Xəbər lenti
"O polis özünü atmasaydı, Mövlud intihar etməyəcəkdi" - Sevinc Fədai
Mən Mövludla son görüşümüzü belə xatırlayıram: qapıdan çıxanda dedi ki, Emil, bir işıq ucu var, yaxşı olacaq... Bax, belə nikbin və zil qaranlıq içində də işıq görən işıqlı adam idi o...
Həyatda sevdiyim üçüncü adamdır ki, 28 yaşında ömrü sona çatır: Barış Akarsu, Viktor Tsoy və Mövlud Mövlud... Barış doğum günü partisinə gedərkən yol qəzasında, Tsoy Litvadan yeni albomunun hazırlığından dönərkən avtomobil qəzasında həyatını itirərkən, Mövludun "qəzası" kitabının çapına az qalmış baş verdi.
Mayın 27-də onun "Çətirsiz" kitabının təqdimatına gedə bilmədim. Ona görə də Mövludun xanımı Sevinc Fədai ilə görüşüb kitabı və onun yaradıcılığı, həyata baxışları ilə bağlı söhbətləşmək istədim. Sağ olsun, müsahibədən qaçan Sevinc sözümü yerə salmadı, danışmağa razılıq verdi.
Manevr.az onun bakupost.az-a müsahibəsini təqdim edir:
- Sevinc, ondan başlayaq ki, bütün bu hadisələrdən sonra özünü necə hiss edirsən?
Yaxşıyam... Elə hesab edirəm ki, Mövlud əvvəlkindən indi daha yaxşıdır. Nədənsə, qəribə bir rahatlıq var içimdə. Mən onu yoxmuş kimi qəbul edə bilmirəm.
Elə bilirəm ki, bu müsahibəni verəndə də yanımdadır... Yəni, yoxluğuna inanmaq dözülməz olardı. Özümə bunu təlqin etmişəm ki, Mövlud var və həmişə yanımdadır.
Məzar daşı qoyulanda da fikirləşdim ki, gedim-getməyim. Sadəcə, qəbir üstünə gedəndə mənə ölüm çatdı. Sonra ordan qayıtdım və özümü yenə toparlayıb inandırdım ki, Mövlüd var, gələcək, gəlməsə də yaşayacaq.
- Eyni hisslər Ucal üçün də qüvvədədirmi, yəni atasının varlığını hiss etməsi?
- O hiss edir ki, Mövlud yoxdur. Ona həmişə dədə-dədə deyirdi. Çox həssas uşaqdır. Axşam idi, onu yatızdırırdım. Əlini telefona uzatdı ki, ver dədə ilə danışım.
Sonra mənim susmağımı görüb üzünü çevirdi və bir nöqtəyə baxıb yatdı. Yəni elə bil ki, atasızlıq yükünü daşımağa başlayıb. Ancaq bu itkini ona hiss etdirməməyə çalışıram. Qoy böyüsün, zamanı gələndə ona hər şeyi başa salaram.
- Ümumiyyətlə, intihar etmiş atanın övladını böyütmək başqa uşaqların tərbiyə sistemindən fərqlidirmi?
- Övlad böyütməyə heç vaxt dırnaqarası baxmamışam. Bir çox ailələrdə uşaqlar Allah ümidinə böyüyür. Mən Ucal doğulmamışdan qabaq fikirləşirdim ki, bir insan böyüdəcəm.
Təbii ki, iki insanın böyüdəcəyi uşaqla bir insanın böyüdəcəyi uşaq fərqlidir. Amma çalışacam ki, həyatında boşluq, yara olmasın. Çünki uşaqlıq travmalarını böyüyəndə düzəltmək mümkün olmur.
- Sevinc, bu sualı sənə verməliyəm: hadisənin ilk günlərində verdiyin müsahibə çoxlarına qeyri-səmimi təsir bağışladı, hətta Aydın Canıyev də bu haqda məqalə yazmışdı. Niyə müsahibən belə qarşılandı?
- Bilirsiniz, cəmiyyət ərinin dalınca saçını-başını yolan, ağlayan qadın görmək istəyirdi. Bunu görmədilər. Onlar elə bilirdilər ki, yalandan, üzülmüş bir obraz yaratmaq istəyirəm. Ancaq ehtiyac görmürəm ki, necə üzüldüyümü göstərim. Heç kimin göz yaşımı görməsini istəmirəm.
- Niyə istəmirsən?
- Hətta biri yazmışdı ki, bundan sonra şeirlər yazacaq, başını bağlayacaq və s. Əksinə, hətta anam da göz yaşımı görmür. Mövludun da bunu görməsini istəmirəm. Amma bilirəm ki, Mövlud görür.
Sadəcə, heç kəsə zəif tərəfimi göstərmirəm. Evli olanda da, ayrı yaşayanda da tək-tük dostlardan başqa kimsə bilməyib ki, biz ayrılmışıq. Mövludla ayrıldığımız iki ayda bir-birimizin yanında olmuşuq, görüşmüşük.
Son bir həftə istisna olmaqla tez-tez görüşürdük. Ona görə də tək-tük dostların qınağından başqa heç kimin qınağı məni incitmədi.
İndi də heç kimi qınamıram, heç kimdən anlayış da gözləmirdim, müsahibəmi də kimlərsə qeyri-səmimi qəbul edibsə özü bilər. Mən demirəm ki, siz kimsiz nəsə deyirsiz.
Sadəcə, qınanmaqla təəccüblənmədim. Ən əsası Mövlud hər şeyi yaxşı bilirdi. Mövlud qarşısında vicdanım narahat olsaydı, mən də bar-bar bağırardım, adamların mənə acımasını istəyərdim.
- Bəlkə bax belə aqressiv sözlərin, yəni "heç kimdən anlayış gözləmirdim, özümə ağlamağa stop qoymuşdum..." kimi ifadələr insanların sənə münasibətini dəyişir?
- Niyə aqressiv olur ki? Elə fikirləşmirəm ki, insan acısını ictimai şəkildə yaşamalıdır. Bilirsən Emil, son aylarda Mövludun özünə də demişdim ki, ətrafımızda, dünyamızda dəhşətli hadisələr olur.
Məsələn, suriyalı uşağın ölüsünün dəniz sahilində tapılması haqda fotonu görəndə Mövlüdla günlərlə özümüzə gəlmədik.
Mövlüd da, mən də həssas idik. Deyirdim ki, Mövlud, yanımızda insanlar anidən ölürlər, yanğın hadisəsində daha çox ölümü hiss etmişdim, yəni bütün bunları bilən adamlar xırdalığa getməməlidir, bir-birinə həmdəm olmalıdır.
Çünki biz yazı-pozu ilə məşğuluq. İnsanlar bizə baxır, yazılarımızı oxuyur, insanlara təsəlli verə bilirik.
Ayrıldığımız iki ayda mənim də zəif anlarım çox olub, amma hiss etdirməmişəm. Leksikonumda indi də kimsə soruşanda deyirəm ki, yaxşıyam. Mən insanları məni qınamağını başa düşürəm.
Amma o qədər adam var ki, susdular. Onlar mən qədər Mövlud üçün yanırlar. Onlar üçün mənimlə münasibət saxlamaq indi asan deyil. Məni günahlandırmaq haqqını da onlara verirəm. Çünki Mövlud boyda yazarı, insanı, dostu itirmişik.
Deyə bilmərəm ki, niyə bu yanğı ilə üstümə gəlirsiniz? Mən hətta Kamyunun "Yad"ındakı adamı da başa düşürəm. O mənada məni qınayan hər kəsi başa düşürəm.
Sadəcə, bəzi dostlar var idi ki, yanımızda olublar. Onların məsələni ətraflı bildikdən sonra fikirləri də dəyişdi. Ancaq o adamları itirmişəm. Çünki onların ittihamları bəs idi.
- Yəni Mövludla münasibətlərdə özünü Kamyunun "Yad"ının yerində görürsən?
- Yox. Sadəcə hər kəsin öz həqiqəti var. Zamanla daha soyuq başla fikirləşmək olar.
- Sevinc, səhv etmirəmsə, Mövlud bu ölkədə ilk intihar edən yazıçıdır?
- Bəli - ilk idi.
- Səncə, yazıçı intihar etməlidirmi?
- Heç kim intihar etməməlidir. Mövlud əsərlər yaratmaq qabiliyyəti olan adam idi. Sözə, yaradıcılığa sığına bilərdi.
Bu hadisələrdən sonra psixoloq yanına gedirdim. Psixoloqdan da soruşdum ki, Mövlud niyə yaradıcılığına sığına bilməsin, axı kosmopolit idi?
Dedi ki, onlar özlərinin qəbul etdiyi həqiqətləri yazmayıblar. O həqiqətlərə özləri çatmayıblar, sadəcə onlardan yazıblar. Demək çatmayıb ki, sığına bilməyiblər.
- Ümumiyyətlə, onun yazılarını oxuyurdun?
- İlk oxucusu olurdum (gülür). Gecə yazısını bitirirdi, ilk mənə oxuyurdu. Deyirdi ki, yalandan tərifləmə. Fikrimi əsaslandıranda inanırdı. Bir dəfə hansısa hekayəsini oxuyub qurtaranda sual elədim ki, qurtardı?
Elə bildi ki, lağ edirəm. Acıqlandı mənə, dedi ki, belə böyümüsən məni tənqid edirsən? Sonra fikrimi izah elədim, hekayənin sonuna əlavə etdi, dedim bax, gördün indi hekayənin sonu alındı. Yəni, Mövlud belə çılğın adam idi.
Yazısı çıxanda soruşurdu ki, niyə paylaşmadın? Deyirdim ki, qoy oxuyum, sonra paylaşım. Çox inciyirdi. Bizdə bir cırtqoz sözü var e, sözün yaxşı mənasında əsl cırtqoz idi Mövlud (gülür).
Sonra paylaşanda görürdü ki, yazısının yaxşı yerini tutub Feysbukda statusa çıxarmışam, xoşuna gəlirdi. Belə bir adam idi. Yəni, uşaq kimi əzizlənməyi bir başqa sevirdi, yazıçı kimi başqa nəvazişi sevirdi.
Fikrinə güvəndiyi adam bir yazısını paylaşanda təkrar-təkrar açıb hansı yeri bəyənibsə o yeri neçə dəfə oxuyurdu. Ancaq sizə deyim ki, özünə tənqidi yanaşırdı. Bir hekayəni 3 saata yazırdısa, üstündə 6 ay işləyirdi. Deyirdim ay Mövlud, bəsdir də, yaxşıdır. Çap elətdir.
- Heç olubmu hansısa yazısına pis rəy verəsən, bu da onda bir yaradıcı depressiyası yaratsın?
Yox. Pis rəy verdiyim hekayəsi olmayıb. Ən balaca hekayəsində də enerji olurdu. Bir tərəfdən də axı bizim ruhumuz yaxın idi... Ona görə də yazılarını bəyənirdim.
Mənə həmişə deyirdi ki, mənaya bax, cümlələrdə səhvlərə baxma, onsuz da redaktədə səhvlər düzələcək. Buna görə küsürdü, oxumurdu, keçirdi o biri otağa. Dəqiqədə 100 dəfə küsüb barışırdıq.
Sevinc Fedai adlı şəxsin şəkli.
- Olub-keçənlərdən sonra Mövlud barədə memuar yazmaq fikrin varmı?
- Nə vaxtsa ola bilər. İndi buna hazır deyiləm. Mənə elə gəlir ki, Ucala yazdığım həmin yazını elə Mövluda həsr eləmişəm.
- Yeri gəlmişkən, Mövludun kitabı çap olundu və bir narazılıq var idi. Deyirdilər ki, onun 17 hekayəsi olmayıb, esselərini də hekayə kimi salıblar...
- Bir publisistik yazısı təqdim olunub. "Əzab çəkirəm, aşkım" adlı anasına yazdığı esse idi. Sadəcə, nə qədər yazıbsa onları kitaba salıblar. Mövlud o qədər yazmışdı.
Çünki işinə məsuliyyətlə yanaşırdı. Onun "unutmadığım adamlar" silsiləsindən 4-5 hekayəsi çıxdı. İnciyirdi ki, yazarlar arasında adımı çəkmirlər. Deyirdim ki, Mövlud bu yazı sahəsi vəfasızdır. Bir il yazma unudulursan. Jurnalistika da belədir.
Amma ümidləndirirdim ki, yazmaq lazımdır. Deyirim ki, uşaqlıq travmalarını yazırsan, stili dəyişmək lazımdır. Onda deyirdi ki, bah, Sevinc məni artıq bəyənmir. Sonra "Monstrak" kimi fərqli üslublarda hekayə yazdı.
- Şəhriyar Del Gerani kitabın qiyməti və Ucala bankda hesab açılmasına sərt reaksiya verdi. Sən necə düşünürsən?
- Şəhriyarın statusundan əvvəl özüm müdaxilə etdim. O uşaqların niyyəti düşünüldüyü kimi deyildi. Amma kitabın qiymətinin qoyulmamasına etiraz olundu, bir də Ucalın adına hesab açılmasına etiraz etdim.
O xəbərləri də saytlardan çıxartdırdım. Çünki bu, ianə kampaniyasına bənzəyirdi. Ucalın buna ehtiyacı yoxdur. Onun belə miskin, zəif səsləndirilməsinə qarşıyam.
Ucala nə qədər həssas uşaq olsa da, güclü olacaq və travmaların öhdəsindən gələcək. Bir fürsət yaranıb deyim, o vaxt paylaşırdılar ki, ay yazıq uşaq, tək qoymayın, can və s. İstədim yazam ki, Ucala belə yanaşma olmasın, nə isə susdum. Çünki belə davranışla gələcəkdə o özünü atasız, yazıq hissə edə bilər.
Qətiyyən buna qarşıyam. Kimsə Ucalı sevirsə onu bir şəxsiyyət kimi görsün. Mövluda da deyirdim ki, görünən adamlardan potensiallı, istedadlısan, özünü zəif göstərmə.
Çünki Mövlud əks cərəyanları, tarixi, əks istiqamətli adamları bilirdi. Elə bilirdim ki, yanımda canlı "google" var. Güclü oxu qabiliyyəti var idi. Mən 10 günə oxuduğum kitabı o bir günə bititirdi. Deyirdim ki, güclü olmaq lazımdır.
Safar Alışarlı adlı şəxsin şəkli.
- Sevinc, son sualımı verirəm - Mövludun ömrünü belə sona çatdırmağı gözlənilən oldu?
- Mən evdən gedəndən sonra bir ay günün 10-12 saatını Mövludla yazışırdıq. O vaxt onu intihar fikrindən daşındırdım. Dedi ki, o qədər yazışdıq məni ümidləndirdin. Amma o sözləri dost kimi dayaq olmaq üçün deyirdim.
Bir dəfə zəng etdi ki, Sevinc, qərar vermişəm, bir daha sənə intihar edəcəm deməyəcəm. Çünki bu özü səni yorur, hədə altında saxlayır.
Güclü olacam, özümü toparlayacam, bacarsam münasibəti düzəldəcəm. Mən də çox sevinmişdim. Fikirləşirdim ki, Mövlud bizi qorxutmaq üçün dərman içər, sonra bizə zəng edər qaçıb gedərik mədəsini yuyarıq.
Çünki hündürlükdən qorxurdu, adicə "lampıçka"nı mən düzəldirdim, iynə vurdurmaqdan qorxan adam idi. Ancaq sənə deyim bir məsələ var - o binadan bir polis özünü atmışdı. Mənə dedi ki, üzərindən ailəsinin şəkillərini tapıblar.
Dedim, yəqin ki, ağlından belə bir fikir keçmir. Dedi yox, nə danışırsan, mən indi daha böyük ideyalar, planlar düşünürəm, işlər qururam.
Ancaq indi fikirləşirəm ki, həmin binadan polisin özünü atması hadisəsi olmasaydı, Mövludun ağlına gəlməzdi ki, özünü 17-ci mərtəbədən atsın...
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar