Xəbər lenti
Evdən yox, eldən gedənlər -Həbib Əhmədov
Yazdı... Fəsillərin gül-çiçək dövrüdür. Ömülərin də yazı-baharı var. Amma bu “yaz” kəlməsi “bahar” donlu olsa da, bambaşqadır. Yaz fəsillərin gözəli olduğu kimi, könüllərin də coşa gələn, gözəllərin naza bələnən, təbiətin canlılığını təsdiqləyən, gül-çiçəyin qönçələnən, nəğmələrin incələnən çağlarıdır.
Bu gün bir söz gülşənindəyəm. Orada qollu-budaqlı bir palıd var. Budaqları yarpaq-yarpaq boy verən bu ağacın kökləri yerin yeddi qatına işləyib. Söz bulağından su içdiyinə görə ruhoxşayan qoşquları, bayatıları... nəğmə kimi süzülür könüllərə. Bu söz gülşənində quşlar oxuyur, adamlar yox. Aman Allah! Bəs deyirlər ki, cənnət o dünyadadır?! Hər yan susub – Güllər (anam kimi), çiçəklər ağlayır.
Deyirlər ki, Söz Tanrıdan gəlir. Peyğəmbərimiz (salam olsun) də ona görə söz əhlini Yaradanın yerdə ən yaxınları, fikir daşıyıcıları hesab edib və əmanətləyib ki, onların ruhunu incitmək olmaz. Nizamimiz sözün su kimi lətafətli olmasına inandırıb bizi. Füzulimizin “Şəbi-hicran”ında canımız yansa da, qan töksə də çeşmi-giryanımız, oyatmadı xalqı əfqanımız. Bəxtimiz necə oyansın ki? Yatdığı kimi, başımızı daş balışa qoyanadək sözün qılıncdan da kəsərli, ovxarlı olmasına çalışırıq.
“Gül rüzgarına qarşı gözlərimdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu – axar sular bulanmazmı?”
Bulandı, ustad! Sözün peyğəmbəri Nizamidən qalan yadigarı bizə sevdirən Füzulimiz, özün gül fəslində hicran odundan, göz yaşlarından yazırdınsa, bəs Həbibimiz nədən susmalıydı ki? Dərdlər qalaq-qalaq, qucaq-qucaq... Allah-Təala şairləri oddan-qordanmı yaradır görəsən, odlu-alovlu olurlar bu qədər? Şairlərin sözləri bulaq suyu kimi qaynayıb-daşır (söhbət şairlərdən gedir-M.N.). Yəqin elə şairlərin qəlbi bulaqdır, süzülür dodaqlardan: “ay sevənlər, tez gəlin, qoymayın, güllər solsun”. O bulaqlar sizi gözləyir...
Fikrim yenə də dağ-daşdadır. Ona görə də elə dağ-daşdan başlayaq. Könlüm quşu uçub dağlara. Haqqında söz açmaq istədiyim şair-publisist, ictimaiyyətçi, özündən sonra ocağında nəcib insanlar (ramizlər, nəsimilər, əfruzlar, əsmərlər, rasimlər, nəcibələr, esmiralar və onların da balaları) qoyub gedən, Kəlbəcərdə sayılıb-seçilən ulu bir nəslin yadigarı Həbib Nağıoğlu (Əhmədov) bu gün qəlbimin, ruhumun mehmanıdır. Ruhlarımız qoşalaşıb baş-başadır, əlac, imkan ona görə göz yaşınadır. Ruhuna ünvanlandı bu üç bənd:
Qan ağladı misraların,
Kəlbəcərim yada düşdü.
Doğmalarım, əzizlərim,
Dərdi-sərim yada düşdü.
Dərd ağlatdı ellərimi,
Qəm soldurdu Güllərimi.
Çıx dağlara, gör dərdimi,
Qismətimə qada düşdü!
Məhəmmədəm, köçkün adım,
O dağlarda söndü odum.
Harda qaldı doğmam-yadım,
Yaz gəlməmiş oda düşdü?!
Bəlkə də ilk dəfədir ki, yazmağa çətinlik çəkirəm. Səbəbsiz deyil. Bir ulu söz ocağının qorunu eşələyirəm: gözlərim yaşarır, barmaqlarım isə donur. Ədəbi-bədii sözün gücü yetəcəkmi Həbib müəllimin yaradıcılığından yazmağa?
Oğullar var ki, ailəsi, ailə var ki, övladının adıyla (burada mütləq mənada yaxşılar nəzərdə tutulur) tanınır. Amma, bəzən belə də olur:
Vətənimdən gözəl diyar görmədim,
Nəzər saldım nə zamandı ha yana.
Odu qalmaz hər doğulan övladın,
Yad ocaqda ha alışa, ha yana.
Kəlbəcərdə adı dillər əzbəri və örnək sayılan oğullar yetirən ocaqlar az olmayıb. Belə ocaqların birindən və pirindən boy verən, şeir-sənəti ilə qitələrin səddini aşan, elinin ağlar gözlü şairi Sücaət idi. Sücaətin söz dünyasından danışmaq asandınıza gəlməsin. Hər tənqidçi belə cəsarət tapıb yaza bilmədi, Bəhmənimiz kimi.
Bu ocağın (heç zaman sönməyəcək, odu sönsə belə, kül olmayacaq qorundan boy verən ədəbi silsilə nəsil şəcərə etibarilə də Kəlbəcərin bünövrəsini qoyanlardandır. Nağılar Kəlbəcərdə adı-sanı ilə tanınan və daim hörmətlə yad edilən ulu nəsildir. Sözümüz bunda deyil. Sücaətin boy verdiyi həmin nəslin Həbib müəllim kimi zər qədrini bilən söz zərgəri də vardı. Sücaətin ad-sanı onun yaradıcılığını quzey qarına döndəribmiş, xəbərimiz yox imiş. Elə eşidərdik ki, Həbib müəllim də yazır, amma, Sücaətin söz dünyasının kölgəyə düşməməsi üçün özünün bircə bəndini demədi...
Qayıdaq Kəlbəcərə, Həbib müəllimin misralarının qanadlarında:
Nə vaxt gəlirsənsə gəl Kəlbəcərə,
Günün hər anı da gözəldi, qardaş.
Şirinlik duyulur elin dilindən,
Gənci, piranı da gözəldi, qardaş...
Yazda gəlsən qarşılayar tər çiçək,
Tökülər yoluna gül ləçək-ləçək.
Çələnglər sarınar boynuna rəng-rəng,
Şərəfi-şanı da gözəldi, qardaş...
Qışda gələrsənsə Həbibə mehman,
Kəsilər ayağın altında qurban.
Qorxma bu dağların qar-boranından,
Qarı, boranı da gözəldi, qardaş.
Qayıda bilirikmi? Axı, baxın bir görün Kəlbəcərə gedən yollar nə gündədir:
Bir yaxşı bax, gör nə gündə,
Kəlbəcərə gedən yollar.
Yolçusu yox, bircə bəndə,
Kəlbəcərə gedən yollar.
Duman-çiskinə bürünür,
Gözlərimə tor görünür.
Bizim kimi hey sürünür
Kəbcərə gedən yollar.
Dərə-təpə, eniş-yoxuş,
Düşməninə nizə, oxmuş!
Elə bil ki, heç yoxumuş
Kəlbəcərə gedən yollar...
Nəyimiz vardısa orada qaldı. Həbib Nağıoğlu (Əhmədov) haqqında dönə-dönə yazmalı olduğum ziyalı ağsaqqalımız, elimizin fəxr ediləsi qələm və söz adamlarından biri idi. 1932-ci ildə Kəlbəcərin Boyaqlı kəndində anadan olmuş (şəhərin özünə bitişik idi), rayon mərkəzində orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdı. Daha sonra Bakı Ali Partiya Məktəbində də oxuyaraq ictimai-siyasi cəmiyyətin aparıcı simalarından biri kimi tanınmışdı. Kəlbəcərdə müxtəlif vəzifələrdə (RPK-da şöbə müdiri, RİK-də katib, “Yenilik” rayon qəzetinin redaktoru, təmir-tikinti idarəsinin rəisi və s.) işləmişdi. 1998-ci ildə “Xoş günlərim o dağlarda qalıbdı” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Tanınmış el ağsaqqalı, ötən əsrin əvvəllərində və 20-ci illərində ermənilərin Kəlbəcərə dəfələrlə etdiyi qəfil hücumların qarşısının alınması üçün Laçına, Sultan bəyin yanına silah-sursata gedib əliboş qayıtmayan, yurd-yuvasını qoruyan, lakin sovetləşməni qəbul etmədiynə görə qırmızı imperiyanın repressiyasının qurbanlarından biri olan, məzarı qürbət ellərdə (Orta Asiyanın ilan mələyən düzlərində) qalan Məşədi Cəmilin həyatına həsr etdiyi “Məşədi Cəmil yolu” (Bakı-2007) oçerklər toplusundan sonra Həbib müəllim dərindən daha bir ah çəkib: “O üzdən bir gələn yoxdu”... Bu kitabı ilə də oxucularının görüşünə gəldi və ...
Qələminə və şəxsiyyətinə hörmət bəslədiyim, bir vaxtlar “Respublika” qəzetində birlikdə çalışdığım qələm və ürək dostum, jurnalist Elşən Əliyevin həmin kitaba yazdığı “Bu həsrəti ovutmağa söz yetməz” məqaləsi məni yamanca tutdu. Qələm dostumuz yazır: “Tanrının bəxş etdiyi şairlik, söz qoşmaq istedadının, axıcı, rəvan təbinin bar-bəhrəsini ömrünün ixtiyar çağında üzə çıxarıb çap etdirən Həbib Əhmədovun poetik təfəkkürü klassik aşıq ədəbiyyatından qaynaqlanır. Milli ədəbiyyatımızın bu çoxşaxəli qoluna mənsub olan bədii obrazlar, estetik cizgilər, dil-üslub xüsusiyyətləri onun da qoşma və müxəmməsləri, gəraylı və təcnisləri üçün səciyyəvidir”.
Hələ ilk kitabının ön sözündə isə şair-publisist Knyaz Aslan Həbib müəllimi oxuculara elə yerli-yataqlı tanıdır ki, sənə söz deməyə ehtiyac duyulmur. Bədii redaktora görə, “Misralarda göynəyirmiş Kəlbəcərin kədəri”. Necə də yerində deyib: “Kəlbəcərdən Bakıya 458 kilometrdir. Bəs Bakıdan Kəlbəcərə?!”
Nə yaman ağrılı və ağır sualdır!! Cavabını kim verə bilər? Yenə də K. Aslanın öz fikirlərinə baxaq: “Kəlbəcər-Bakı aralığına səpələnmiş, “didərgin”, “qaçqın” adları daşımağa məcbur edilmiş kəlbəcərlilərin kədəri, dərd-səri isə nə ölçüyə gələndi, nə çəkiyə sığandı...
Can, Kəlbəcər, övlad gəzən
Sorağına qurban olum,-
göynərtisinin ağırlığını duya bilməyən azərbaycanlının Azərbaycan torpağında yaşamağa, azərbaycanlı adını daşımağa haqqı yoxdu, qardaş”!
Şairin hər şeirindən bir dastan yazmaq olar. Maraqlıdır ki, Kəlbəcərdə yaranan ədəbi mühitin yetirmələrində klassik aşıq şeirinin bütün növlərində qələm sınanılıb. Bu, Həbib müəllimin də yaradıcılığından yan keçməyib. Təcnis, eləcə də cığalı təcnis, bildiyimiz kimi, aşıq şeir formalarının ən çətin növüdür. İlahinin qüdrətindən Həbib müəllim nəinki təcniz, eləcə də cığalı təcnis, cinaslı bayatılar da yazıb. Əvvəlcə cığalı təcnisdən bir yarpaq:
Həbibəm, qurbanam yar gəlməsinə,
Mənə gərək deyil bir gəlmə sinə.
Əzizim gəlməsinə,
Əğyarın gəlməsi nə?!
Ömrün sona yetəndə,
Oğulsan gəlmə sinə.
Dözək “Çiçəkli”yə yaz gəlməsinə,
Gedək dərdimizi dağıdaq üstə.
Cinaslı bayatılarında da mövzu rəngarəngdir; vətən, yurd həsrəti, ayrılıq, hicran, möhnət... “düşüncə tərəzisi”nin gözünü əyir:
Əzizinəm birə mindi,
Cüt idim, birəm indi.
Nə əksəm rişə verməz,
Dərd əksəm, birə mindi.
Yaxud;
Eləmi yazda dərdim,
Nərgizi yazda dərdim.
Dedim qışda qurtarar,
Göyərdi yaz da dərdim.
Həbib Əhmədov qüssənin, kədərin poetik obrazını elə yaradır ki, onun təsirindən ayrıla bilirmisən. Oxucunun əlindən tutub, şair öz doğma yurd-yuvasının əsrarəngizliyinə gözdolusu baxmağa aparır:
Mənim yurdum laləzardı,
Ayağından başınadək.
Dağları gül yağışlıdı,
Ətəyindən qaşınadək.
Uzun ömrün məkanıdı,
Ümid, şəfa ünvanıdı.
Min bir dərdin dərmanıdı,
Ayranından aşınadək.
Yayı sərin nəfəslidi,
Payız toy-düyün səslidi.
Həbib, gənclik nəfəslidi,
Baharından qışınadək.
Əlbəttə, bir el şairinin könül dəftərini (üç kitabını) vərəqlədikcə, oxucu yurd ağrısından təntiyən ürəyin aramla döyüntülərini duymaya bilməz. Həbib müəllimin yaradıcılığına boylananda kəlbəcərli günlərimiz gözlərim önündə canlandı. Dumanlı xəyalıma yazılanlardan bəzilərini xatırladım. Orta məktəbdə, Kəlbəcər şəhər 2 nömrəli orta məktəbdə oxuyur (qardaşım İbrahim isə 1 nömrəlidə), hərdən də dərsdən çıxanda atamızın iş yerində gecələməli olurduq. Təmir-tikinti idarəsinin rəisi Həbib Əhmədov idi. Qürurlu, əzəmətli, boy-buxunlu, səliqə-səhmanlı, ağayana, ciddiliyi qədər də səmimi və sadəliyi, insanpərvərliyi ilə rəhbərlik etdi kollektivin hörmətini qazanan Həbib müəllimin şeir yazmasını bax o illərdən hiss elədim. Bir axşam müdirin kabinetindən gələn telefon zənginə özümü zorla çatdırdım. Yazı makinasının üstündəki vərəqlər diqqətimdən yayınmadı: şeir idi. Oxudum:
İsmi-pünhan, dövran quraq bir yerdə,
Olarsanmı halal malım, sən Allah?!
Od götürüb baxışlardan xumarlan,
Gercək olsun bu xəyalım, sən Allah.
Elə baxdın, canda taqət qalmadı,
Elə bilmə işarəni almadı.
Təbim coşdu, günah məndə olmadı,
Belə baxma, qadan alım, sən Allah.
Həbib əkib, həm becərsin bağça-bar,
Sevindirsin əkinçini hər nübar.
Dinlə məni, a bimürvət, biilqar,
Xəyallara belə dalım, sən Allah.
Şeir qara kağızla üç-dörd nüsxə yazılıb, eləcə yazı makinasının üstündə qalmışdı. Bircə dəfə oxumaqla yaddaşıma yazıldı. Bir neçə gündən sonra həmin şeiri Həbib müəllimə əzbər deyəndə gülümsündü:
-Zarafatyana yazılıb, hərdən belə şeylər olur, fikir vermə. İdarədə səndən savayı kimsə bilmir ki?
Dedim ki, yox, Həbib müəllim, mən də şeiri sevirəm. Bir qoşmam var, icazə versəydiniz sizə oxuyardım. Şad xəbər eşidirmiş kimi dilləndi:
-Bir de görüm...
Utana-utana, kəkələyə-kəkələyə şeiri söylədim, qan tər-içində:
Əzəldən yaranıb hüsnü-tamaşa,
Vurğunam qışına Kəlbəcərimin.
Sübhün işığında axşam çağında,
Dolanam başına Kəlbəcərimin.
Yaxşı bax lilpərli bulağa, çaya,
Aran haraylayır, tələsir haya.
Göylərə ucalan min-min sal qaya
Şahiddir yaşına Kəlbəcərimin.
Dərmandı bitkinin burda hərəsi,
Bir zəngin muzeydir bəndi-bərəsi.
Məhəmməd, tarixin sədası, səsi
Yazılıb daşına Kəlbəcərimin.
Şeiri deyib qurtaranda əlini başıma sığal çəkib, amma, qaşları çatılmış halda bir misranı təkrar elədi:
-“Sübhün işığında, axşam çağında”,-Belə dedin?
Sorğusu məni çaşdırdı. Dilim də dolaşdı, fikrim də. Nə hə, nə yox deyə bilmədim, qızarıb pörtdüm. Səhvimi göydəcə tutmuşdu:
-Belə çıxır ki, Kəlbəcərini sevmirsən, eləcə şeir xatirinə belə deyirsən, qafiyələnsin deyə. Bu misran zəifdi. Bəlkə belə deyəsən:
“Sübhün işığından axşam çağına”?!
-Eyyy, nə gözəl, Həbib müəllim, var olun!-Sevincimdn əlindən möhkəmcə tutub sıxdım. Gülümsədi:
-Qələmin və qəlbin var. Gələcəkdə sən yazı-pozu adamı ola bilərsən. Onda məni unutmazsan. Məndən də bir məqalə yazarsan. Bəlkə bu, bir xatirəyə çevrildi. Xeyir-dua verirəm. Ədəbiyyatları çox oxu, bədii ruhun var...
Bu söhbətdən xeyli keçmişdi, artıq orta məktəbi bitirmək üzrəydim. Hərdənbir məqalə yazıb redaksiyaya aparırdım. Həbib müəllim “Yenilik” rayon qəzetinin redaktoru idi. Bir dəfə imzamı dəyişib Nərimanoğlu eləyəndə çox sevinmiş və kövrəlmişdim. Bax, o zamanlardan Həbib müəllimin vətənpərvər insan olduğunu duyurdum.
...Bu da 1993-cü ilin aprel ayı. Kəlbəcər düşmən caynağına keçdi, kəlbəcərlilər isə yurd-yuvasız qalıb səpələndilər respublikanın hər yerinə. Həbib müəllimi Bakıda ancaq yas yerlərində gördüm. Sanki o, tamamilə dəyişmişdi. Birdən-birə beli bükülmüşdü. Amma çalışırdı ki, o qamət düz qalsın, sınmasın! Ona yaraşırdı axı! Kəlbəcər həsrəti onu erkən qocaltmışdı. Sən demə, o, Sücaətimiz kimi, damcı-damcı əriyirmiş, gilə-gilə sətirlərə hopurmuş. “Kəlbəcər: yüz şairin bir kitabı” antologiyasını çapa hazırlayanda görüşdük. Hidayət Elvüsalla Həbib müəllimi ziyarət etdik. O vaxta kimi bilmirdim ki, Kəlbəcər həsrətli duyğularını bu qədər cilalı, poetik dillə qələmə alırmış. Bəli, o vaxt hiss elədim ki, Kəlbəcər, doğrudan da sərvətlər yatağıdır, elə insanları da. Kəlbəcərin tarixi, şəhidləri, mühasirə illəri, kəlbəcərlilərin dərd-sərindən söz açan kitablarımı, sən demə, birinci oxuyanlardan imiş Həbib Nağıoğlu. Bunu qələm dostum, həmkarım, oğlu Nəsimi də dönə-dönə bildirmişdi. Bir-birimizə doğmalıq, təbii ki, həm də yaradıcılıqla bağlı idi. Söz adamlarının xatirini çox istəyirdi. Onlarla fəxr duyduğunu gizlətmirdi. Bu da Həbib müəllimin ali insani keyfiyyətlərə malik olmasından irəli gəlirdi.
Həbib Nağıoğlu təkcə balalarına yox, millətə, xalqa, nəhayət, yurd-yuvasızlara deyir ki, “O üzdən bir gələn yoxdu”... Bu, dolu bir sandıqdı. Amma daş-qaşla, zər-ziba ilə yox, dərdlə. “Xoş günlərim o dağlarda qalıbdı”. Təkcə bu el şairininmi? Yox! Bu dərd dolu kitabı göz yaşları ilə oxuyanların da ürək döyüntüləri buradadır.Kəlbəcərə dönmək ümid və diləkləri puça çıxdığını duyan şair “Övladlarıma nəsihət” şeirini elə sakit, elə təmkinlə pıçıldayır ki:
“Çor” deyənlərə də “can” deyin, bala,
Ədalı olmayın, hikkələnməyin.
Gənc ilə gənc olun, ahılla ahıl,
Təvazökar olun, yekələnməyin.
Qismətdən qaçmayın, çox bilin azı,
Heç vaxt özünüzdən olmayın razı.
Saxlayın arada nizam-tarazı,
Paklığa bələnin, ləkələnməyin.
Onu da bilin ki, ölməyib yağı,
Şər gəzir şeytanın əli-ayağı.
Birliyiniz olsun, yumruqsayağı,
Birləşin, dağılıb səpələnməyin.
Həbib dilər sizə Rəbbin köməyin,
Halala meyl edin, haram yeməyin.
Nə heç kimə “mənəm-mənəm” deməyin,
Nə də ki, heç kəsə təpələnməyin.
Əslində, şairin yaradıcılıq imkanlarına ayna tutmaq istəyirdim. Həssas oxucu duymamış deyil ki, yenə də vərəqlədiyim səhifələrin qəmə, möhnətə bələnmiş misralarına tuş gəldim. Amma bu, o demək deyil ki, Həbib müəllimin incə şair qəlbi poetik və lirik duyğularla silələnməyib. Gözəllik təşnəsi olan şair sinəsi odlananda yaranar belə bəndolmalar:
Gözündə qurulub ox da, kaman da,
Qoymusan Həbibi əldə-amanda.
Bir baxışın yüz can alır bir anda,
Bəs adam öldürmək nə təhər olar?
Qoşaqafiyə, qoşayarpaq kimi az-az işlənən qoşmalara şairin yaradıcılığında rast gələndə, doğrusu, təəccüblənmədim. Çünki, Həbib müəllim şeirin müxtəlif janr, forma və üslubunda qələmini sınağa çəkib və hər birində də uğur qazanıb. Divanilərindən bir bəndə nəzər salsaq, vəznlərdən məharətlə istifadə etdiyini deyə bilərik ki, bu da ədəbiyyat nəzəriyyəsini kamil bilən Həbib müəllimin filosofluğunu təsdiqləyir:
...Aqillərin kəlamların oxu, vərəq-vərəq gəz,
Dəhanından çıxan sözə ehtiyatlı ol qərəz.
Söz qüdrəti asta kəsir, çığır-bağır istəməz,
Eyhamımı düz başa düş – sözlərimin canı var.
Şairlər özlərinin qələm dostları ilə eyni fikri bölüşməyi, deyişməyi, dərdləşməyi sevərlər. Ta bineyi-qədimdən belə olub. Həbib müəllim də düşüncəsinə yaxın bildiyi fikirdaşları ilə məktublaşmağı unutmayıb: dövrün, zamanın bozüzlülərini ümumi qınaqla bozartmaqdan yan keçməyib. Sözün urvatını urva kimi müqəddəsliyə qaldıran Məmməd Aslanımıza hələ 1989-cu ildə yazdığı qoşma ilə deyirdi ki:
Həbib çox oyuna şahiddir, qağa,
El gözündən düşən olmayıb ağa.
Pula güvənənlər düşdü ayağa,
Bütün ömrü boyu uladı, Məmməd.
Həə... necə də gözəl deyiblər: qəlbi poetik duyğuluların qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, hətta, sevinc belə çuğlayanda təbiətə üz tutur: gözəllikləri yaşayır, hisslərini digərləri ilə – oxucularla bölüşməyə tələsir. Çünki tutumlu poetik deyimlərdə təbiət gözəlliklərinə çulğaşmış insan mənəviyyatı, fərdi fəal düşüncələri boylanır. Hisslərin təbii axarında meşələr pıçıldaşır, çiçəklər öpüşür, qayaların göz yaşının ətri bulaqlardan dadılır.
Kəlbəcərdə - cənnət-məkan bir diyarda yaşayanların da haqqı yox idi ki, o ecazkar mənzərəli təbiətdən ilhamlanaraq şeir yazmasın, Həbib müəllim kimi. Bu behişt yurdun təbiətinin özü də şair idi, sanki. Neçə-neçə dağların mürgülü gecələrinin bağrını yaran dəlisov Tərtər, Tutqu, Qamışlı kimi çaylar həm də burada gecə-gündüz mahnı bəstələyən bəstəkarları xatırladırdı. Sanki sinələrdə, düzənlərdə, yollarda, yamaclarda, yaylaqlarda yaranan və sayı-hesabı bilinməyən yollar-yolağalar, çığırlar-izlər yazılmış, lakin hələ oxunmamış neçə-neçə dastanın misraları idi: şiş qayalar bu şeirlərin «nida»sı, zirvələr «nöqtə»si, boynubükük bənövşə «sual işarəsi», nərgizin ləçəyi isə «vergülü»...
Belə bir ilhamverici diyarda doğulub boya-başa çatan, pərvazlanıb uçan, zirvələrə qonmağa çalışan bir çox kəlbəcərli alimlər, şairlər, aşıqlar yazıb-yaratmış, çox şükürlər olsun ki, bu gün də davam edən həmin ənənə sənətkarlıqla davam etdirilir.
Kəlbəcərin sərvətlərini saymaqla qurtarmaz. Təbii sərvətlər diyarı olması artıq bəşəriyyətə məlumdur. Mənfur ermənilər məhz onun təbii qala, həm də sərvətlər yatağı olduğuna görə ora göz dikmişdi.
Kəlbəcərdə min nəfərdən çox şeir yazmağı bacaran el şairi vardı. Kəlbəcərin 1993-cü ildə erməni daşnaqları tərəfindən işğalı nəticəsində kəlbəcərlilərin məcburi köçkün düşməsi şairlik iddiasında olmayan bir çox yurddaşlarımızı da söz adamına çevirdi. Onların şeirləri mənfur düşmənlərə qarşı sovlu xəncəri, kəsərli söz qılıncıdır.
Kəlbəcərin sazlı-söz diyar olması dəfələrlə təsdiqlənib. Ağdabanlı şair Qurbandan başlayan bu ədəbi dağlarımız silsilədir: Dədə Şəmşir, Kor Bəsti, Bimar Əli, Ənvər Rza, Firudin, Qəmkeş, İdris Verdiyev, Şamil Dəlidağ, Bəhmən Vətənoğlu, Sücaət, Yusif Hüseyn, Əlövsət Saldaş, Elşən Əzim, Mirvari Verdiyeva, Xəqani Həbiboğlu (sadalamaq istəmirəm, maşallah olsun), nəhayət, 23 yaşında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilən, BDU-nun gənc müəllimlərindən biri, Ələmdar Cabbarlı... kimi şeirdillilərimiz az deyil. Əlbəttə, onların adlarını yazası olsaydıq, ayrıca bir kitab (biz o kitabları zaman-zaman yazırıq. Kəlbəcər şairlərinin antalogiyası və almanaxı geniş oxuculara təqdim edilib, folklor dünyasındakı ağız ədəbiyyatının minilliklərdən qaynayıb gələn möcüzələri əfasənəyə bənzədib) alınardı. Həbib Nağıoğlunun da adı həmin kitablarda ön sıralardadır.
Son sözünü eşidə bilmədiyimiz şairin hələlik, sonuncu saydığımız “O üzdən bir gələn yoxdu” kitabının sonuncu səhifəsinə nəzər salmağa məcburam. Azad mətbuatın qaranquşu, milyonlarla oxucusunun qəlbinə və evinə yol tapan “Səhər” qəzetinin redaktoru, qocaman əməkdar jurnalist Məzahir Süleymanzadənin Həbib Əhmədova son söz yerinə ünvanladığı “Qəlbin qəmnən yüklənsə də”... (12 noyabr 1998-ci il tarixli) məktubunun sonuncu səhifəsində oxuyuruq: “Bu hikmət dolu kitabçada sizin oğullarınıza, nəvələrinizə, dostlarınıza xitabən yazdığınız şeirlər də var. Bu şeirlər daha çox nəsihət xarakterlidir. Məsələn, siz oğlunuz Nəsimiyə xitabən yazırsınız:
Əldə ələm saxla ata sözünü,
Əslinə, kökünə oxşat özünü,
Zəhmətsiz çörəyə dikmə gözünü,
Aldada bilməsin dövlət-mal səni.
Həbib müəllim, bu müraciəti biz də ata nəsihəti kimi qəbul edirik. Şeirlərinizin birində oxuyuruq:
Deyirlər ki, səbrin-dözümün olsun,
O səbri-dözümü mən hardan alım?
Qan içində qan ağlayır Vətənim,
Təskinlik sözümü mən hardan alım?
İstəyim imkansız, dərdim davasız,
Ürək təşnə, mühit susuz, havasız.
Vətənsiz, torpaqsız, yurdsuz-yuvasız,
Odumu-közümü mən hardan alım?
Həbib, o cənnətdən qalmayıb əsər,
Yağı yuvasına dönüb Kəlbəcər.
Murovum olubdu düşmənə səngər,
Yolumu-izimi mən hardan alım?
Bu misralardan sonra adam sizə səbr, dözüm arzulamağa da cəsarət etmir. Amma mənim inamım var ki, günlərin bir günü Nəsiminin Kəlbəcərdə qaladığı bir ocağın başında Rasimin saz havasının sədaları altında Həbib müəllimin şeirlərini dinləyəcəyik”...
Yox, sonuncu cümlənizi yazmadım, Məzahir müəllim, bağışlayın. Həmin şeiri Həbib müəllim yazmayacaq. Kəlbəcərin sinəsi sazlı, dili sözlü kəlbəcərlilərini Murovdağdan o üzə aşıra bilmədik. Həbib müəllim də bu ayrılığa tab gətirmədi, 2016-cı ilin payızında ulu ozan yurdunun bir oğlu da qara torpağa əmanət verildi, həm də üzü Məkkə qədər əziz, söz qibləsi Kəlbəcərə - qarlı dağlara, barsız bağlara, ötən çağlara...
Deyirdi ki, “öyrətmə gözünü nəmə bir belə”...
Necə deyək: Həbib müəllim, dərd ələmə dərd üstünə bir belə?!...
Məhəmməd NƏRİMANOĞLU
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar