Xəbər lenti
Milli dəyərlərin qorunmasına dair bəyanat qəbul edildi

Manevr.az xəbər verir ki, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda "Dezinformasiyaya qarşı ictimai həmrəylik: QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi" mövzusunda geniş ictimai müzakirə keçirilib.
Tədbirdə vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, ictimai xadimlər, alimlər və media nümayəndələri iştirak ediblər.
İştirakçılar dünyəvi təhsil sisteminə, qızların təhsilinə, məktəblərdə vahid geyim formasına və dövlət-din münasibətlərinin mütərəqqi modelinin əleyhinə yönələn informasiya təhdidlərinə qarşı vahid mövqe nümayiş etdirərək bəyanat qəbul ediblər.
Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli qeyd edib ki, son vaxtlar xaricdən yönləndirilən yad ideoloji təsirlərə, ölkənin dünyəvi təhsil sisteminə, milli birliyə və həmrəyliyə qarşı yönəlmiş manipulyasiyalara qarşı vətəndaş cəmiyyətinin qətiyyətli mövqe nümayiş etdirməsi xüsusi əhəmiyyət kəsb edir.
O bildirib ki, bu mühüm məsələlərlə bağlı vətəndaş cəmiyyətinin fəal rolu, ictimai məsuliyyəti və qabaqlayıcı təşəbbüsləri vacibdir.
Z.İbrahimlinin sözlərinə görə, keçirilən ictimai müzakirə xaricdən yönləndirilən dezinformasiya kampaniyasına qarşı cəmiyyətin ziyalı və qabaqcıl kəsiminin sərt reaksiyasını bir daha açıq şəkildə nümayiş etdirir.
Milli Elmlər Akademiyasının (AMEA) A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Azərbaycanın dünyəvilik və dövlət-din münasibətləri ənənəsinin dərin tarixi köklərə malik olduğunu bildirib.
O qeyd edib ki, Azərbaycan tarix boyu müxtəlif mədəniyyətlərin və dinlərin sülh şəraitində yanaşı yaşadığı məkan olub, qadınların və qızların təhsil alması isə maarifçilik hərəkatının təməl sütunlarından birini təşkil edib.
C.Bəhramov vurğulayıb ki, xaricdən qaynaqlanan radikal meyillər və dezinformasiyalar Azərbaycanın tarixi ənənələrinə və dünyəvi dövlətçilik prinsiplərinə ziddir:
"Belə təsirlərə qarşı ən güclü sipər tarixi yaddaş və milli şüurdur. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə qızlar məktəbinin açılması ilə əsası qoyulan, Şərqdə ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara seçki hüququ verməsi ilə möhkəmlənən bu mütərəqqi ənənə bu gün də dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Yad dini-ideoloji təsirlərə qarşı ən tutarlı cavab milli maarifçilik irsinə sahib çıxmaq və qızların keyfiyyətli, maneəsiz dünyəvi təhsil almasını qətiyyətlə qorumaqdır".
Əhməd bəy Ağaoglu Milli Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Nigar Axundova sosial və pedaqoji kontekstdə məsələyə toxunaraq orta məktəblərdə vahid geyim qaydalarının müəyyənləşdirilməsinin mühüm və zəruri addım olduğunu bildirib:
"Məktəb uşaqların ailələrinin maddi vəziyyətindən, milli mənsubiyyətindən, sosial statusundan və digər fərqlərdən asılı olmayaraq özlərini bərabər hiss etdikləri məkan olmalıdır. Hər bir qızın məktəbdə təhsilini davam etdirməsi, keyfiyyətli təhsil alması, peşə qazanması və gələcəyini özü müəyyənləşdirmək imkanına malik olması üçün çalışmaq lazımdır".
"Körpü" Türkman İrsi Mərkəzinin sədri Orxan İsayev milli həmrəyliyin və ortaq mədəni dəyərlərin qorunmasının əhəmiyyətini vurğulayıb: "Cəmiyyətimizi daxildən parçalamağa, dünyəvi təhsil sistemimizə kölgə salmağa çalışan təbliğat fəaliyyətlərinə vətəndaşların özləri cavab verməlidirlər. Bugünkü orta və yaşlı nəsil məhz dünyəvi təhsil sistemi sayəsində nailiyyətlər əldə edib".
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərli isə dezinformasiya və media savadlılığı məsələlərinə toxunub. O, informasiya məkanında sistemli şəkildə yayılan saxta xəbərlərin və hibrid təhdidlərin ictimai rəyi çaşdırmağa, sabitliyi sarsıtmağa yönəldiyini vurğulayıb: "Birgə təşəbbüslər vasitəsilə manipulyasiyaların qarşısını almaq üçün media savadlılığı artırılmalıdır".
Tədbirin sonunda dünyəvi təhsil sisteminin qorunması istiqamətində vətəndaş cəmiyyətinin birgə tövsiyələri səsləndirilib və müvafiq bəyanat qəbul edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























