Sizin Reklam Burada
Xəbər lenti
03-02-2023
02-02-2023
BÜTÜN XƏBƏRLƏR

Generalın məhkəməsində qalmaqal: "Kişiliyin olsun, düzünü de"

Tarix: 24-01-2023 09:26     Baxış: 449 A- / A+



Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az teleqraf.com-a istinadən bildirir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrlik etdiyi proses baş tutmayıb.
Buna səbəb müttəhim Sahib Ələkbərovun vəkilinin prosesə qatılmaması olub. Vəkilin prosesə gəlməməsini zərərçəkənlər kəskin etirazla qarşılayıblar. Hakimdən süründürməçiliyə son qoyulmasını istəyiblər.
Hakim İlqar Murquzov zərərçəkənləri sakitləşdirərək tərəflərdən prosesin Sahib Ələkbərovun vəkili olmadan keçirilməsinə münasibətlərini soruşub.
Sahib Ələkbərov da prosesin müdafiəçisi olmadan keçirilməsinə etirazının olmadığını deyib: "Mən hər hansı bir mütəşəkkil cinayətkar dəstəyə daxil olmamışam. Burada oturanların da nə mənə aidiyyətləri var, nə də mənim onlara. Mən öz ifadəmi verəcəyəm, ancaq vəkilimin iştirakı ilə. Hazırda prosesin keçirilməsinə etiraz etmirəm".
Zərərçəkənlər və onların vəkilləri Sahib Ələkbərovun vəkili olmadan prosesin keçirilməsinə etiraz etmədiklərini bildiriblər.
Müttəhim Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov isə bildirib ki, Sahib Ələkbərovun vəkili olmadan prosesin keçirilməsi prosessual pozuntudur, amma vəkil olmadan prosesin keçirilməsinə etiraz etmirlər.
Yerindəcə müşavirə keçirən hakimlər prosesin yanvarın 30-na qədər təxirə salınması barədə qərar qəbul ediblər. Qərar zərərçəkənləri narazı salıb. Zərərçəkən Hüseyn Səfərov deyib ki, Sahib Ələkbərov etiraz etmədiyi halda prosesin keçirilməməsi doğru deyil:
- Belə çıxır ki, hər dəfə bir bəhanə edib oyun oynayacaqlar, siz də prosesi təxirə salacaqsız.
Hakim:
- Növbəti dəfə belə olmayacaq. Sahib Ələkbərov, siz 30-na qədər özünüzə daha bir vəkil tutun.
Hüseyn Səfərov:
- Hər dəfə bir bəhanə ilə oyun oynayırlar, vaxt gedir.
Hakim:
- Vəkil korona tutub, ondan bu haqda arayış təqdim etməsini istəmişik. Sahib Ələkbərov, özünüzə vəkil tutun.
Hüseyn Səfərov:
- Sahib Ələkbərov barəsində faktlar var, siz prosesi davam etdirin, mən faktları açıb deyim. Sahib Ələkbərovun mənə dediyi sözləri burada deyəcəyəm.
Zərərçəkən üzünü Sahib Ələkbərova tutaraq deyib:
- Sən qəsdən edirsən də... Qəsdən uzadırsan. Sən Mövlam Şıxəliyevin barəsində dediyin sözləri burada aç de.
Sahib Ələkbərov:
- Mən heç nə deməmişəm.
Hüseyn Səfərov:
- Kişiliyin olsun, düzünü de. Cinayətkarsız hamınız.
Sahib Ələkbərov:
- Sənsən...
Hakim isə onları sakitləşdirib, proses təxirə salınıb.
Qeyd edək ki, hazırda beynəlxalq axtarışda olan Akif Mustafayev də iş üzrə maraqlı şəxs qismində çıxış edir. Onu iclasda nümayəndəsi Cavanşir Hüseynov təmsil edir.
"Akula Akif" ləqəbli, adı mətbuatda Eldar Mahmudovun yaxın adamı kimi tanınan Akif Mustafayev Mövlam Şıxəliyevin və digərilərinin işinə aidiyyəti məsələsi açıqlanmayıb. Zərərçəkənlər bu məsələni qaldırsalar da, hakim hazırlıq iclasında bu məsələyə baxılmadığını bildirib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər onlara verilmiş cəzadan narazı qalıblar və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Zərərçəkmişlər də hökmdən narazı qaldıqlarını qeyd ediblər və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edirlər.
Bir neçə zərərçəkmişin qaldırdığı mülki iddia təmin olunmayıb. Onlar mülki iddianın təmin olunması barədə apellyasiya şikayəti veriblər.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Onunla birlikdə mühakimə olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Zamində olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun barəsində həbs-qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.
Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb.
Həmçinin Mövlam Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.
Bundan başqa, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədov polkovnik-leytenat rütbələri əlindən alınıb.
Mövlam Şıxəliyev, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədova verilmiş orden və medallardan məhrum olunublar.
İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar