin içində görmüşəm. Şərait yaradılsa daha yaxşı işlər görmək olar. Mənim bir çox idealarım, layihələrim var ki onları reallaşdırmaq istəyirəm. Amma kinomuzun hazırkı vəziyyəti buna imkan vermir. Hərdən kinostudiyaya gedirəm.İndi orda salam verməyə adam da tapmırsan. Ancaq əvvəllər kinostudiyada adam əlindən addım atmaq olmurdu. Demək olar ki, texniki bazası da yoxdur. Bu, kino sənətinin hamıya məlum olan indiki vəziyyətidir. Ancaq teatr 15 il əvvəl necə idisə, indi də elədir. Desək ki, teatrda böyük bir dəyişiklik var və ya yenilik olub bu, yalan olar.
-Teatra gedirsiniz?
-Son vaxtlar o qədər də çox getmirəm. Yaxın keçmişdə İrəvan Dövlət Dram Teatrında və Rus Dram Teatrında tamaşalara baxmışam. 15 ilə əvvəl teatra tamaşaçıları çağırıb gətirirdilər, indi də elədir. İndiki vaxtda çox az adam olar ki, teatra bilet alıb tamaşaya baxsın. Bu reallıqdır. Azərbaycanda kiçik bir teatral zümrə var ki, eyni adamı 6-7 teatrda görmək olar. Axı indi taksi sürücüsü teatra getmir, fəhlə tamaşaya baxmaq üçün can atmır. Onların daha ağır qayğıları var. Teatr istirahət üçündür. Yəni insan teatrda mənən dincəlir. Əgər bir insanın məişət qayğıları çoxdursa, daha böyük problemləri varsa, o insan daxilən necə dincələ bilər?! Bu mümkün deyil. Bu gün cəmiyyətin 80%-i məişət qayğıları ilə boğulur. Belə bir cəmiyyəti olan xalq hansı mədəniyyətdən danışa bilər. Necə mədəniyyətin inkişafı üçün addım ata bilər?!
-Ən çox sevdiyiniz söz “sabahın xeyir ölkəm”dir. Elşən müəllim, bu ölkənin hansı sabahı xeyirdi?
-Burda təbii ki, sətraltı məna da var. Ümumiyyətlə yaxşı və ya pis hadisə baş verəndə mən bu ifadəni işlədirəm. İndi kim ordan nə qədər “pay” götürürsə, o, həmin adamın söz anlamaq qabliyyətidir. Cəmiyyəti yenidən bərpa etmək fərdin işi deyil. Cəmiyyət hamılıqla xəstəliyə yoluxubsa, hamılıqla da sağalmalıdır. İndi hər kəs bir- birinə yaxınlaşmaq əvəzinə bir- birindən qaçır.
-Nədənsə siyasi filmlər çəkilmir…
- Bu öklədə siyasi film çəkmək üçün pul verməzlər (gülür). Azərbaycanda elə bir şəxs, elə bir təşkilat tapa bilərsinizmi o siyasi filmi maliyyələşdirsin? Təbii ki, yox, tapa bilməzsiniz.
-Son 5il ərzində çəkilən filmlərdən hansı filmi bəyənirsiniz?
-Son 5 ildə elə də yaxşı film görməmişəm. Ancaq son dövrdə Elxan Cəfərovun “ Dolu”, Rüfət Əsədovun “Keçmişdə qalmış gələcək” filmi çox mükəmməl filmlərdi.
- Deyirsiniz ki, bir neçə idealarınız və layihələriniz var. Bunları kimlərəsə təqdim etmisinizmi sizə sponsorluq etsinlər?
- Soruşsanız ki, kimlərə təqdim etməmişəm, bu, daha dəqiq olar (gülür). Fikirlərimi demədiyim adam qalmayıb. Ancaq dediyim kimi heç kəs ciddi iş üçün pul xərcləmək istəmir. Bu reallıqdır.
Əntiqə Səməndər
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar