Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

“Ümidini siyirdiyin qına bax”... - Əkbər Qoşalının qeydləri

Tarix: 14-07-2025 09:38     Baxış: 234 A- / A+
(İbrahim İlyaslının yeni kitabı çıxıb – adına “Salam sahibi Haqqdı…” derlər)
Azərbaycan poeziyasında zaman-zaman baş verən estetik təzələnmələr fonunda bəzən bizə elə gəlir ki, klassik forma artıq keçmişin xatirəsinə çevrilib. Ancaq elə şairlər var, formanı yox, ruhi gücü yaşadır, ruhi! İbrahim İlyaslının “Salam sahibi Haqqdı…” kitabı da bu qəbildəndir – sazın köynəyindən keçən, ruhun sözə çevrildiyi poetik bir çağırış misali…

Bu kitab nə yalnız poeziya toplusudur, nə də sadəcə klassik formaların nostalji ilə təkrarı. O, aşıq sözünün çağdaşlığa çevrilməsinin canlı örnəyidir. Kitabda divani, təcnis, qoşma, gəraylı və müxəmməslər elə bir poetik qatı ifadə edir ki, sanki sazda ifa olunan havalar qələmin ucunda sözə dönüb çiçəkləyir.

Bu kitabda söz su kimi axır, saz kimi sinəyə qalxır - hər halıyla çalxalanır, durulur…

İlyaslının poetik təxəyyülündə hər bir söz sazın yaddaşına yazılmış kimidir. Misralar elə səslənir, sanki onlar yazılmaqdan daha irəli, söylənmək və dinlənmək üçün yaranıb. Bu baxımdan, kitab bir ədəbi hadisə olmaqla yanaşı, həm də şifahi mədəniyyətin dirçəlişi sayılmağı haqq edir.

“Qorxum budur – qəfil qırılar yollar,
Payızı yetişər, gül rəngi solar”… - 

Buradakı poetik ahənglə yanaşı, içsəl bir rahatsızlıq, ruhi və milli məqamlar daşıyan çağırış duyulur. İlyaslının şeirləri çox vaxt məclis yönlüdür, həncəri deyərlər, interaktiv kimidir – yəni söz, saz, nəfəs, dinləyici bir ruhda qovuşur. Bu isə ozanlıq gələnəyinin poeziyaya yeni nəfəs verməsidir.

Kitabdakı təcnis və divanilər bir tərəfdən klassik poeziyanın formativ imkanlarını, digər tərəfdən isə ruhi sınaqları ortaya qoyur. Onun təcnislərində qafiyənin sıxlığına baxmayaraq, fikir sərbəstliyi, anlam dərinliyi və üfüqə qanad açmış hikmət vardır. Şair sanki hikmətlə yarışır, qafiyə ilə deyil:

“Yüz arxı qaldırıb bağla dəhnəyə,
Dəhnədən çıxandan çay olmaz-olmaz”. - 

Bu şahanə misralara nə deyəsən? - özlüyündə etno-mədəni aforizmdir. O, xalq hikmətini ibrətamiz formula çevirə bilir – özü də, bu çevirmə eyləmini forma ilə məzmun arasında təzad yaratmadan edir.

Çün, sözün estetik və ictimai yükünü bilir.
“Yazıq”, “Ölkənin içində”, “Yurddaşlara” kimi qoşmalar bir tərəfdən ictimai rahatsızlığın, digər tərəfdən isə şair məsuliyyətinin poetik örnəyidir. Buradakı söz xalqın ruhundan gələn bir ictimai mövqedir - yəni artıq sadəcə lirik ifadə olmaqdan çıxıb.

“Yazıq məmləkətdə yazıq millətə –
Ölən də yazıqdı, qalan da yazıq”! -

Bu tip qoşmalarda İlyaslı toplumun vicdanı kimi çıxış edir. Bu isə onun həm poeziyasına, həm də ictimai mövqeyinə bədii dəyər qatır.

İlyaslının poeziyasında klassik türlər – qoşma, gəraylı, ustadnamə – nə təkrardır, nə də tarix... O, bu formaların bədii yaddaşını bugünkü şüurla sintez edir. Bu baxımdan “Salam sahibi Haqqdı…” yalnız folklorçu üçün yox, poeziyanın gələcəyi ilə ilgilənən oxucu üçün də güncəldir.

“İbrahim İlyaslı – qəm bəylərbəyi,
Tanrıya aşkarın, pünhandı nəyi”?.. - 

Bax, bu misralarda həm klassik poetika, həm də şəxsi-poetik özünüifadə yan-yana durur. Sazla qələm, dastanla dəftər, qafiyə ilə həqiqət bir söz çevrəsində üzvi şəkildə birləşir.

İbrahim İlyaslının bu kitabı keçmişlə gələcəyin poeziyada könüllü və adil barışıdır. O, sözün həm duyğusal gücünü, həm də mədəni dəyərini qoruyaraq çağdaş oxucuya yeni bir “sazlı dünya” tanıdır.

Uzun sözün qısası,
“Salam sahibi Haqqdı…” – adının özü artıq poetik-ruhi bir niyyət olan bu kitab, sazla söz arasında körpü salan, sazın tarixi ağrılarını çağdaş müstəvi üzərində sözlə dirildən bir ədəbi niyyətnamədir. 

“Ulu göylər çalxalanır,
Dağlar, dərələr haxlanır;
Başa sevdalar bağlanır,
Ayaqdan günah açılır”…


Qəm bəylərbəyinə yeni yaradıcılıq sevincləri diləyirəm! 

Əkbər QOŞALI

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar