Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Nazilə Gültacdan "Bİr ovuc işıq" -Hekayə

Tarix: 27-12-2020 15:11     Baxış: 3286 A- / A+
Nazilə Gültacdan "Bİr ovuc işıq"

Ayrılanda vidalaşmamışdılar.
Çoxdan idi ki, oğlu Elsevəri Şəhidlər Xiyabanına aparacağına söz vermişdi. Onun vətənpərvər ruhda böyüməsini istəyirdi. Oğlunun fərasətli, ağıllı olması bir ana kimi Nəzrinin ürəyini qürur hissi ilə doldururdu.
Şəhidlər xiyabanında sıralanan qəbirlər əmrə hazır dayanan əsgər cərgəsinə bənzəyirdi. Elə bil ki, yürüş edib yenidən bir başa cəbhəyə gedəcəkdilər. Qara mərmərlər üstündə şəhidlərin şəkilləri sanki dil açıb danışırdı. Nəzrinin qəlbi göynədi. Yüzlərlə qeyrətli oğul şəhid olsa da, lakin hələ də vətəninin ayrılmaz hissəsi olan Qarabağın düşmən tapdağında inləməsi onda düşmənə qarşı sonsuz nifrəti daha da alovlandırdı. Elsevər qaşlarını çatıb iti nəzərlərlə daşların üstündəki adları oxuyur, sonra əlindəki qərənfilləri bir- bir qəbirlərin üstünə düzürdü. Anası ona demişdi ki, bu xiyabanda qəhrəmanlar uyuyur, bura ürəyində vətən sevgisi olan hər kəs üçün müqəddəs and yeridir.Vətən ürəkdən başlayır. Ona görə də ürəyində vətən sevgisi olmalıdır ki, üstündə gəzdiyin torpaqları qoruya biləsən. Vətənsiz insan , qanadsız quşa bənzəyir. Bütün bunları fikrində dolaşdıran Elsevər qəfil dilləndi;
-Ana mən də, vətənimi qoruyacam.
Nəzrin fəxrlə oğluna baxdı,əyilib alnından öpdü. Elsevərin ağıllı, məsud baxışları onun ürəyini riqqətə gətirdi;
-Mənim ağıllı balam, sən də böyüyüb vətənimizi düşməndən qoruyarsan.
Nəzrin əlindəki qərənfilləri öğlu ilə bərabər qəbirlərin üstünə düzə- düzə irəlilədi. Qəhərlənmişdi. Birdən gözləri mərmər lövhə üzərində bir şəkilə sataşdı. Nəzrin sarsıntı içində şəkilə bir də diqqətlə baxdı. Şəklin altında yazılan adı dönə - dönə oxudu. Zənni onu aldatmırdı. Bu o idi. Onun xəyallarının bəzəyi. İlahi, o da şəhidlik zirvəsinə yüksəlmişdi. İçindən qopan inilti bütün vücudunu titrətdi. Nəsə demək istədi, deyə bilmədi, deyəcəyi söz yumrulanıb boğazına tıxandı. Bir anlıq, sanki dünya başına hərləndi, gözləri qaraldı, taqətsiz halda, asta- asta yerə çökdü. Oğlu, - ana, ana, - deyərək, ona sığındı. Balasının ilıq nəfəsi yavaş- yavaş Nəzrini özünə qaytardı, gözlərini açdı. Bir təhər ayağa qalxdı. Oğlunu qucaqladı. Bir müddət yerində donmuş halda başdaşındakı şəkildən nəzərlərini çəkə bilmədi. Göz yaşları yanağında cığır açdı, yana- yana ağladı.
****
Sonuncu imtahanı da vermişdi. Universitetdə 3- cü kursda oxuyurdu. Şəhərin bürkülü havasından tez üzaqlaşmaq üçün kirayə qaldığı evdə bir az yır-yığış edib, dəmiryol vağzalına gəldi. Həmin gün, axşam gedəcək qatara bilet aldı. Saatına baxdı, qatarın tərpənməyinə hələ bir saat vardı. İmtahanların yorğunluğu hələ də canından çıxmamışdı. Axşamüstü olmasına baxmayaraq, hava hələ də bürkü idi, qatara mindi. Bileti ümumi yerə, özü də üst qata almışdı. Aşağı yerlər dispetçirin deməsinə görə bir neçə gün əvvəldən satılıb qurtarmışdı.
Vaqonun pəncərəsini açıq qoysalar da içəridə hava ağır idi. Nəfəs almaq olmurdu. O, içəridəkilərə salam verərək, keçib boş bir yerdə əyləşdi. Orta yaşlı, qarayanız qadınla , yorğun sifətli, ağ saçlı bir kişi küncdə oturub sakitcə söhbət edirdilər. Qadın astadan danışır, kimdənsə narazılıq edirdi. Kişi isə dinməzcə ona qulaq asır, hərdən başını yelləyirdi. Sonradan bildi onların ər-arvad olduqlarını. Nəzrin vaxt keçsin deyə, aldığı qəzetləri açıb oxumağa başladı. Bir neçə gənc oğlan səs – küylə vaqona qalxdı. Onlar qarşıdakı arakəsməyə keçdilər.
Nəhayət, vaxt tamam oldu, qatar yırğalana-yırğalana, ləngər vuraraq tərpəndi. Taq- taraq edən təkərlər relslərlə uzun bir yol nağılına başladı. Qatar gözqamaşdıran işıqları ilə sanki qaranlığa meydan oxuyaraq, onu qabağına qatıb açılacaq sabaha doğru qovmağa başladı.
Ər-arvad çox söhbətcil, canayaxın adamlar idi. Qərbi Azərbaycandan- öz dədə-baba yurdlarından qovulmuş, didərgin düşmüş bu adamların üzündə dərin bir iztirab, sarsıntılı anların izləri görünürdü. Yanlarında oturmuş bir kişiylə dərdləşməyə başladılar. Hirsli – hirsli danışan qadın qəfildən kövrəldi. Göyçə həsrəti onu yaman göynətmişdi. O, erməni faşistlərinə lənətlər yağdırmağa başladı. Elə bu zaman Nəzrinin gözlərinin önündə gözəl, axarlı-baxarlı kəndləri canlandı. Onun da əsli qədim Azərbaycan yurdundan – Göyçə mahalından idi. Uşaqlığının qayğılı, qayğısız bir çox illəri oralarda keçmişdi. Səfalı yaylaqlar, geniş düzənliklər bir daha gözünün önündə canlandı. Novlu bulağın həzin nəğməsi qulaqlarında səsləndi. Qəhərləndi. Düşündü ki, bax, yay tətilidir. İndi gedib kəndimizdə dincələrdim. Şəhərin tozlu havasından bir az uzaq olardım. Ancaq hanı? Xalqının başına gətirilən amansızlıq qızı da çox sarsıtmışdı. Arakəsmənin o üzündə gənclər qızğın söhbət edirdilər. Azərbaycanın başı bəlalı taleyindən, torpaqlarının erməni vəhşilərinin hücumuna məruz qalmasından qəzəblə danışırdılar. Alagöz, uca boy bir gənc daha çılğın idi. Istər -istəməz Nəzrin də diqqətlə gəncin söhbətinə qulaq asmağa başladı. O, ermənilərin Azərbaycan torpaqlarına rus imperiyası tərəfindən köçürüldüyünü, yana- yana söyləyirdi. Deyirdi ki, dünyada bəlkə də yeganə xalqıq ki, heç bir millətin torpağında gözümüz olmayıb, öz torpaqlarımızla sərhəddik. Göyçəni, Zəngəzuru, İrəvanı himayədarlarının əliylə mənimsəyən faşist ermənilərin dişində şirə qalıb. İndi də vətənimizin ürəyi olan Qarabağa diş qıcardırlar. Biz Vətənə bu günündə lazımıq. Əl- ələ verməliyik. Unutmamalıyıq ki, biz ulu bir xalqın övladlarıyıq.
Birdən həmin gəncin iti nəzərləri onun üzünə zilləndi. Onların baxışları toqquşdu. Qızın ürəyi bərk çırpındı. Tez gözlərini oğlandan yayındırdı. Arvadın əri yerindən durub siqaret çəkmək üçün çıxanda, o, tez qadının yanındakı boş yerə kecdi ki, bir də onunla göz- gözə gəlməsin.
Bayaqdan səs- küylə dolu olan arakəsmənin o üzünə qəfildən bir sakitlik çökdü. Oğlanlar söhbəti dayandırmışdılar. Cavan oğlan yerindən qalxıb o tərəf bu tərəfə gəzişməyə başladı. Nəzringilin olduğu tərəfdən keçən zaman gözaltı onu süzürdü. Nəzrin isə özünü məşğul kimi göstərməyə çalışsa da, fikri onun hərəkətlərində idi. Ancaq hər dəfə onu qarşısında görəndə həyəcanlanırdı. Oğlanın baxışlarında nə isə qeyri-adi bir qətiyyət və cazibə vardı.
Nəhayət, hər kəs yerini rahatlayıb yatmağa hazırlaşdı. Oğlan ona yaxınlaşaraq dilləndi;- deyəsən, yeriniz yuxarıdadır? Mənimsə yerim aşağı sıradadır. Gəlin dəyişək. Sizə əziyyət olar yıxılarsınız.
İlahi, onun səsi necə mehriban, necə də mülayim idi. Qızla əziz bir adamı kimi davranırdı. Başını qaldıranda gördü ki, uca boylu, qarayanız, qıvrım saçlı, bir gənc xoş nəzərlərlə ona baxır. Nəzrin də gülümsəyərək dedi;
-Sağ olun. Yuxarı xoşuma gəlir.
- Nə deyirəm ki,- deyib oğlan bikef halda yerinə qayıtdı. Xala pıçıldadı:- sabahdan fikir verirəm, a bala. Deyəsən, onun xoşuna gəlirsən. Amma pis oğlana oxşamır.
Nəzrin dinmədi, utanıb başını aşağı saldı.
Artıq hamı öz yerində rahatlanmışdı. Nəzrinsə əksinə, nədənsə, çox narahat idi. Oğlan gözlərini ondan bir an belə çəkmirdi. Ulduz-ulduz iynələr qızın bədəninə sancılırdı. Yaxşı ki, açıq pəncərədən sərin hava gəlirdi. Yoxsa, istidən, həyəcandan az qala boğulacaqdı. Əllərini bayıra çıxartdı, sanki sərin havanı ovuclayıb içəri dolduracaqdı. Hiss edirdi ki, oğlan sözlü adama oxşayır. Ona nəsə demək istəyir, nigarançılıq içində vurnuxur. Axır ki, oğlan dözməyib Nəzrinin yanına gəldi. Əllərini açıq pəncərədən bayıra uzadaraq, üzünü ona tutub dedi; - bura nə yaxşı sərin imiş. Həyəcandan bədəni titrəyirdi.
O zaman Nəcəf ondan harada oxumasını soruşmuş, onunla maraqlanmışdı.
Özünün Universitetdə tarix fakultəsində təhsil almaqla bərabər, həm də radio zavodda çalışdığını söyləmişdi. Atasının vəfat etməsi ilə əlaqədar evin bütün ağırlığının onun üzərinə düşdüyünü bildirmişdi. Demişdi ki, işləyib özündən kiçik bacılarına, anasına hər ay pul göndərir. Çünki onların başqa güman yerləri yoxdur. Anası xəstə olduğuna görə işləyə bilmir.
Nəcəf onunla söhbət edərkən üzündə yaranan ciddi və qətiyyətli ifadə Nəzrində ona qarşı bir rəğbət hissi oyandırmışdı. Nəzrin onun qaygılı üzünə baxaraq, tez mövzunu dəyişdirmiş, soruşmuşdu ki, tarixi yenə köhnə dərsliklərdənmi oxuyurlar? Yadındadı sonra da demişdi ki, yazıq tarix, sən necə varsan o cür də yaşayıb gedirsən, lakin hərə səni öz bildiyi kimi yazır.
Nəcəf isə heyrət dolu baxışları ilə ona baxaraq, sən nə sevimli qızsan, - demişdi. Həmin vaxt xalqımızın keçmişini varaq- varaq öyrənib yeni tarix kitabı yazmaq arzusunda olduğunu söyləmişdi. Bunları deyərkən üzü necə də nurlanmışdı.
Nəzrin bu fikrinə görə onu alqışlamışdı. Hələ onda anlamışdı ki, bu vətənpərvər gəncin ürəyində nə qədər böyük vətən eşqi var.
Belə vətən oğulları olduğuna görə onda düşmən üzərində qələbəyə inam daha da artmışdı. Gördü ki, o çox ləyaqətli və nəcib insandı. Erməni faşistlərindən, onların xalqımızın başına açdığı oyunlardan qəzəblə, nifrətlə danışan zaman onun gözlərinin qəzəbdən necə alışıb yandığını gözü önünə gətirdi. Vətənin qeyrətli oğlu kimi ürək yanğısı ilə olanlara üzüldüyü necə də aydınca görünürdü.
Bütün bunları xatırlayan Nəzrin özünü qınadı:
- Mən nədən heç onun cəbhəyə gedə biləcəyini düşünmədim. Axı, belə bir mərd insan vətənin dar günündə kənarda qala bilməzdi. Həyat niyə belədir? Nədən tamaşa olan bu həyatda faciələr daha çoxdur? Bax, həyatda faciə qəhrəmanları o qədər çoxdur ki, xoşbəxt tamaşaçı olmaq olmur.
Stansiyaların birində qatar dayandı. Hardasa itlər bərkdən hürüşdülər. Uzaqda qatı qaranlığın qoynunda ara-sıra közərən işıqlar yaxınlıqda kiçik bir dağ kəndinin olmasından xəbər verirdi. Bu yanan işıqlar ayrı-ayrı evlərdən boylanıb, sanki bir-biri ilə danışırdılar. Nəzrin dedi ki, nədənsə axşamlar itlər hürüşəndə içimə bir qəriblik dolur, sanki əziz bir adamımın yoxluğunu hiss edirəm. Elə bil ki, uzaq bir obada dəyədə oturub, ovdan qayıdacaq əzizimi gözləyirəm. O, isə gəlmək bilmir ki, bilmir.
Nəcəf astadan güldü. Ay allah elə şirin-şirin güldü ki, qaygıkeş baxışları bütün vucudunu dolaşdı. O, həyatında özünə qarşı bu cür doğma baxışlar görməmişdi. Nəcəf:
-Xahiş edirəm aşağı düş. Sənə sözüm var, - deyə pıçıldadı.
Qız mat- məəttəl qaldı. İstədi getməyə. Xala da deyəsən, yatmamışdı. Hansısa bir hiss onu qalxmağa sövq etdi. Aşağı enib Nəcəfin dediyi yerə gəldi. O, gözünə dəymədi. Pəncərədən bayıra boylandı. Qatar şütüdükcə işıqları da oğurlayıb özü ilə aparırdı. Hiss etdi ki, Nəcəf arxasında dayanıb, ona baxır. Sinəsi həyəcandan qalxıb enirdi. Bütün bədəni titrəyirdi.
Qız özünü ələ alıb sakit səslə dedi:
-Nə deyəcəkdin?
Oğlan bir anlıq susdu. Elə bil ki, bayaq dil- dil ötən o deyilmiş. Qısaqol köynəyinin qolunu qatlayıb qolundakı qız şəklini ona göstərdi.
-Bax, sənin rəsmindi.
Doğrudan da özünə oxşar bir qızın tuşla çəkilmiş rəsmini görən zaman heyrətlənmişdi Nəzrin. Bu alagöz oğlan ona getdikcə daha doğma, daha əsrarəngiz görünməyə başlamışdı. Rəsmi kimin çəkdiyi ilə maraqlanmışdı. Nəcəf də bu rəsmin əsgərlikdə bir əsgər yoldaşı tərəfindən çəkildiyini analtmışdı. Sən demə, səkkiz il qabaq çəkdirtdiyi qız rəsmindən xoşu gəlibmiş. Gözləri hər yerdə rəsmdəki qıza bənzər bir qız axtarırmış.
Nəzrini ilk dəfə vaqonda görəndə heyrətlənib, axtardığını tapdığına sevinibmiş. Sevindiyindən ürəyi sinəsinə sığışmırmış.
Həmin anları yadına salan Nəzrin onun soyuq başdaşını qucaqladı:
- Nəcəf, illərlə mən səni axtarmışam. Heç bilməmişəm ki, sən burda, mənim lap yaxınımdaymışsan. Ölüm tatixindən görürəm ki, sən tanışlığımızdan çox keçməmiş cəbhəyə getmisən, haqq dünyasına qovuşmusan. Azərbaycanın Milli Qəhrəmanı olmusan. Lənət olsun düşmənlərə. Sizi cəbhəyə getməyə vadar edən müharibəyə. Axı, sənin nə qədər işıqlı arzuların vardı, Nəcəf, Nəcəf!!!!!!!! - Nəzrinin qəlbindən bir ah qopdu, bütün vücudunu yandırdı.
Nəcəf o gecə az qalırdı qızı bağrına bassın. Titrəyə-titrəyə adını soruşdu.
-Nəzrin.(Bir qızın rəsmini illərlə cibində gəzdirən bu inadkar oğlana həqiqi adımı deməkdən başqa ayrı bir yol görməmişdi.)
Nə gözəl adın var. Mən səni hec vaxt itirmək istəməzdim. Sən ağıllı bir qıza bənzəyirsən. Xahiş edirəm. Unutma məni, sən mənim xəyallarımın pərisisən, mənim tale payımsan. Nə uğurlu oldu bu səfər. Şəmkirə dostumgilə qonaq gedirəm.
Onlar bir- birləri ilə söhbət etməkdən doymurdular. Ikisi də gizlicə arzu edirdi ki, bu qatar heç dayanmadan yüz il beləcə onları birlikdə qoynunda aparsın.
Nəhayət, Nəzrin yatmaq istədiyini bəhanə etdi, yol yoldaşlarının onun haqqında pis fikirləşəcəklərini düşündü.- “Yəqin deyəcəklər ki, bir- iki saat bundan qabaq tanıdığı bu gənclə niyə bu qədər söhbət edir?” Ancaq onlar hardan biləydilər ki, səkkiz ildir bu gənc o qızı tanıyır. O qız da onu xəyallarında yaşatdığı əziz adamı sanır.
Dərslər başlananda görüşməyi vədələşdilər. Nəhayət, yerinə qalxdı. Nəcəf isə oturub hey qıza baxırdı.(Bütün bunları xatırlayarkən həmin anlar üçün acı -acı ağladı Nəzrin. “Kaş ki, onunla daha çox danışydım “- təəssüf hissi onu üzdü.
Onun baxışları qızı həyəcanlandırırdı. Kövrəldiridi. Az qalırdı yalvara, deyə ki, mənə belə baxma. Yuxusu ərşə çəkilmişdi. Tərdən donu əyninə yapışmışdı, yaman istilənirdi. Dəsmalıyla üzünü yelləməyə başladı. Nəcəf qalxıb qəzet verdi.
- Al, Nəzrin- necə də nəvazişlə çəkdi adını. Evdə atasının, qardaşlarının onu necə kobudluqla çağırmaları yadına düşdü. Bu nə idi, nə baş verirdi? Deyəsən, o da yata bilmirdi. Sanki nağıl aləmindəydi.
Onu yuxunun nə vaxt öz qoynuna aldığından xəbəri olmadı.
Bir də nə hiss etsə yaxşıdır. Oğlan əli ilə onun qolunu sığallayır; - Nəzrin, - mən bir azdan enəcəm.
Əlinin hərarəti bütün bədənini yandırdı. Nəzrin yavaşca qolunu çəkdi.
Nəcəfsə pıçıltılı səslə;
-Yat-yat, - deyib mehribanlıqla gülümsədi. Elə bil körpə uşağa laylay çalırdı. Sakitcə ah çəkdi. Mənim bu hərəkətlərimə təəcüblənmə. Axı, mən səni çoxdan tanıyıram. Səninlə xəyalən çoxdan dərdləşirəm. Yad deyilsən mənə, Nəzrin.
Gəncə elan olundu. Nəcəfin enməsinə az qalmışdı.
Nəcəf qələm istədi. Bir vərəq çıxardıb ora nəsə yazdı. Qıza uzatdı. Telefon nömrəsi idi.
Dostum Tahirin ev nömrəsidir. Ona zəng et, nə vaxt gələcəyini xəbər ver, şəhərdə səni qarşılayaram. Nəsə yaman narahatam. Mənə bir telefon nömrəsi ver. Çox xahiş edirəm. Gəl, görüşək. Əgər səni itirsəm, bunu hec vaxt özümə bağışlamayacam. İlahi, bu bir görmədən necə dayanacam. Nəhayət, onların enəcəyi stansiyanın yaxınlaşdığını elan etdilər.

Nəzrin onunla görüşəcəyinə söz verdi. Telefon edib onu tapacağını bildirdi. Ev telefonunu qardaşlarının qorxusundan Nəcəfə verə bilmədi.
Nəcəf ani tərəddüddən sonra ayağa qalxdı. Əlindəki “Ədəbiyyat və incəsənət” qəzetini ona uzatdı.
Orada şer var oxuyarsan. Onu gözü dolusu başdan ayağa süzdü. Sanki qızın bütün vücudun u qəlbinə köçürüb özüylə aparacaqdı. Əlini sıxıb ayrıldı. Dayanacaqda endi, getdi...... Ürəyində bir taxt qurub getdi. Içində bir mavi dünya yaradıb getdi.Həyat nə rəngarəng imiş. Bunu indiyəcən bilməmişdi Nəzrin. Hələ heç kəs ona belə qüvvətli təsir etməmişdi. Nəcəf ürəyini də özüylə apardı. Fikrini dağıtmaq üçün qəzeti oxumağa başladı. Gözünə bir şer sataşdı. Müəllifi yadından çıxsa da, ancaq şeirin axırıncı misrası indiyə qədər yadındadı .
Eşqdən şərqi deməyin.
Eşqin şərqisi məndədi.

Bir ayı böyük səbirsizliklə başa vurdu. Lakin sən saydığını say, gör fələk nə sayır. Anası bərk xəstələndi, rayonda daha bir həftə də artıq qalası oldu. İşin tərsliyindən telefon nömrəsi də dəftərin arasından yoxa çıxmışdı, çox pərişan oldu. Düz bir həftə vədələşdikləri yerə gedib qayıtdı, lakin o yox idi. Hər gecə yastığı göz yaşlarından islanırdı. Nədənsə, özünü sözünə düz olmayan adam kimi hiss edirdi. Üzüntüdən xəstələndi. Bir neçə dəfə Nəcəfin iş yerinin yanına getdi. Amma utandı, heç kəsdən onu soruşa bilmədi. Ümidini təsadüfə bağladı. Hətta Nəcəfdən də qəlbinin dərinliyində küsdü. Fikirləşdi ki, axı, o, harada oxuduğumu bilir. İstəsə tapa bilər, yəqin istəmir. Onun oxuduğu və işlədiyi yerə getmədi. Sən demə, Nəcəfin ürəyində aşiqi olduğu Vətənə sevgisi daha güclü, daha böyükmüş. O, cəbhəyə - Vətəni yağı düşməndən qorumağa gedibmiş.
Bir ovuc işıq hardansa süzülüb, Nəzrinin qəlbinə dolmağa başladı. Bəlkə də Nəcəfin dinclik tapmayan ruhu idi bu işıq. O, Nəcəfini - xəyallarının qəhrəmanını tapmışdı.

Nazilə Gültac
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar