Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Bütün sevdaların sonunda qəm var"- Elbariz Məmmədli (şeirlər)

Tarix: 06-05-2020 15:55     Baxış: 3661 A- / A+
"Bütün sevdaların sonunda qəm var"- Elbariz Məmmədli (şeirlər)


Manevr.az Elbariz Məmmədlinin şeirlərini təqdim edir:

APARDI

Könlümüz-gözümüz doymadı,
Günləri küləklər apardı.
Günəşdən asılan sevinci,
Buz olan ürəklər apardı.

Doğruya yürüdük, doğruya,
Ruhumuz asıldı çağrıya,
İçimiz tutuldu ağrıya,
Davanı kələklər apardı.

Biçildik, döyüldük biçində,
Süründük illərin köçündə,
Ələndik zamanın içində,
Olanı ələklər apardı.

Torpaqda gül açdı qanından,
Ölümü çıxardı donundan,
Şəhidlər keçmədi canından,
Apardı mələklər, apardı.


DƏRDİNİ

Dünyanın o qədər qayğısı var ki,
Bilmirsən, çəkəsən hansı dərdini.
Daha günahları qanla yuyurlar,
Çoxdan unudubdu qan, su dərdini.

Min ildi bir ucdan yağmalanırıq,
Nehrə yağı təki yaxmalanırıq,
İt-qurd boğazında tıxmalanırıq,
Öldürür əzablar arzu dərdini.

Çıxıb yadımızdan, gəldiyimiz yol,
Keçib yad əllərə, öldüyümüz yol,
Hanı, özümüzün bildiyimiz yol?
Bu , Qorqud dərdimi, Bamsı dərdimi?

Qurdlar ucalıqdan örüşə düşüb,
Qartalın dəyəri quruşa düşüb,
Elə bil əcəllə görüşə düşüb,
Yığıb ətəyinə, hamı dərdini...


BÜTÜN SEVDALARIN SONUNDA QƏM VAR

Sənin saçların da tanıdı dəni,
Sənin ürəyin də qəmi yaşadı.
Mən bunu heç sənə arzulamazdım,
Neynim, həsrət adlı tamı yaşadın.

Gör, o illərimiz harada qalıb,
İndimi anırsan ötənləri, sən?..
Onsuz payız kimi uralamışdın,
Mənim ürəyimdə bitənləri sən.

İstədim könlümdən çıxarım səni,
Bircə duyğuna da dəyəmmədim ki.
Mən səni sinəmin başında tutdum,
Sən məni şair tək bəyənmədin ki...

Mən söz adamıydım, söz yükü dərddi,
Fəqət, qurban verdim , sözümü sənə.
Bütün arzuların üstündən keçib,
Niyə həsr elədim özümü, sənə?..

Elə belə olur xəyal adamı,
Həmişə saflığın önündə lalam.
Sən belə tanıya bilməzdin məni,
Bir az duyğusalam, sentimentalam.

Bəs, sən hansı qəmin girovundasan,
Dinsənə, dilindən daşmı asılıb?
Mənim ümidimin qürub yerinə,
Sənin həsrətinin adı yazılıb.

Bir də ki, həyatın sınağı sonsuz,
Hər eşqin yolunda min bir sitəm var.
Bütün sevdaların ilkində sevinc,
Bütün sevdaların sonunda qəm var.

...Tanıdı səni də, tanıdı payız,
Saçının hər dəni bir qəm yarpağı.
Sən gəl, yaşantına bir az düzən ver,
Gedirik bu ömrü üzü aşağı.


MƏNİ

Mən belə səssiz deyildim,
Kim öldürdü məndə, məni?
Harda yolumu kəsdilər?
Saldılar kəməndə məni.

Duyğusu dürr doğulmuşdum,
Dünyaya hürr doğulmuşdum,
Nə olsun kür doğulmuşdum,
Saxladılar gendə məni.

Evimiz düzlük yuvası,
Qibləm anamın duası,
Atamın mərdlik davası,
Tutdu doğru yöndə məni.

İnancım Tanrı adına,
O da yetmədi dadıma,
Mindim arzunun atına,
Atdı duman-çəndə məni.

Deyin, nə küləkdi - əsən,
Kimdi, bu yolları kəsən?
Hardasa yoruldum, desəm,
Hörün bir daş bəndə məni.


ZAMAN EŞQ ZAMANI DEYİL

Başım yaman qarışıqdı,
Axtarma bu ara məni.
Təzdən özümdən ayırıb,
Qaytarma yollara məni.

Yaz gəlib, heç duymamışam,
Ürəyim söz üstündədi.
Duyğularım elə yanır,
Elə bil köz üstündədi.

Yanımda bir kimsə yoxdu,
Dörd divardı, bir də mənəm.
Görsən ki, biri ağlayır,
Durub üzü yurda - mənəm.

Bu dünyada nəyimiz var,
Vətən talan, ümid talan.
Tanrı fərsizə əl tutmur,
Yalandı hamısı, yalan.

Özümüzü unudalı,
Hər gün bir yolu azırıq.
Düşmən çəpəri böyüdür,
Biz burda şeir yazırıq.

Zaman eşq zamanı deyil,
Eşq tamaha dəyişilib.
Birinin bir savab işi ,
Min günaha dəyişilib.

Bir vaxt gəldiyimiz yerdə,
İndi yad itlər ulaşır.
Ruhumuz yalandan elə,
Min ildi sərhəd dolaşır.

Bir az toparla özünü,
Bir özünə dönüş elə.
Eşq zamanı deyil, canım ,
Savaşmağa yürüş elə.


BİR AZ SÖZƏ ÜMİD VERƏK

Şair dostlarıma

Bir az sözə ümid verək,
Bu, arada nə yarışdı?
O qədər dərddən yazdıq ki,
Başımız dərdə qarışdı.

Açın qapı, pəncərəni,
Görürsünüzmü yaz gəlib?
Quşlar dil-dil elə ötür,
Köksünə min avaz gəlib.

Çəkin yazı sinənizə,
Bir duyğu götürsün, hərə.
Çiçəklər elə şehlənib,
Qarışıbdı, təri tərə.

Dağılıb hökm qalası,
Buludlar göydə sürünür,
Abırından utanır tək,
Ağaclar dona bürünür.

Gözünüz çəksin baharı,
Çəkin, köksünüzə yığın.
Təbiətin gülüşünə,
Nəğmə düzə-düzə yığın.

Bu da bir zaman sınağı,
Gedəcək, çıxıb gedəcək.
Bu pisliyi gətirənin,
Özünü yıxıb, gedəcək.

Yenə dəyişəcək həyat,
Yenə qaynayacaq şəhər.
Duyğuya hakim olacaq,
Sevgidən yanacaq şəhər.

Di haydı, şair dostlarım,
İlham köksünüzdə daşsın.
Yığışın üzü axşama,
Hərə bir ümid paylaşsın.


OĞLUMA MƏKTUB

Salam gözəl oğlum, sabahın xeyir,
Sənə yurd-yuvadan çoxlu salam var.
Boyunu oxşayan, hər axşam-səhər,
Üzünü görməyə həsrət qalan var.

Havası necədir, qərib ellərin,
Könlün oralara uyuşa bilməz.
Batı adamları soyuqqanlıdı,
Sənin ürəyinə yığışa bilməz.

Orda xoş həyat var- özləri üçün,
Orda yaşamağın tamı başqadı.
Bu evin o evə kölgəsi düşməz,
Hamı buz ürəkdi, hamı başqadı.

Bircə tikələri qalmaz, ortada,
Səninlə, mənimlə bölməzlər, heç vaxt.
Onlar öləndirlər - özləri üçün,
Səninçün, mənimçün ölməzlər, heç vaxt.

İllərdi dünyaya hakim olublar,
Alıblar hamıdan canı, ruzunu,
Neftə, qaza qatıb çırpışdırıblar,
Mənim ümidimi, sənin arzunu.

Orda təbiətin min çaları var,
Amma çiçəyində bir qoxu yoxdu.
Orda anlamazlar, yovşan ətrini,
O ətri duyası türk ruhu yoxdu.

Burda oturmuşuq, sükut içində,
Vətən sınaqdadı, torpaq yağıda.
Adamlar nə vaxtdır yadırğayıblar,
Bir şirin nəğməni oxumağı da.

Sən qərib ellərdə kiçik Vətənsən,
Dönməyə gününü sayırsan, oğul.
Hərdən bir anana məktub göndər ki,
Gözünü yollardan ayırsın, oğul.


QOYMAYIN YALANI, BAŞA ÇIXMAĞA

Dünyada bu qədər saxtalıq olmaz,
Adam düşünəndə, dəliyə dönür.
Haqqı öz adıyla çağırmırıq ki,
Hər şey başımızda bəlaya dönür.

Elə yaranışdan həyat qovğalı,
Bir üzü zülmətdi, bir üzü nurdu.
Hərə bir ümidə könül vermişdi,
Onu da zamanın sınağı vurdu.

Yollar keşməkeşli, yollar haçalı,
Doğruya açılmır sabahlar, daha.
Hamı bir xoş günün həsrətindədi,
Kəsib hər tərəfi günahlar, daha.

Savaşa qoşulub din də, iman da,
Seçimi təlaşda, ulu Tanrının.
Kiminsə, hardasa marağı gülür,
Yeyir bir-birini qulu Tanrının.

Qara əməllərdi savaşı doğan,
Şeytan əməlidi, müharibələr.
Sabaha atılır, hər atılan daş,
Ölüm məşəlidi müharibələr.

Elə bilirlər ki, duymuruq heç nə,
Düşüb ortalığa qara niyyətlər.
Bir dəfə doğruya yozan yoxdu ki,
Yıxır dünyamızı bu ziddiyyətlər.

Daha soruşmurlar kimsən, nəçisən,
Boğub basdırırlar haqqın səsini.
Min ildi kəsməkdən yorulmayıblar,
Bizim Azərbaycan xəritəsini.

Hamımız bu dərdə baxıb, susuruq,
Susuruq, ağrılar ürəyi didir.
Qoymayın yalanı, başa çıxmağa,
Dünya yalan üstə ölümə gedir.


YAŞASIN

Hamının ömürdən umacağı var,
Yaşamağa haqqı olan, yaşasın.
Könlünü söykəyib doğruya-düzə,
Haqdan ilhamını alan, yaşasın.

Olumla ölümü salıb fikrinə,
Bütün məzlumları alıb fikrinə,
Bir gözü yaşlının dalıb fikrinə,
İçində boşalıb-dolan, yaşasın.

Əli qələm tutan neçə saxta var,
Bəlkə düzələcək, bəlkə, vaxta var,
Ömrün qürubunda bir uzaq da var,
Tutub ürəkləri qalan, yaşasın.

Vaxt-zaman üyütdü neçə mərdini,
Gör, kimlər dəyişdi heçə, mərdini
Vətən sevdasını, Vətən dərdini,
Könlündə ney kimi çalan, yaşasın.


DUYĞU

Bu gecənin zülmətinə yoldaşam,
Xəyallarım sükutunda “şellənir”.
Ümidlərim arzuların dalınca,
Ürəyimdə puçur-puçur güllənir.

Heç bilmirəm, çəkir məni hayana,
Yol alıram, həsrətimdən o yana,
Ayrılığın o başında dayanan,
Gözlərimdə ulduz-ulduz göllənir.

Elə bil ki axarında donub vaxt,
Qaranlığın əsirinə dönüb vaxt,
Həsrət gəlib, yol ayrılıb sönüb bəxt,
Xatirəsi ürəklərdə yellənir.

Xoş gün elə, xoş deyilən nağılmış,
Xoşbəxtliyin xanimanı dağılmış,
Bu dünyanın son sevinci sağılmış,
Ümidləri könüllərdə lillənir.

Əzabları duyğusunu daşlayır,
Toran düşdü, qara günü başlayır,
Dünya hər gün ürəklərdə qışlayır,
Dünya hər gün duyğularda küllənir.


TÜRKÜN

Ürəkdə bu qədər sevgi də olmaz,
Sevgisi başına bəladı, türkün.
Elə namərdlərə qucaq açdı ki,
Ruhunu odlara qaladı, türkün.

Oldu öz adıyla, olduğu yerdə,
Döndü bir qalaya, qaldığı yerdə,
Zülmü öz taxtından saldığı yerdə,
Adına yaraşdı- Ol - adı türkün.

Əzəldən asidi bu dünya, düzə,
Çox qara niyyətlər çıxmadı üzə,
Zülməti döndərib nurlu gündüzə,
Qılıncı çox başı daladı, türkün.

Tarix çox görübdü “mən” deyənləri,
Bəşərin canından qan əmənləri,
Ötükəndən bəri, Orxondan bəri,
Tanrıya agahdı, - Qal- adı türkün.

Günəşdi arzusu, aydı haləsi,
Qanının şiçəyi, dağda laləsi,
Eşqi var olmağın nur piyaləsi,
Elə yaranışdan elədi, türkün.


BİTMƏDİM

Bitmədim, bitmədim sən deyən kimi,
Çəkib həsrətini, qaldım ayaqda.
Adını tutanda ürəyim əsdi,
Adını tutanda öldüm ayaqda.

Ha dedim, gözümü çəkim yolundan,
Hara üz çevirdim, ürək qoymadı.
Sənə dediklərim yetirmi, bilməm,
Məndə can qoymadın, ürək qoymadın.

Gözündə gülüşün qaynayıb daşır,
Gör nə qürurlusan şəkillərində.
Vallah sən şöhrətə könül verəli,
Düşübdü gözümdən, şəkillərin də.

Könlüm düşüncədə, hər səhər, axşam,
Çıxa bilmirəm ki, duyğu yasından.
İllərdi özümü yığa bilmirəm ,
Sənin həsrətinin xarabasından.

Bəlkə anlamadıq doğrunu, onda,
Duymadıq bu , sevgi başı batmışı.
İndi başqa adla çıxıb boynuma,
Taleyin qürubu, yaşın altmışı.

Nə oldu, nə qaldı bizdən dünyaya,
Sənin inadların, mənim həsrətim.
Qırx ildi, qarşımda dayanıb, durub,
Ömrümə-günümə qənim həsrətim.

Getdi canımızın təpəri, getdi,
Hər gün bir ümidlə yatdım, oyandım.
Bəlkə dağ dözməzdi bu ayrılığa,
Mənəm, hər acığa dözüb dayandım.



ALTMIŞ YAŞIMA ÖN SÖZ

Haradan başlamışdıq, hara gəldik, bilmirəm,
Nəyi apardı bizdən illərin qovğaları.
Göynədən xatirədi həm gənclik, həm uşaqlıq,
Tutub yaddaşımızın yükünü, yar – yarı.

Arzumuz çox böyükdü, mənzilinə varmadıq,
Ehtiyacın əlində girov qaldı, ümidlər.
Mən getdiyim yerlərə nifrəti aparmadım,
Göz dikib səhərlərin qapısına, ümidlə.

Neçə dost gəldi, getdi, yolumuz haçalandı,
Hərə bir yanda düşdü nəfsinin girovuna.
Bəşər bir möcüzəymiş, ruhundan gen düşəndə,
Tamah üçün gedərmiş , insan insan ovuna.

Sən məni qovdun elə, əzablı sabahlara,
Əzablı axşamlarım duyğumla bir olmadı.
Mənə könül vermədi, mən sevdiyim gözəllər,
Məni sevənlərə də könlümdə yer olmadı.

Baxıram, yer üzündə Vətən boyda dərd qalıb,
Bilmirəm, nə deyəcək, bizdən sonra gələnlər.
Biganəlik hamını elə ovsunlayıb ki,
Başqa səmtə yürüyür, arzusu göy dələnlər.

Heç vaxt əyilməmişdik, yad nəfəslər önündə,
İndi boyun bükürük, hənirti duyan kimi.
Niyə, qoruyammadıq bu, Vətən deyiləni?
Analar öz bətnində bizi qoruyan kimi.

İki biçim söz dedik, söz nəyi dəyişdi ki,
Sözümüzü oxuyan, ayaqda yuxuladı.
Kimsə nəşə yerinə baxdı şeirlərimə,
Umduğum adamların biri də oxumadı.

Zaman elə əridi, üzü qüruba tərəf,
Seçib ayırammadım, dərdlərimin rəngini.
Ha doğruya yürüdüm, əllərim boşda qaldı,
Tutdu, tutanlar tutdu, zamanın ahəngini.

Bir kənddə doğulmuşdum, yolları çiçək – çiçək,
Sevmişdim səhərini, sevmişdim axşamını.
Orda duyğu yığmışdım ilhamıma - bir ürək,
Şəhərdə tapammadım o duyğunun tamını.

Gəl, oturub dərdləşək, neçə borc yükümüz var,
Sənin yükün tərs gəlir, bu odlu ürəyimlə.
Bəlkə təzdən başlayaq, savaşların yolunu,
Bircə quru canım var, oynayırsan nəyimlə?

Elbariz Məmmədli

P.S. Bu gün istedadlı şair, jurnalist Elbariz Məmmədlinin doğum günüdü, 60 yaşı tamam olur. Manevr.az ailəsi olaraq hörmətli həmkarımızı, dəyərli dostumuzu təbrik edir, uzun ömür, yaradıcılıq uğurları diləyirik!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar