Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Dünya bizə görə deyilmiş...Cahangir Namazovun xatirəsinə...

Tarix: 16-04-2026 22:20     Baxış: 2181 A- / A+
Cahangir Namazov

   Dünya həssas insanlar üçün çətin yaşanılacaq bir məkana, evə çevrilib. Onsuz da yaranışdan həssas olan söz adamları üçün ikiqat çətindir dünya dediyimiz böyük evin istənilən nöqtəsində yaşamaq. Hələ müharibələrin, fəlakətlərin, xəstəliklərin, gənc ölümlərin artdığı, haqsızlıqların, ədalətsizliyin hökm sürdüyü, insanlığın məhvə sürükləndiyi bir zamanda yaşamağa məhkumsansa, çətinliyin arenası daha geniş, kəmiyyəti daha çoxdur. Bu mühitdə var olmaq əzablardan keçir, əziyyətləri gözə almalı və iradənə yaslanıb dözüm göstərməlisən. Əlbəttə, bunun üçün güclü və yenə güclü olmalısan. Sözün hər mənasında. İçimizdəki “biz”lə dünyanın ahəngi uyğun gəlməyəndə isə evimizlə aramızda uçurum yaranır. O zaman biz yaşamağı deyil, ölməyi seçirik. Xilas yolu olaraq dünyamızı dəyişməyi tərcih edirik...

  Yenə uzaqdan başladım deyəsən... Gecə aldığım ölüm xəbərinin təsirindən içimdə yaranan təlatüm, barışmazlıq hissi fikirlərimi, düşüncələrimi qarışdırıb. İfadə olunmaz dərəcədə sarsıntı və dərin hüzn içindəyəm. Atamı təzə itirmişəm. Mənim üçün çox ağır olsa da, həyatın qanunudur deyib, təmkinli olmağa çalışıram. Təsəllisi olmayan acılar var ki, hayqırtını içinə gömüb, ağrını susaraq yaşayırsan. Dünən gecə isə Özbəkistandan olan gənc dostumun vəfatı xəbərini oxuyub dünyaya, həyata etibar bağımın necə incəldiyinin, qopmaq üzrə olduğunun fərqinə vardım.

Cahangir istedadlı, həddindən artıq çalışqan, dostcanlı, sevgi dolu, xeyirxah əməlli və düşüncəli bir gənc idi. Ədəbi əlaqələrin genişlənməsi, inkişafı üçün əlindən gələni edir, dayanmadan çalışırdı. Onun sözlə başlanan yolu təkcə Özbəkistan-Azərbaycanla məhdudlaşmırdı. Çoxməsafəli körpülər qurmuşdu dünyanın hər bucağında. Mehribanlığı elə ilk kəlməsindən sezilirdi. Müsahiblərinə ünvanladığı suallar, tərcümə cəhdləri, ümumbəşəri mövzuları əhatə edən mətnləri, şeirləri yüksək zəkasının, istedadının göstəricisi idi. Tanımadığımız və ya az məlumatımız olan neçə-neçə, istər özbək, istər avropalı, istər amerikalı, istərsə də dünyanın başqa yerlərindən olan ədəbiyyat, incəsənət və mədəniyyət adamları ilə tanışlığımıza vəsilə oldu Cahangir. Belə ki, saytlarımızla sıx əlaqə qurur, yaradıcı insanların yaradıcılıq nümunələrinin və müsahibələrinin ardıcıl olaraq dərc olunması üçün müraciət edir, buna nail olurdu. Üstəlik, bizim yerli qələm adamları ilə müsahibələr edərək onları bir az da yaxından tanıtdı bizə. Yerli sayt və qəzetlərlə yanaşı, xarici mətbuatda da söhbətlərin tərcümə olunaraq yayımlanmasını təmin edirdi. Müsahiblərindən biri də mən idim... sözə söykənib düşüncələrimizi bölüşmüşdük, söhbətdaş olmuşduq. Sevə-sevə, min bir həvəslə aldığı müsahibələri bir yerə toplayıb kitab halına salmaq və Azərbaycanda nəşr etdirmək də onun istəyi və ideyası idi. Şükür ki, bu istəyi gerçəkləşdi, “Azərbaycan yazarları belə deyir” adlı kitabı nəşr olundu. Bilmirəm, kitab çatdırıldı ona ya yox, amma kitabın işıq üzü görməsinə çox sevindiyini bilirəm. Heyif, yarım qalan, gerçəkləşməyən digər arzuları kimi, kitabına Azərbaycanda təqdimat keçirmək arzusu da gerçəkləşmədi...

   Cahangir Namazov Azərbaycan Jurnalistlər Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü idi. Gənc dostumun ölkələr arasında ədəbiyyatın təbliği ilə bağlı gördüyü işlərin əhəmiyyəti çox böyükdür. Bu sahədə əziyyəti və fəallığı danılmazdır əziz Cahangirin. Cahangir həm də “Manevr.az” saytının Avropa üzrə müxbiri idi. Əməkdaş və həmkar idik. Yazılarını göndərir, oxuyub fikir bildirməyimi istəyirdi. Hiss edirdim ki, hər şeyin mükəmməl olmasını istəyir. Təkcə sözə deyil, Azərbaycana sevgi, bağlılıq hissi güclü idi Cahangirin. İsrarla vətənimizə gəlmək istəyi, görmədiyi bir diyara ruhu ilə şeir həsr etməsi bu sevginin, bağlılığın təzahürüdür. Azərbaycanlı müəlliflərin şeirlərini özbək dilinə uyğunlaşdırması, özbək qiraətçilərin təqdimatında, müxtəlif tərtibatlarda oxucuya, dinləyiciyə çatdırması da o içdən sevgisinin göstəricisidir.

   Haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Ölüm səbəbi nədir, bilmirəm. Bəzi mənbələrdə intihara bağlayırlar gedişinin səbəbini. Demək ki, həyat dolu bir gəncin - Cahangirin - cismini tərk edən həssas ruhu nələrəsə tab gətirməyib. Nələrsə onun o xeyirxah ürəyini çox incidib.

Nə deyim, əziz dost?!! “Kaş ki”lər kara gəlmir belə məqamda. Təsəlli üçün söz də tapmırsan. Dünya yaşanılacaq yer deyil daha... bizim üçün heç deyil!!!

Məqamın uca olsun, əzizim! Ruhunun rahatlıq tapması diləyi ilə... hələlik, dostum!

Ruhuna sayğıyla;

Sevinc Qərib

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar