Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni baş nazirin Qarabağ hiyləsi - erkən seçkilər gələn ilə qaldı

Tarix: 03-08-2018 09:39     Baxış: 2354 A- / A+
Erməni baş nazirin Qarabağ hiyləsi - erkən seçkilər gələn ilə qaldı


Ermənistanda növbədənkənar parlament seçkilərinin 2019-cu ilin aprel-may aylarında keçirilməsi planlaşdırılır. Ermənistan KİV-lərinin məlumatına görə, bu barədə ölkə parlamentində müzakirələr aparılır. Növbədənkənar seçkilərin bu ilin sonunadək keçirilməsi gözlənilsə də, sonradan hökumət qərarını dəyişərək seçkiləri ertələdi.

Heç şübhəsiz ki, bu, Nikol Paşinyan hökumətinin ağır durumla üz-üzə olmasından irəli gələn mövqe dəyişikliyidir. Paşinyan özünün 100 günlüyünü belə, ciddi problemlərlə başa vurmaqdadır. Onun ölkə daxilindəki rəqiblərini sıradan çıxartmaq istiqamətində atdığı addımlara artıq Rusiyadan da qıcıqlı reaksiyalar və xəbərdarlıqlar gəlməkdədir. Elə Rusiya XİN rəhbəri Sergey Lavrovun “Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin sələflərini təqib edilməyəcəyinə dair vədlərinə ziddir” deməsi, həmçinin baş verənləri narahatlıqla izlədiklərini bildirməsi birbaşa Paşinyana təhdid sayıla bilər. N.Paşinyan cəzalandırma qərarları ilə “çox uzaqlara” gedib. Xüsusilə də erməni hökumətinin Rusiyanın adamlarına “qarmaq” atması, eks-prezident Robert Köçəryanı həbs etməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun 2008-ci ilin 1 mart hadisələri zamanı Ermənistanın konstitusiya quruluşunun devrilməsində ittiham olunması birbaşa Rusiyanın maraqlarına toxunmaqdır.

Mövcud situasiyada parlament seçkilərinin keçirilməsi Paşinyan üçün yaxşı perspektiv vəd etmir. Çünki Rusiya yeni ssenarini işə salıb, Paşinyanın özünü də yola sala bilər. Parlamentli respublika olan Ermənistanda baş naziri parlament seçir.

Xatırladaq ki, 2017-ci ildə keçirilən seçkilərin nəticələrinə görə, Milli Məclisdə dörd siyasi qüvvə təmsil olunur: Ermənistan Respublikaçılar Partiyası (ERP), Daşnaksütyun Erməni İnqilabi Federasiyası, “Tsarukyan” və “Yelk” (“Çıxış”) blokları. S.Sərkisyanın saxtakarlıqları nəticəsində Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi və Oskanyan-Ohanyan bloku parlamentdən kənarda qaldı. Hazırda başı daxili problemlərə qarışan, həmçinin sosial problemlərin məngənəsində qalmış erməni xalqını müxtəlif yollarla sakitləşdirməyə cəhd edən Paşinyan üçün parlament seçkilərini keçirmək çox risklidir. Amma maraqlısı budur ki, hazırkı tərkibi saxlamaq da onun hökumətinə təhlükə vəd edir. Elə bu günlərdə parlamentin 41 deputatının Robert Köçəryana azadlıq tələb etməsi Paşinyana xəbərdarlıqdır. Xüsusilə də Rusiyanın Ermənistan hökumətinə xəbərdarlığından sonra erməni deputatlarının fəallaşması təsadüfi deyil. Günün birində onlar hökumətə etimadsızlıq məsələsini də qoya bilərlər - təbii ki, Rusiyanın dəstəyi ilə.

Azərbaycana bu proseslərin o mənada aidiyyəti var ki, Ermənistanda daxili məsələlərə, xüsusilə də parlament seçkilərinə diqqətin artması avtomatik olaraq Qarabağ məsələsinə biganəliyin yaranmasına rəvac verir. Paşinyan özü də etiraf edib ki, Ermənistanda heç bir hökumət Qarabağ məsələsində birtərəfli güzəştə qərar verə bilməz. Xüsusilə də seçki ilində yeni hökumətin problem tənzimləməklə bağlı hansısa addım atması inandırıcı deyil. Bu, onun hökumətinin devrilməsini sürətləndirə bilər. Deməli, Ermənistandakı parlament seçkiləri Qarabağ danışıqlarına da marağı azaldacaq. Çünki Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, status-kvonun saxlanması ilə barışmaq niyyətində deyil və danışıqlar, sadəcə, vaxtın uzadılmasına xidmət etməməlidir. Hətta Ermənistanın yeni hökumətinin konstruktiv mövqe sərgiləməyəcəyinə ümidlər də ifadə olunub.

Bu arada XİN rəhbərlərinin növbəti görüşünün BMT Baş Assambleyası çərçivəsində keçiriləcəyi də bildirilib. Ancaq Paşinyanın parlament seçkilərinə “ölüm-qalım” məsələsi kimi baxması o anlamı verir ki, Qarabağ məsələsində ən azı gələn ilin mayınadək tərpəniş olmayacaq.

Erməni baş nazirin Qarabağ hiyləsi - erkən seçkilər gələn ilə qaldı


BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirdi ki, prinsip etibarilə Paşinyanın bütün məqsədi və həyata keçirdiyi addımların əsas qayəsi Dağlıq Qarabağ məsələsini gündəmdən çıxarmaq, onun əvəzinə siyasi motivli məsələləri ortaya qoymaqdır: “Ermənistanın baş nazirinin bütün manevrləri buna söykənib. Hakimiyyətə gəldiyi ilk günlərdə o, Dağlıq Qarabağın danışıqlarda ”tərəf" kimi iştirak etməsini istəyirdi. Daha sonra bu tələbin həyata keçirilməsinin mümkün olmadığını gördü. Həmçinin Azərbaycan tərəfinin bu tələbi birmənalı rədd etməsi və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyi ilə üst-üstə düşməməsi səbəbindən daha sonra başqa mövqe sərgiləməyə başladı. Sadəcə, o, prosesi uzatmaq məqsədilə belə mövqelərdən çıxış edir. İndi də növbəti görüş ərəfəsində diqqəti fərqli istiqamətə yönəltmək istəyir".

E.Mirzəbəyli qeyd etdi ki, Paşinyanın atmaq istədiyi bir neçə addım var: “Dağlıq Qarabağ prosesindən diqqəti yayındırmaq, ona mane yaratmaq istəyən klanı sıradan çıxartmaq, həmçinin bu planın əlindəki kapitalı nəzarət altına almaq üçün çalışır. Paşinyan həmçinin mümkün qədər Moskva ilə münasibətləri balanslı saxlamaq istəyəcək”.

Politoloq qeyd etdi ki, ATƏT-in Minsk Qrupu Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini uzatmasına münasibət bildirməlidir.

Ermənistan hökumətinin bəhanələrinin nəyə xidmət etdiyini Azərbaycan iqtidarı da çox yaxşı bilir. Bundan əvvəl dövlət başçısı səviyyəsində Ermənistanın keçmiş iqtidarı kəskin şəkildə tənqid olunmaqla yanaşı, yeni hökumətə baş verənlərdən dərs çıxarmaq tövsiyyə edilmişdi. Elə prezidentin sonuncu çıxışlarında da maraqlı məqamlar var idi.

Erməni baş nazirin Qarabağ hiyləsi - erkən seçkilər gələn ilə qaldı


Politoloq Elxan Şahinoğlu bildirdi ki, prezident İlham Əliyev avqustun 1-də şəhid ailələrinə mənzillərin paylanması mərasimində Ermənistanın yeni hakimiyyətinin siyasətinə ilk dəfə detallı toxunub: “Prezident əvvəllər də işğalçı dövlətin yeni hakimiyyəti haqqında bir-iki cümlə işlətmişdi, ancaq bu dəfə məsələyə sistemli yanaşdı. İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın adını çəkmədən söylədiyi fikirləri belə qruplaşdırmaq olar: birincisi, İlham Əliyevin ”Ermənistanın yeni hökuməti indi daxili problemlərlə məşğuldur" sözlərindən anlaşılan odur ki, baş nazir Nikol Paşinyanın hələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmağa gərəkli vaxtı yoxdur. Rəsmi Bakı bir az gözləyə bilər. Bu baxımdan İlham Əliyevin bu cümləsi diqqəti çəkir: “Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin”. Əslində bu, İlham Əliyevin Nikol Paşinyanı tələsdirmədiyinə işarədir. Ancaq zaman limiti uzun çəkməyə də bilər. Paşinyan erkən parlament seçkisinə qədər Qarabağ istiqamətində addım atmağa hazır deyil. Ermənistan növbədənkənar parlament seçkisini gələn ilin mayında keçirməyi planlaşdırır. Həmin müddətə qədər gözləməliyə dəyərmi - bu sualın aktuallığı da az deyil".

E.Şahinoğlu qeyd etdi ki, prezident İlham Əliyev Paşinyanın ziddiyyətli bəyanatlarına da toxunub: “Paşinyan bir tərəfdən danışıqlarda Qarabağ separatçılarının iştirakını istəyir ki, rəsmi Bakı heç zaman buna razılaşmayacaq, ikinci tərəfdən bu şərt yerinə yetirilmədən də Ermənistanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşüb, fikir mübadiləsi aparıb. Paşinyanın ”danışıqlarda separatçılar da iştirak etsin" tələbini nəinki biz, beynəlxalq aləm də qəbul etmir".

Politoloqun sözlərinə görə, İ.Əliyev keçmiş prezident Serj Sərkisyanın ünvanına “kiriminal xunta rejimi” işlətsə də, Nikol Paşinyana qarşı hələ ki sərt ifadədən istifadə eləmir: “Ancaq İlham Əliyev sonrakı ifadəsində ”onlar işğal siyasətini davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik" cümləsinə də yer verir".

E.Şahinoğlu qeyd etdi ki, dövlət başçısı Ermənistanda Azərbaycanla sülh çağırışları edənlərə də diqqət yetirdiyini büruzə verib: “”Biz bu çağırışları eşidirik" deyən prezident sülh üçün zəruri şərti təkrarladı: “Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?!” İlham Əliyevin Ermənistanda sülh çağırışı edənlərə qarşılıqlı jesti də var: “İşğala son qoyularsa, bölgədə sülh yaranar, Ermənistanla Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə bilər və dayanıqlı sülh yarana bilər”. Beləliklə, Azərbaycan və Ermənistan rəhbərləri hələ görüşməsələr də, bir-biriləri ilə qiyabi müzakirə aparırlar. Qiyabi müzakirə sanki Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasındakı görüş tarixini yaxınlaşdırır".

Hər halda, bütün bunlar ehtimallardır. Ermənistan hakimiyyəti indiki çətin situasiyada müharibənin başlanmasını heç cür arzulamır. Bir tərəfdən, Rusiya ilə münasibətlərdə soyuqluğun yaranması, digər tərəfdən, Azərbaycan ordusunun gündən-günə güclənməsi işğalçı ölkəni savaşdan qaçmağa sövq edir. Elə Paşinyanın prezident Putinə az qala yalvararaq Azərbaycanı müharibədən çəkindirmək xahişini etməsi də bu qorxudan qaynaqlanır. Amma Ermənistan rəhbərliyi danışıqları uzatmaqda davam edəcəksə, konstruktiv mövqe sərgiləməyəcəksə, müharibə qaçılmaz olacaq, bu, dəfələrlə deyilib. /musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar