Xəbər lenti
Valideynləri gözləyən “sürpriz xərclər”
Azərbaycanda yeni tədris ilinin başlamasına sayılı günlər qalır. Hazırda məktəb ləvazimatları satılan mağazalarda qələbəlik müşahidə olunur. Valideynlərin xərcləri isə məktəbqabağı bazarlıqla yekunlaşmır. Adətən, hər il onları yeni dərs ili başlayanda iş dəftərləri, test kitabçaları və digər əlavə vəsaitləri almaq kimi “sürpriz xərclər” qarşılayır.
Bəs, görəsən, bu vəziyyət necə olacaq? Köhnə ənənə davam etdiriləcək, yoxsa bu istiqamətdə hansısa yenilik olacaq?
Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Elşən Qafarov deyib ki, valideynlərin iş dəftərləri, test kitabçaları alması məcburi deyil: “Azərbaycan qanunvericiliyinə görə, ölkədə yalnız dərsliklər pulsuz verilir. Həmin dərsliklərdə də hər mövzu ilə bağlı müvafiq çalışmalar olur. Əgər valideyn və yaxud da müəllim əlavə vəsaitlərlə işləmək istəyirlərsə, bu onların şəxsi təşəbbüsüdür. Yəni tədris proqramında yoxdur ki, hökmən iş dəftərləri və ya əlavə vəsaitlərdən istifadə olunsun. Əslində, əlavə materiallardan istifadə olunması yaxşı haldır. Bu ənənə yenə də davam edəcək. Amma bir məqamı da qeyd edim ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının Tədbirlər Planında şagirdlərə pulsuz dərsliklər, test topluları, iş dəftərləri və s. vəsaitlərlə Güman edirəm ki, yaxın gələcəkdə planşet olmasa da, sadəcə iş dəftərlərinin şagirdlərə dövlət hesabına verilməsi mümkün olacaq”.
Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov isə qeyd edib ki, bu məsələ dəfələrlə müzakirə edilsə də, həllini tapmır: “Artıq neçənci dəfədir, “iş dəftərləri”, “test kitabçaları” ilə bağlı suallarla qarşılaşıram və hətta özüm-özümə sual vermək məcburiyyətində qalmışam ki, sıradan olan bir məsələnin ildən-ilə gündəmi zəbt etməsi nə deməkdir? “İş dəftərləri”, “test kitabçaları” ilə bağlı uzun müzakirə və mübahisələrə yaşıl və ya qırmızı işıq yandırmaqla son qoymaq, bu qədərmi çətindir? Nə az, nə çox, düz 16 ildir ki, hər yeni dərs ilinin başlanması ilə əlaqədar iş dəftərləri, test kitabçaları ilə bağlı məsələ yenidən gündəmə gəlib. Yəqin, bilən bilir, bilməyən isə bilsin ki, vaxtilə Təhsil Nazirliyi “iş dəftərləri”nin tətbiqini yaranan zərurətlə əlaqədar, yəni kurikulum sisteminə uyğun olaraq 2007-2011-ci illər üçün məqbul saymışdı. O dövrdə kurikulumun tələblərinə uyğun dərsliklər hazırlananadək belə dəftərlərdən istifadəyə ehtiyac vardı. Təəssüflər olsun ki, bundan kütləvi şəkildə sui-istifadə hallarına yol verildi. Bu, “iş dəftərləri” təhsilə, biliyə və elmə xidmətdən daha çox kommersiya maraqlarına xidmət etməyə başladı. Qiymətlər çoxları üçün əlçatan olmadı. İctimaiyyət bu məsələnin üstünə getdi. Bu, mətbuatda da geniş işıqlandırıldı və nazirlik iş dəftərlərinin dərslik komplekti siyahısından çıxarılması barədə əmr verdi. Elm və Təhsil Nazirliyindən də zaman-zaman, dəfələrlə bildirilirdi ki, “iş dəftərləri” dərslik komlektindən çıxarılıb, onların istifadəsi məcburi deyil. Belə bir rəsmi bəyanat da verilmişdi ki, əgər məktəblərdə şagirdlərə məcburi şəkildə iş dəftərləri aldırırlarsa, o zaman valideynlər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Qanunverciliyə əsasən buna dair ciddı ölçü götürüləcək. Belə hallar baş verərsə, biz buna qarşı mübarizə aparacağıq.” Lakin məsələ olduğu kimi qalmaqda davam edir. İş dəftəri aldırılır, onlardan ev tapşırıqları verilir”.
Ekspert problemin düyünə düşməsinin səbəbinə də toxunub: “Kimsə bunu belə qəbul edir ki, iş dəftərləri dərslik komplektindən çıxarılıb, tədris prosesindən ki, çıxarılmayıb. Eynilə belə çıxır ki, iş dəftərlərindən istifadə edə də bilərsən, etməyə də. Bir tərəfdən də, bu məsələdə Elm və Təhsil Nazirliyindən asılı olmayan səbəblər də var, digər korporativ və kommersiya maraqları və s. də öz yerində. Məlum olduğu kimi “iş dəftərləri” 2013-cü ildən Təhsil Nazirliyindən alınaraq müstəqil nəşriyyatlara verilmişdi. Bir məsələ də var ki, bir çox müəllimlər və məktəb rəhbərləri də bizə məlum olan və məlum olmayan səbəblərdən bu iş dəftərlərin istifadəsində maraqlıdırlar. “iş dəftərləri”nin alınmasında ayrı-ayrı valideyn və şagirdlərə müəyyən təzyiqlər barədə də çox deyilib, çox yazılıb. Bir çox valideynlərimiz də bu kimi məsələlərə loyallıq göstərməkdə davam edirlər. Elm və Təhsil Nazirliyinin mövqeyi isə belə olub ki, dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlər əsas tədris vəsaiti olan dərsliklərlə pulsuz təmin edilirlər. Dərsliklərdə kifayət qədər çalışmalar var ki, onların adi yazı dəftərində həll edilməsi ilə mövcud təhsil proqramının mənimsənilməsi tam təmin oluna bilər. Bununla belə, müəllim təhsil proqramında nəzərdə tutulan standartların reallaşdırılması üçün dərslikdən başqa digər tədris resurslarından da istifadə edə bilər. Müəllim tədris prosesində şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq, onlara müxtəlif vəsaitlərdən, eləcə də iş dəftərindən tapşırıqlar verə və bununla da diferensial yanaşmanı təmin edə bilər. Beləliklə, dilemma qarşısında qalmışıq. Əgər, doğrudan da iş dəftərləri, testlər və s. bu kimi digər əlavə materiallar məcburi deyilsə, o zaman təhsili onun üzərində qurmaq nə dərəcədə düzgündür? Əks halda valideynlər onları almaq məcburiyyətində qalır və əlavə xərcə düşmüş olurlar. Bu isə, aztəminatlı ailələr üçün xüsusilə problem yaradır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar