Xəbər lenti
Nə vaxta qədər təhsil problemlərini jurnalistlər, valideynlər və ekspertlər dilə gətirəcək?
“Nazirin geniş ictimaiyyətə açıqlığı və əlçatanlığı fonununda digər təhsil idarəçilərinin fəalliyyəti passivlik təəssüratı bağışlayır”.
Manevr.az bildirir ki, bu sözləri təhsil mütəxəssisi Nadir İsrafilov AzEdu.az-a açıqlamasında bildirib.
“Heç şübhəsiz ki, elm və təhsil nazirinin digər nazirlərlə müqayisədə vaxtaşırı brifinqlər keçirməsi, media mənsublarına və ictimai rəyə açıq olması, təhsilimizlə bağlı müxtəlif səpkili açıqlamalar verməsi, mövcud problemləri dilə gətirməsi, vəziyyətdən çıxış yolu kimi müəyyən proqnozlar verməsi danılmazdır. Baxmayaraq ki, bu və bu kimi digər problemlər başqa sahələrdə də var. Bəzilərində isə təhsildə olduğundan heç də az deyil. Bununla belə, bu kimi brifinqlərin keçirilməsi təhsildə dövlət siyasətinin demokratikləşdirmə, humanistləşmə, aşkarlıq və şəffaflıq prinsiplərinin təmin olunması, idarəetmənin planlaşdırma, təşkiletmə, rəhbərlik və nəzarət, əlaqələndirmə və tənzimləmə funksiyalarının yerinə yetirilməsi vəzifələrinə aydınlıq gətirilməsi baxımından nə qədər lazımlı olsa da, bu kimi yollara tez-tez əl atılması, bir çoxlarında elə təəssürat yarada bilər ki, sanki, ən çox problemli sahə məhz təhsil sahəsidir. Bu da “qara məni basınca, mən qaranı basım”, kimi qabaqlayıcılıq zərurətindən irəli gələn bir gedişdir. Bu baxımdan hesab edirəm ki, bu kimi brifinqlərin keçirilməsində müəyyən limit gözlənilməli, ilkin təklif, rəylər ümumiləşdirildikdən və bunların həlli istiqamətində vəzifələrin həyata keçirilməsinə heç olmasa başlandıqdan sonra, gələcək vəzifələr haqqında proqnoz xarakterli bəyanatlar verilməlidir.
Aşkarlıq və şəffaflıq sahəsində fəallıq qarşılıqlı olmalıdır. Nazirin geniş ictimaiyyətə açıqlığı və əlçatanlığı fonununda digər təhsil idarəçilərinin fəalliyyəti yalnız passivlik təəssüratı bağışlayır. Nəyə görə hər dəfə nazir brifinq keçirməli və əlçatanlıq nümaiş etdirirməli, digər təhsil idarəediciləri isə ağızlarına su alıb susqunluq nümayiş etdirməlidir. Nazirin özünün də etiraf etdiyi kimi, “bəzi məktəb direktorlarının qəbuluna düşmək mənim qəbuluma düşməkdən çətindir.” Qəbul bir yana, brifinq keçirməyi də qoyaq digər bir yana. Görək, hansı bir təhsil idrəediçisi – istər məktəb direktoru olsun, istər regional təhsil idarəsinin müdiri, istərsə də, sektor müdiri nazirin saysız-hesabsız açıqlamalarından birinə münasibət bildirib, digər bir problem qaldırıb, heç olmasa deyilənlərə dəstək olaraq hər hansı bir təkliflə çıxış edib. Bir-iki nəfər istisnalıq təşkil edə bilər”.
“Nə vaxta qədər təhsilimizin problemlərini jurnalistlər, valideynlər və bir neçə bəzi ekspertlər dilə gətirməlidirlər?”, - deyə müsahibimiz vurğulayıb:
“Mən hələ şahidi olmamışam ki, məktəb direktoru, direktor müavini, təşkilatçı bir yana sıravi müəllim belə təhsilimizin hər hansı bir probleminə münasibət bildirsin, problemi yoluna qoymaq üçün hansısa səmərəli bir təklif irəli sürsün. Axı onlar yaşanan problemləri digərlərindən daha yaxşı bilərlər, problemlərin bilavasitə içərisindədirlər, onlarla baş-başadırlar. Lakin susurlar, çünki çəkinirlər. Yuxarı idarətmə orqanları tərəfindən təqibə məruz qala biləcəklərindən ehtiyatlanırlar. Unudurlar ki, təhsilin problemlərini dilə gətirmək, heç də təhsil sahəsində görülən işlərə kölgə salmaq demək deyil, təhsili daha təkmil və inkişafda görmək arzusundan irəli gələn istəkdir.
Bir neçə il bundan qabaq məktəb direktor işləyən uzunillik tanışlarımdan biri mənə zəng edərək, onu izahat yazmaq üçün təhsil idarəsinə çağırdıqlarını bildirdi. Səbəbini soruşduqda isə məlum oldu ki, o yuxarılardan icazə almadan hansısa televiziya kanalına müsavibə verib. Bir müddət keçdikdən sonra həmin direktorun taleyi həllolunmuş oldu. Mənim feysbuk səhifəmdəki dostluğumda olan 5 min nəfərdən hardasa 3 min nəfəri təhsil işçisi qalan 2 min nəfəri isə əsasən jurnalist və digər peşə sahibləridir. Mütamadi olaraq təhsillə bağlı yazılarımı çoxlarını oxuduqları halda, nəinki münasibət bildirən olmur, hətta bəyənib “layk” deyilən işarəni belə qoyan cəmi 5-3 nəfər olur. Hansı ki, mənim əksər yazılarım təklif və tövsiyə xarakteri daşıyır. Bu nə deməkdir, təhsilə olan biganəlik, yoxsa yuxarılan qınağına tuş gəlmək xofu...?
Bu halda istər-istəməz nazirin bir qeydi yada düşür: “Əgər övladınız müəllimindən keyfiyyətli təhsil almırsa, həmin anda səsinizi çıxarın, nəticələri görəndən sonra yox. Çünki bu təhsil sistemində dəyişiklik yaratmaq üçün əsas məsələ, hesabatlılıq və valideynlərin təhsilə cəlb olunmasıdır". Son olaraq, valideynlər səslərini çıxarırlar, özü də ki, hamıdan bərk. Bizi narahat edən isə təhsilin aparıcı qüvvələri olan təhsil işçilərinin səsinin çıxmamasıdır – bərk olmasa da, heç olmasa yavaş. Aşkarlıq və şəffaflıq sahəsində fəallıq qarşılıqlı olmalıdır. Yalnız bu halda hansısa bir irəliləyişə nail ola bilərik. Necə deyərlər, tək əldən səs çıxmaz”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar