Sizin Reklam Burada
Xəbər lenti
11-10-2026
10-10-2026
BÜTÜN XƏBƏRLƏR

Otuz illik ayrılığın qəm ünvanı - yurd niskili

Tarix: 11-10-2026 23:15     Baxış: 329 A- / A+

                         Namiq Dəlidağlı


Azərbaycan ədəbiyyatında və mətbuatında özünəməxsus dəsti-xətti, uca səs tonu və dərin vətəndaşlıq yanğısı olan yaradıcı şəxsiyyətlərdən biri də şair-publisist, tanınmış jurnalist Namiq Dəlidağlıdır. Onun yaradıcılığının ana xəttini dərindən gələn yurd niskili, tükənməz Vətən sevgisi, saf sevgi duyğuları, fəlsəfi düşüncələr və çılpaq həyat həqiqətləri təşkil edir.

   Namiq Dəlidağlı Kəlbəcər rayonunda, müəllim ailəsində dünyaya göz açıb. Uşaqlıq və gənclik illəri Kəlbəcərin füsunkar təbiətinin qoynunda keçən gələcək şair, orta təhsilini də elə bu qədim yurd yerində başa vurub. Dağların havası, mühitin ziyalılığı onun daxilindəki söz çeşməsini hələ erkən yaşlarından coşdurub. Məktəbli ikən qələmə aldığı ilk şeir və məqalələri Kəlbəcərin “Yenilik” qəzetində və mərkəzi mətbuat organlarında işıq üzü görmüşdür.

1993-cü ildən etibarən taleyini peşəkar jurnalistikaya bağlayan Namiq Dəlidağlı Azərbaycan mətbuatının inkişafında mühüm xidmətlər göstərib. O, ölkənin aparıcı mətbu organları olan “Açıq söz”, “Yeni dünya”, “İki sahil” və “Əyalət” qəzetlərində müxbir, şöbə müdiri və baş redaktor müavini kimi məsuliyyətli vəzifələrdə çalışıb. Eyni zamanda “168 saat”, "Hər şey Sizin üçün", “Gəncliyin səsi” və doğma yurdunun adını daşıyan “Dəlidağ” qəzetlərinin baş redaktoru olaraq gənc jurnalistlər nəslinin yetişməsində böyük rol oynayıb. Hazırda operativ və obyektiv xəbər siyasəti ilə seçilən Manevr.az və Dalidag.az saytlarının qurucusu və rəhbəridir.

Namiq Dəlidağlının poetik dünyası yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda – bütün Türk dünyasında rəğbətlə qarşılanır. Müəllifin oxuculara təqdim etdiyi “Ağ gecənin nağılı”, “Otel otağından reportaj” və “Əllidə ələnənlər” şeir kitabları onun daxili dünyasının poetik hesabatıdır. Şairin fəlsəfi-lirik düşüncələri beynəlxalq arenada da əks-səda doğurub; Özbəkistanda “Sevgi sükunəti” və Qırğızıstanda “Mən zamanı uduzdum” adlı şeir kitabları çap edilmişdir. Bu bütöv yaradıcılıq uğurları dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Prezident mükafatçısıdır. Həmçinin “Qızıl qələm”, “Müqəddəs qələm” mükafatlarına, Qazaxıstanın “Əhməd Yasəvi” mükafatına və “Çingiz Aytmatov” qızıl qələm  və Əlişir Nəvai medalına layiq görülüb.

Şairin poeziyasında Kəlbəcərin işğalı ilə başlayan köçkünlük həyatının ağrıları, yurd həsrəti hər sətirdə özünü büruzə verir. Onun 2006-cı ildə anasının daxili bir üsyanla verdiyi "Torpaqları niyə azad etmirsiniz, kimi gözləyirsiniz?" sualına cavab olaraq yazdığı "Səni Kəlbəcərə aparammıram" şeiri, bütöv bir xalqın intizarının və çarəsizliyinin sarsıdıcı poetik etirafıdır:


Nə umub küsürsən, qurbanın olum,

bağlanıb bənd, bərə, aparammıram.

Məndə təpər yoxdu, düşməndə insaf,

incimə boş yerə, aparammıram.


Söndü o yuvanın odu, ocağı,

yoxdu bizdən daha bir umacağı.

Unut, Dəlidağı, “Novlu bulağ”ı,

öyrən bu şəhərə, aparammıram.


Yanırsan, göylərə bülənddi tüstün,

görürəm, çox vədə vurmuram üstün,

çəmənlər pərişan, çiçəklər küskün,

qan tökür dağ, dərə, aparammıram.


Ta demirəm sağlıq olsun, ay ana,

boşalanlar bir də dolsun, ay ana.

Namiq adlı oğlun ölsün, ay ana,

səni Kəlbəcərə aparammıram.


Təəssüf ki, şairin anası 5 iyun 2015-ci ildə dünyasını dəyişdi. Bu acı itkidən illər ötsə də, ən böyük göynərti ananın Kəlbəcərin azadlığını görə bilməməsi oldu. Bu acı ömür hekayəsi həm də otuz il ərzində torpaq həsrəti ilə dünyasını dəyişən minlərlə anamızın, atamızın ortaq taleyidir. Kəlbəcərin işğal günü (1993-cü il aprelin 2-si) bütöv bir nəslin taleyini parça-parça etdi. Torpaqlar indi azaddır, lakin geridə qalan itkilər yaradıcı qəlbdə silinməz izlər qoyub. Namiq Dəlidağlı "Bu ev" şeirində itirilən doğmaların və xarabaya dönmüş yurd yerinin kədərli mənzərəsini bir publisist dəqiqliyi ilə canlandırır:


Ha alışam, yanam, gəlməz,

ta bu gölə sonam gəlməz,

atam gəlməz, anam gəlməz,

daha xarabadı bu ev.


Köz qaralıb ocağında,

sükut var hər bucağında,

qonaq etməz qucağında

nə dostu, nə yadı bu ev.


Var ağrısı, var sitəmi,

bir vüsaldan qalıb kəmi.

Dəryalarda batan gəmi -

dörd bir yanı sudu bu ev.


Göynəsə də bağrım başı,

heç duymadı nadan-naşı.

Xatirədi hər bir daşı -

damağımın dadı bu ev.


Namiq, qucağına sığın,

ağrısı var yığın-yığın,

otuz illik ayrılığın

qəm ünvanı - adı bu ev.


Şairin yurd sevgisi təkcə kədərlə kifayətlənmir, o həm də Kəlbəcərin füsunkar gözəlliklərini və sivilizasiyaya boyun əyməyən ucalığını vəsf edir. "Kəlbəcər lövhələri" şeirində təbiətin hər bir parçası – gülləri, maralları, çəmənləri canlı bir obraz kimi qarşımıza çıxır. Burada ovçunun belə gözəllik qarşısında aciz qalması, təbiətə qıymağa əlinin gəlməməsi insan və təbiət vəhdətinin ən yüksək məqamıdır:


Burda gözəlliklər əlçatan deyil,   

boylanır zirvədən, ətəyə gəlmir.   

İlahi ucalıq könüllərində - 

onlar düzə enmir, mətəyə gəlmir.   


Bir çiçək aləmi çıxıb püşkünə,   

ənbər çiçəklərin batıb müşkünə,   

arılar güllərin düşüb eşqinə,   

çöllərdən yığılmır, pətəyə gəlmir.   


Çiçəklər şax durur, əymir qəddini,   

ötüb sərhəddini, keçib səddini:   

bütün gözəlliklər aşıb həddini - 

heç sığala yatmır, ütüyə gəlmir...   


...İp atdım, tovladım dünən səməndə,

insafsız düşmədi yenə kəməndə,

yeyib-xamlayıbdı çöldə-çəmədə,

üzəngiyə yatmır, yedəyə gəlmir.


Baxıb gözəllikdən doymayır ovçu,

ovçu marağına uymayır ovçu,

əliyə, cüyürə qıymayır ovçu,

barmağı çaxmağa, tətiyə gəlmir.


Müəllifin poeziyası təkcə yurd mövzusu ilə məhdudlaşmır, onun yaradıcılığında saf sevgi, nakam məhəbbət və ayrılıq motivi də fəlsəfi dərinliklə işlənir. Şair insanın daxili dünyasında baş verən ən böyük tufanı — sevdiyini itirmək və ayrılıqla barışmaq məcburiyyətini çox çılpaq və real dillə təsvir edir. Onun yaradıcılığının şah əsərlərindən olan "Sizə elçi gəldi, bizə ayrılıq" şeirində qapının döyülməsi, elçilik mərasimi və gəlin köçmə prosesi fonunda yaşanan daxili sarsıntılar, "Vağzalı" sədaları altında ölən ümidlər bədii və reportaj dəqiqliyi ilə oxucunun gözü qarşısında canlanır.














Hüseyn İsaoğlu

Yazıçı-publisist, AYB və AJB-nin üzvü

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar