Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanrının seçilmişlərindən:Şeir qadın- Nurəngiz Gün

Tarix: 21-09-2020 21:36     Baxış: 3419 A- / A+
Tanrının seçilmişlərindən:Şeir qadın- Nurəngiz Gün

Bu gün Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti, fərqli manerası, çoxşaxəli profilləri ilə əvəzsiz iz qoymuş, xanım-xatın şair Nurəngiz Günün doğum günüdü. Həlim, könülləri oxşayan məlahətli səsi, nurlu siması, şeir süzülən baxışları və əvəzsiz ədəbi nümunələri ilə yaddaşlara, ürəklərə köçən Nurəngiz xanım yaşasaydı bu gün 82 yaşını qeyd edəcəkdi...

Qismətinə Tanrının seçilmişlərindən olmaq düşmüşdü- anadan şair doğulmuşdu. Əslində Tanrı ona bütün gözəllikləri bəxş etmişdi- günəş kimi işıqlı sima, ovsunlu səs, xanım-xatın, əsilzadə qadınlara məxsus, çoxlarının həsəd apardığı görkəm. Müəllim kimi şərəfli peşənin məsuliyyitini də çiyinlərinə almışdı Nurəngiz xanım. Mədəniyyətimizə, dilimizə öz töhfəsini əsirgəməyən xanım şairin ruhunun gözəlliyi də bir ayrı. Tanıyan hər kəsin sevgisini qazanmış Nurəngiz xanım bu gün də sevə- sevə xatırlanır. Cismi çox sevdiyi vətən torpağına qovuşsa da bənzərsiz ruhu həmişə ədəbiyyat ənginliyində əbədiyaşardır...

Qeyd edək ki, Nurəngiz Gün 1938-ci il sentyabrın 21-də Bakı şəhərində doğulmuşdur. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır.

1960-1974-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində diktor vəzifəsində çalışmış, Azərbaycan radiosunun və televiziyasının ilk diktorlarından olmuşdur.Azərbaycan televiziyasında onlarla proqramın – “Səadət” qadınlar proqramının, “Klassik irsimizdən” ədəbi-bədii layihəsinin, “Peoziya buketi, nəğmə çələngi” verilişinin və digər verilişlərin aparıcısı olmuşdur.

1979-1984-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləmişdir.

Ədəbiyyata “Tanrı bəşər övladıdır” povesti ilə gəlmişdir (1981-ci il, “Ulduz” jurnalı №4).

Daha sonrakı illərdə mətbuatda şeirləri və ardıcıl olaraq dərc edilmiş iri həcmli əsərləri – “Əsrin son yuxusu”, “Ağ qanadlar”, “Salamat ol, Ağca yol”, “Quzey Kıbrıs rüzgarları”, “Qar romanı”, “Xocalı simfoniyası” “Əbədi və əsrarəngiz” poemaları, silsilə sonetləri, “Ən hündür çiçək təpəsi və qar quyu”, “Qırmızı gecə” povest və hekayələri, publisist yazılar, pamfletlər, teatr resenziyaları ilə çıxış etmişdir.

Şeirləri Türkiyədə nəşr olunan “Çağrı”, “Aksu”, “İçel kültürü”, “Sizə”, “Tanıtım”, “Dəfnə”, “Üçüncü yeni” jurnallarında və “İstiqbal”, “24 saat”, “Günəş” qəzetlərinin səhifələrində dərc edilmişdir.

1992-ci il iyun ayında Türksoyun Ankarada keçirilən ilk qurultayının Azərbaycan tərəfindən ilk və yeganə iştirakçısı olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət nümayəndə heyətinin tərkibində Bursada Türkdilli Xalqların 6-cı qurultayında iştirak etmişdir. 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin İsveçdə keçirilən Qurultayının iştirakçısı olmuşdur. Həmin Qurultayda “Xocalı simfoniyası” poeması əsasında Lider TV tərəfindən ekranlaşdırılan və müəllifin özü tərəfindən səsləndirilən film nümayiş etdirilmişdir.

Əsrin ən böyük faciələrindən olan, Azərbaycan xalqının əbədi dərdi Xocalı qətliamının Nurəngiz Gün tərəfindən böyük yanğıyla qələmə alındığı və faciəmizə həsr edilmiş ilk əsər olan “Xocalı simfoniyası” poeması daha sonra 2008-ci ildə Azərbaycan İctimai Televiziyasının və A.Şaiq adına Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasında səhnələşdirilmişdir. 2011-ci ildə isə “Xocalı Simfoniyası” poeması Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yeni versiyada hazırlanaraq sənədli-publisistik film kimi ekran həyatı qazanmışdır. Nurəngiz Günün 2-ci Dünya müharibəsinin dəhşətlərindən və bu müharibədə Azərbaycan xalqının verdiyi itkilərdən, göstərdiyi qəhrəmanlıqlardan bəhs edən “Salamat ol, Ağca yol” poeması 1985-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsi tərəfindən müəllifin öz ifasında səsləndirilmişdir və qızıl fondda saxlanmaqdadır. Həmin poema 2012-ci ildə Az.TV tərəfindən ekranlaşdırılaraq səhnə həyata qazanmışdır. Nurəngiz Günün dünya şöhrətli oftolmoloq, böyük ziyalı Zərifə xanım Əliyevaya həsr etdiyi “İncilər” şeiri, mərhumun anım günü münasibətiylə “Lider” televiziyasında hazırlanan verilişdə səsləndirilmişdir.

Nurəngiz Gün bir çox milli və beynəlxalq mükafatların laureatıdır.

Belə ki, şairənin Yuqoslaviyada Novo-Makedoniya nəşriyyatı tərəfindən buraxılan “Səslər” adlı dünya almanaxında çap olunmuş doqquz şeiri 1987-ci ildə Üsküpdə “Yaşıl budaq” mükafatı ilə təltif edilmişdir. Nurəngiz Gün 2005-ci ildə “Humay” Beynəlxalq mükafatının laureatı olmuşdur. Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyi (Marneuli şəhəri) 2006-ci ildə şairəni fəxri fərmanla təltif etmişdir. 2009-cu ildə “Xocalı simfoniyası” poemasına görə Mahmud Kaşgari Fondunun mükafatını almışdır. 2014-cü ilin yanvar ayında Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Türk Ədəbiyyatına Xidmət Beynəlxalq mükafatı ilə təltif edilmişdir və s.

Nurəngiz Gün həm də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla Prezident Təqaüdünə layiq görülmüşdür.

Nurəngiz Gün 20 dekabr 2014-cü ildə 76 yaşında Bakı şəhərində vəfat etmiş, dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunmuşdur.


Manevr.az görkəmli şair Nurəngiz Günün şeirlərindən bir neçə nümunə oxuculara təqdim edir. Ruhu şad olsun!

Sevinc Qərib


BİLMƏZ İDİM

Bilməz idim eşq nədir, qəm nədir,
Bilməz idim gül nədir, şəbnəm nədir.
Bilməz idim kiprik nədir, nəm nədir,
sən öyrətdin, qaytar apar, istəməm!

Bilməz idim ay necə dolanarmış,
Bilməz idim ay gecə dolanarmış,
Bilməz idim sinəm belə yanarmış,
sən öyrətdin, qaytar apar, istəməm!

Bilməz idim üzün belə dönükmüş,
Bilməz idim eşqin belə sönükmüş,
Sevdamıza yağış da, qar da çökmüş
bilməz idim, qaytar apar, istəməm!

YOL GEDİRƏM

Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm, yorulanadək.

Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir... varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək.

Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.

Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.

Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim...
Yol gedirəm, yol olanadək.

MƏNƏ SOYUQDUR, GÜNƏŞ...

Günəş!.. Mənə soyuqdur
Axı mən qütbə gedən tək gəminin
məzlum mənzərəsinə dözümsüz oluram.
Axı üşüyürəm mən hərdən
azad qanad yoluna atəş açan
zalım ovçu üzündən.
... Günəşim! Tez-tez röyalarımdasan!
Bir dəfə də xəyalımda
səninlə öpüşəndə,
qucaqlaşıb demişdim:
Məhvəşim! Atəşim! Sahib dur!..
Məşum toxunur hər şey.
Çək məni, apar məni.
Apar, apar!......
Yerdə mənə yaman soyuqdur, Günəş!

APAR MƏNİ, APAR

Mən gedirəm axar çaya deyəm ki,
Mənim sadiq yarım ol,
Al məni də qoynuna,
apar get.

Mən gedirəm axar çaya deyəm ki,
Mən burda darıxıram, ögey kimiyəm sanki.
Apar məni uzaqdakı məcrana,
Ört üstümü çınqıl-mərcanlarınla,
Apar, get.
Könül yaman sıxılır...

Apar get, ən dərin dəryaçana
O sözü də...pıçılda sən ona.
De ki, asimanla aranızda qalacaq
Mənim sənə sonuncu dediklərim.

Apar get...
Apar, apar,
Yadlardan yorulmuşam, aşiyan ol,
Sərinlik istəyir can...
Apar, məni də apar,
Daha könül qəhr edir.
Apar, apar!
Axar çay...

KİM AXTARAR?

Eşqini ki, su yerinə içmişdim,
İndi sorma halımı, əhvalımı,
Sorma ki, hicrinə tabım varımmı?
Küsər gözlər, küsər dilək
Küsər mehdən, çiçəklərdən də küsər…
Susuzluqdan cadar-cadar dodaqlar
Nə su istər, nə də səni soraqlar.
Üzər məni fəqət bir intizarım
Qərib yerdə axşamlasam,
Məni kim axtarar?…

Nurəngiz Gün
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar